Sal qayayam, yoğrulmuşam qüdrət ilə,Heç bir rüzgar bu səfimi yara bilməz.Lap əzrayıl canımı da ala bilər,Amma məndən qələmimi ala bilməz.

Söz rişəmi soyu, kökü dərindədir,Həm ləşkəri, həm kişvəri yerindədir.Qüvvəm, gücüm ilhamım əlindədir,Kimsə məni öz taxtımdan sala bilməz.

Aşıq üçün təbib başqa, dərman başqa,Qanun başqa, qayda başqa, fərman başqa.Bir şerdən, bir də nazlı yardan başqaHeç Allah da dərdlərinə çarə bilməz.

Bir gün ölüm didər məni, dələr məni,Son məqamım, son saatım gələr mənim.Gözlərimə qara zülmət dolar mənim,Sözlərimə qara zülmət dola bilməz.

Təzə kəslər düşər eşqə, təmənnaya,Təzə sözlər köhnələri salar saya.Neçə təzə şair gələr bu dünyaya,Amma biri Cabir Novruz ola bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets