Nişaburda ilk baharın coşğun və gözəl günü, bağçada yeşilliklər və çiçəklər. Bir tərəfdə
sarmaşıqla sarılı bir qülbə. Qülbənin önündə bir taxt qoyulmuş. Saçları, saqalı ağarmış, ağ geyimli
Xəyyam taxt üzərində oturub, əllərini və alnını əsaya dayayaraq düşünür. Kənardakı yol ilə taxt
arasında iki sərv ağacı və iki püsküllü söyüd vardır. Uzaqda İmamzadə günbədi və zəlzələdən xarab
olmuş, bulutlara yüksələn möhtəşəm bir qəsr görünür. Ətrafı ney səsi inlətir. İki qomşu qız əllərində
birər gül dəməti gəlirlər. Xəyyama yaqlaşırlar.

Birinciqız

İştə Xəyyam uyuyur.

İk inciqız

Sus, dalmış...

Birinciqız

İxtiyardan quru bir can qalmış.
Ya, nə olsun bu çiçəklər?

İk inciqız

Gəl də,
Bıraqıb getməli taxt üstündə.

Dəmətləri yastıq üzərinə bıraqıb səssiz adımlarla uzaqlaşırlar. Bət-bənizi solmuş,
qiyafəsi dəyişmiş Saqiyə bir qədəh şərab gətirir, taxtın yanındakı iskəmlə üzərinə
bıraqaraq, çəkilib gedən qızlara tamaşa edər. Xəyyam başını qaldırır, Saqiyəni süzər.

Xəyyam

(mə’nalı bir ahənglə)

Hey fələk, keçdi zaman dalğa kibi,
Öylə bir dalğa ki, qorqunc, əsəbi.
Bir əsər qalmadı şən gənclikdən,
Kimsələr yoq, nə gələn var, nə gedən... Pozulub eyşü-tərəb, va əsəfa:
Nə Vəfa qaldı, nə Sevda, nə Səfa.
Söndülər həpsi keçən zəlzələdən,
Bir qalan biz, o küçük qafilədən.
Dəyişib soldu sənin gül yanağın,
Bən də bir atəşi sönmüş yanğın...

(uzaqdakı xərabə qəsri göstərir)

“O saraylar ki, bulutlarla öpüşməkdə bu gün,
Yüz sürərlərdi keçən şahlar onun xakinə dün,
İştə gördüm, qonaraq bürcünə bir qumru ötər,
Sanki der: hey gidi, hey! Nerdə o gün nerdə o gün?”

Saqiyə

(qədəhi verir)

Badə iç, anmağa gəlməz keçəni.

Xəyyam

Görünür, sözlərim incitdi səni.

Saqiyə

Saqın, aldırma.

Xəyyam

(içər, ətrafı heyrətlə süzər)

Təbiət nə gözəl!..
İxtiyarlıq nə uğursuz əngəl.
Nə tuhaf, yetmişə gəlmiş də yaşım,
Zevqə düşgün yenə sevdalı başım,

(ətrafa baqar, dəmətləri görər)

Bu çiçəklər nə? Saqiyə

(alıb qoqlayaraq Xəyyama verir)

Birər tazə dəmət.

Xəyyam

Qomşu qızlarmı gətirmişdir?

Saqiyə

Əvət.

Bu sırada ətrafı musiqi dalğaları oqşar, gözəl geyinmiş qızlar
və dəliqanlılar taqımla yoldan keçərlər.

Saqiyə

Nə şətarətli bahar, iştə, baqın, Sarmış ətrafı bədii bir aqın...
Qalmamış kimsə bu gün evlərdə, Bir sevinc aləmi var hər yerdə.

(Qədəhi alıb içəri götürür)

Xəyyam

Yenidən parladı qarşımda həyat, Anırım keçmişi, lakin...

(köks ötürür)

Heyhat...

Taxt yzərində uzanır, uyquya dalar. Bu sırada pək ixtiyarlaşmış Müfti, qiyafətini
dəyişmiş Naiblə bərabər Imamzadə ziyarətindən gəlirlər.

Müfti

Ah, yoruldum. Naib

(yol üzərindəki iri daşı göstərir)

Bu daş üstündə otur.

