Son səhifə
Page 1 of 2
Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.
“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.
Xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Oranı nizama salmağa başladı. Mürəkkəb qabını ortaya, iki tərəfinə güldanları qoydu. Kənara düşmüş biriki kibriti kül qabına atdı. Masanın arxasındakı divara yapışdırılmış bir neçə çılpaq qadın rəsmlərinə və solğun fotoqrafiyalara gözü sataşdı. Bir qrupun içində öz şəklini gördü. İllərdən bəri burada asılan bu qrupu indiyə qədər sanki görməmişdi – heyrətlə onu süzdü; xoşlandı. İyirmi il əvvəlin yadigarı olan bu qrup onun xəyalında bir çox şeyləri ehya etdi. O zaman o yenicə müəllim olmuşdu; iri dairəli bir şapka almışdı, çiyinləri köndələn çinli, işıldar piləkli tujurka ismarlamışdı. Təyin olunduğu kəndə böyük bir həvəslə yola düşmüşdü...
İştə, o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü... Xədicə göstərilib, əvəzində dul anası gəlin gəlmişdi...
Fikri qarışdı. Uzaq xatirələr bir-birinin arxasınca gözünün önündən gəlib keçdi.
Bir il sonra qadını kənddə buraxıb, şəhərə gəlmişdi. Burada atası onu el adətincə nişanlayaraq, gözəl toy etmişdi. Üç ildən sonra yenə ayrılmışdılar...
Üçüncü qadın gənc ikən ölmüş, özündən sonra bir qız qoyub getmişdi...
Dəhşətli əsəbiyyət əl barmaqlarını soyutdu. Qeyri-şüuri bir halda papiros yandırdı, ağzına alıb, kürsünün arxasına söykəndi. Ağzından buraxdığı mavi həlqələrin arasından gözünə bir çox qadın simaları göründü. Bir an sıxılan ürəyi haman açıldı; səbəbsiz bir nəşə ruhuna hakim oldu. Tühaf bir təbəssümlə masasının qutusunu açdı. Bir yığın kağız arasından qalın və yıpranmış bir dəftər çıxardı, masanın üzərinə qoyub gözdən keçirdi. Bir-iki dəqiqə əvvəl xəyalında cövlan edən qadın simaları bütün tərcümeyi-halları ilə dəftərin səhifələrində canlanmağa başladı...
Qələmi əlinə aldı. Uzun qovğadan sonra əlli manat pul və bir qədər ev şeyləri ilə razılaşdırıb, üç gün əvvəl yola saldığı Katyuşanın tərcümeyi-halını yazmağa başladı...
Birdən qapı döyüldü və “Xəlil Abbasov” – deyə poçtaçı içəri bir məktub atdı. Xəlil masadan qalxdı, məktubu götürərək, sakit bir halda adresinə baxdı, möhrünə diqqət etdi. Anasından olduğunu bilirdi; çünki başqaları ilə irsal-mərsulu yox idi. Zərfi cırdı. “Yenə pulmu istəyir?” – deyə sətirləri gözdən keçirdi. Anası pul istəmirdi, lakin halından şikayət yazırdı. Qocaldığını və oğlunu könlü istədiyini qeyd edərək, nəvəsinin də həsrətdə qalıb atasını arzuladığını əlavə edirdi...
Xəlil məktubu masanın üzərinə atdı. Bir az hiddətləndi, papiros yandırdı və çəkə-çəkə qapıya yanaşdı. Qapının şüşəsindən dışarı baxdı. Qarşı tikililərin üstündən tutqun göy görünürdü. Xəlilin könlü də elə tutqun idi. Payızın havası onun vəziyyətini bir qat daha fənalaşdırırdı. Yadına gətirmək istəmədiyi qızı indi onda atalıq hissi oyatdı. Qızına acımağa başladı. Kədərləndi. İyirmi illik macəraları ilk dəfə olaraq onu incitməyə başladı. Gözlərinə yaş gəldi. Döndü və başını yasdığına söykəyib uşaq kimi ağladı.
Bir həftə sonra Xəlil gənc bir qız və bir qadınla otağına girdi. Nəzakətlə bunların paltolarını soyundurdu. Yer göstərdi, oturdular. Otağı əlindən gələn qədər bəzəmişdi: yemək masasının üzərinə ağ süfrə çəkmişdi, yazı masası üzərinə süni çiçəklər qoymuşdu. Yataq camaşırını təzələmişdi.
Xəlil müsafirlərini fotoqrafiyalarla əyləndirməyə çalışdı. Qızının şəklini göstərdi və anasız qaldığını kədərlə anlatdı:
– Mən çox talesizəm! – deyə əlavə etdi.
– Nə üçün? – deyə qadın sordu.
– Kişinin qadını ölməsinin nə qədər ağır olduğunu bilmirsinizmi?
İndi baxınız subaylıq nə fəna şeydir. Çalışıram, qazanıram, lakin heç bir məqsəd təqib edə bilmirəm. Yoldaşım olsa, onun üçün çalışmağım mənə böyük bir təsəlli olardı. Qızım da yetimlik hiss etməzdi...
Qadın gülümsədi:
– Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm...
Xəlil məsum bir halda:
– Heyrət etməyiniz, – dedi, – bu zamanda ailə qüdsiyyətini anlayan azdır. Hər kəs macəra üçün ərə gedir, beş gündən də sonra boşanır. Halbuki mən belə düşünmürəm: insan həyatında bir dəfə evlənməli, gözəl bir ailə təşkil edərək məsud bir həyatın baqiliyinə çalışmalı.
Xəlil bir ah çəkərək, dolaba tərəf yönəldi və əvvəlcə hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü.
Qadın:
– Aman, niyə zəhmət çəkirsiniz? – dedi.
Xəlil cavabında:
– Bir zəhməti yoxdur. Pul sərf etmək üçün qazanılır. İndi sizə bir çay da qoyum.
Qızla qadın ikisi bir yerdə:
– Aman, rahatsız olmayınız! – dedilər.
Xəlil məmnun bir təbəssümlə xörək maşınını yandırdı və çaydanı üzərinə qoydu.
– Burada hər bir müxəlləfatım yerində, ancaq... evin xanımı yoxdur!
– deyə Xəlil gülümsündü.
Qadın otağı gözdən keçirərək:
– Məncə, – dedi, – bu asan bir işdir.
– Bir o qədər də asan deyil!
– Nə üçün?
– Adam tapmaq çətindir.
– Adam tapılar.
– Haradadır ki?..
Qadın gülümsədi, sakin səslə:
– Tapılar! – dedi.
Qız qadının üzünə baxaraq, qızardı və həyəcanını bildirməmək üçün əlini uzadıb, masanın örtüsünü düzəltdi.
Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha artırdı.
Qız və qadına çərəz təklif etdi, şən və xoşsifət görünməyə çalışdı. Bu halda çaydan coşmada idi. Xəlil çay dəmləməkdə ikən qadın qızın qulağına bir şey pıçıldadı, qız qıp-qırmızı kəsildi.
Xəlil stəkanları masaya gətirərkən qızı şən gördükdə laübalı bir halda:
– Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur, – dedi.
Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü.
Xəlil dolabdan iki küpə mürəbbə çıxardı. Qadın bunu görcək:
– Aman, nə evdar adamsınız! – dedi. – Ciddən sizə bir xanım lazım... yəqin bu işin düzəlməsinə də mən səbəb olacağam.
Xəlil gülə-gülə:
– Sizi indidən vəkil edirəm, – dedi.
– Eləmi?
– Elə!
– Ciddən?
– Sözüm doğrudur.
Üç gün sonra ZAKS Xəlilin pasportuna “Marqarita” adını əlavə edərək, möhrü ilə təsdiq etdi. Marqarita Xəlilin otağına köçdü və on gün tam mənasilə xoşbəxt bir həyat keçirdi.
Lakin bu on gündən sonra vəziyyət get-gedə dəyişməyə başladı. Xəlilin mənfi tərəfləri yavaş-yavaş meydana çıxdı. Bunun son dərəcə əsəbi olduğu aydınlaşdı. Əhəmiyyətsiz bir işdən ötrü qadını söyər, ona hiddətlənərdi.
Bir ay keçmədən Marqaritanın həyatı acı bir şəkil aldı.
Bir gün Xəlil evə gəldi, Marqaritanı qonşuda gördü. Çağırdı:
– Sənin qonşuları gəzməyini bilsəydim, həyatımı sənin kimi alçağınn həyatına bağlamazdım, – dedi.
Marqarita heyrətlə:
– Qonşuya getmək eyibmidir?
– Eyibdir! Alçaq! Satqın!
Marqarita məsum bir halda:
– Rica edirəm məni təhqir etmə! Qonşuda qoca qarı ilə qızından başqa kim var ki?!
– Sus! Alçaq! Azğın! Fahişə!
Marqarita son sözü eşidər-eşitməz hönkürtü ilə ağladı və buna qarşı nə cavab verəcəyini düşünərkən bir də Xəlil onu itələyib dışarı saldı, qapını bağladı.
Marqaritanın səsinə qonşu Anaxanım gəldi. Onu qucaqladı, gözlərinin yaşını silə-silə apardı.
Marqarita Anaxanımın otağında hönkürtü ilə ağlamasına davam etdi:
– Bax, nə böyük töhmət! Həyatımda təsəvvür etmədiyim bir həqarətə müncər oluram.
Anaxanım:
– Ağlama, qızım, – dedi, – sən onu tanımırsan, biz yaxşı tanıyırıq.
O səni qaçırmaq istəyir.
– Nə üçün? Mən ona nə fənalıq etmişəm? Onu rahat etmək üçün bütün gün xidmətçi kimi işləyirəm. Razılıq etmək əvəzinə məni təhqir edir.
– Qızım, məni dinlə, o səni qaçmağa məcbur edir.
– Nə üçün?
– Onun xasiyyəti belədir. Dörd-beş ildir onun qonşuluğunda oluram, ildə neçə qız tovlar, xoş dillə gətirər, sonra incidər, qaçırar, yenisini gətirər. Arvad dəllallığı ona peşə olmuşdur.
– Deməli, mən də aldandım, – deyə Marqarita ağlamağa dava etdi. – Mən getməyə razıyam, ancaq yerim yoxdur. Bacımın bir otağı var, ailəsi böyükdür, sığışmır. Oraya gedə bilmərəm. Başqa yerim də yoxdur.
– Yazıq, bəs sən buna necə rast gəldin?
– Nə bilim, nə bilim, əmək bursasına iş aramağa getmişdim. Orada rast gəldik. Qızıma bir mürəbbi arayıram deyə məni aldatdı. Sonra bacımla buraya gəldik. Özünü elə bir şəkildə təqdim etdi ki, gözümüz qapandı...
– Bala, onun xasiyyətidir. Səndən əvvəlki də elə aldanmışdı. Bir qızları da
dünyaya gəldi. Çocuqla anası gündə bir, otaqdan dışarı atılardı. Çox vaxt oyuq koridorda yatardılar. Axırda uşaq xəstələndi, öldü. Qadın da bunun zülmünə tab gətirə bilməyib çıxdı, getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-son-sehife
Use ← → keys to move, R for a random poem
More by this author
Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
VIIVeylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».
VIIICənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı.Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı:
IXUsta Ağabalanın hamamda başına gələn qəza və qədər sabah Veylabadın cəmi guşəsində danışıldı, bazarlarda cürə-bəcür şayiələr dövran etdi. Dedilər, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən qabaq, haman hamamın yanında, cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər güya Əli-Əsgər-ağa müridləri inandırıb ki, cənnət qəbzi cinlərə lazım deyil: onlar hər yerə gedə bilərlər; amma elə əvvəl hamam cin yığnaqıdır. Bir dəfə də mən oradan keçəndə gördüm hamamın üstə göydən bir cüt ayaq sallanıb. Dedilər güya Əli-Əsgər ağa «ayətülkürsi» oxuyub, neçə dəfə pufluyubsə də ayaqlar çəkilməyib, sonra başmaqlarını qoyub qaçıb. Gün günü tə’qib elədi, söhbət daha da təzələndi. Hətta bu barədə məscidin hücrələrində sakin olan tullab arasında da mübahisə və münaqişələr oldu. Tələbələr iki firqəyə bölündülər; bir tərəf deyirdi ki, cin-şeyatinə cənnət qapıları açıqdır, gedə bilərlər; o biri firqə deyirdi: xeyir hər yerə getsələr də cənnətə heç və’də onları qoymazlar. Bir müctəhidin rəyinə görə onlara zəmhərir verəcəklər.Seyidlər öz hüquq və ixtiyaratlarını tələb etmək sayəsində isyan qoparıb ikinci firqəyə nəfrətlər izhar etdilər: «Biz cin-şeyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq edib; oraya cinlər gedə bilməzlər»!
Poems by other poets
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.