Aprelin birində
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.
Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Ocaq Naşid keçmişdə xalı taciri olub, “Məşədi Ocaqverdi və bəradəran” firması ilə məşhur idi. Nuru Paşa Bakıya gələndə bir mədhiyyə yazıb, “Hərbi medal” belə almışdı. Özünü böyük türkçü bildiyi üçün dünyanın ən böyük adamlarını da türk bilər. Şekspirin anası Ərdəbil çəngilərindən Qızyetər adlı birisi imiş ki, bir ingilis missionerinə qoşulub, Londona qaçmış; Tolstoyun ulu babası, üçüncü İvanın Şamaxı səfiri olduğu zaman lahıclı bir qıza bənd olub, evlənmiş imiş; Hafizin atası türk imiş, onun üçün Hafiz: “Əgər on türki-Şirazi bədəst arəd dili mara...” deyə milli qanını biruzə verir...
Xülasə, bu əlvan keçmişli dostların vaxtilə hərəsi bir mötəbər sima olmuş, dövranlarını sürüb, qocalmışlar. İndi artıq çox da şərəflərinə müvafiq işlə məşğul deyillər: evdəki çocuqları havaya çıxararlar, kooperativlərə şey dalınca göndərilərlər. Bu işləri yerinə yetirdikdən sonra, gündə bir-iki boş saatlarını dəniz kənarında lətifə söyləməklə keçirərlər.
Lətifə söyləməkdə də dostların müəyyən üsulları var: Lətifə eşidilmişsə, “fışşş!” – deyə səslənərlər, söyləyən başqa bir lətifəyə keçər.
İki həftəlik soyuq dostları bir-birindən ayırmışdı. Hava bir az açılan kimi oldu. Dostlar haman, bulvara qoşdular. Mirzə Zülqədər hamıdan sonra gəldi. Bunun xəstə baxışı, yavaş yerişi o birilərin nəzərini özünə cəlb etdi:
Əsəd bəy adi laübalılığı ilə:
– A Mirzə, – dedi, – deyəsən, gönü suya verəcəksən, nə olub?
– Axır vaxt ürəyim məni çox incidir.
– Deməli... öləcəksən, ha-ha-ha!.. Nə eyib edər ki, adam ölər də...
Ocaq Naşid gülərək:
– Dərd burasındadır ki, halvasını yeyə bilməyəcəyik.
Mirzə mətin səslə:
– Bunlar adi işdir – deyin görüm təzə lətifədən nəyiniz var?
Ocaq Naşid Molla Nəsrəddin lətifələrindən birini başlamaq istədi, iki tərəfdən də “fışşş!..” səsi eşidib susdu.
Əsəd bəy çal bığlarını yuxarı qaldıraraq:
– Yanı, yoxunuzdur ki? – deyə dostlarını süzdü və müzəffər bir səslə: – yanın, çatlayın, yenə təzə lətifə məndə olar. Sabahdan axşama qədər it ayağı yemiş kimi şəhəri ayaqlayırsınız da, təzə bir şey öyrənə bilmirsiniz...
Mirzə:
– İndi sən də bir şey deyəcəksən, yaxşı ola, pis ola – məlum deyil, yer-göycə minnət qoyacaqsan, – deyə Əsəd bəyin sözünü kəsdi.
Əsəd bəy başladı:
– Birisi keçmişdə qulluq axtarırmış, pristavın yanına gedir, yer istəyir.
Pristav deyir: “Sabah gəl”. Sabah gedir, eyni cavabı alır. Bir ay gedir-gəlir, elə pristav “sabah gəl” deyir. Nəhayət, bu bir tüfəng götürüb gedir və “sabah gəl” cavabını aldıqdan sonra çıxıb dəftərxananın qabağında havaya güllə atır. Qorodovoylar tökülüb bunu tuturlar. Xülasə, nə başağrısı, pristavın hüzuruna gətirirlər. Güllə atdığının səbəbini soruşurlar.
Deyir:
– “Sabah gəl”i öldürürdüm. Artıq “sabah gəl” yoxdur.
Dostlar gülüşdülər. Mirzə süni də olsa, daha da çox güldü.
Əsəd bəy bir az pərt:
– Deyəsən, lətifə bir az duzsuz oldu?
– Yox, bu lətifə münasibəti ilə bir ayrısı yadıma düşdü.
– Söylə, söylə!
Mirzə istehzalı təbəssümlə:
–Bu lətifə deyil, – dedi, – olmuş işdir. Bir gün qəbiristanlıqdan dönürdüm. Yolda odun şələli bir adama rast gəldim. Mənə salam verdi. Salamını aldım. Dedi: “Ay qardaş, yol uzaq, qoy bir məzəli şey nağıl eləyim, bir az gülüşək”. Doğrusu, hərifin təklifi xoşuma gəldi. Razı oldum və gülməyə hazırlandım. Başladı: Bir gün, – dedi, – qışda kəndin yanından keçirdim, üstümə on-on beş it düşdü... Əyilib qardan götürüb, bu itin üzünə vurdum, qardan götürüb o itin üzünə vurdum...”
Mən hekayənin can nöqtəsini gözləyirdim ki, gülüm... bir də gördüm bu adam şələnin altında az qalır gülməkdən ölsün. Məsələni anladım – gülməli yer elə itlərin üzünə qar atmaqda imiş. Mən də buna qoşulub, qəhqəhəyə başladım.
Dostlar Əsəd bəyin üzünə baxaraq gülüşdülər. Əsəd bəy qızardı, lakin özünü itirməyərək:
– “Bir abbasını bəyənməyən beş şahı çıxarar” – hünəriniz var eşitmədiyim bir lətifə söyləyin. Heç gülməli olmasın – ona da razıyam.
Mirzə ilə Ocaq Naşid fikrə daldılar: bütün bildikləri lətifələri xatırlayıb, yenisini tapa bilmədilər.
Birdən Mirzə Zülqədər altun xəzinəsi tapan adam kimi sevinərək ayağa qalxdı:
– Lap təzəsini tapmışam, – dedi.
– De! De!
– Bir gün Bəhluli Danəndə qonaqlıqda idi. Xörək gələndə məcməisini götürüb arxasına qoydu...
Əsəd bəyin:
– Fışşş! – deyə qalibiyyət duyduran səsi eşidildi. – Məcməinin üstündə itlər boğuşdu... Bəhlul dedi ki, mənə deyirsiniz dal yana bir şey qoy, lazım olar. Görürsünüz, qoydum, üstündə boğuşma düşdü...
Ocaq Naşid cəsarətsiz bir halda başladı!
– Qonşumuzda Lotu Həsən adlı bir baməzə adam var. Bir gün bunun həyətinə arıq, qoturlamış, gözləri şıpalaq bir it gəlib çıxır. Həsənin itə yazığı gəlir, ona bir parça ət verir. Arvad bunu görüb, başlayır kişini danlamağa. Həsənin üzü çox danlanmışdı, öyrənmişdi. Həmişə arvadı danışanda o sakit durub gülümsünərdi. Bu dəfə gülə-gülə:
– Arvad, – dedi, – sənin pulun olmayanda bir yerdən istəyirsən, heç olmasa əlini cibinə salırsan... Bu itin dili yox, tanışı yox, cibi də yoxdur ki, kefi olmayanda əlini cibinə salsın...
Lətifəni dostlar çox bəyəndi – güldülər. Cib məsələsi Əsəd bəyə hər şeydən artıq xoş gəldi; uzun-uzadı təkrar edib, güldü.
– Sən öl, Ocaq Naşid, – dedi, – itin cibi olmaması çox qəribədir...
Bu saat burada araq olsaydı, sağlığına ekstra içərdim.
Mirzə başını tərpətdi:
– Araq olar, pul yoxdur. Gəlinlərim bazarlığa verilən pulun hesabını qəpiyinə qədər məndən alırlar.
Əsəd bəy ailə məsələsinə qarışmaq istəməyərək, təkrar cib məsələsinə döndü və yenidən gülməyə başladı.
Aprelin birində səhər saat on birdə Əsəd bəy dəniz kənarında oturub, dostlarını gözləyirdi. Bir az sonra bulvarın qapısında Ocaq Naşidin iri heykəli göründü. Həmişə aram ilə yürüyən Naşid bu dəfə sürətli addımlar atırdı. İrəliləyib, həyəcanla:
– Nə oturmusan? – deyə Əsəd bəyi heyrətli baxışla süzdü.
Əsəd bəy adi gülüşlə:
– Oturmuşam, əlimin də içindən gəlib. Nə vecimə, Allaha şükür, cibim var, kefim olmayanda əlimi cibimə qoyuram.
Ocaq Naşid üzündə süni kədərlər nümayiş etdirərək:
– Mirzənin başına gələni bilmirsən ki? – dedi, bir saat əvvəl biçarə... vəfat etmişdir.
– Əşi, nə deyirsən?.. Yoxsa aprelin biri münasibətilə məni aldadırsan?
Naşid and içərək Əsəd bəyi inandırmağa çalışdı:
– Vallah, doğru deyirəm! Bilirsən ürəyi xarab idi, sancıb, bir saat sonra öldürüb.
Əsəd bəy inanar-inanmaz bir halda qalxıb getdilər.
Xırda bir otaqda dəmir çarpayıda üzü şalla örtülmüş bir adam uzanmışdı. Gənclər girib-çıxır, yaşlılar ətrafda dayanaraq susmuşdular. Ağlamaq səsi eşidilmirdi.
Əsəd bəylə Ocaq Naşid də bir guşədə durub, onlara yaraşmayan kədərə daldılar. Lakin Əsəd bəyin kədəri ciddi deyil idi – o, Mirzə Zülqədərin ölməsinə inanmırdı, nədənsə bu işləri bir aprel oyunu zənn edirdi.
Bir aralıq otaqdakılar koridora çıxdılar. Əsəd bəy bundan istifadə edərək, cəld çarpayıya yanaşıb gülə-gülə:
– Ay lotu, məni aldatmaq istəyirsən? – deyə Mirzəni qıdıqladı.
Mirzənin bədəni Əsəd bəyə tühaf göründü. O bir az duruxub susdu, sonra cəsarətsiz bir halda əlini uzadıb baş tərəfdən şalın ucunu qaldırdı.
Mirzənin üzünə ölü rəngi çəkilmiş, qapalı gözlərinin cizgilərinə əzab izləri həkk olunmuşdu...
Əsəd bəy ilan vuran adam kimi dəhşətlənib geri çəkildi:
– Əşi, sən allah, adam da aprelin birində ölərmi? – Hər kəsə desən inanmayacaq, – deyə hönkürtü ilə ağladı.
1934
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-aprelin-birinde
Use ← → keys to move, R for a random poem
More by this author
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.
Poems by other poets
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
A narın-narınDil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.