Xasiyyətləri tutmamış
“Əli, Vəli, Pirvəli,
Üçü ondan irəli,
Pambıq atan, qoz satan,
Rəhmətlik sənin atan,
Bir də bu köndələn yatan”
Xalq rəvayəti
Əhməd kişi adlı bir qocanın həyətə daşınması kirəçiləri çox maraqlandırmışdı. Bu kimdir? Arvad-uşağı yoxdurmu?! Qoca hər kəs üçün bir sirr kəsilmişdi. Onun xırda gözləri, sınıq darağı andıran qaşları, bürüşmüş badımcana bənzər iri burnu, yoluq saqqalı, boğazından sallanan şiş tüklü şəlpələr – hamısı sanki “Yaxın gəlmə, həşrini qataram” ifadəsi ilə dolu idi.
Bir neçə dəfə ona rast gəlmişdim, məni şiddətli baxışı ilə süzmüş və qaşları ilə oxlayan kimi olmuşdu. Hər gün bir çox qocalara rast gəlirik, bunların üzlərində həyat qürubuna məxsus bir hüzn var, ancaq bəzisində bu duyğu dərin, bəzisində isə səthi ifadə olunur. Əhməd kişinin çöhrəsindəki ifadə bambaşqa idi: əzab hiddətə, hiddət də nifrətə qarışmışdı.
Hər gün Əhməd kişiyə təsadüf etməm adət şəkli alaraq, ona alışdım və bu da başqa qocalar arasına keçib unuduldu.
Bir axşam qapım açıldı, Əhməd kişini arasında gördüm. Yoğun ağacına söykənərək, qaşlarını oynadırdı.
– Buyur! – deyər – deməz,
– Bağışlayacaqsan, zəhmət verəcəyəm, – deyə gəlib göstərdiyim yerdə oturdu. Qara buludlar arasından parlayan təsadüfi şəfəq kimi, üzündə təbəssüm oynayıb, qaib oldu.
– Şair olduğunu eşitdim, – dedi. – Nə olar, elə bu da bir işdir. Biz qədrini bilirik, yəqin böyük də işdir. Olmasaydı, Firdövsiyə bu qədər cah-cəlal düzəltməzdilər. Ancaq yerinə düşməklədir. Rüstəm pəhləvanın nağılını çox eşitmişəm. Hünərli adam imiş... Nə olar?.. Amma belə bilirəm, bəlkə mən qələt başa düşürəm, savadım yoxdur – bağışla, başağrısı verirəm – belə bilirəm, axır Firdövsi indi olsaydı... bizə də nəzər yetirərdi. Biz yəni adam deyilik, bizim də dərdimiz var...
Əhməd kişi susdu. Arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğunu əvvəl püfləyib, sonra doldurdu. Tələsməyərək kibrit yaqdı, qaşları qanadlanaraq enib-qalxdı, tüstü bığlarının arasından burulaburula çıxmağa başladı.
Bağışla, baş ağrısı verirəm. Onu demək istəyirəm ki, biz də adamıq. Bizdən sonra gələnlər də bizim dərdimizi bilməlidirlər... Bağışla, başağrısı olur, mən deyim, sən yaz, indi bir şey də olmasa, olmaz... bir şey ki, itirmirik... Heç olmasa ürəyimi boşaldaram...
Qocanı ürəkləndirdim. Söyləməsini rica etdim. Bir çox müqəddimə və haşiyələrdən sonra başladı:
– Oğlum çoxdan ölmüşdür. Bircə övladım vardı. Arvadı üç ay keçməmiş birisinə qoşulub ərə getdi. Bir yetim qız qalmışdı, onu da yanımda böyütdüm. Daha nəvədir, zarafat deyil, adamın canı-ciyəridir, əlimdən gələni əsirgəmədim. Yamanyaxşı böyütdük. Onu deyim ki, zəmanədən geri də qalmadı: oxutduq, mamalıq attestatını da aldı... Bağışla, başağrısı olur. Bir gün nənəsinə demiş ki, ərə gedirəm... Onda on altı yaşı var idi, hələ oxuyurdu... Nə deyim? Nə məsləhət, nə məşvərət, özü sevib, alışıb-verişiblər. Heç olmasa bir saqqal altından keçə: “Ay baba, sən zəhmətimi çəkmisən, qoca, dünyagörmüş adamsan, bir de görək razısanmı?” – Heç! Tövbə, bir kəlmə də olmadı. Bir gün gədə də gəldi çıxdı. Mütrüb sifətli birisi. Dedim, canı çıxsın. Xülasə, başağrısı olur, sürükdü getdi. Yenə əlimizdən gələn hörməti elədik, yaxşı da cehiz verdik.
İki ay tamam olmamış geri qayıtdı. Axırı belə olacağını bildiyim üçün heç bir şey soruşmadım. Nənəsinə demiş ki, xasiyyətimiz tutmadı...
Xülasə, bağışla başağrısı verirəm, başı batmışın uşağı varmış, yüz manat da həkimə verdik bici tələf etdirdik.
Yenə məktəb başlandı, oxudu, qurtardı. Qəzalardan birinə qulluğa getdi. Doqquz ay keçdi. Bir gün qapı açıldı, şələli bir hambal içəri girdi. İki pud düyü, üç pud un, bir pud yağ, zoğal axtası, əvəlik qurusu, bir də bir uzunboğaz çəkməli oğlan gəldi. Heç dinmədim. Dinsəm nə çıxacaq, babanın saqqalına baxan kimdir. Xülasə, gündə plov, içki, qaş-atma, göz oynatma. Mən də düyü yemirəm, zəhrimar uduram... Xülasə, başağrısı verirəm. Bir ay da keçmədi, dava-dalaş başlandı.
Uzunboğaz çəkməli igid acıq eləyib getdi. Səbəbini arvaddan soruşdum, dedi: “Xasiyyətləri tutmamış...” Bir gün sonra başıbatmış nəvəm də yoxa çıxdı... Uşaq saldırıb, azarlıxanada yatırmış.
Əhməd kişi titrək əlləri ilə kibrit yaqıb, çubuğu yenidən odladı, yanaqlarında batıqlar əmələ gətirərək bir qullab vurub, sözlərinə davam etdi:
– Azarlıxanadan iynə yemiş it sifətində qayıtdı; sapsarı saralmış, güclə ayaq üstdə dururdu. Bir az da evdə yatdı. Yedi, içdi, özünü durultdu, yenə axşam gedib gecənin yarısı gəlməyə başladı. Bir gün, bağışla, bacıoğlu, başağrısı olur, qapı döyüldü. Gedib açdım. Qucağı uşaqlı bir arvad gəldi. Elə bizim arvadı görər-görməz ağzını açdı, gözünü yumdu. Bir elə şapbıldaq düşdü ki, evdə sağ stəkan, salamat nəlbəki qalmadı... Nə başını ağrıdım, bacıoğlu, çubuğu üzümə söykəyib, elə otduğum yerdə həyamdan öldüm... Sonra işi başa düşdüm: nəvəm bu quçağı uşaqlı arvadın ərini yoldan eləyib, evlənmək istəyirmişlər... Dedim, cəhənnəm, qoy nə olur olsun, təki bu başıbatmış cəhənnəm olub getsin, canım qurtarsın... Getdi. Haraya getdiyinin fikrində deyildim. Eşitdim kişi ayrı bir otaq tutub, bərabər yaşayırmışlar...
İnanırmısan, bacıoğlu, bir neçə ay keçmədi, yenə qayıtdı gəldi... Bu dəfə mən özümü saxlaya bilmədim: arvadı nəvəmə, nəvəmi də arvada qatdım, o ki, var döydüm. Arvada dedim: “Dur!”. Dedi: “hara?”, dedim: “Zaksa”.
Getdik. Adımızı dəftərə yazdılar. Gözlüklü bir mirzə vardı, dedi: “Əmi, ayrılmağınızın səbəbi nədir?” Dedim: “Oğlum, xasiyyətimiz tutmadı”...
Əhməd kişi qaşlarını oynadaraq, xırda gözlərini üzümə zilləmişdi, sanki məndən iztirabını təskin edəcək sözlər gözləyirdi. Mən onu qane edə biləcək bir cavab tapa bilmədim.
1934
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-xasiyyetleri-tutmamis
Use ← → keys to move, R for a random poem
More by this author
(İstudentlər məişətindən)İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi.
Qız məktəbindəMolla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!
BorcluKərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.
QeydBundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...
Poems by other poets
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
YetirərəmKönül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.
Sanki varlığımı salırlar bəndəSanki varlığımı salırlar bəndə,Sevən könüllərdə qəm ötüşəndə!
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,