Page 4 of 4 · 75%

Yəni Şeyx nə demişdisə, öylə də oldu. Fəqət Şeyx nə demişdi bilirsiniz:

Baş verir səndə öylə bir hərəkət,
Alçalır, ruhun alçalır... Ancaq
Səni alçaldan ehtiras olacaq.
– Hankı şeydir səbəb fəlakətimə?
– Ah!.. o yalnız qadındır, iştə qadın!

Sənan bu sözləri xatırlayaraq və doğru olduğunu etiraf edərək deyir:

Mən qulaq vermədim dəyərli sözə,
Həp qadından gəlir nə gəlsə bizə.

Yəni qadın, Sənanın fəlakətinə səbəb olan qadının da başqa bir mənası vardır. Bəlkə qadın ərəbcə məlayikəyə-zada deyirlər, mən bilmirəm. Ancaq qadın bizim dildə – iki əlli-ayaqlı qadına deyirlər. Fəlakət də fəlakətə deyilir. Sənan son nəfəsdə Xumara yeganə qurtuluş qarşıdakı uçurumdur deyir. Uçurum da uçuruma deyirlər. Yəni dərin bir dərənin dibi. Nə az, nə çox Sənan türkcə danışırsa, sənə bəllidir.

Xumar nə mələkdir, nə əməldir, nə də məsləkdir. Sadə, adi bir qadındır. Yox, əgər Sənan göydəki mələklərin dilində danışırsa, onu biz bilmirik. Bəlkə orada uçurum fəzilətə deyirlər, ya məfkurəyə deyirlər, kim bilir. Ancaq, yoldaşlar, mənə aydındır. Sənan özü bir türküstanlı bir türkdür. Türkcə də danışır. Xəyala, xülyaya uymaya gəlməz. Ariflik təbii, fəna bir şey deyildir. Ancaq genə də hər şeyə öz adını vermək yaxşıdır. Sənan bir qızı sevmiş, bənd olmuş, onun yolunda yaxşıyaman öz məsləkini satmış, hər bir şeyi atıb öz ehtiraslarına əsir olmuşdur.

Nəhayət, qızı özünə məftun etdikdən sonra onun uğrunda heç bir mübarizə aparmadan qoyub qaçmış və zavallı qız son nəfəsində ondan nicat yolu istərkən uçurumdur deyə onun da fəlakətinə səbəb olmuşdur.

