Page 2 of 2 · 50%

S ə f ə r . Ağa, şahidlərin biri mən.

H ə m z ə. Adə, bəs necə oldu?

S ə f ə r . Nə, ay ağa!

H ə m z ə. Adə, mən demədim sənə qızı çağır?

S ə f ə r . Ay ağa, vallah heç yadımda yoxdur. Mən səhərdən otağı süpürürəm.

H ə m z ə (durur ayağa). Adə, nadürüst oğlu nadürüst. Sən mən deyənə qulaq asmırsan?

S ə f ə r . Yox, ağa, vallah qulaq asıram. Bu saat çağırım də. (Qaçır, bir azdan sonra.) A-a-ay ağa! Qız heç o-o-o-otaqda yoxdur.

H ə m z ə. Adə, necə! Kafir oğlu, kafir, qız qaçıb?

S ə f ə r . Bilmirəm? Ay ağa, bəlkə bu otaqdadır. Sən səhv etmişsən. (Gedib yenə tez gəlir.) Ay ağa, bu otaqdadır.

H ə m z ə. Adə, ay şeytan oğlu şeytan, ürəyim düşdü ki, vay sənin abavü əcdadın gorbagor olsun. Adə, hardadır ordan çağır də.

S ə f ə r . Ay ağa! Abavü əcdadım nə eləsin! Sən əlinlə bu otağı göstərdin bayaq, mən də ora getdim. Burda dəxi dədəm-babam nə eləsin.

H ə m z ə. Adə, tez yeri, çağır gəlsin!

S ə f ə r . Baş üstə ağa! (Gedir. S ə r i y y ə gəlir.)

H ə m z ə. S ə r i y y ə, bilirsən nə var? Səni Q u r b a na vermişik. (Səriyyə ağlayır.) Bu gün nikah kəsməyə gedəcəyik. Biz gəlincə hazır ol. (Kənara.) Şadlığından ağlayır, görürsünüz, dinmir. Yəni razıdır!

Çi m n a z . Mənim qızım ağıllıdır. Heç böyük sözündən çızmaz.

S ə f ə r (kənara). İndi bunlar əriştə doğrayırlar, amma qız heç razı deyil.

S ə r i y y ə. Mən R ü s t ə m ilə hələ uşaqlıqdan bir yerdə olduğum üçün ondan ayrı yaşaya bilmərəm.

H ə m z ə. Necə? Nə dedin? (S ə r i y y ə ağlayır.) Səninlə deyiləm? De görüm nə dedin?

S ə r i y y ə . Mən Q u r b a na getməyə… (Ağlayır.)

H ə m z ə. Sonra nə oldu.

S ə r i y y ə . Mən Q u r b a na getməyə razı… (Ağlayır.)

H ə m z ə. Sonra? De görüm, tez bağrım çatladı.

S ə r i y y ə . Bəli, razı deyiləm!

H ə m z ə. Razı deyilsən? (Qızı vurur. Qız yıxılır və durub o biri otağa gedir.)
Mən səni bu saat razı edərəm. (Q u r b a n daxil olur. Məhərrəm bunları o biri
otağa qoymur.) Bax bir belə kişi, o bir nəfər! O da bizim ilə inad yeritsə, onda
gərək bizə papaq haram olsun.

M ə h ə r r ə m. Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz

H ə m z ə. Elə tutaram ki, özü də afərin deyər. Biz nikah eləyərik, iş düzələr, düzəlməz, necə bayaq dedim, doğrarıq və aparıb tullarıq. Heç kəs də onun burda
olduğunu bilmir.

M ə h ə r r ə m. Bəs Rüstəm? Ona nə cavab verəcəksiniz? Bir aydan bəri həştad
dəfə gəlib, içəri qoymayıbsınız.

H ə m z ə. Əgər mümkün olar, onu da adaxlısı kimi edərik.

M ə h ə r r ə m. Məgər Allahdan qorxmursunuz?

H ə m z ə. Yox? Ya gərək onu öldürəm, ya da razı eləyəm. Artıq söz lazım
deyil, vəssalam. İndi durun, gedək bir qədər paltar alaq, sonra gəlib gedək
Axundun yanına. (Səfərə.) Sən burda dayan, heç kəsi bura qoyma. Burdakı qızı da
bir yana qoyma getsin… Əgər bu qız qaçsa, eləcə gəlib lap atana od vuraram.

S ə f ə r . Baş üstə, ağa, heç kəsi qoymaram.
Hamısı gedir, Məhərrəmdən başqa.

M ə h ə r r ə m (fikirdən sonra). Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın?
Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı
unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət,
hamısı yaddan çıxmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, peyğəmbər,
imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin
pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gedirsiniz! Haradasınız, ey
vicdaniyyət, ey həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə axtarmırsınız?
Haradasınız, ey ədalət ki, bir nəfər zalımı muradına yetirmək üçün iki nəfər illərcə
zəhmət çəkmiş, millətin gələcək çiçəklərini həyatından mərhum etmək istəyirlər.
(Gedir, yavaş-yavaş dayanır qapının ağzında.)

S ə r i y y ə . Ah, öldüm! Allah!!! (O biri otaqdan zarıldayır.)

M ə h ə r r ə m.
Ya rəb! Eşitgilən bu yetimin nəvasını. Gör millətin fələklərə çıxmış sədasını.
Puç oldu cəhl ilə zərü zibası millətin,
Ey vah!!! Puç olaydı binası cəhalətin.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets