Üçüncü pərdə
Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada
Xacə Nizam gəlir, Hacıb baş əyər.
XacəNi za m
Haydı, Sabbah ilə Xəyyamı çağır.
Hacib
Bu saət.
(qapıya çıxar)
İştə, əfəndim, hazır.
Sabbah və Xəyyam kübarca geyinmiş və yüzləri təraş edilmiş gəlirlər.
XacəNizam
(yer göstərir)
Buyurun, kimsə düşünməzdi ki, biz
Yenə bir gün görüşüb birləşiriz.
(Sabbaha)
Söylə, sən nerdə idin bunca zaman?
Sabbah
Qaçaraq mədrəsədən qorqumdan,
İsfahan səmtini etdim məskən.
Bəni cəlb etdi Nişabur yenidən.
XacəNizam
Bən də bir xeyli üzüldüm o gecə,
Etdilər öncə bir az işgəncə.
Sonradan məhkəmə suçsuz buldu;
Gülərək taleyimiz yar oldu. Sabbah
O səadət günəşindən az-çoq
Parlarız biz də əminim...
XacəNizam
Söz yoq,
Edilən əhdimizi tutmalıyız.
(Xəyyamı hörmətlə süzər)
Şairindir sıra, anlat yalınız,
Hanki bir rütbəyə meylin varsa,
Hökmü bir anda olunsun icra.
Xəyyam
Yaşamaqçin bana, mümkünsə əgər, Bir əkin tarlası, bir bağça yetər.
XacəNizam
Bir də kaşanə gərək məsrəf için, Hər nə lazımsa edərlər tə’min.
Xəyyam
Çoq təşəkkür, bu səadət yetişir,
Bu da olmazsa yetər nan-pənir.
XacəNizam
(Sabbaha)
Sən nə istərsin, əzizim, söylə.
Sabbah
Bir vəzifəylə sərəfraz eylə. XacəNizam
Sana hər dürlü böyük rütbə yarar, Bilirim, səndə siyasi başı var.
(Sabbahda sevinc)
Sabbah
Dilim aciz, nə deyim bilməm ki,
Ah, diriltdin bəni.
XacəNizam
(ətrafa)
Qurnaz tilki.
Bu sırada pərdə arqasında incə bir musiqi çalınar.
Xəyyam
O nə mahir, nə gözəl barmaqlar.
XacəNizam
Sarayın iştə böyük aləmi var,
Şanlı bayramdır, əzizim, bu gecə. Var ziyafətlə geniş əyləncə,
Bu gün Alp Arslan için xoş bir gün, Qeysəri-Ruma o gəlmiş üstün.
Xacə Nizamın işarəti və Hacibin toqunması ilə ortadakı pərdə qalqar, son dərəcə parlaq və süslü
bir aləm görülür. AlpArslan, sarayərkanı, saraylıxanımlar və yavərlər
önlərində şərab qədəhləri olaraq zevqə dalmışlar. Musiqi dəyişər, qalqıb xaqanın şərəfinə içərlər.
Məclisdəkilər
Binlərcə yaşa, ey yılmaz,
Şevkətli, böyük xaqan!
Binlərcə yaşa, Alp Arslan!
Binlərcə yaşa, Alp Arslan! Qarşında aman bulmaz
Ən qorqulu bir düşman.
Binlərcə yaşa, Alp Arslan!
Binlərcə yaşa, Alp Arslan!
XacəNizam
(şaha)
İştə Sabbah və şair Xəyyam.
AlpArslan
(yer göstərir)
Oturun.
(XacəNizama)
Bunlara lazım ikram.
XacəNizam
(Xəyyama işarətlə)
İştə, hikmətdə böyük qüdrəti var Cəbrü-hey’ətdə də çoq şöhrəti var. İbn Sina kibi Şərqin yüksək
Bir dəhasından o almış örnək.
Yapacaq olsa rəsədxanə bizə,
Şan verir fənnilə tariximizə.
AlpArslan
Burda yoq şübhə ki, Xəyyam ikidir, Biri alim, biri parlaq şair.
Şimdi yalnız o böyük şairdən
İki söz dinləmək istərdim bən. Xəyyam
(coşğun qalxar)
“Bir böyük quş qonaraq bürcünə gördüm Tusun, Süzərək kəlləsini pəncədə Keykavusun;
Sanki söylərdi: hanı dünkü o həşmət, o cəlal? Hanı keçmişdəki avazeyi-təblü kusun?”
AlpArslan
Ah, bu sözlər nə qadar incə, dərin,
Böylə kəskinsə də, xoşdur şe’rin.
Xəyyam
“Uğrayıb dün gecə bir ustaya oldum həmraz,
Badə ibriqinə gördüm ki, yapar qulp, boğaz.
Baq, dedim, bunlar ölən şahü gəda ə’zası,
Nə şahın dəhşəti qalmış, nə gədalərdə niyaz”.
AlpArslan
Pək həkimanə, əvət, sözləriniz.
XacəNizam
(Saqiyə Xəyyamı göstərir)
Ona mey sun.
Sabbah
Bana şərbət veriniz.
AlpArslan
Buyurun, xurma şərabından için,
Yeni bir nəş’ə verir şair için. Xəyyam
Bəncə Bağdadə Nişabur üstün,
Xurmadan fərqi böyükdür üzümün.
Saqiyə Xəyyama üzüm şərabı verir.
AlpArslan
(qədəhini qaldırır)
İçəlim, iştə var olsun şair!
XacəNizam
Öylə şair sanırım pək nadir.
Hər kəs içərək Xəyyama qarşı əyilər. Bu sırada rəqs ahəngi başlar. Bir yığın tüllərə
və ipəklərə bürünmüş qızlar (Rum qızları) gəlir və oynarlar.
AlpArslan
Baqınız, incə zəfər qönçələri,
İştə, Rum qeysərinin töhfələri.
Qızlar Rum ahənginə uyğun oqur və oynarlar.
Qızlar
Bu bəlkə süslü bir yalan,
Diyorlar, iştə hər zaman
Çıqar Olimpə şadman,
Ən işvəkar ilahələr.
Gülər gülür, gülür gülər,
Həyat için səfa dilər.
Gəlincə rəqsə əl-ələ,
O incə nazlı qafilə
Aqıb coşan sevinc ilə
Həyat için səfa dilər.
Gülər gülür, gülür gülər
O bəxtiyar ilahələr.
Bu sırada Sevda cariyələri ilə bərabər gələr. Rəqqasələr onu qarşılayıb çıqarlar.
AlpArslan
Sevda nə qadar nazlı bu aqşam,
Yalnız o verir şairə ilham.
(Sevdayı vurğunca baqışla süzər)
Sevda
(oqur)
Bir vəhşi gövərçin kibi bən də,
Şən könlümü azadə dilərdim.
Seyrana çıqıb dağda, çəməndə,
Güldükcə günəş bən də gülərdim,
Şən könlümü azadə dilərdim.
AlpArslan
Alqış o gözəl şe’rə ki, şair
Bir söz bulamaz vəsfinə dair.
Sevda
(dəvam edər)
Qəlbimdə sönər incə həvəslər,
Dişlər bəni altınlı qəfəslər,
Ruhumda qopar ən acı səslər,
Bən bir quzu olsam da mələrdim,
Şən könlümü azadə dilərdim.
AlpArslan
(həyəcanla yerindən qalqar)
Alqış sana, Ceyhun qızı, bəndən nə dilərsin? Şaqraq dodağın susmasın, Allahı sevərsin. Aç könlünü, layiq sana hər dürlü mükafat. Sevda! Nə dilərsin, gözəlim, aç bana anlat?! Ölkəmdə aqışmaqda bu gün Dəclə və Ceyhun, Fərmanımı dinlər qoca Ümman ilə Quzğun. Var iştə, xəzinəmdə yığınlarla cəvahir,
Hər hankisi parlaqsa, əmin ol ki, sənindir.
Sevda
Yoq bir şeyə könlümdə məhəbbət.
AlpArslan
Aç söylə, yetər fəzlə nəzakət.
Sevda
Mümkünsüz olur bəlkə, nə hacət.
AlpArslan
Bir söylə, nə istər gözəl afət?
Sevda
Bir istəyəcək varsa da... lakin...
AlpArslan
Aç könlünü, Sevda, nə dilərsin?!
Sevda
Xəyyamı edin əmrimə tabi,
Zəncirlədiniz, iştə bu, kafi.
(Hər kəsdə heyrət)
AlpArslan
Lakin suçu nəymiş, onu göstər? Sevda
Bilməm, könül ancaq bunu istər.
Xəyyam
Xəyyamə nə lazımdı ki, zəncir,
Onsuz da köləndir, bu nə təhqir?
Sevda
(Xəyyamə işarətlə)
Şair nə qadar olsa da mahir
(Sabbahı göstərir)
Məhv olmalıdır şimdi o sahir.
Sabbah
(fəna halda sarsılır, ətrafa)
Yoq şübhə ki, sanmış bəni Xəyyam, Əldən nə gəlir, etsə də e’dam?
AlpArslan
Sevda, bunu gəl istəmə bəndən,
Xəyyamı bıraq, hər nə dilərsən,
Rədd etməyəcəkdir səni xaqan.
Sevda
Rədd etsə?!
AlpArslan
Xayır, yoq buna imkan,
Qırmam səni, aç söylə, nə dersin? Sevda
(Xəyyamı göstərir)
Şən könlünü şair bana versin.
AlpArslan
Gerçəkmi?..
Sevda
Əvət, bən ona vurğun,
Mə’şuqum ikən aşiqim olsun!
AlpArslan
Heyhat, olamam rəddinə qadir.
Sevda
Əmr et, bənim olsunmu o şair?
AlpArslan
(bir qədər düşüncədən sonra)
Olsun!
(ətrafa)
Nə müəmmalı tamaşa...
(Sevdaya)
Zəncirlədirdin onu...
Sevda
Haşa!..
Xəyyam dediyim iştə o qurnaz.
(Sabbahı göstərər) Sabbah
(şaşqın)
Sabbahdır adım.
Sevda
Öyləmi?
(ətrafa)
Canbaz!..
AlpArslan
Sevdayı, dilərdim, gedə Bağdadə hədiyyə,
Qismət bu imiş, oldu böyük şairə töhfə.
XacəNizam
Şən taleyi Xəyyamın, əvət, hər şeyə üstün,
Biz istərik ilhamı da Sevda kibi gülsün!
Xəyyam
(laübali və coşğun, yerindən qalqar)
“Bən ömrümü sərməst olaraq şən dilərim, şən, Bir dindəyim, azadə bütün küfr ilə dindən.
(Sevdayı süzər)
Sorduqda ki, mehrin nə? – Gülüb dəhrin ərusu, Mehrim, dedi, şən könlünü yalnız bana versən”.
XacəNizam
(Alp Arslana)
Birləşdi, demək şe’r ilə şair. AlpArslan
Bir cift ki, haman eşləri nadir.
XacəNizam
(Hacibin gətirdiyi məktubu oquyub dərin sevinclə)
Aydın gözünüz, cümlə səadət bizə həmrah,
Bağdadı atıb gəlməyə amadə Məlikşah.
AlpArslan
Oğlummu!.. Vəliəh dimi görmək nə xoş iqbal,
Dolsun da qədəhlər, içəlim eşqinə dərhal!
(İçərlər)
Məclisdəkilər
Urra!.. Yaşasın!
AlpArslan
Baq, bunu olduqca bəyəndim.
(Hacibə)
Gəlsin şu ərəb qızları!
Hacib
Hazırdır, əfəndim.
(Çıqar, Xəyyam qalqar)
Xəyyam
Xaqana ricam var. AlpArslan
Nə imiş?
Xəyyam
Dünkü əsirin
Əfv et, suçu olmuşsa da.
AlpArslan
(Yavərə)
Get, söylə gətirsin.
Yavər təmənna edib çıqar.
Xəyyam
Binlərcə şəhər ya qala almaqdan, əmin ol,
Bir sadə çoban könlünü almaq daha məqbul.
Bu sırada ərəb ahəngi ilə çalğı başlar. Şux və işvəkar ərəbqızları gələr və
xaqana əyilirlər.
AlpArslan
Baq, töhfədir onlar bana, göndərdi xəlifə.
Xəyyam
(alaycı gülüşlə)
Din pərdəsi altında nə xoş, incə lətifə.
Rəqqasə ərəb qızları oynar və ara-sıra oqurlar.
Rəqqasələr
Doğduq günəşin busələrindən,
Al pəmbə şəfəqlərdə yıqandıq.
İçdikcə alav kasələrindən,
Hər yıldızı bir şəbpərə sandıq. Nadir bulunur bizdə bulut, sis,
Şən ruhumuzun üfqü kədərsiz.
Atəşli dodaqlar bizə munis,
Atəşli könüllər diləriz biz.
Rəqs bitər, Yusifi gətirirlər.
AlpArslan
Zəncirini açdır, ola azad,
Bayram günü ta etməyə fəryad.
Zəncirini açarlar, iki adım ilərilər.
Yusif
Əfvinlə sevinməz könül, əfsus,
Zalım yenə zalımdır.
Sabbah
Aman, sus!
AlpArslan
Sən həddini aşdın da, rəzalət!
Nerdən sana, bilməm, bu cəsarət?
Yusif
Sən iştə, zəhər kasələrindən səhər-aqşam
Sundun bizə badə.
Evlər təməlindən yıqılıb qalmadı bir dam,
Sən etdin iradə.
Var-yoq soyulub getdi o bayquş xüləfayə,
Qoydun bizə minnət.
(acı qəhqəhə)
Onlar nə verirlər sana: əfyunlu hədiyyə – Zəm-zəm suyu, cənnət. Yıprandı xurafat ilə başlarda beyinlər,
Sənsin buna rəhbər.
Xırsızlara olduq kölə, yetməzmi səfalət,
Yetməzmi bu zillət!
AlpArslan
(çılğın)
Cəllad!.. Hanı cəllad?
(Hacib gedir)
Sevda
(təlaşla)
Əfv et, ulu xaqan.
AlpArslan
Yoq, yoq buna imkan!
Xəyyam
Əfv etmə də bir dürlü cəzadır,
Qıymaq ona, əlbəttə, xətadır.
Layiqmi o bir mum kibi sönsün,
Hiçdən silinən kölgəyə dönsün?
AlpArslan
Xaindir o, azğınlığı mə’lum.
(girən cəllada Yusifi göstərir)
Vur boynunu! Cəllad
(dönüb şaşqınca və həyəcanla)
Oğlum! Əvət, oğlum!..
(silahı əlindən düşər)
Yıllarca qalıb bən sana həsrət, Qürbətdə buluşduq, nə səadət.
(Qucaqlamaq istər)
Yusif
Rədd ol, deyilim bən sana evlad!
Cəllad
Yusif...
Yusif
Baba olmaz bana cəllad!
Cəllad
Pək suçlu isəm, görməli mə’zur, Aclıq bəni etmiş buna məcbur. Qatil deyilim, aləti-qətlim.
Xəyyam
Məzlumdur, əvət, olsa da zalim.
AlpArslan
(bağırır)
Vur boynunu! Cəllad
(diz çökər)
Xaqan, ulu xaqan!
Əfv et onu, ver qətlimə fərman!
AlpArslan
(Yavərə)
İlk öncə bunun boynu vurulsun!
Cəllad
(qalqar, köksünü açaraq)
Öldür də, qanın bəlkə durulsun.
Yusif
(acı qəhqəhə ilə)
Qansız yaşamaz sevgili xaqan,
Qan, saçdığı qan, içdiyi həp qan!
AlpArslan
(Yavərə)
Susdur onu!..
Yavər
Azğın, bu nə cür’ət!?
Yusif
(qoynunda saqladığı ufaq xəncəri xaqanın köksünə saplar)
Al, iştə gəbər! AlpArslan
Ah!..
(Deyə yıqılır)
Sabbah
Bu nə dəhşət.
XacəNizam
Çıldırdı, həmən susdurun!
Sevda
Eyvah...
Təlaşla Xəyyamın qolları arasına sıqılır. Ara qarışar,
hər tərəfdən saldırıb Yusifi yaralarlar.
Xəyyam
Çılğın bəşər İblis ilə həmrah.
Cəllad
Əfv et bəni, yavrum, bəni əfv et!
Yusif
Cəlladlara, zalımlara nifrət!..
(Ölür)
AlpArslan
(uzaqlara işarətlə)
Oğlum, bəni məhv etdi bu ərzəl...
(Ölür) XacəNizam
Məhv oldu o səndən daha əvvəl.
Xəyyam
(cənazələri süzərək)
Bir anda sönüb getdilər onlar,
Yoq artıq o kinlər, həyəcanlar.
Heyrət!.. Nə amansız şu təbiət,
İnsan nə qadar saçma həqiqət...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-xeyyam-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır.Məzkur faciə beş pərdədən ibarətdir.
Tiflisdə “İttifaq” məktəbi1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?
“İttifaq” məktəbinə bir nəzər“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.
Müharibə və ədəbiyyatTuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!
Poems by other poets
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,