Üçüncü məktub
Page 2 of 2 · 50%
Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, çarəsizlikdən cavab verirlər:
Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır (mümkünül-vücud) ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi varlığı vacib olandır (vacibül-vücud) ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin biz varlığı mümkün olan kainatda durmuruq; çünki ona səbəb lazımdır. Bəlkə cənab Allahdan ibarət olan varlığı vacibdə dayanırıq ki, varlığı mümkün olanın səbəbidir, amma özünün səbəbə ehtiyacı yoxdur. O halda bu dəlil ilə yaradanın varlığını sübut etmək çətin olmaz.
Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saymaq olardı. Baxaq görək şəriətçilər nəyə əsasən varlığı mümkün və vacibə bölürlər? Onlar deyirlər:
Biz əşyanı səbəbə möhtac görürük; məsələn nütfə doğurana möhtacdır və toxum ağaca möhtacdır. Elə isə bu əşya məcməi olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır ki, səbəbə ehtiyacı olmasın, o da varlığı vacib olanın vücududur ki, öz varlığında başqa bir varlığa möhtac deyil, lakin özü varlığı mümkün olana ki, bu kainatdan ibarətdir, səbəbdir. Biz bu varlığı vacib olanda dayanaraq onu Allahdan başqa bütün varlığın səbəbi saymalıyıq.
Naturalistlər bu e’tiqadı aşağıdakı dəlilə əsasən e’tibardan salırlar.
Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o, ancaq bir növdən başqa bir növə, bir haldan başqa bir hala keçməsində səbəbə möhtacdır; məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsinə doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıq dedikdə məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır, heysiyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yə’ni bütün çoxluqların maddəsinin cameidir və çoxluqları öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyyəti vacibül-vücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və səbəbə ehtiyacı yoxdur, kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə möhtac olmasını düşünmək düzgün deyil, əks təqdirdə silsilələnmə göz qabağındadır.
Həqiqət bu söylənənlərdir. Bu əqidənin sahiblərini ateist, yə’ni Allahı, din və imanı inkar edənlər adlandırırlar. Bir çox şəxslər məktubların müəllifini məzəmmət edirlər ki, dünyada dinsizlik və imansızlıq, axirətdən və əbədi xoşbəxtlikdən ümidsiz olmağa bais olur və deyirlər ki: məgər dünya həyatından nəsibimiz ancaq həmin bu beşgünlük məişətmidir?
Nə etməli? Müəllifin nə təqsiri var ki, din və imanla elm və fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan adam, alim və filosof sayıla bilməz, əgər elm və fəlsəfə sahibi olursa, dindar və mö’min ola bilməz. Din və iman talibi olan kimsə gərək qətiyyən mərifət dairəsinə yaxınlaşmasın və mərifət talibi olan kimsə istər-istəməz və ixtiyarsız olaraq din və imandan uzaq olmalıdır *.
Bir tərəfdən, islam dini övliyaları bizim axirət həyatı və əbədi xoşbəxtlikdən məhrum olmamağımız üçün din və imanı tərk etməməyi tam şiddətlə tə’kid edirlər.
O biri tərəfdən, Avropa alim və filosofları fəryad edirlər ki, biz bərbəriyyət vəhşilik və cəhalət aləmindən çıxaq, elm təhsil edək və sivilizasyon qazanaq.
Əgər islam dini övliyalarının sözünü dinləsək, elm və sivilizasyon işıqlarından məhrum olarıq; necə ki, məhrum qalmışıq. Və əgər Avropa alim və filosoflarının sözünə qulaq asıb elm və sivilizasyon dairəsinə qədəm qoymaq və barbarlıqdan, vəhşiyyət və cəhalətdən nəcat tapmaq istəsək, o vaxt dinimizə və cənnət hurilərini görmək həsrəti ilə bəslədiyimiz şirin arzularımıza əlvida!
*Yə’ni belə olduqda, axirət dünyası həyatı və daimi səadət ümidi öz-özünə silinib gedir. Xoş o adamın halına ki, bu iki bir-birinə zidd haləti öz zatında birləşdirə bilir. Lakin bu işin imkanı qeyri-mümkündür.
Bu günə qədər biz din başçılarının sözünə üstünlük vermişik və hicrətdən ta bu günə qədər din və iman xatiri üçün elə şəni’ işlər görməkdəyik ki, onları zikr etmək dəhşət doğurur; kitabxanaların yandırılması, qan tökmək və s. bu kimi. Biz öz din-imanımızı və bunların nəticəsi olan bərbəriyyət və vəhşilik və cəhalətimizi saxlamışıq. Əgər bundan sonra da bu halda qalmağı lazım bilsək, o vaxt bizim halımız hərgiz dəyişməz, biz tərəqqi edə bilmərik və gözəl əxlaq əldə etmək bizim üçün çətin olar.
*Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Bəlkə müəllifin məqsədi islam dininin əsr və zəmanəyə müvafiq olaraq protestantizmə möhtac olduğunu göstərməkdir. Elə kamil bir protestantizmə ki, o tərəqqi və sivilizasyon şərtlərinə müvafiq olsun, bəşərin hər iki cinsinin azadlıq və hüquq bərabərliyinə qərar versin, öz siyasi tədbirləri ilə Şərq padişahlarının despotizmini yumşaltmasın və kişili-arvadlı bütün islam tayfasının savadlı olmasını vacib etsin *.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-ucuncu-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixiYer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surətiYüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.
Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.*Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.