Müfti

(oturaraq)

İxtiyarlıq ölümün qomşusudur.
Bu halda ortayaşlı köylü erməni yoldan keçər.

Erməni

A xocam! Burda yaşarmış bir adam.

Naib

(sözünü kəsər)

Nə adam? Kimdir o?

Erməni

Şair Xəyyam.

Müfti

Nə içindir bu görüş?

Erməni

Nəzrim var.

Müfti

(şaşqın və sinirli)

Nə qadar qafil imiş insanlar. Naib

(erməniyə)

O İmamzadə, bu müfti varkən
Nə umarsın o sönük bilgicdən?
Varsa nəzrin, bizə ver.

Erməni

(əli ilə rədd edər)

Lafı bıraq,
Nerdə Xəyyam? Onu göstər ancaq.

Müfti

(sinirli)

Ona yer vermədilər Bağdadda,
Üləma küfrünə vermiş fitva.

Naib

Kimsə əl’an bu Nişaburda belə
Ona yaqlaşmaz, inan, hörmətlə.

Erməni

Nəmə lazım, a gözüm.

Naib

Sən kimsin?

Erməni

Bağçı bir erməni. Müfti

(qızaraq yerindən qalqar, Naibə)

Rədd et, getsin!

Naib

Qızma, şeyxim, o da bir əhli-kitab,
Baqalım, nəzri nədir?

Erməni

(torbadan ağzı qapalı bir dəsti göstərir)

İştə şərab.
Ən gözəl seçmə üzümdəndir bu,
Başqadır həm dadı, həm xoş qoqusu.

Müfti

Sus, yetər, oh, nə ədəbsiz!..

Erməni

(mə’nalı baqışla)

Əcəba,
Sən nə sandın? Kötü bir töhfəmi ya?!

Naib

O bir atəş ki, qiyamətdə səni
Yaqaraq məhv edəcək.

Erməni

(gülümsər)

Dinlə bəni!
“Bir balıq qavrulub ördəklə yanarkən tavada, Dedi: anlat, geri dönməzmi aqan sel əcəba? Ah çəkib söylədi ördək: biz ölürkən birdir, Bu cihan cümlə sərab olsa, ya tufan olsa”.

Müfti

Buna baq, bir buna baq, zəvzək adam.
Gör nələr saçmalıyor...

(Əsası ilə şərab dəstisini qırmaq istər)

Erməni

(təlaşla)

Etmə, xocam.
Bəni vursan olur, amma bunu yoq,
Ehtiram et, bu şərabın yaşı çoq.

Müfti

(yenə əsasını qaldırıb bağırır)

Haydı, söylənmə, çəkil!

Naib

(Müftiyə)

Gəl, bəri gəl!

(Gedərlər)

Erməni

(qafasını oynatar)

Gör nə qurtdur ki, qaçar ondan əcəl.

(qülbədən çıqan Saqiyəyə)

A bacım, nerdə o Xəyyam? Saqiyə

(Xəyyamı göstərir)

Uyuyur.

Erməni

(dəstiyi verir)

Uyusun, al, bu onundur.

Saqiyə

Gəl otur,
Gəl, rahatlan azacıq.

Erməni

Getməliyim.

Saqiyə

Sorsa kimdir gətirən? Bən nə deyim?

Erməni

Nəyə lazım, a gözüm, söylə ki, bir
Əhli-hal erməninin töhfəsidir.

Gedər. Saqiyə dəstiyi içəri götürür. Bu sırada qaranlıq çökər, şimşəklər çaqar, rəngarəng
qazlara bürünmüş rəqqasələr şən və incə gülüşlərlə Xəyyama yaqlaşıb, rəqs edib oqurlar.

Rəqqasələr

Gəldik sana, gəldik sana, ey piri-xərabat,

Yetməzmi xəyalat?
Keçmişləri özlər düşünürsün hər adımda,

Atmaz səni Sevda. Güldükcə təbiət, gülər azadə diləklər,

Hər kəs səni bəklər.
Sevda belə gəlmiş sana versin yeni ilham.

Ey sevgili Xəyyam!

Sevda gəlinlərə məxsus pəmbə tüllər içində olaraq gəlir.

Sevda

Vurğun sana bir tazə gəlin, yosma gövərçin,

Sevdim səni, sevdim səni, lakin
Oqşarmı gəlin ruhunu ağ saçlı bu aşiq?

Bir xarə bu gülqönçə nə layiq.

(Gedəcək olur)

Xəyyam

(sayıqlarkən)

Sevda!

Birincirəqqasə

(Sevdaya)

O nə? Özlər səni Xəyyam,
Özlər səni, gözlər səni Xəyyam.

Sevda

(Xəyyama)

Yalvarma, bənim gərdəyim, əfsus,
Pək dar və qaranlıq, bana məxsus.
Almaq dilərim qoynuma, lakin
İssız və rütubətli səninçin.

(Uzaqlaşar) Birincirəqqasə

Dur getmə, səadət quşu, bir dur,
Bas bağrına mə’şuqunu, susdur.

Xəyyam

(uyquda olaraq titrək və yalvarıcı bir səslə)

Sevda?!.

Sevda

Bəni söylətmə, çəkil git!
Bir aşiq olur sevgidə sabit.
Sən nerdə bir afətlə görüşsən,
Ruhun bayılır cilvələrindən.

(dəmətləri göstərir)

Bir söylə, niçindir bu çiçəklər?
Hər qönçəsi bir busəni bəklər.
Bir busə ki, ta qəlbimə işlər,
Hər an bəni bir oq kibi dişlər.

Xəyyam

(sayıqlar)

Sevda!..

Birincirəqqasə

(alaycı gülüşlə)

At yüzdən ipək tülləri bir an,
Olsun o gözəl gözlərə heyran. Sevda

(üzündəki duvağı atar, qorqunc iskelet meydana çıqar)

Baq! İştə bənim hüsni-camalım.

Xəyyam

(həzin fəryad ilə)

Dəhşət!..

Sevda

Səni ürkütdümü halım?
Keçmişdə, xayır, böylə deyildim.
Bilsən nə gözəl, ah nə gözəldim...
Gözlər bəni həsrətlə arardı,
Hüsnümdə səhər cilvəsi vardı.
Birdən-birə soldum da, dəyişdim,
İssız, əbədi hiçliyə keçdim.
Cismim qarışıb toprağa, ondan
Güllər və dikənlər bitər əl’an.
Yemdir dəvələrçin o dikənlər,
Güllər də köküslərdə gülümsər.

(alaycı gülüşlə)

Çirkinliyim etdirməsin ikrah

Könlüm səni öpmək dilər...

(Yaqlaşıb Xəyyamı öpər)

Xəyyam

(usanc ilə)

Eyvah!!! Birincirəqqasə

Qısqandıq, aman busə, nə busə...

Sevda

Baq, küsdü, inan.

Rəqqasələr

Busə, nə busə!..

İncə qəhqəhələrlə uzaqlaşırlar. Bu sırada yağmur yağmağa başlar. Gəzintiyə çıqan

qızlar geri dönüb qaçışaraq, gülüşərək ağacların altında və qülbə ətrafına toplaşarlar.
Yağmur kəsildiyi kibi oynaq bir ahənglə şərqi söylərlər.

Qızlarınşərqisi

Səhər çəməndə lalələr,
Sunardı al piyalələr.
Gülərdi incə bir günəş,
Uçardı incə jalələr.
Sular başında hər böcək
Arardı tazə bir çiçək.
Gülərdi yavru quşların
Ötüşməsilə hər dilək.

Xəyyam

(oyanıb qalqar)

Bu nə tale, o nə rö’ya, nə xəyal?!
Onların teyfimi bunlar? Bu nə hal?!

Bir az əvvəl çiçək gətirən qızlar Xəyyama yaqlaşırlar.

Birinciqız

(arqadaşına)

İştə, Xəyyam, o böyük şanlı baba. İk inciqız

Bən kimim, söylə o kimdir əcəba?

Saqiyə

(onlara yaqlaşır)

İxtiyardır, sizi nerdən biləcək?

Xəyyam

(diqqətlə süzərək)

Bir yığın canlı çiçək, şən kələbək.

(birinciyə)

Alagöz, bəlli, Vəfanın qızıdır.

(ikinciyə)

Bu da yoq şübhə, Səfa yıldızıdır.

Birinciqız

Mane olduq babanın uyqusuna.

İk inciqız

Qovdu yağmur bizi, gəldik də sana.

Xəyyam

Pək gözəl, burda çalıb oynayınız, Bu küçük bağçayı səhra sayınız.

Qızlar

(birlikdə oqurlar)

Bulut, duman çökər həmən,
Susar o qayğısız çəmən. Susar o şən təranələr,
Nə bir gələn, nə bir gedən.

Bir yığın dəliqanlı keçər. Xanəndə “dəşti” oqur.

Xanəndə

Könlümün başqa bir öksüzlüyü var, Çırpınan ruhumu bir şö’lə yaqar. Bəni oqşarkən o süzgün gözlər,
Yağdırıb göz yaşı qısqandı bahar.

Yol keçənlər arasında Saib də var. O, qiyafətini dəyişmiş,
yanındakılara bağçayı göstərir.

Saib

İştə, Xəyyam, o böyük sən’ətkar! Sarmış ətrafını şən yıldızlar.
Kəhkəşan saçların əsrarı nihan,
Açdı irfan ilə bambaşqa cihan.
Onu duymaz, duyamaz hər şaşqın, Bir dəniz şişəyə sığmışmı? Saqın! Suç deyildir bu günəşçin, yarasa
Ürkərək batsa qaranlıqda yasa.
Gün dəyişdikcə o həp gənc olacaq, Şən könüllərdə pərəstiş bulacaq.

Xəyyam

(əli ilə onları çağırır)

Gəliniz, yavrularım.

Birinciqız

(təlaşla)

Biz gedəlim. Xəyyam

Bu olur şey deyil əsla, gözəlim.

Birinciqız

Ayırır bizləri adət, qanun.

İk inciqız

Gedəlim, tez gedəlim.

Birinciqız

Haydı!

(getmək istərlər)

Xəyyam

Durun!

(kəskin və coşğun)

Uydunuz bunca xurafata, yetər!
Bu həyat iştə ölümdən də betər.
Əlverir paslı, sönük adətlər!
Şən təbiət sizi azadə dilər.
Qarışıb birləşin, iffət də budur,
Şeyxin uydurduğu cənnət də budur.

(ətrafına toplaşırlar)

Dinləyin, bir də bulunmaz Xəyyam, İştə, bəndən gələcək nəslə pəyam; Xilqətin şənliyi, hər rəngi sizin,
Parlayıb gurlayan ahəngi sizin,
Gömməyin hiçliyə fürsət dəmini, Xoş görün zevqü səfa aləmini. Dün bir əfsanə, yarındır xülya,
İki hiç... Hər biri müzlim rö’ya.
Geri dönməz bu şətarətli zaman,
Qıyaraq bir gün əcəl verməz aman.
Bir nəfəsdir bu sürəksizcə həyat,
Bir nəfəs!.. Getdimi? Gəlməz...

(əlini ürəyinin üstünə qoyaraq titrək səslə)

Heyhat!..

Saqiyə

(yardım edib başını yastığa dayar, şaşqın)

Yenə qəlbinmi!

Xəyyam

Təlaş etmə, gülüm.

Saqiyə

(ətrafdakılara)

Xastadır.

Xəyyam

(xanəndəyə)

Sən oqu, gülsün könlüm.

Xanəndə

(Əbu-əta üzrə oqur)

Beş gün ömrün necə əfsanəsi var,
Eşqi var, badəsi, peymanəsi var.
Sonu həsrətlə bitərkən, əfsus,
Yenə dünya dolu pərvanəsi var. Xəyyam

Ah...

(Deyərək ansızın ölür)

Saqiyə

Aman...

Birinciqız

Soldu o, birdən soldu.

Saqiyə

Nə fəlakət!..

(Ağlar)

İk inciqız

Acı bir hal oldu.

Həzin bir musiqi başlar. Əllərdəki çiçəklər cənazə üzərinə qonulur.

Saib

Getdi, eyvah!.. O fəzilət, o zəka!
Əbədi susdu o qüdrət, o dəha...
Söndü bir anda o sönməz atəş,
Fərqi yoq, batsa da parlaq o günəş!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets