Nə biləydim…
Nə biləydim, dünya belə dönəcək,Fələk cövlan edəcəkdir tərsinə…Çox şey birdən saralacaq, sönəcək,İndi keçim bu dəhşətli dərsi mən…
Azərbaycan hamımıza bir evdir,Hamımıza süd veribdir min illər…Nə biləydim, axı, necə biləydim,Vətəni də icmalara bölüblər?!.
Ayırırlar doğmalara, yadlara,Ayırırlar hər ostanı, oymağı…Şah İsmayıl eşit, gorun çatlasın,Min bir yerə parçalanıb torpağın…
Nə biləydim, axı, necə biləydim,Bəlkə elə bildiklərim nağıldır?!Nə millətsiz vəkilləri görəydim,Nə də meydan şəbihinə baxaydım…
Vallah, bunlar bir oyuna oxşadı,Kim deyərdi gələr elə zəmanə?!.Pislər birdən dönə bilər yaxşıya,Yaxşılar da dönə bilər yamana…
Nə biləydim, axı, necə biləydim,Dəyişəcək çoxlarının sifəti?!.Gərək onda göz yumaydım, öləydim,O zamankı bütöv idi millətim…
Gərək onda bir tayfuna dönəydim,Donduraydım sərhədləri, sədləri…Nə biləydim, axı, necə biləydim,Bu məmləkət satqınlar da bəsləyir.
Canilər də doğur bəzən analar,Vətənsizlə çox imiş bu vətəndə…Bəlkə yad qan yeridiblər qanıma,Bəlkə neçə bədən var bir bədəndə…
Nə biləydim, axı, necə biləydim,Çox dirilər çevriləcək ölüyə…Deyirlər ki, sən də gərək girəydin,Bu oyuna qoşulaydın sürüyə…
Gərək onda mənliyimi sataydım,Sındıraydım qələm tutan əlimi…Yalan qusub min günaha bataydım,Aldadaydım millətimi, elimi…
Dəyişəydim daxilimi, üzümü,Neçə cildə, neçə rəngə girəydim…Şairlər də, demə, satır özünü,Nə biləydim, axı, necə biləydim?!.
Nə biləydim dünya birdən dönəcək,Sular birdən axacaqdır tərsinə…Hətta sözlər saralacaq, öləcək,İndi keçdim bu dəhşətli dərsi mən…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-ne-bileydim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Quberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
DağlarEşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.