Dördüncü pərdə
Page 2 of 3 · 33%
V a l i
Demək sən də uyub şu xırsızlara,
Qıymaq istiyorsun böyük sərdara.
Türk və moğol dursun, çinlilər belə
Şımardı da əlbir oldu səninlə.
O çinlilər ki, dün bizə əsirdi,
Qarşımızda bu gün dodaq gəmirdi.
A l t a y
Həpsi məzlum, ya türk olsun, ya çinli.
S ə y a v ü ş
(acı gülüşlə)
Tilki baqışların nasıl da kinli!?
V a l i
(sinirli)
Qəhrəmanlıq səni məğrur etməsin,
Qorqunc olur cəzan…
S ə y a v ü ş
Söylənmə, miskin!
(isyançılara)
Bağlayın qolunu, susdurun onu!
-İsyançılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin qolunu bağlarlar.*
Ç i n l i
İştə haq bağıran haqsızın sonu!
Y a l ç ı n
(Valiyə dar ağacını göstərir)
Çoq alçaldın, şimdi sənindir sıra,
Bir az yüksəlirsin, çəksələr dara.
S ə y a v ü ş
Xayır, saqın! Onu asmış olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Bəncə layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.
Ç i n l i
Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.
Y a l ç ı n
Alqış sana, alqış doğduğun soya!
Alqış bəslədiyin böyük duyğuya!
A l t a y
Siz çox inlədiniz zəncir altında;
(Valiyə işarətlə)
O zevqi tapmalı bizim şaşqın da,
Şu qayğısız ovalara, dağlara
Xəyanət uğramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çignəməz bu yurdu sərxoşlar.
Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda pək cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olur ancaq dəmir qollara.
Pərdə
-II SƏHNƏ**
-Keçən səhnə… Aqşam üstü… Qarşıdakı pərdələr qalqmış, dar ağacı üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş t ü r k , m o ğ o l , ç i n qızları və dəliqanlıları coşğun bir sevinclə rəqs edərlər. F i r ə n g i z nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.*
S ə y a v ü ş
(gəlir)
Gözün aydın!
F i r ə n g i z
Nə var?
S ə y a v ü ş
İştə əmcəniz!
F i r ə n g i z
Gərşivəzmi?
(Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.)
Xoş gəldiniz!
G ə r ş i v ə z
(qucaqlayıb alnından öpər)
Firəngiz!
F i r ə n g i z
Babam niçin bizi anıb gəlmədi?
G ə r ş i v ə z
Bu gün bayram olduğunu bilmədi,
Zərər yoq, o gəlməz, siz gedərsiniz.
(Ətrafı süzər)
Nə xoş mənzərələr, nə parlaq dəniz!?
S ə y a v ü ş
Dənizsiz bir ölkə çıqılmaz qəfəs,
Havasız bir məhbəs, alınmaz nəfəs.
G ə r ş i v ə z
İştə həp erkəklər, yosma gəlinlər
Daşqın sevinc ilə rəqs edib gülər.
S ə y a v ü ş
Əvət, şanlı bir gün, uğurlu bayram.
F i r ə n g i z
Xalq için qurtuluş günü – şu bayram.
B ə h r a m
Bir yıl əvvəl isyan qopardı burda,
Səyavüş tazə ruh verdi bu yurda.
G ə r ş i v ə z
Duydum şöhrətini bütün ellərdə,
Zəfər dastanların gəzər dillərdə.
Mümkünsə, dinləmək istərdim əl’an
Olub keçənləri kəndi ağzından.
S ə y a v ü ş
Bən şu yurda yeni vardığım zaman,
Sarmışdı hər yeri aclıq və isyan.
Xain mə’murlara cəza verildi,
Qarğaşalıq bitdi, köylər dirildi.
Bunu görən qomşu çinlilər belə,
Yığın-yığın əlbir oldu bizimlə.
G ə r ş i v ə z
Aşq olsun, əzizim, böyük məharət!
Var ol, bin yaşa, ən gözəl siyasət!
(Əlini sıqar, şübhəli baqışla.)
Çin xalqına çoq da inanmaq olmaz,
Onlar siyasətdə olduqca qurnaz.
S ə y a v ü ş
Xayır, həpsi Çin xaqanından qaçan,
Yoxsul əkinçilər…
G ə r ş i v ə z
Hiylədir, inan!
Onlar yabançıdır bizə, unutma!
Hər azğını türkə bərabər tutma!
