Page 2 of 2 · 50%

Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir. Əgər bir şəxs sizinlə mübahisəyə girişib, bunun əksini iddia edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab verim ki, bütün iddiaları alt-üst olsun.

Kəmalüddövlənin tənqidindən nə üçün inciyək gərək? Kəmalüddövlə yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir. O, öz xalqımızın oğludur, o, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının əxlaq və əməllərini rişxəndə, istehzaya tutur.

Dördüncüsü – siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib etmişdim ki, bütün nöqtələr düşüb və sait hərflər, yə’ni e’rab, samit hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-qüds başqa bir layihə düzəltmişdir ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması da ləğv edilir və kəlmələr fasilədən və ayrı-ayrı yazılan hərflərlə yazılır. Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının əlifbası kimi samit hərflər sırasına daxil edilir. Doğrudan da Ruhülqüdsün əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna görə də mən onun razılığı və məsləhəti ilə, onun tərtib etdiyi layihədə bə’zi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-qüdsün bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər. Beləliklə də, mənim yanımda Ruhül-qüdsün əlifbasının surəti qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də Ruhül-qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini oxuya bilərsiniz.

Sizdən xahiş edirəm ki, cənab Ruhül-qüdsün yeni əlifbası və onun lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq İran əhalisi arasında nə üçün heç olmazsa, yarım milyon savadlı adam yoxdur. Lakin Avropa ölkələrində bütün xalq savadlıdır.

Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran məsələlər haqqında sizə yazıb, mə’lumat verəcəyəm.

Bir də öz məktubunuzda cənab Ruhül-qüdsdən bərk incidiyinizi bildirmişsiniz ki, nə üçün o, yazılarını e’tiraz və istehza ilə yazıb, lazım idi ki, çox mülayim şəkildə, yə’ni vaiz və nəsihətçi kimi yazaydı. Doğrudur, cənab Ruhül-qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-qüds sizin üçün e’tirazsız, məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız. Beləliklə də, məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb tələf olaydı?

Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq və səliqəyə malik deyilsiniz.

*Cənab Ruhül-qüds bir yerdə yazır: “İngiltərə hökuməti istəyir Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində İran vəzirləri deyirlər: “Bu işin çarəsi yalnız ondan ibarətdir ki, İngiltərə səfirliyinin mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq”.

Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz olsun, həm də İran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı, ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. İran vəzirlərinə bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlardan bə’- zən elə əməllər baş verir ki, Ruhül-qüdsün nöqteyi-nəzərincə, guya onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər bir oxucuya mə’lum olur.

Nə isə, Ruhül-qüds və Kəmalüddövlə – hər ikisi əsərlərini nə cür yazmaq lazım gəldiyini çox gözəl bilirlər.

Sə’dinin və Molla Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə və Ruhül-qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən keçib, kamal dövrünə çatdıqdan sonra bu cür iddialar, bəşər təbiətinə müxalif olan iddialar sayılır.

Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı.
15 məhərrəm, hicri 1283-cü il [25.III.1871-ci il]
Tiflisdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets