Gurşad təzə dayanmışdır... hava durulur,Bulud keçir, göyün üzü görünür təmiz.Qarı nənə hanasını uzadır, odur,Elə bil ki, kəmənd atır buluda dəniz...

Günəş batır... dağ başında topa buludlarSanki pambıq tayasıdır alışıb-yanır.Bahar gəlmiş, baş qaldırır çiçəklər, otlar,Ana torpaq yuxusundan artıq oyanır...

Sərin-sərin meh əsdikcə titrəyir yarpaq,Çiçəklərin dodağından süzülür inci,Sarı bülbül gəzir yenə, bax, budaq-budaqOxuduqca sinəsinə sığmır sevinci,

Qara dəniz dalğalanır, kiçik ləpələrQum üstündə göyərçin tək görünür yenə.Deyirlər ki, əsrlərdir hər axşam-səhərSular nəsə pıçıldayır sahillərinə...

Bir ağacın gövdəsinə söykənmişəm tək,Yenə məni məftun etmiş özünə bahar.Ara-sıra tər budaqlar siləkələnərəkGah başıma çiçək tökür, gah da damcılar.

Orda-burda dəstə-dəstə qızlar, oğlanlarQarmon çalır, nəğmə deyir, çiçək dərirlər.Düşünürəm, doğrudan da burda bəxtiyarÖmr sürür qayğıbilməz, xoşbəxt nəsillər.

Birdən məni ayrı salır düşüncələrdən“Alın, sizə məktub gəlmiş” söyləyən bir kəs.(Əziz dostum, kim qürbətdə olmamış, inan,Məktubdakı o mənəvi qüdrəti bilməz...)

Bir kitab da verir mənə dostum gülərək:– Bax bu da bir gənc ürəyin əziz barıdır.Bakıdandır, unutmamış dostların, demək,Al, şairə şairənin yadigarıdır.

Aç “Təbrizin baharı”nı, bir şer oxu,Deyirlər ki, sizin yerdə gözəl olur yaz.Mən dinmirəm... (cavabsızdır onun arzusu),O bilmir ki, nə olmuşdur, duruxur bir az.

Mən dinmirəm... xəyal məni çəkib aparır,Yenə durur gözlərimin önündə Təbriz.İlk bahardır... göy gurlayır, bərk yağış yağır.Bir divara söykənirik sevgilimlə biz...

Sərdar bağı, ağ çiçəkli badam ağacı,Qərənfillər, yasəmənlər, bahar neysanı,Şimşək səsi, üfüqlərin odlu qırmancı,Gözüyaşlı buludların başsız karvanı.

Daşqın sellər, Acı çayı, sərin bulaqlar,“Şah könlü”nün əyri yolu, yaşıl çəmənlər,Gözlərimdə canlandıqca, mənsə biqərarDeyirəm ki, indi sizdən qalmışmı əsər?

Yox, dağıtdı o cəlalı, dağıtdı düşmən,Ancaq elin ilqarını poza bilmədi.O sən görən Təbriz deyil, şəhəri gəzsən,Fırtınalı bir dənizə bənzəyir indi.

Azəroğlun qorxutmadı nə sürgün, nə dar,Baxışlarda qəzəb vardır, ürəklərdə kin.Xiyabandan qorxa-qorxa keçir ağalar,Onlar bilir bu ellərin ürəyindəkin.Onlar bilir azərilər dözməz heç zaman,Bu məhkumluq zəncirini qırar bir səhər.Onlar qorxur bir gün gələ yenə təzədənCəbhələrdən baş qaldıra iten igidlər.

“Gələr” dedim, dostum dönüb diqqətlə baxdı,O, qəlbimi gözlərimdən oxudu dərhal.Danışmadım... uzaqlarda ildırım çaxdı,Göy gurladı, buludlarda göründü hilal...

Mən o gecə gözlərimi yummadım inan,Elə bil ki, sinəm üstə dağ qalanmışdı.Məni rahat buraxmadı xəyal, həyəcan,Neçə şer ürəyimə daldalanmışdı.

Mən yatmadım, göy sularda günəş ucaldı,Daha səndən nə gizlədim, əziz oxucum,Nə mən borclu, nə o dostum niskilli qaldıBu şerimi səhər tezdən ona oxudum.

Yalta, 1950

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring