1

8 iyul, 1913

Əzizim Məhəmmədəli! Cənabınızdan etdiyim xahişi, ehtimal ki, unutmamışsın. Bu bir neçə gün zərfində şübhəsiz rahatlanmış və oğuluşağı yan-yön eləmişsiniz. İyulun iyirmi-iyirmi beşinə qədər mümkün olsa uşaqlardan birinə zəhmət verib, “Şeyx Sən’an”ı yazdırıb göndərsəniz bəni pək ziyadə məmnun etmiş olursunuz. Hüseyn Minasazov cənablarına məxsus ərzi-ehtiram...

Naxçıvan siz getdikdən sonra pək çoq təbəddülata uğramış. İnsan hava yerinə adəta od-alav tənəffüs ediyor.

Baqi müntəzirim.

Adres: Naxçıvan

Hüseyn Cavid Rasizadə

2

8 sentyabr, 1913

Möhtərəm Məhəmmədəli!

Lütfnamənizi aldım. Iltifatınıza təşəkkür edərim. Lakin və’d etmiş olduğunuz kitabçanın tə’xirindən yana cəzaya müstəhəqsiniz. Üzr və bəhanəniz yerində isə də, tənbəlliyinizi də inkar etməmək mümkün deyil. Nə isə, canın sağ olsun. Bu gün olmasın, bir həftə sonra, bir ay sonra olsun... Tiflisə aid uzun-uzadıya yazmaq arzu ediyorumsa da, məktəbimizin qarmaqarışıq işləri müsaidə etmiyor. Bir də tənbəllikdə bən də səndən geri qalmam. H.Minasazov həzrətlərinə səlam. Həmşirə və validə xanımlara, uşaqlara məxsus ərzi-ehtiram. Kitabçayı Paşadan istərim.

Hüseyn Cavid

3

28 oktyabr, 1913

Möhtərəm Məhəmmədəli! Əvvələn, bayramınızı təbrik edərim. Saniyən, sizə ismarladığım dəftərçədən bir xəbər yazmanızı rica edərim. Nə oldu, bəradər? Bu məsələ İskəndərin zülmətdən abi-həyat bulmasını keçdi! Şübhəsiz meyliniz, fikriniz olsa, onu ələ gətirmək bir o qədər də güc bir şey deyil, zənn edərim. Yazılışına gəlincə bir-iki rublə ilə hər kəs yazıb Sizə təqdim edər. Bə hər hal bu dəfə cəvab olaraq məktub-filan bəkləmiyorum. Yalnız dəftərdən, ağızdan, nerdən olsa məzkur dəftərçəyi istərim, əzizim. Anana, həmşirə xanıma və uşaqlara məxsusi səlam.

Hüseyn Cavid

Əziz şərifə məktublar

30 mayıs, 1916

Əziz! Məktubunu aldım, təşəkkür edərim. Keçmiş günlərdə, qəzetələrdə bir xəbər var idi: “Bakı ətrafındakı köylərin birində bir çocuq oynarkən, elektrik qüvvəsi daşıyan bir dirəyə dırmaşıb çıqar. Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında nasıl atıb-tutarsa, elektrik telləri də zavallı çocuğu öyləcə atıb-tutmağa başlar. Seyr edən küçük arqadaşları, onun havada teldən-telə atılıb böylə mahiranə rəqs etməsini görüncə, qəhqəhə ilə gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış vücudu yerə düşüncə, hər kəs böyük bir heyrət içində qalır”.

İştə, məktubunu oqurkən məzkur çocuğu xatırladım. Elektrik telləri onu nasıl havada rəqs etdirmişsə, sənin məktubun da son dərəcə gevşəklik və durğunluq keçirən ruhumu, öyləcə rəqs etdirməyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli çocuğu yandırıb məhv etmiş, sənin məktubun isə ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi.

Məktubunda diyorsun ki, “ümidvarım, köhnə dostluğumuz, yaqınlığımız yadından çıqmayıb, yoqsa bu məktubu yazmağa və səni narahat etməyə cəsarət (?) eyləməzdim”.

Əvət, dünyada bir çoq əzizlərə təsadüf etmək mümkün olsaydı, bəlkə tez unutulurdun, fəqət əfsus ki, təsadüf edilmiyor. “Məktub yazıb bəni narahat etmək cür’ətinə” gəlincə, sana qızmamaq, darılmamaq mümkün deyil... Çünki bu kəlmələrdə bir qədər rəsmiləşiyorsun.

Əziz! Məktubunu Rzaya da oqudum. Bə’zi tə’birlərin bizi çoq güldürdü. O da bənim qədər sevindi, bənim qədər elektrikləndi. Yenə Rzanın təbiətindən bəhs etmişsin. Sana, bana qarşı olmasa da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül dikənsiz olmadığı kibi, fəzilətli, müstəid bir insan da qüsursuz olamaz. Fəqət bu qüsur, bəncə sənətkaranə bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilir.

Deyəsən çoq uzun getdim, ancaq burasını bilməlisin ki, ya bən, ya Rza hər nə zaman səmimi və ruhani bir söhbətdə bulunmuşsaq, o söhbət Əzizsiz keçməmiş, keçəməmiş və keçəməz də... Ehtimal ki, bu sözümü cunbulument (kompliment) hesab edərsin. Xayır, doğrusu da budur. Istərsən, qəlbinə sor, o sana söylər.

Atanı təqdis ediyorsun – “böyük ruhlu qoca”... – deyə, ən səmimi hissiyyat ilə kəndisinə qarşı hörmət bəslədiyini söylüyorsun. Haqsız deyilsin, əzizim, çünki o, düşündüyündən daha böyük, daha alicənabdır. Hətta yalnız sən deyil, bən və bənim kibi Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mə’nəviyyatca mədyuni-şükran olmalıdır, iştə bu qədər...

Evlənmək məsələsinə gəlincə: fəna şey deyil... şübhəsiz, kəskin bir mühakimə və səmimi bir hiss ilə birləşən iki könül daima məs’uddur. Şimdi bir az da kəndimdən yazım:

“Şeyx Sən’an”ı vaqtsız nəşr etdim. Daha münasib vaqtda bıraqmalıydım, çünki o, nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı dəqiqələr keçiriyordu. Xalq da, təbii, bütün ruhuyla müharibəyi tə’qib ediyordu. Zatən bu bir qanundur: siyasət rol oynarkən, ədəbiyyat susar. Təbii, susmalıdır da...

Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir çoq təqdirlər eşidildi, sükut ilə keçmədi, fəqət bən çoq arzu edərdim ki, yalnız təqdir ilə qalmasın, qüsurları da göstərilsin. Şübhəsiz, “İstiqbal” er-gec onu da yapar.

Keçən sentyabrdan bəri hiç bir iş gördüyüm yoq, yalnız dərslər ilə məşğul oluyorum. Lakin bir ay var ki, mənsur olaraq “Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. Yazın narahat olmazsam, bəlkə yazar, bitiririm.

Bədənim qüvvətcə fəna deyil, fəqət ciyərimdəki xəstəlik keçən yıla nisbətlə yarıya enmiş kibidir. Baqalım, sonu nə olur. Yazın hər halda tədavi etməliyim. Iştə onun için də, əfsus, çox əfsus ki, Naxçıvana gələmiyəcəyim. Sənin və Məşhədinin o ruhaşina söhbətlərindən uzaq olacağım. Ehtimal ki, Rza da gəlməz. Kəndisi sana kağız yazar.

Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi ərziehtiram...

Həmsöhbətin olan arqadaşlara məxsusi səlam... Səni və Cavadı dərin bir səmimiyyətlə öpər, əllərinizi sıqar, Allaha ısmarlarım, qardaşım!..

Qardaşın Hüseyn Cavid

Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşhədiyə qarşı pək məhcubum. Qısa, qırıq, mə’nasız bir məktub yazmağı pək mə’nasız buluyorum. Onun için də şimdiyə qədər bir şey yazdığım yoq. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir. Təbii, əfv edər, mə’zur görər. Bəndən ona təkrar səlam...

Adres: Bakı, “Açıq söz” idarəsi

Hüseyn

2

Bakı, 22 iyun, 1916

Əziz! Keçən məktubun bəni nə qədər məsrur etdisə, şu məktubun da bir o qədər məhzun və mütəəssir etdi. Sana təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, şübhəsiz, sən də düşünmüşsün. Ancaq qısacıq bir sözlə deyə biliyorum ki, İbrahim mühit və əqrəbaca, dost və aşinalarca pək böyük bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu. Məşhədiyə, ata və anasına səmimi ərzi-təsliyət.

Hüseyn Cavid

3

13 yanvar, 1917

Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənuz postadan alınmamış, şübhəsiz, alındıqda məktub ilə bərabər təb’ və e’lan edilir. Məşhədinin xəstəliyi bəni nə dərəcədə sıqdığını təsvir edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorqunc bir xəbər bəni daha ziyadə dəhşətləndirdi.

...Əziz! Ilk postadan Məşhədiyə dair qısaca bir məktubunu gözlərim, saqın, unutma. Məşhədiyə məxsusi ərzi-ehtiram...

Adres: Bakı, “Təbriz” mehmanxanası, otaq №21

Qardaşın Hüseyn Cavid

4

Bakı, 24 yanvar, 1917

Möhtərəm Əziz! İkinci məktubunu aldım. Məşhədinin səhhətinin iadə edilməsindən son dərəcə məmnun və məsrur oldum.

Məzkur əlbisə cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin sən bana göndərdiyin 410 rublənin 10 rubləsi qəzetə üçündür deyə, hiç bir şey işarə etməmişdin, şübhəsiz o da başınızın qarşıqlığından nəş’ət etmə bir hal olsa gərək. “Açıq söz” idarəsinə söylədim, idarə on rublə geri alaraq bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşhədiyə və bildiklərə məxsusi ərzi-ehtiram...

Qardaşın Hüseyn Cavid

5

4 mart, 1923

Pək hörmətli və dəyərli qardaşım Əziz! Lütfən yazmış olduğun məktubu dün ikindi çağı möhtərəm Artaş bana verdi, kəndisini bozbaş yeməyə də’vət etdimsə də, qəbul etmədi, yalnız məktubun cəvabı için gələcəyini bildirdi. “Sən’an” və “Uçurum” haqqındakı yazılarını bana söylədilər, fəqət oquyamadım. “Yeni fikir” bizim məktəbə martın 28-dən bəri gəlməyə başladı. Mümkün olsa, məzkur nömrələri bulub oqurum. “Uçurum” haqqında məktubən yazacaqlarını arzu edərim.

“Şeyx Sən’an”ın mənzum oynanmasını bən də arzu edərim. Lakin keçən sənələrdə aktyorlar mənzum pyesdən qorqduqlarından həpsini nəsrə və yerli şivəyə çevirmişdim. Şu sonlarda ehtimal ki, onu da “İblis” kibi nəzmən islah edərim, gələcək sonbahar için aktyorlarımıza veririm.

“Plamya” jurnalı münasibətilə əsərlərimi istəmişdiniz. Əziz, ehtimal ki, inanmazsın, əfsus, hiç birindən yoqdur. Mətbu mevcud olmadığı kibi, qeyri-mətbular da qurşun qələmilə pozulmuş, bərbad bir haldadır. Təmiz yazılmışını teatroya verdiyim için bəndə hiç yoq...

Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saatda mətbəədə yandı. Onun için də deyil bəndə, hətta kitabçılarda da bulunmaz. Bulunsaydı, şübhəsiz, satın alıb göndərirdim. Yalnız ümidim bir Naxçıvana gəliyor. Çünki Şeyx Məhəmməddə hər birindən bir qaç nüsxə var idi. Naxçıvana yazarsınız, mevcudu qalmış olsa, şübhəsiz, göndərər. Mişkinaz və Toquş səlamətdirlər. Sana, anana, rəfiqənə, qardaşına ərzi-ehtiram edərlər. Bənim halıma gəlincə, pək durğun və donuq bir haldayım. Yeni yazmış bulunduğum “Peyğəmbər”i islah edib ortaya çıqarmağa vaqtım yoq... Çünki qardaşım Əlirza üç aydır ki, vodyanka xəstəliyilə yatıyor. Pək zəifdir. Başım bir qədər onunla məşğul, həm də fəzləcə yoruluyorum. Baqalım, sonu nə olur. Rzaya səlamını söylədim...

...Əziz, yenə təkrar edərim: kitabçaları göndərəmədiyimdən pək mütəəssifim, təbii, əfv edərsin...

Qardaşın Hüseyn Cavid

6

16 nisan, 1923

Pək möhtərəm Əziz! Nisan 12-də yazdığın məktubu aldım. Fəqət, gətirəni hənuz gördüyüm yoq. İkinci məktubu gətirən bəndən cavab istəmədiyindən yazmadım. Bilməm, bunu gətirən də cavab için gələcəkmi? Yazdığına görə “Şeyx Sən’an”ın bütününü tərcümə etməni arzu ediyorlarmış. Orasını sən bilirsin. Bəni rus qəzetəlrində tə’rif ediyormuşsun? Çoq nahaq... Bir şey ki, səni məhcub edə bilir, niçin yapıyorsun? Bir də, bən o qəzetələrin hiç birini ziyarət etmədim. Yalnız “Yeni fikir”də “Uçurum” haqqında yazdığını oqudum. Pək nakafi buldum. Bə’zi mühüm məqalələr yazdıqda, onların basıldığı qəzetəyə məcmuədən birər danə göndərmək çətin bir iş olmasa gərək... “Uçurum” haqqında xüsusi məktubunu gözlədimsə də, şükür, bir mə’lumat alamadım. Üç-beş mühüm nöqtəsinə işarət etsəydin, istifadə edərdim və dikənli nəvazişlərinə də bir az haq vermiş olurdum.

“Şeyx Sən’an”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə gəlincə, əlbəttə, tək-tük zəif yerlərini bıraqıb keçə də bilirsin. Lakin bunu bilməlisin ki, məs’uliyyət boyunduruğunun bir ucu bənim boynunda olduğu kibi, biri də sənin boynunda olacaq. Ona görə də diqqətli və ehtiyatlı davranmalısın. Əhəmiyyət verəcək olsan, bəni də adamlar sırasında saydırmış olursun, cızma-qara yapacaq olsan, həm kəndini, həm də bəni saldat bazarına göndərmiş olursun. Sən hər halda bəndən təcrübəli və mə’lumatlısın. Fəqət bir tərəfdən azacıq nigaranım, bə’zi tərkib və tə’birləri incədən-incəyə mə’na və ruhlarına kəsbi-nüfuz edərcəsinə təhlilə qoyulmalısın ki, ən birinci şərt də iştə budur.

Bir də rəsmimi istəmişdin. Kəndimdən o qədər bezarım ki, hənuz adamağıllı bir rəsm aldırdığımı xatırlamıyorum. Hətta teatronun əlli illiyi münasibətilə istənildi, yenə rədd etdim, çünki nə həvəsim, nə də fəzlə pulum var idi. Lakin sənin israrına uyaraq, dün rəsmimi aldırdım və haqsız olaraq kəndimi zərərə soqmuş oldum. Və bu gün sabahleyin birini aldım, məktubu gətirəni bəkliyorum. Gəlsə, qulluğuna gətirər...

...Bir də çıqan jurnaldan və bə’zi qəzetə nömrələrindən birər nömrə göndərsən fəna olmaz.

...Səni öpürəm.

Qardaşın Hüseyn Cavid

7

7 iyul, 1923

Pək möhtərəm Əziz! Bu günlərdə bir qaç kərə türkcə “Kommunist” qəzetəsi idarəsindən bəni çağırıb diyorlar ki, “Plamya” bizə yazmış ki, əsərlərindən bir-ikisini göndərəlim. Həm sən həqqi-tə’lif alırsın, həm də “Plamya” idarəsindəki mütərcimlər.

Ondan başqa Bakıda bir rus şairəsi bir türk tələbə ilə küçük mənzumələrimdən bir qaçını, başqa şairlərinki ilə bərabər tərcümə etdiklərindən şimdi əsərlərdən bə’zilərini tamamilə tərcümə edib əsil müəllif haqqı da vermək istiyorlar. Şimdi bu başağrısından məqsəd bu idi ki, “Plamya” əgər yalnız tərcümə edəcəyin yazılarda sana həqqi-zəhmət verib də müəllifi (yə’ni bəni) haqsız, hüquqsuz bıraqacaq olursa, o zaman bir sətir belə yazılıb zəhmət çəkilməməsini rica eylərim. İştə bu qədər!.. Bu xüsusda fikrini yazıb bildirməni istərim. Əgər zəhmət lazım gəlirsə zərər yoq, bən əsərlərimdən “Kommunist” vasitəsilə doğru “Plamya”ya göndərərim. O da bənim hüququmu tə’min etməklə bərabər istədiyi kibi tərcümə etdirər. Baqi ərzi-ehtiram...

Hüseyn Cavid

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets