Nikolaiyə
Keçmişdə Rəşt şəhərində böyük Fransa dövlətinin baş konsulu olub, fars dilini yaxşı bilən müsyö Nikolaiyə yazılmış məktubun surəti
1872-ci il dekabrın 6-da Tiflisdən
Əziz ağam, səadətin daimi olsun!
Sizin kəmalınızın vəsfini çox adamdan eşitmişəm. Xüsusilə bu yaxın zamanda başqa yazılarımda Ruhül-qüds adlandırdığım cənab Nazimülmülk Mirzə Melkum xan sizin fəzilətlərinizi mənə sayaraq, necə ki, lazımdır, sizi mənə tanıtdırdı. Buna görədir ki, qiyabi olaraq sizinlə tanışlıq və dostluq etmək istəyirəm. İranın hazırkı vəziyyəti və islam dininin təsiri barədə hikmət və filosofluq üsulunda yazmış olduğum “Kəmalüddövlə” əsərimi də sizə göndərməyi arzu edirəm. İstəyirəm ki, onu Fransada çap etdirmək və bütün Avropa dillərinə tərcümə etdirməyin hüquqlarını tamamilə sizə verib, kitabı yaymaq və satmaq yolu ilə əldə ediləcək qazancı da bütünlüklə sizə həvalə edim.
Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərq ölkələrinin heç bir yerində çap etdirmək işində azad deyiləm. Avropada çap etdirmək üçün isə lazımi imkan və vəsaitim yoxdur. Sizə bildirirəm ki, bu əsər Avropa müəlliflərinin əsərləri üslubunda yazılmışdır, onu ancaq Avropada çap etdirmək mümkündür. Şərqin islam ölkələrində bu əsəri yaymağı isə ancaq Avropa alimləri və mütəfəkkirlərinin əli ilə icra etmək olar. Mən kitabın həm orijinalda, həm də tərcümədə satılmasından əldə ediləcək qazancı tamamilə və həm də könüllülük və razılıq hissi ilə sizə bağışlayıram. Əgər siz özünüz o qazancdan bir hissəsini mənə verməyi lazım bilsəniz, əlbəttə, o, sizin şəxsi nəcabətinizə bağlıdır. Mən o hissənin miqdarını sizin öz insafınıza qoyuram. Bu barədə bir söz demirəm və sizinlə heç bir şərt bağlamıram.
Mənim əsas məqsədim bu əsəri həm farsca, həm fransızca, həm də başqa Avropa dillərində çap etdirməkdən ibarətdir. Mən özüm rus dilindən başqa Avropa dillərindən heç birisini bilmirəm. Mənim yeganə arzum budur ki, həmin əsər Avropa dillərinə tərcümə edilsin, tərcümələr də heç bir dəyişikliyə və təhrifə yol verilmədən əslində yazıldığı üslubda çap edilsin.
Əgər mənim təklifim sizin ürəyinizcə olarsa, tezliklə mənə cavab yazın və bildirin ki, əsəri nə vasitə ilə və kim ilə sizə göndərə bilərəm. İcazə verin, əsəri əvvəlcə sizə göndərim, oxuyun, əgər onu bəyənsəniz, mənim təkliflərimi yerinə yetirməyə başlayarsınız. Əks təqdirdə, mənim sizə heç bir təklifim yoxdur.
Əsərin orijinalında mənim adım çəkilməməlidir. Çünki mən hələ məqsədimi başa düşməyən öz həmdinlərimin mənə qarşı ədavətindən xatircəm deyiləm. Lakin tərcümələrdə adımı açıq-aydın yaza bilərsiniz. Əgər əsəri sizə göndərməli olsam, onunla birlikdə tərcümeyi-halımı da göndərə bilərəm. Bu tərcümeyi-haldan bilərsiniz ki, mən istər dram, istərsə də tənqid və başqa mövzularda yazılmış bir çox əsərlərin müəllifiyəm. Həmin tərcümeyi-halı əsərin tərcümələrinin əvvəlində çapa verə bilərsiniz.
Öz adınızı, ləqəbinizi, vəzifənizi və Parisdə yaşadığınız yerin adresini mənə yazın.
Tiflisdə Qafqaz canişini qrandukun mü-
tərcimi kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
6 dekabr 1872-ci il.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-nikolaiye
Use ← → keys to move, R for a random poem
More by this author
Səida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
TəcnisƏsiriyəm bir dilbərin ki, əgərXəncərlə şan-şan o yara məni,
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
AnaƏgər bütün bəşəriyyət ədüvvi-canım ola,Ürək süqut eləməz aldığı mətanətdən.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram