Qibleyi-aləmin xalısı
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:
– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Karxanaçı “qibleyi-aləm” sözünü eşidər-eşitməz titrəməyə başladı.
Bir neçə dəfə udqunub, əlini gözünün üstünə qoydu:
– Gözüm üstə! – deyə dodaqlarını qımıldatdı. Sonra bir az özünə gəlib, – böyüklüyü necə olacaq? – deyə sordu. Vali yerdən bir kağız götürüb ona baxa-baxa:
– Boyu 28, eni isə 14 arşın olacaq: qibleyi-aləmin salonunun içi boyda.
Karxanaçı neçə illik təcrübəsində belə bir xalı toxutdurmamışdı.
Məsələnin nə qədər qorxunc və məsul olduğunu duyaraq təkrar titrədi və eyni zamanda əlini gözünün üstünə qoymağı unutmadı.
O biri gün işə başladı: on günlük məsafədəki meşəyə bir dəstə adam göndərilib, ən yüksək ağaclar seçilib kəsildi, atlar qoşuldu, ağacları şəhərə gətirdilər. Şəhərin adlı ustaları səfərbərliyə alındı. Bir tərəfdə dəzgah hazırlanır, o biri tərəfdə yun daranır, iplik, əriş-arğac əyrilir, nabatı boyalarla ip boyanırdı...
Hana quruldu. Ustabaşı kənarda durub, muğamatla təlimat verir, qabarlı əllər ilmə düyürdü.
– Bir! Birini keç, bir də! Baş cəllad əlində.
Üç il hər səhər tezdən yarıac işçilər gəlib, mahnı tərzində söylənən təlimatı dinləyərək, axşama qədər ərişləri nalələndirirdilər...
Xalı toxunub, başa gəldi. Valiyə xəbər göndərildi. Vali bir dəstə hökumət məmurları ilə orada hazır oldu. Karxanaçının sevincinin həddi yox idi. Əlləri döşündə təzim edərək valinin ətrafına fırlanırdı...
Ustabaşı qayçısını əlinə götürüb, dəzgahın üstünə çıxdı. Xalı yerə düşüb xarab olmasın deyə dəzgahın arxa tərəfinə bir sıra işçi düzdülər.
Bunların vəzifəsi kəsilmiş xalını havada tutmaq idi. Ustabaşı kəsməyə başlarkən “bismillah” səsi havanı titrətdi. Ustabaşı kəsir, ancaq qorxusundan əlləri titrəyirdi – xalının əyri və kirs olmasından qorxurdu.
Karxanaçı valiyə xoş gəlmək üçün arabir salavat çəkilməsini təklif edir, əlvan səslər uzun müddət emalatxananı doldururdu...
Bir də bir gurultu eşidildi. Kəsilmiş xalı dəzgahdan qopub, işçilərin başına düşdü və hamısını qaplayıb yerə yıxdı. Xalının altından tutqun qışqırtılar eşidildi. Bir qışqırtı zarıltıya dönüb, inləməyə başladı. Lakin məmurlarla karxanaçının salavatı iniltiyə qələbə çaldı. Xalını dəzgahdan qurtarıb, kənara çəkdilər. Ustabaşı onu həyəcanla süzdü–bir yerində qüsuru yox idi, xas boyalar bir-birinə qarışaraq çıraq kimi yanırdı. Hər kəs əli döşündə iftixarla tamaşaya dalmışdı. Dərin sükutu inilti pozdu. Dəzgahın arxasından yerində ilan kimi qıvrılıb qalxan bir işçi nəzəri cəlb etdi. Sol qolunu yanına qısıb, göz yaşları axıdırdı.
– Sus! Bu nə ədəbsizlikdir? – deyə karxanaçı ona yanaşdı. İşçi əhəmiyyət
verməyərək etirazında davam etdi. Karxanaçı təkrar:
– Qibleyi-aləmin mübarək xalısının üzərinə göz yaşı tökmə, atanı yandırarlar!
– dedi.
– Yandırsınlar! Bundan artıq daha nə yandıracaq – qolum sınıb, şikəst oldum. Külfətimi kim saxlayacaq?
İşçinin rəftarı ustabaşını da oraya cəlb etdi. Onu zorla çəkib emalatxanadan çıxarmaq istədilər. Çığırıb söyüşlər yağdırdı. Bunlardan yaxasını kənara çəkib, xalının üzərinə sıçradı.
Hər tərəfdən:
– Qibleyi-aləmin xalısını napak eləmək olmaz! – deyə etirazlar və hədələr eşidildi.
Bu dəfə məmurlar da ona hücum etmək istədi. İşçi cəld yüyürüb dəzgahın yanındakı bıçağı qapdı və məmurlar ona çatana qədər xalını ortasından cırdı.
1934
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qibleyi-alemin-xalisi
Use ← → keys to move, R for a random poem
More by this author
QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.
Bizə ciddi mətbuat çoxdan lazım idiBİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Ədəbi dövrün başçısıƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.
Teatr pərəstişkarıTEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Poems by other poets
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,