VI
Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.
Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…
O biri divarda bir padşah çəkilib, bunun bığları uzanıb, gedib girmişdi divardan asılmış bir fitənin altına, padşahın qabağında bir çəpkənli qız, padşaha alma təqdim edirdi. Üçüncü divarda, iki acağın arasında pəhlivanlar güləşirdi. Bir pəhlivanın qılıncında və o birinin qulağında örümçək tor qurmuşdu. Bunlardan yuxarı qara rəng ilə çəkilmiş dağların dalından bir çərgə şəhadət barmağı ağzında kişilər təsvir olunmuşdu və yenə hamısının gözünün qarası bir tərəfdə idi. Görünür ki, pəhlivanların güləşməsi, bunlara çox bərk əsər etmişdi… Bu şəkillər İran sənayei-nəfisəsindən bir nümunə olub cəmi hamama gələnləri mat-məhbut qoyurdu. Usta Ağabala da onlara baxdıqda «zalım oğlunda nə qabiliyyət var imiş!» deyib ocağın tərəfindəki qapı ilə içəri rəvan oldu.
Bir neçə qədəm qaranlıqda gedib usta sağ əlini qovzuyub bir az havada fırladı ki, görsün qapı yavıqlaşdımı? – bir şey tapmayıb, qabağa getmək istədi, amma sərbənd nahəmvar olmağa görə lazım idi, ayağının da birini qovzayıb havada fırlasın. Usta bunu da elədi. Əlləri ilə divardan dutub sağ ayağını qovzayıb qabağa uzatdı, və başladı, yavaş-yavaş barmaqlarının ucunu yerə endirməyə. Barmaqlarının yerə yavıqlaşmağını hiss etdikdə usta qılçını boşladı, və ayağı tappıltı ilə soyuq horranın içinə düşdü. Sol ayağını qovzayıb boşladıqda azca bundan isti horraya düşdü, belə-belə soyuq horradan isti, istidən soyuğa keçə-keçə Usta dəydi qapıya və bir də sağ əlini havada fırlayıb rəzəni tapdıqda, qapını açdı. Hədsiz səslər biri-birinə qarışıb, hamamın səqfinə düşmüşdü; hovuzun buğundan içəridəki adamlar kölgə kibi görünürdülər; hamamın sağ divarında bircə pəncərəsi var idi. Buradan da hamama az işıq düşürdü, pəncərə yol ilə barabar olduqda, küçələrin nə qədər zibili olsa idi, külək gətirib buraya təpərdi. Bundan ilavə qonşuda «Dınqılı bəy» ləqəbli, arıq və uzun boylu bir şəxs olurdu, bu bəy nədən isə yediyi şeylərin artığını, hamamın pəncərəsinə atardı. Çox vaxtı nökərlər ilə mərc elərdi; «kim qarpız qabığı ilə hamamın pəncərəsini vursa, vura bilməyəni minib həyətin o başına getsin» – belə olan surətdə hər kəs olsa idi, istərdi pəncərəyə bir şey atsın. Xülasə hər nə eləyirdilər o bizim işimiz deyil, biz ancaq onu deyə bilərik ki, hamamın pəncərəsi çox şədid idi: nə inki qarpız qabığı, başmaq ayı, it, pişik meyiti – burada hər bir şey tapılardı.
Usta Ağabala pəncərəyə heç baxmadı, ancaq onun qabağında fitələrin üstə xınalanıb yatmış iki kişiyə dürüst zənn elədi ki, görsün böyük şəxslərdirsə baş endirib, hallarını xəbər alsın, amma çifayda bunların xorultusu hamamı bürümüşdü və qıllı sinələri, körük kibi qalxıb enirdilər. Camadar Ustanı gördükdə gəlib, küncdə onun təzə fitəsini alıb, bir köhnə və yaş fitə verib buraxdı, Usta camadardan bir balaca dilgir oldu; həmişə Ağa-Əli-Əsgər-Ağa ilə hamama gələndə camadar onların fitəsini dəyişməzdi. Və quru fitədə buraxardı içəri. İmdi ancaq nə səbəbdənsə camadarın gözündə usta Ağabala kibi kişi, alçaq sinifdən hesab olunub fitəsi dəyişildi. Hər gah bu iş ayrı vaxt olsa idi, cənnətin qəbzi məsələsi Ustanın başında dolanmasa idi, yəqin ki, kişi acığından ğəm yeyib fövt olmuşdu. Amma belə işlərə qulaq asmaq zamanı deyil idi: «qaçanı qovarlar» demişlər. Əli-Əsgər-ağanın keyfinin kök vaxtına düşüb, «qəbz» və’d etmişdi, hər gah aradan bir az keçsə idi, yəqin ki, daha verməzdi. Onda da usta Ağabala behişt çəpərinin dibində, min il «mənə huri, mənə huri» deyib gözünün zoqqurunu töksə idi də ona huri verən olmazdı. Ona görə Usta camadarın mə’rifətsizliyinə e’tina etməyib, qapının müqabilində olan isti su hovuzuna tərəf rəvan oldu və bir neçə pilləkən çıxıb balaca qapıdan suya düşdü. Ustanın canı, rahat oldu. Amma hovuzun suyu, neçə həftələrdən bəri dəyişilmədiyinə görə bir balaca qoxuyurdu. Onun da heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaş-qabaqlı çıxmazdı, həmişə şad, nurani, pak-pakizə, ğəmgin adam da oraya girsə idi, keyfi açılardı: hovuzda adam həmişə həm-söhbət tapır, bir-biri ilə hallaşır, «məsələ» öyrənir, çimməkdə ki, bir keyf. Hovuzun bu başından girib, o biri başından çıxana dək, on adam ilə toqquşarsan, bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var.
Hovuzda səqfin yırtığından düşən işıq, suyun bulanıqlığını güc ilə aşkar edirdi, bircə çirk layının xırda dalğalara düçar olub, tərpənmələri mə’lum olurdu. Daha ayrı, şeylər əlaməti orada görünmürdü. Bəlkə onu demirəm, birdən-birə adam suya girəndə (xudanəkərdə) qıl çəngələri, dinc durmayıb onun qoluna, qıçına və ya boynuna dolaşa idi və ya ayağını, hovuzun dibində cür-bə-cür yumşaq şeylər ihatə edə idi, bunların da ğüslə mümanəəti olmamağı, aşkardır. Usta Ağabalaya da ğüsuldan başqa ayrı şey lazım deyil idi: yə’ni gərək bir neçə dəfə bata idi suya, istiğfar edə idi və pak olandan sonra gedib Əli-Əsgər ağadan cənnətin qəbzini alıb rahat yerində otura idi. Bu fikir ilə Usta barmaqlarını, qulağına və burnunun dəliklərinə tıxıyıb suya batdı. Kişi, məsələsində arif idi: ğüsuldə bədənin hər bir yerinə su dəyməyini bilirdi, ona görə ayaqlarını da hovuzun dibindən üzdükdə, balıq kibi üzüb o biri tərəfdən çıxdı. Burada uca səs ilə «səlavat» çevirib əlini saqqalına çəkdi və suyun üzünə tüpürüb birdə batdı. Amma çifayda, bu dəfə siyahət natamam qaldı, Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa gəlib toqquşdular və ikisi də üzlərini turşaldıb sudan çıxdılar ki, bir birini döysünlər, birdə üz-üzə gələndə «ya allah» deyib mehriban görüşdülər. Bu usta Ağabalanın məktəb yoldaşı, kərbəlayı Bağır idi.
Kərbəlayı Bağır həmişə gülümsənəndə gözünün qarası itərdi, burada da gözünün qarasını itirib dedi:
– Usta keyfin kök, dımağın çağdırmı?
– Allaha şükür!
– Nə təhərsən yaxşısanmı?
– Neyə dövlətindən, sən nə təhərsən?
Kərbəlayı Bağır cavab verdi:
– Allaha şükür.
– Keyfin kök dımağın çağdırmı?
– Allaha şükür.
– Nə təhərsən yaxşısanmı?
– Neyə dövlətindən!
– Allahın dövlətindən.
– Uşaqlar da yaxşıdırmı?
– Canına duası var. Sizinkilər nə təhərdir?
– Canına duası var.
– Lap yaxşısanmı?
– Allaha şükür…
Belə-belə on-on beş dəqiqə biri-birinin halını sorub, sabiq rəfiqlərin hərəsi hovuzun bir küncünə çəkildi.
Az çəkmədi, hovuza bir neçə adam da girdi. Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıq olmağa görə üzləri mə’lum olmurdu. Ancaq birinin keçəli güc ilə seçilirdi.
Hovuz «səlavat» səsi ilə bir oldu. Şappıltı düşdü, kərbəlayı və məşhədilər ördək kibi çimişirdilər. Biri batıb, biri çıxırdı. Bunun ilə qənaət etməyən neçə çanaq da başına su tökürdü. Salavatlar lap məxrəcdən gəlirdi. Saqqallar tumarlanırdı. İstiyə davam etməyənlər peydərpey divarlara tüpürüb canlarını rahat edirdilər.
Usta Ağabala hovuzdan çıxan kibi, yerə salınmış fitənin üstə uzandı və camadar onun saqqalına, bığlarına, qaşlarına və barmaqlarının uclarına, kamalı-qabiliyyət və səliqə ilə xına yaxdı. Ustanın istidən döyünən ürəyi elə bil xınadan sonra, sakitləşdi; bədəni rahat olub daha tərpənmədi; gözləri yavaş-yavaş qıyılıb yumuldu. Usta əvvəl ağzından fısıltı ilə bir az hava buraxıb, ondan sonra qəlyan kibi xoruldamağa başladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cennetin-qebzi-vi
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Poems by other poets
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Getdilər əhbabü mən miskini giryan qıldılarGetdilər əhbabü mən miskini giryan qıldılar,Atəşi-həsrət bilə bağrımı büryan qıldılar.
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?
De, danışDolanım başma, olum qurbanın,Ala gözlü yanm, indi de, danış!