İştə, yoldaşlar, Sənanın bütün şəxsiyyət və mahiyyəti. Yalnız, yoldaşlar, bir məsələ də vardır. Bu məcaralar Xumarın və Zəhranın fəlakətilə bitməmiş olsaydı, demək olurdu ki, pək eyi, Sənan qadınçıdır. Şərab da içir, sənə nə var. O da bu şərab içənlərdən, o da bu qumar oynayanlardan biri. Mən, yoldaşlar onu deyəcəyəm ki, o bu cəmiyyətin bir üzvüdür. Cəmiyyət onu böyüdüb tərbiyə etmiş. Hər bir fərd olduğu kimi, o da cəmiyyət qarşısında bu ictimai həyatda bir vəzifə daşımalı, bir fayda verməlidir. Yoxsa ona cəmiyyətin yaramaz övladı deyərlər. Fəqət yoldaşlar, mən başqa bir şey demək istəyirəm. Sənan bu sadə qumarbazlardan, sərxoşlardan olsaydı cəhənnəmə, dərd yarı idi. Fəqət mən çox işlətdiyim bir timsalı burada xatırlatmaq istəyirəm. Qanun kitablarında gərək ki, böylə bir maddə vardır. Məsələn: Pirməmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa ona cəza verilməlidir. Ancaq bağışlamaq da olur. Fəqət həmin Məmmədqulu acıqlanıb, ya keflənib öz evini yaqarsa və bunun nəticəsi olaraq qonşu evlər də od alıb kəndin yarısı yanarsa, o zaman Məmmədqulu rus demişkən “ne nipodkakim vidom” bağışlanmaz, mütləq cəzalanmalıdır. Şimdi Sənanın hərəkətlərinə və onların nəticələrinə fikir verəlim. Sənanın mühiti qaranlıq, cahil bir mühitdir. Gözlər kor, fikirlər paslı, kimsə düşünməz, düşünsə də; uzaq getmə batarsan – deyə ağzını yumarlar. Bu mühitdən bir nəfər Sənan çıxır. Ağlının ucilə meraca şəkk eyləyir, şəqqülqəmərə də başqa bir məna verir. Bunun üzərinə bütün mühitdə ona qarşı bir şübhə doğur. Mühit bir az inanır, bir az şübhə edir. Fəqət həmin mühit meraca şəkk etməkdən başlamış Sənanın 2 ildən sonra bir qız üçün xaç taxmaqla bitirməsini görüncə, ümumən böylə yeni fikirlərə nasıl baxa bilər. Bundan sonra bir zihayat çıxıb merac yalandır deyə bilərmi? Uzaq getmə, sən də Sənan kimi batarsan – deyə ağzını tıxayacaqlardır. Sənan öz hərəkətləri ilə tarixin yetişdirdiyi xalq və hikmət oğullarının – Cəlaləddinlərin və sairənin də yollarını kəsmiş, ağızlarını qapamış, qanadlarını qırmış olur. Xalqda yeni fikirlər və yeni fikirli adamlara qarşı bir nifrət, bir etimadsızlıq törədir ki, bu, xalq üçün, bu, mədəniyyətin və bəşəriyyətin tərəqqisi üçün hər şeydən zərərlidir.

Böyləcə öz hərəkətləri üçün zaman və məkanla hesablaşmayan ünsürlər də xalq üçün zərərlidir. Tutalım ki, Sənanın yeni bir fikri vardır. Öz hərəkətlərini xalqın səadəti üçün yapırdı. Şərab içməyi xeyirli bilirdi. Fəqət o, bunların həpsini bir qıza qarşı yapmamalı, mühitin əhvali-ruhiyyəsini düşünməli, onun anlağı dərəcəsində hərəkət etməlidir. Yaponlar nə üçün Avropa mədəniyyətini tez mənimsədilər. Çünki yaponlar Avropa mədəniyyətini Yaponiyaya şərab içərkən, ya kataloq taqınaraq gətirmədi. Onlar Parisdə oxumağa gedərkən kataloqda getdilər, qayıdarkən yapon ərəqçinində qayıtdılar. Xalqın içinə girdilər. Onunla onun öz paltarında, öz dilində danışdılar və onu anlatıb kataloq taqdıqdan sonra özləri də kataloq taqdılar. Sənan da həqiqi bir məslək mürəvvici olsaydı, onu donuz damından söyləməzdi. Araya çıxar, xalqı onun öz dili ilə anladardı. Mən istərdim yoldaşların bir dəqiqə də olsa, fikri Sənanın yaşadığı mühitə köçürüləydi, xalqın Sənanın hərəkətlərinə qarşı nələr duyduğunu hiss edə biləydilər.

Pək eyi, şimdiki zamanı götürünüz. Qadınlardan daima şikayət edən bir müəllim təsəvvür ediniz. Bir nəfər qobulu öz qızını onun yanına qoymuş, oxudur. Bir gün qobulu içəri girir. Müəllim lüt madərzad soyunmuş, qızı da öpmək istəyir. Saxla, yoldaş, nə yapırsan? Sən sus, çünki sən donuzsan, anlamazsan, bir dəfə öpməyin eybi yoxdur. Hətta şimdiki zamanda böylə bir müəllimə nə deyilə bilər? Şübhəsiz, ya dəli deyirlər, ya əxlaqsız, Halbuki, heç biri deyil. Sən demə, yazıq müəllim sonradan fikrini dəyişmiş “daloy stada” oxşar bir şey olmuşdur. Bu 10 il bundan əvvəl yapılsaydı, bir nəfər qobulu qələt eləyib öz qızını məktəbə göndərərdimi? Fikrin var, onu mənə də anlat. Yoxsa mən nə bilim sən nə yapırsan? Yoxsa sən qıza bənd olub şərab içəcəksən?

Deyəndə də deyəcəksən ki, sən donuzsan, kim anlamayırsa, dəf olsun. Bu da bir rəhbərlik oldu. Sən, Sənan, həqiqi bir inqilabçı olsaydın, xalqın ruhunu düşünər, onun ilə öz dilində danışardın. Öz duyğularını, öz həyatını boğar, xalqın içinə girər, onu anladar, nicata doğru sürüklərdin. Yüzü anlamazsa, ikisi anlardı. Sənə o da bəsdir, Nə cür ki, bunu heç səbəbsiz təhqir etdiyini bu qoca dərviş yapırdı. Onun bir fikri var. Yanlışdır. XX əsrdə xalqı bəşəriyyətdən uzlaşmaya dəvət edəcək bir fikrə doğru deyəcək deyiliz. Fəqət doğru yanlış bir fikri vardır. O bilir ki, həyatın şimdiki quruluşu, zamanın fikir və fəlsəfələri yanlışdır. Dinlər hədərdir. Çarə bəşəriyyətdən uzaşmayı görüyür, fəqət özü qaçmayır. O, başaçıq, ayaqyalın rus demişkən, “bezşabaşno” bütün xalqın, bütün kütlənin, izdihamın, bütün bəşəriyyətin içinə atılmış, öz fikrini anladır, xalqı doğru yola çəkir. Bunun üçün sadə, anlaşılan vasitələrə müraciət edir. Sənanı son fəlakətdə görüncə, yorulmaq bilmədən kim bilir nərələrdən qoşub gəlir. İştə gördünmü din nələr törədir? – deyə bir mülayimətlə ona anladır. Böylə açıq, sadə bir tərzdə, böylə münasib bir mövqedə söylənmiş sözləri kim anlamaz? İştə bu adam doğrudan da bir xalqçı, doğrudan da bir məslək adamıdır. O, çırpınır, o pərvanə kimi xalqın başına fırlanır. O. bir şey, bir mükafat da gözləmir. O, iki ildən sonra əhdə vəfa, otardığı donuzlara qarşı Xumarı da istəməyir. O, havayı çalışır. O, öz məsləki və əqidəsi üçün çalışır və kim bilir böyləliklə nə qədər adamı qandırmış, nə qədər adamın fikrini yerindən oyatmış, həqiqəti düşünməyə, heç olmazsa, düşünməyə sövq etmişdir. Bu hər halda cəmiyyətə bir faydadır. Fəqət Sənan bağlandığı 2 il şu donuz damından cəmiyyətə nə verə bilərdi? Olsa-olsa 3, ya 4 donuz. Çünki o, xalqı düşünməyir. Xalqın ruhunu anlamırdı. Onun sadəliyini, avamlığını donuzluq sanır. Halbuki yanqusu yağırkən qoca bir qarının savab olsun deyə, şələsindən ocağa 2 çırpı atmasını görüncə bir sevinc, böyük bir məmnuniyyət, bir sövq ilə deyir:

– “Svyataya prostata”. Iştə bu adam xalqı anlamış, onu anlamaya çalışmışdır. Fəqət Sənan xalqı heç düşünməmiş, ancaq özünü, öz ehtiraslarını düşünmüşdür. Minlər ilə insanlar onun ziyarətinə gəlmişkən, ondan nicat yolu gözləyirkən o utanmadan deyir: “Sərsərilər, zavallı şaşqınlar, gediniz, haydı, haydı, ağzınlar!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dilin tarixi dirçəlişi

Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.

1 min
El ədəbiyyatı toplaşdırılmalıdır

Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

5 min
Azərbaycan türk ədəbiyyatının son vəziyyəti

IDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.

13 min
Qəzetimizin ədəbiyyat dərnəyində

Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.

2 min

Poems by other poets