S ə y a v ü ş
(sərt və kəskin)
Bən bu düşüncəyə qarşıyım…
G ə r ş i v ə z
Saqın!
Er-gec qıyar sana o məzlum aqın.
-Q ı z l a r yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.*
Y a l ç ı n
Yetər, verilsin cəza,
O vicdansız xırsıza!
A l t a y
Xain qaçsa hər yana,
Qurtuluş yoqdur ona.
-A l t a y və Y a l ç ı n camaatla bərabər yaqaladıqları V a l i və M ü ş a v i r i gətirirlər.*
S ə y a v ü ş
Nə olmuş?
A l t a y
Bu alçaq həriflər dəmin
Qaçmaq istiyormuş…
Y a l ç ı n
(Valiyi üstdən aşağı süzərək)
Zavallı miskin!
S ə y a v ü ş
Durun!
A l t a y
Bu xainlər asılsın gərək!
C a m a a t
Asılsın, asılsın!
A l t a y
(Valiyə)
Oh, quduz köpək!
V a l i
(Səyavüşün ayaqlarına qapanır)
Bir yıl cəza kafi deyilmi?
S ə y a v ü ş
Asla!
G ə r ş i v ə z
Səyavüş! Onları bana bağışla.
S ə y a v ü ş
Zalim bağışlansa daha çoq azar,
Məzlum için qazar ən dərin məzar.
G ə r ş i v ə z
(Səyavüşə)
Onun cəzasını bıraq bizlərə!
F i r ə n g i z
Əmcəmin sözünü salmayın yerə!
S ə y a v ü ş
Düşün, yaralanmış kinli bir yılan
Sağ qalırsa…
Y a l ç ı n
Xayır, buna yoq imkan.
A l t a y
(Yalçına)
Bağlayın qolunu şu azğınların!
G ə r ş i v ə z
Xaqan hüzuruna gedərlər yarın,
Qanun qarşısında rəzil olurlar,
Umulmaz, amansız cəza bulurlar.
A l t a y
Xayır, inanmayın!
F i r ə n g i z
(Səyavüşə)
Susdur Altayı!
S ə y a v ü ş
Haydi!
Y a l ç ı n
Gəl, xaqan da bunların tayı.
A l t a y
Səyavüş də şah nəsli, xaqan nəsli,
Onun hər kəslə var başqa bir dili.
Gedirlər.
G ə r ş i v ə z
(Səyavüşün əlini sıqaraq)
Var ol, xalq içində qırmadın bəni,
Sağ bıraqmam inan öylə xaini.
Nədimələr qədəhləri doldurur.
F i r ə n g i z
(kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir)
Yorğunsunuz, gözəl şərabdan için!
S ə y a v ü ş
(nədiməyə)
Çin elçisi nerdə, çağır da gəlsin.
B i r i n c i n ə d i m ə
(qapıya doğru baqır.)
Gəldilər.
S ə y a v ü ş
Buyurun!
Eyicə geyinmiş K ö s ə, B ə h r a m l a bərabər gəlir, otururlar.
F i r ə n g i z
(Gərşivəzi Kösəyə tanıtaraq)
İştə əmcəmiz.
K ö s ə
(Gərşivəzə)
Məmnun etdi bizi böylə gəlməniz.
S ə y a v ü ş
(qədəhi qaldırır)
Var olsun Gərşivəz!..
B ə h r a m
(içərək)
Yaşa, bin yaşa!
G ə r ş i v ə z
Çoq təşəkkür!..
R ə q q a s ə girər.
O kim?
F i r ə n g i z
(gülümsəyərək)
Canlı bir əda!
K ö s ə
O, Çin sarayında eşsiz bir inci,
Həm oynamaqda, həm səsdə birinci!
G ə r ş i v ə z
(Firəngizə baqaraq)
Nəş’əmizə yeni bir nəş’ə qatsın.
F i r ə n g i z
(rəqqasəyə)
Şaqraq səsin duyğuları oynatsın.
Gərşivəz bir də içər.
R ə q q a s ə
(həm şarqı söylər, həm də rəqs eylər)
Doğurdu annəm bəni matəmli bir dügündə,
İblis ilə tanrının öpüşdüyü bir gündə.
Gözlərimdə o gündən məstanə cilvələr var,
Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar.
Bən istərim hər könül bənim aşqımla dolsun,
Kimsə bana yar deyil, ancaq əsirim olsun.
Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkər.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-seyavus-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
(Bakı işçisinə)**Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Çiçək sevgisiSevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül