Nigaranlıq

Zaman o zaman deyil,
Məkan o məkan deyil,
Fəqət yaddaşımızdan
O illərin, yerlərin izi pozulan deyil.
Tarixə çevrilsə də ömrün, günün hər anı,
Xatirələr bağlayır ötən günə insanı.
Xatirəyə çevrilir sevincimiz, qəmimiz,
Xatirəylə döyünür zaman-zaman qəlbimiz.
Xatirə var odundan od tutursan yanırsan,
Xatirə var ananda sanki qanadlanırsan...
Bu bayram günlərində
Ötən qanlı günləri gətirdikcə yada mən,
Bir ömrün kədər dolu, sevinc dolu günləri
Gəlib keçir gözümdən.
Neçə insan qayıdır yaddaşımda həyata,
O kədərli günləri iftixarla yenidən
Yaşayıram mən hətta.
...Gör neçə ildən sonra
Öz cəbhə dostlarımla otururuq üz-üzə.
Deyirəm: – Ay uşaqlar, qoy mən danışım sizə,
Fikir verin hər sözə,
Yaddaşın dolayında itib, qalan olmasın.
Axı, bunlar tarixdir,
Gərək yalan olmasın...

Qırx birinci il idi,
Ərdəbildəydik onda.
Yadınıza düşürmü?
Hə, cavan oğlan idik,
Min-min insanlar kimi
Biz də sabahımızdan yaman nigaran idik.
Qərbdə dumanlı göylər
Topların atəşindən yanırdı tala-tala.

Gəlirdi Şərqə tərəf bu od, alov, bu bəla.
Qocalar söyləmişkən.
Elə bil yer üzündə Nuhun tufanı idi.
Faşist sözü o zaman ölüm idi, qan idi,
Hamı nigaran idi...
Yox, yox, hamı deyildi,
Kim deyir ki, sevinib şadlananlar yox idi?
Fəqət öz niskilini ürəyində saxlayan
Sevinəndən çox idi.
Dinə bilmirdi hamı,
Susurdu, gözləyirdi.
Dinib danışanları xəfiyyə izləyirdi.
Çaharrahda, Rastada¹
yığılanlar var idi,
Onlar məddahlar idi.
Görürdün ki, ortada
Uca səslə bir nəfər
Baba dərvişlər kimi:
– Belə verirlər xəbər...
Deyəndə neçə söz də artırırdı özündən.
Yalandan danışdığı bəllənirdi üzündən...

Xəbərlər mərkəzi çayxana

Axşam Çeşməbaşında
Böyük bir çayxanada yığılırdı ağalar.
Daxil olmaq azaddır,
Əgər artıq pulun var.
Bir şahılıq miyana²
Burda bircə qırana.
Doğrusu, bir pul deyil ağa üçün bir qıran.
Ancaq məndən soruşsan,
Deyərəm ki, o zaman
Bir qıran, bir bəzzazın birgünlük məxarici.

¹ Ərdəbildə bazar və məhəllə adlarıdır.
² Kiçik stəkanda çay.

Bir qırana iki gün fəhlə işlədər hacı.
Ancaq bu çayxanada
Bir stəkan çayın da dəyəri bir qırana.
Nə olsun ki, axşam gəl,
Görəcəksən dolubdur ağzınadək çayxana...
Gəlir cavan əfsərlər,
Gəlir tacir, sələmçi.
Gəlir, siyasət ilə heç vaxt maraqlanmayan
Qırmızısaqqal hacı...
Axı, hamı istəyir
“Berlin xəbərləri”ni gəlib özü eşitsin.
Diktorun söylədyi hər bir sözü, eşitsin.
Elə bilmə ki, onlar dünyanın taleyindən,
İnsanın həyatından,
Vətəndən nigarandır.
Birisi anbarından,
Biri dükanlarından...
Bir sözlə, burda hər kəs özündən nigarandır.
Bir xəbərlə dəyişir
Dəyər, məzənnə, bazar...
Hər gün bircə xəbərdən milyon qazanan da var,
Müflis olanlar da var...
Gecə sərxoş çıxırlar çayxanadan əfsərlər,
Onları məst eləyir uydurulmuş hər xəbər.
Dünən ingilislərə nökərçilik edənlər,
Xidmət üçün ağadan rütbə, ənam güdənlər,
İndi ata-babadan elə bil alman olub.
Dönüklərə nə var ki,
Kim ulaq olsa, onlar əvvəldən palan olub...
Beləcə günlər ötür,
Beləcə günlər itir,
Gəlir qırx birin yayı.
Məddahlar, xəbərçilər daha görünmür gözə,
Dünən danışmayanlar indi başlayır sözə.
O məşhur çayxana da düşür adi halına,
Son qoyulur onun da dünənki cəlalına...

Ziddi-faşist cəmiəti

Baş küçədə – Çaharrahda,
Tablo asdı bir gün səhər
Faşistləri sevməyənlər.
İri xətlə yazılmışdı:
“Ziddi-faşist cəmiyyəti”.
Elə o gün küçə-küçə, meydan-meydan
Gəzdi onun söz-söhbəti:
“Gəlin, vətəndaşlar, gəlin, a dostlar,
Şairin sizlərə xoş xəbəri var...”
Haray çəkən bir şairin
Səsi düşdü mahal-mahal:
Gəldi kəndli, gəldi hampa,
Gəldi əsnaf, gəldi baqqal.
Müəllimlər, tələbələr axıb gəldi,
Şər xeyirlə savaşanda,
Aydınlığa səs verməyə
El zülmətdən çıxıb gəldi.
Azadlığın gücünə bax,
Damla əgər azad olsa,
Axıb-axıb selə dönər.
İnsan əgər azad olsa,
Dağ oynadan filə dönər.
Azadlığa çıxanda el,
Qandallara, zindanlara sığışmayır.
Azadlığa çıxanda dil,
Susmaq bilmir,
Səsi, sözü meydanlara sığışmayır.
“Gözlə” deyən, “dinmə” deyən zəmanənin
Razılığın soruşmayır.

Üç gündür ki,
Carçı düşüb xəbər verir,
Piləçaydan Nirə qədər¹

¹ Qəsəbə və mahal adlarıdır.

Xalxaldan da Muğanadək.
Mitinq vardır Ərdəbildə
El-obanın camaatı gəlsin gərək.
Qayadan bir damcı düşür,
Bir də düşür, irmaq olur.
İrmaq axır sel yaranır.
İnsanlar da yığılanda
Tayfa olur, el yaranır.
Bu obadan biri çıxır,
O komadan biri çıxır,
Biri enib dağdan gəlir,
Biri çıxıb bağdan gəlir.
Cığırlarda görüşürlər,
El yolunda birləşirlər,
Dərdləşirlər, dilləşirlər:
– Xeyir ola?
– Deyirlər ki, mitinq vardır Ərdəbildə.
– Savalandan gəlirəm mən,
Nə xəbərdir görən belə?
– Nitq olacaq bizim dildə,
Eşidərsən, öyrənərsən.
– Ayrı dili bilmirəm mən,
Özgə dildə danışsalar heç getmərəm.
Mən elatam,
Başqa dildə danışmayıb babam, atam.
Bir rəvayət deyim sənə,
Bəlkə elə eşitmisən:
... Bir gün dağdan enib gəlir bir şahsevən,
Axşam üstü o çatanda obasına,
Görür ki, bir əmmaməli
Çıxıbdır ot tayasına
Haray çəkir.
Xəbər alır, deyirlər ki:
“Bu molladır, azan verir”.
Baxıb-baxıb soruşur o:
“Bəs nə deyir?”
“Biz nə bilək!

Görməyirsən özgə dildə danışır o”
Qəzəblənir kişi yaman,
Deyir: – Salın tez tayadan,
Başa salın, anlasın o,
Özgə dildə
Qoyun gedib özgə yerdə banlasın o...

Mitinq

Çaharrahda, mitinq verir
“Ziddi-faşist” cəmiyyəti.
Axıb gəlir şəhər əhli,
Kəndistanın rəiyyəti.
Dalğalanır insan seli
Məzluminin dükanının qabağında.
Kimi ayaq üstə durub,
Kimisi də oturubdur,
Bağlaması qucağında.
Ay Məzlumi, gözün aydın,
Aç dükanın qapısını,
Bir bu qədər müştəriylə
Sən bir gündə qazanardın
Lap dünyanın yarısını.
Birdəfəlik tullayardın
Məzlumluğun daşını sən
Aç qapını, aç, Məzlumi,
Niyə durub düşünürsən.
Aç qapını bir görsünlər,
Nəyin vardı, nə satırsan.
Mən bilirəm bu alverlə
Öz-özünü aldadırsan.
Aç qapını, xurcununu, çomağını
Yağsın bura rəiyyət dostlar.
Qoy hər şeyi söz etməsin nadürüstlər.
Cərgə-cərgə, sıra-sıra
Səf çəkərək dayanaq biz.

İrad tuta bilməsin qoy düşmənimiz
Günortadır,
Müəzzinlər minarəyə qalxan vaxtı.
Dükandarlar qapıya tor taxan vaxtı.
Cəmiyyətin arasından
Lap maşının damı üstə
Qalxdı biri.
Sakitliyə dəvət etdi gələnləri.
Bircə anlıq susdu hamı.
Bir uğultu keçdi sonra
Sanki insan dənizindən
– Bu danışan kimdmr görən?
– O Qüdsdur.
Ərdəbilin ən hörmətli müəllimi.
Bu mahalda natiq yoxdur ounu kimi.
Sonra sanki daş atdılar birdən gölə,
Sədd çəkdilər coşan selə.
Üzdə maraq, közdə maraq
Hamı susdu.
– Ağayi Qüds danışacaq...
Bizim ya şəhərdə, ya da ki kənddə
Evimiz, komamız, ocağımız var.
Bizim bu ölkədə, bu məmləkətdə
Özümüzə görə bir haqqımız var.
Evimiz od tutub yanarsa bir gün
Hay-haray salarıq qonşular qəlsin.
Qonşunun koması odlansa bir gün
Biz də köməyinə gedərik yəqin.
Fərz edək bir kənddir bu yer kürəmiz,
Ölkələr qonşudur biri-birilə
Min illər bir yerdə yaşamışıq biz,
Hələ yaşayacaq nəslimiz belə.

İndi qonşumuzun evi odlanır,
Heç insafmıdır ki, dayanaq gendə?
Alovlar, tüstülər ərşə dayanır,
İnsanlar yanırlar odlar içində.

Demirəm vuruşaq biz əldə silah,
Belə bir fikirə düşməsin heç kəs.
Fəqət səsimizi gəlin ucaldaq,
Dünyanın səsinə qoşulsun bu səs.
Bu odu, yanğını, müharibəni
Yaradan adamlar quldurdan pisdir.
Onların başçısı dənidir, dəni,
Onlar insan deyil, onlar faşistdir.

Yalan söyləyirlər o kəslər, yalan,
Deyirlər faşistlər adi insandır!
Yalan söyləyirlər faşistlər, yalan,
Müsəlman, yəni ki, misli-almandır!

Günahdır Hitlerə Mir Heydər demək!
Kim dedi, o sözü heç inandımı?
Qoy çıxsın ortaya, danışsın görək
O özü doğrudan müsəlmandırmı?!

Bir vaxt Vilhelmi Şərqə gətirib,
Adının önünə “Hacı” qoşdular.
Fəqət çox çəkmədi başa düşdülər
Qoyun dərisinə canavar girib...

(Natiqin sözləri kəsilir hər an,
Adamlar əl çalıb gülüşürdülər.
Onlar ki, baxırdı dalda-bucaqdan
Bir az da, bir az da büzüşürdülər).

Qardaşlar, faşistlər çatıb Volqaya,
Stalinqradda döyüşlər qedir.
Meydan oxusa da Hitler dünyaya,
Bu haylar, haraylar bir bəhanədir.

Haqqın tərəfində dayanırıq biz,
Qoşulsun səsimiz haqqın səsinə.
Çünki lap ürəkdən inanırıq biz
O Qızıl Ordunun qələbəsinə...
Natiq susdu...
Alqış səsi ucaldıqca dörd bir yandan,
Əks-səda gəldi ona,
Bağməşədən, Üçdükandan.
Dalğa-dalğa, halqa-halqa getdi o səs,
Mahal-maşal, şəhər-şəhər
O sədaya səs verdilər.
Faşistləri sevməyənlər,
Müharibə sevməyənlər...

Ümidlə iradə birləşəndə...

Yığılıb bir otağa redaksiya heyəti,
Görün nədən başlandı onların ilk söhbəti:
“Kağızımız varmı?
– Yox.
– Mətbəəmiz?
– O da yox.
– Hürufçin?
– Yoxdur o da.
– Pul necə?
– Bəs nəyimiz var onda?
– Qulaq asın mən deyim onları birbəbir,
Vərəqə çap etməyə iradəmiz varmı, var.
Sözümüz çatar, çatar.
Rəssam necə – Ələkbər:
Mühərrir kim – Əxlaqi.
Müsəhhih – Danişbecu.
Kitablar çap etməyə kifayətdir bu ordu...”
İradənin önündə yox oldu maneələr.
Bir fəhlə yumruğu hazırladı Ələkbər,
Onun zərbəsi altda parça-parça qırıldı
Faşistlərin nişanı.
Bu oldu vərəqənin həmişəlik ünvanı.
Baş məqalə, felyeton, şer, bir də xəbərlər
Hazır oldu o səhər.

Cövdət mətbəəsində çap oldu vərəqlər.
“Ziddi-faşist vərəqi” Azərbaycan dilində,
Bu bir qığılcım idi,
Ağsaçlı Ərdəbilin
Minillik niskilində.
Hamı qəzet görəcək,
Xəbərləri biləcək
Doğma ana dilində.
Oxuyacaq qocalar,
Oxuyacaq cavanlar,
Oxuyacaqdır bunu
Ömründə əllərinə
Ruznamə almayanlar.
Namindən Nirə kimi,
Xalxaldan Muğanadək
Oba-oba, elbəel
“Ziddi-faşist” gəzəcək.

Qəzet satan Zeyni

Səhər günəş doğan zaman
Gəldi Zeyni:
– Verin, verin vərəqəni.
Müştərilər gözləyirlər, axı, məni.
Rəislərə “müjdə” verim,
Hacılara müftə verim.
Tacirlərə bir qırana satım gərək.
Tez olun ki, karvansara açılmamış
Hücrələrə çatım gərək.
Prədməlik, Təzəmeydan,
Şeyxqabağı, Körpübaşı,
Unçu meydan, Misgər bazar,
Gör nə qədər müştəri var.
Min nüsxə ver, ancaq çatar.
Küçələri, meydanları
Zeyni bir-bir saya-saya,
Nəzər salır vərəqədə ünvanlara,
Əzbərləyir,
Hansı sözü harda deyim,
Kimə deyim.
Zilmi deyim, bəmmi deyim.
Elə deyim hamı bilsin,
Dostlar gülsün,
Düşmən ölsün...

Təzə açır qapıları dükandarlar,
Qaş-göz ilə, oğrun-oğrun danışırlar:
– Ağa, təzə nə xəbər var?
Ağa çiynin çəkib durur.
Demək təzə bir söz yoxdur.
– Məşdi, sizdə nə xəbər var?
Tər hənalı saqqalına
Çəkir – Məşdi sağ əlini.
Demək qorxur Məşdi hələ,
“Bu işlərə qoşma məni,
Saqqalımı verrəm ələ”.
Qınamıram mən onları,
Məmurlardan qorxanı var,
Xəbərçidən çəkinən var.
Düşünür ki, bir söz deyər,
“Elə olmaz, belə olar...”
Siyahıya düşər adı.
“Bəlkə elə düz deyirlər,
Bu faşistlər yaxındadır...”
“Bəlkə elə düz deyirlər,
Bu gün-sabah
Göründülər birdən-birə.
Bir söz üstə keçər girə...
Qəlbindəki qəlbindədir,
Nə işi var ortalığa düşsün nahaq”.
El sözüdür,
“Ağrımayan başımıza
Nədən ötrü saqqız salaq”.
Elə bu vaxt

Qoltuğunda “Ziddi-faşist” vərəqəsi,
“Hicaz” üstə zilə qalxıb nazik səsi
Zeyni gəlir...
Rastabazar cingildəyir:
– Qulaq asın, ay ağalar!
Məndə təzə xəbərlər var!
Bizim dildə ruzinamə,
Qoy sevinsin dostlarımız,
Düşmənlərsə batsın qəmə.
Alın, alın!
Görün faşist orduları nə haldadır,
Əhvalları soğan dadır!
Alın, alın!
Kasıblara on şahıya,
Dövlətlilər pulsuz alsın,
Alın, alın,
Kimisinə bir göz dağı,
Kimisinə müjdə olsun...
Baqqallara, bəzzazlara
“Ziddi-faşist” vərəqəsi
Zeyni sata-sata gəlir.
Zeyni dönüb oda gəlir.
Karvansara qabağında
Durur bir an:
– Ay ağalar, ay hacılar,
Məndə təzə xəbərlər var.
Alın, alın bu vərəqi,
Görün necə şerlər var:
“Öz aramızdır, ay hacı,
Çox pis olub halın sənin,
Bu Hitlerin yolunda lap
Getdi tamam malın sənin...”
“Alın, alın!
Hitler indi öz başının hayındadır.
Səngərlərdə donub qalmış
Ordusunun vayındadır...”
Zeyni girir hücrələrə:
“Buyur, hacı, buyur, ağa...
Ağa alır vərəqəni
Cürət etmir bir söz desin
Zeyni kimi bir “qonağa”.
Zeyni gəzir bazar-bazar,
Zeyni gəzir meydan-meydan,
Gür səsilə dolur hər yan:
– “Mir Heydər”in çatdı sonu,
Gözləməyin daha onu...
Zeyni hardan gəlib keçir,
Ağ vərəqlər görünürlər
Hücrələrdə, dükanlarda.
İstəyərək alan da var,
İstəməyib alanlar da.

Üç il cəbhədə

Üç il döyüş getdi, bizim şəhərdə,
Bazarda, evlərdə, məhəllələrdə.
Fikirlər, məsləklər vuruşdu burda.
Cəbhələr üz-üzə durmuşdu burda.
Səngərsiz, tüfəngsiz, topsuz cəbhələr,
Zaman-zaman gələn sonsuz cəbhələr.
Bir yanda insanlıq, əmin-amanlıq,
Bir yanda minillik bir hökmranlıq –
Puldan, ağalıqdan, mülkdən ayrılır.
Rişəsindən qopur, kökdən ayrılır.
Odur ki, toplayıb son qüvvəsini,
Tərk etmək istəmir öz cəbhəsini.
Axı, inam duyur özündə onlar,
Min cilidə girir bir gündə onlar.
Gah mülayim olur, lap ipək kimi,
Gah da qəzəblənir bir pələng kimi.
Bir gün mömin olur, bir günsə asi,
Üç il belə getdi bizim şəhərdə
Əqidə davası, məram davası...
Gizlində, aşkarda pıçıldaşırlar,

Deyəndə: “Ay hacı, gözləməniz var?”
Deyirdi: “Var, oğul, heç tələsməyin,
Cücəni payızda sayarsız yəqin”.
Fəqət günlər keçdi, zaman dəyişdi,
Şəhərin havası yaman dəyişdi.
Daha görünmədi meydanda onlar,
Daha orda-burda yığılmadılar.
Hacının elə bil beli əyildi,
Səhər evdən çıxıb hücrəyə gəldi,
Axşam da eləcə qayıtdı geri.
Az qaldı saqqalı süpürsün yeri,
Çoxusu dəyişdi libasını da,
Buxara börkünü, əbasını da.
Guya keçmişindən ayrıldı tamam,
Guya təzələndi dünənki adam.
Aşkarda döyüşə bilməyən hacı,
Şayiə yaymaqda gördü əlacı.
Hər səhər şəhəri gəzdi bir xəbər:
“Geri çəkilməklə guya faşistlər
Siyasət yürüdür, hərbi siyasət...”
Neçə gün tamam
Bazarda, dükanda gəzdi bu söhbət.
Elə ki, bir yana çıxmadı yalan,
Xəbər yayıldı ki: “Xəlici-Farsdan
Sualtı qayıqlar çıxıb sahilə,
Almanlar cənubu keçirib ələ...”
Beləcə yalana yalan qoşuldu,
Bəzən bu sözlərə inanan oldu.
Dedilər: “Kim bilir, düz olar birdən,
Niyə öz boyuma kəfən biçim mən.
Nə “hə” deyim, nə “yox”, gizləyim hələ,
Birdən elə oldu, olmadı belə...”
Gecə yarasalar keçdi hücuma,
Bir gün xəbər gəldi, bir dəstə adam
Neçə dostumuzu döyübdür axşam.
Bir gün neçəsinə böhtan atdılar,
Polislər küçədə, evdə tutdular.

Zeynini saldılar hədə-qorxuya,
Məktub göndərdilər: “Bu yoldan, guya,
Dönməsə yolunu gözləyir ölüm.
Bir gün doğranacaq o dilim-dilim.”
Son həddə çatmışdı düşmənin kini,
Bu hədə-qorxunu duyurdu Zeyni.
Bilirdi üzünə gülən hacılar,
Onun ölümünə çıxarıb qərar.
Hər şeyi, hər şeyi Zeyni bilirdi,
Açıb hücrələri bir-bir girirdi.
Yenə hacılara şer oxuyurdu,
Yenə tacirləri lağa qoyurdu...
Hər gün bir xəbərlə gəlirdi Zeyni,
Cəbhədən zəfərlə gəlirdi Zeyni.
– Faşist orduları düşüb qaçağa
Sərhəddən qovuldu, – o verdi xəbər.
Dedi: “Gözün aydın, ağa, ay ağa,
Polşa azad oldu” – o verdi xəbər.
Bir gün də əlində qırmızı xətlə
9 May yazılmış vərəqə gəldi.
Bütün Ərdəbilə bir məhəbbətlə
Qələbə gününü o xəbər verdi.

Deməyin cəbhədə olmayıb Zeyni,
Yoxdur siyahıda belə bir əsgər!
Yox, bir gün döyüşdən qalmayıb Zeyni,
Stalinqraddan Berlinə qədər
Vuruşa-vuruşa gedibdir o da.
Neçə yol ölüm də çıxıb önünə,
Zeyni sarsılmayıb vuruşmalarda,
Üzüağ gəlibdir zəfər gününə.
“Ziddi-faşist Zeyni”
Hələ bu adı
Dostlar Reyxstaqın daşında yazıb.
Kim deyir ki, Zeyni əsgər olmadı
Qələbə günündə Vətən torpağı
Onu siyahının başında yazıb...

Otuz ildən sonra

Otuz bahar gəldi keçdi,
Otuz dəfə güllər açdı
Mərmilərlə yaralanmış ana torpaq.
Otuz dəfə 9 Mayı
Salamladı Qızıl bayraq.
Otuz yaşlı igid olub
Bayram günü doğulanlar.
Otuz ildir sinəsində
Qələbənin nişanını
Gəzdirirlər qəhrəmanlar.
Otuz ildir mən də sizin
Adınızı öz qəlbimdə gəzdiriəm.
Nə çəkdiniz, nə etdiniz,
Siz də necə igiddiniz
Mən bilirəm.
Əxlaqını kim tanıyır mənim qədər?
O yazdığı məqalələr
Bir zamanlar daşdan keçdi.
Dəryaz oldu, kəsdi-biçdi
Yolumuzda qanqalları.
Qəribə bir xilqət idi,
Həm çəlimsiz, həm də gödək.
İstedadı nemət idi,
Fikri aydın üfüqlər tək.
Hər sözünə hədəf olan
Siqlətinə tablaşmazdı.
Üç il tamam dincəlmədən
Gecə-gündüz yazdı, yazdı.
9 Mayda əllərini dayaq verib
O, belini düzəldəndə
Elə bildim uca dağdı.
Qələbəylə qayıtmış bir əsgər kimi
Alnıaçıq, üzüağdı.
Mən yazmasam, kim yazacaq
Mənim cəbhə dostlarımın

Hünərini, himmətini?
Şer edib, dastan edib
Kim salacaq dildən-dilə
Döyüşünü, cürətini?..
Bütün gecə sübhə kimi
Özü boyda bir təkəri
Fırladardı Danişbecu.
Yorulanda, bir az ciddi
Deyərdi ki:
Bu təkərin çatmır gücü.
Görün necə cırıldayır.
Yrəyimə od salacaq onun səsi.
Belə getsə səhərədək
Çap olunmaz “Ziddi-faşist” vərəqəsi.
Bir piyalə çay veriniz içək barı.
Qüvvət yığıb biz hücuma keçək barı.
Şəkərçörək, qurabiyə,
Paxlava da lazım deyil.
Qoy qurtaraq bu işləri,
Bax o günə saxlayın siz
Noğulları, nabatları,
Püstələri, kişmişləri.
Onda hər şey yeyəcəyik,
Bu günləri yada salıb
Lətifətək danışardı.
Güləcəyik, güləcəyik...
Çox məzəli oğlan idi,
Sevincini, kədərini
Lətifətək danışardı.
Zənn etməiyn taleyilə barışardı.
Dərdlərini nəql edərdi,
Sakit-sakit, elə-belə.
Diqqət edən görərdi ki,
Qəzəbi də, nifrəti də
Dodağının gülüşünə
Qarışıbdır gilə-gilə...
Üç il pulsuz işlədik biz.

Deyirdi ki, qəm etməyin
Aylığınız banka gedir.
Pul adamı tənbəl edir.
Pulum olsa işləmərəm,
Neçə-neçə illərimin əvəzinə
Çilovpozda oturaram
Hey yeyərəm, hey yeyərəm...
Mənə aylıq yazsaz əgər,
Yazın onu Kamranxanın ayağına.¹

Pullarımı yığıb qoysun sandığına,
İstəsəm də o verməsin.
Elə yerdə gizlətsin ki,
Qoy özü də heç bilməsin.
İndi mənim gözlərimdə
Bir məcməyi boyda olur onşahılıq,
Qorxuram ki, ciblərimə yerləşməsin.
Sonra yenə fırladardı
O, təkəri ağır-ağır,
Görərdin ki, çap etdiyi
Vərəqləri sayır, yığır.
O fırlatdı təkərini o qədər ki,
İstədiyi zaman gəldi.
Dövri-zaman təzələndi.
9 Mayda, zəfər günü
Cəbhələrdən, döyüşlərdən
Gələn odlu xəbər susdu.
O gün təkər fırlanmadı,
Təkər durdu, təkər susdu...

Ərdəbildə üç il tamam,
Səhər, axşam
Bir otaqda yığışanlar
Elə bil ki, o gün səhər
Yorğunluğu dərk etdilər.

¹ Kamranxan Ərdəbildə ən xəsis adam idi.

Qucaqlaşıb öpüşdülər,
O otağı tərk etdilər...
O gün səhər,
Ərdəbildə küçələrə
Çıxmış idi bütün şəhər.
Çaharrahda mitinq oldu,
Meydan doldu.
Yenə Qudsun eşidildi ötkəm səsi:
– Bu gün başa çatdı, dostlar,
Aydınlığın zülmət üstə qələbəsi.
Toplar susdu, tanklar durdu,
Berlinədək gedib çıxdı Qızıl Ordu.
Zaman özü hökm verdi,
Kim haqlıdır, kim haqsızdır.
Milyon desəm yenə azdır,
Analar var sinəsində oğul dağı,
Gəlinlər var boğazında
Düyünlənib hıçqırığı.
Osvensimdə, Buhhenvaldda
Milyon-milyon insan oğlu külə döndü.
O sobalar daha söndü.
Fəqət hələ sönməmişdir
Ürəklərin yanan dağı.
Ataların ayrılığı,
Oğulların ayrılığı.
Zaman-zaman ayrılanlar tapışanda,
Ayrılanlar qovuşanda,
Vüsal olar, bayram olar.
Kimisinə hicran yenə hicran olar.
Yol gözləyən könüllərdə
Nigaranlıq ümman olar.
Fəqət aylar, illər keçər
Göz bağlayar ölənlərin, itənlərin
Ağrısı da, yarası da.
Oğulların hesabına boş görünməz
Ataların sırası da.
Ağır günlər kimisinə tarix olar
Kimisinə nağıl olar.
Ancaq yenə o günləri
Xatırlamaq ağır olar...

Otuz bahar gəlib keçdi,
Ərdəbildə bu sözləri
Eşitdiyim gündən bəri.
Xatırladım o günləri.
Otuz ildə ürəyimdə saxladığım,
Otuz ildə dönə-dönə yoxladığım
Dostlarımı xatırladım.
Yada düşdü 42-dən 45-dək
Keçdikləri döyüş yolu.
Əzab dolu, sevinc dolu, xətər dolu.
İndi onun bir adı var:
ZƏFƏR YOLU!
Bax, bu yolu ilkin keçən
Xilaskar bir ordu oldu.
Asiyanın, Avropanın xilaskarı.
Tək olmadı bu dünyada
Bu dünyanın xilaskarı.
O, ellərdən qüvvət aldı,
Ellər ona hayan oldu.
O, sellərdən sürət aldı,
Sahilsiz bir ümman oldu.
Almaniyanın özündə də
Bizim Sovet Ordusuna
Səs verənlər az olmadı.
O gün dili kəlam tutan,
Əli silah, qələm tutan
Harda ona qoşulmadı?
Mənim cəbhə yoldaşlarım,
İndi sizi xatırladım.
Azadlıqçın coşub-daşan
Eşqinizi xatırladım.
Xatırladım.
Axı, bu gün
Yer üzünün
Əmin-amanlıq bayramıdır.
Azadlığı sevənlərçin
Bu azadlıq bayramıdır,
Bu azadlıq bayramıdır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets