İKİ ALƏM

Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.

Axşam saat ona yaxın məclis açıldı. Professor Qurşevski cümhuriyyət əsasını oxumağa başladı. Tufani bir alqış qopdu. Salon zəlzələ eylədi. Milli şərqilər oxundu və cəmi adamlar ayaq üstə dərin imanlı bir sima ilə dinləməyə başladı...

Bir gün keçmiş rəsmi keçid başladı: Sofiya meydanında neçə min milli qoşuna və camaata da cümhuriyyəti elan etdilər. Yenə böyük alqış və təntənə...

Hər kəs nə deyir desin, millət ayılmış, ruhu qəvi, ümidi böyük, üzləri mütfaq, sözləri doğru, əməlləri möhkəm...

Bu qırıq-quruq lövhələr bir aləmi təsvir eyləyir. Bu aləmdə firqə var, məqsəd ayrılığı yoxdur. Hamının fikri Ukraynanın muxtariyyətini mühafizə eyləməkdir. Bu aləmdə-nifaqpərvərlər və intriqa yoxdur: hamı cəmi gücünü, zorunu, səy və məhəbbətini vətənə həsr eyləyib.n Bu aləmdə nizam var, çünki milli qayələrinə inamları möhkəmdir. Mənəmlik, şəxsi qərəz Ukraynada yoxdur. Burada qoçubazlıq və qolu çomaqlıq yoxdur: biliksizlər biliklilərə tabedirlər. İstedadlı və cürətlilər qabağa gedir, qalanı onların dalınca. Çox yerdə yeniyetmələr müsinkeşlərə (yaşlılara – A.B.) yol göstərir. Bu hal nə müsni dilgir edir, nə cavanı lovğalandırır. Çünki, ikisi də millətin doğru xadimlərindəndirlər. Ukraynada ruhanilər, yəni keşişlər siyasətə qarışmırlar. Çünki, siyasət ilə din arasında böyük uçurum var. Hərəsinin bir yolu var. Siyasətin din ilə işi yoxdur. Çünki, siyasətin məqsədi büsbütün ayrıdır. Din öz yolu ilə gedir, siyasət də öz yolu ilə...

Ukraynalılar ana dillərindən başqa bir dildə danışmaq istəmirlər...

Xülasə, xoşbəxt Ukrayna nəcib övladlara da malikdir.

Bizim aləm... qəribə aləm! Ariflərindən tutmuş avamlarınadak qəribədirlər. Arif avamın dilini bilmir, avam da arifin. Bunların hərəsi də öz aralarında bir-birilərini düşünmürlər...

Qürbət bir şəhərdə oturub istəyirəm vətənimizin halından xəbərdar
olam. Bakı komitəsinin məlumatını əlimə alıram, (“Kaspi”nin dal vərəqəsindədir.) başlayıram öz-özümə danışmağa, suallar verirəm, özüm də cavabını axtarıram.

  1. Niyə müsəlman komitəsinin cəmi üzvləri türk ola-ola buna türk komitəsi demirlər?

Cavab: Bizdə hələ din ilə millət mənaları bir-birindən ayrılmayıb, biz hələ özümüzü tanımamışıq. Biz hələ həddi-büluğa çatmamışıq.

Biz hələ köhnə yol ilə gedirik.

  1. Niyə türk komitəsinin məlumatı rus dilində verilir?

Cavab: Bizdə milli dil qədri bilmək qabiliyyəti hələ yoxdur. Biz ol qədər ruslaşmışıq ki, Nikolaydan sonra yenə köhnə işlərdən əl çəkə bilmirik.

  1. Niyə biz öz adımızı bilmirik? Niyə özümüzə türk (tyurk) deməyə ərinirik?

Cavab: Yuxarıda söylədik ki, biz hələ özümüzü tanımamışıq ki, adımızı da bilək.

  1. Niyə “müsəlman” komitəsinin məlumatı zəmanəyə dair yazmır?

Cavab: Məsələ aydındır...

İki aləm... Ukrayna cümhuriyyət elan eləyir, bizim məlumat yazır ki, drama yaxşıdır, yoxsa opera. Ukrayna cəmi Rusiyanın idarəsini əlinə götürmək istəyir. Bizdə də “Rusiyada müsəlmanlıq” əmələ gəlib ortalığa nifaq toxumu səpir. Hərə qərəzi şəxsi üçün şəriəti oyuncaq eyləyib çəkir meydana. Ukrayna əsgəri yarağını hazırlayıb vətən düşmənini güdür, bizim camaat da biri üç manata patron alıb öz qardaşını vurub öldürür. Tahı bunu düşünməyir ki, belə hərəkətin axırı hamı üçün pis olar...

İki aləm... Biri doğru yolda, o biri... yol itirmiş. Məndən inciməyin. Haqq söz haqlığında qalmalıdır...

Bu ümidsizlik zamanında əlimə “Açıq söz” götürüb “Müsavat” qurultayının iclasları ilə tanış oldum. Ümidim yenidən işıqlanır.

Dərin iman ilə deyirəm; “Bizə nicat versə, ancaq “Müsavat” firqəsi verəcək!!” Sakit oluram.

Uğurunuz xeyirli, xeyir işiniz bərəkətli olsun, ay müsavatçılar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bir qaçqının dəftərindən

Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim.Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi.

10 min
Son səhifə

Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.

10 min
Tanqo

Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstəristəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yanyana otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.

8 min
İmamın zühuru

Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.

4 min

Poems by other poets