Molla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:

– Molla bacı, köynəyin mübarək olsun!

Molla bacı mütəəllimlərin təbrikindən çox xoşhal olub gülümsünürdü, qızlara xeyir dua verirdi və sonra əhval-pürsanlıq başlıyırdı:

– Ay qız, nənən nə qayırır? Günüsü ilə dalaşırmı? Deyinən nənənə ki molla bacım deyir o ahmaq qızına üz verməsin, sonra təpəsinə çıxar.

Mütəəllimlə molla bacının cavabında ya başını aşağı salıb qızarardı, ya-da ki giley torbasını açıb qart-qart danışmağa başlardı:

– Dədəm dünən nənəmə bir cüft başmaq almışdı, axşam günüsü başladı evə dava salmağa ki o başmaqdan niyə mənə alınmır? Nənəm də deyir: «Ay bidava dərdə düşmüş. Bir cüft başmağı da mənə çox görürsən?» Ondan başlıyırlar dalaşmağa. Dədəm də həmişə nənəmi döyür ki işlər başı sənsən. Onu da günü ahmaq qızı öyrədir...

Molla bacının hüzurunda çox vaxt mütəəllimələr uzun-uzadı nağıl danışırdılar və molla Gülləndəm bacı onlara quşhuş ilə qulaq verib, ara bir sual verərdi; həftə hamamından xəbər alardı. Qonşuların müamələsindən, hənə qoymaqdan, qaş almaqdan mə’lumat istərdi. Hətta mütəəllimələrdən elə məsələlər soruşardı ki insan nəinki deməyə, bəlkə xiyalına da gətirməyə utanıb, həya eliyir...

Məktəbin qapısı yenə cırıldıyıb içəri mütəəllimələr girirdilər və əvvəlki kibi salam verib, bacının təzə köynəyini təbrik edirdilər. Bir mütəəllimə içəri girdikdə nə təhər oldusa «köynəyin mübarək olsun» əvəzində molla bacı «xeyir işin də mübarək olsun!» deyib, molla Gülləndəm bacını təbrik etdi. Mütəəllimənin bu sözlərindən molla bacı belə acıdı ki çubuğu qapıb, qızı döyələməyə başladı.

– Ay ərməni qızı, mən sənin oyuncağın deyiləm ki məni ələ salırsan! Yoxsa səni qonşu Hürzad öyrədib? Mən onun atasının ələngə sümüyünü... (burada molla bacı qəliz bir söz söylədi) onda bilər ki mənə də Gülləndəm deyərlər! Molla bacı biçarə mütəəlliməni «xurd-xəşil» edəndən sonra həyətə çıxdı, və üzünü qonşuya tutub ağzına gələni dedi:

– Ay qız ay, ay mütrib, mən sındırmalı qoz deyiləm, sındırasan: ankır tayını tap! Yoxsa sənə bir üsul kəsərəm ki qiyamətə kibi dadı damağından getməz!

Molla bacının səsinə qonşu həyətdə bir nazik uzun arvad çıxıb cır səs ilə başladı:

– Dilini kəs, ahmağın qızı! Mənim ağzımı çox açdırma, yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram!

– Qoymasan, atayın...

– Ölü adı çəkmə, itin qızı! Atayın da, babayın da... gündə bir ərə gedən lotu!

Molla bacı cəmi mütəəllimələrini başına topluyub, qonşunun çəpərinə yavıqlaşdılar:

– Gündə ərə gedirəm, yaxşı eliyirəm, bidət iş görmürəm ki, ay oynaşlı! Sən də bacarırsan get, görürsən heç birini də tapa bilmirsən, ancaq paxıllığından qudurmuş itə dönüb yan-yörəni dalıyırsan. Beləlikdən nə çıxar, ay qurumuş şəftəli qaxı!

Qonşular söyüşməkdə davam edirlər, və bu söyüşlər o qədər qəliz, əxlaq pozan idi ki qulaqları qapayıb, bilmərrə eşitməməli idi. Laqin cəngavər arvadların səsləri belə ucalmışdı ki fəhşlər ətrafa yayılırdı. İki tərəf biri-birinə olmazın böhtan və iftirasını, olmazın hayasız hərəkətlərini isnad verirdilər.

Dalaşanlar iki arvad olmuyub, hərəsinin dalında bir dəstəsi movcud idi. Hürzad tərəf nə deyirdisə molla bacı mütəəllimələrilə barabar birə beş cavab verib onların səslərini batırdılar.

Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu; və bir dəqiqədə molla Gülləndəm bacı on, on beş qız ilə çəpəri basıb o taya keçdilər.... Tahı burada hərb meydanını müfəssəl təsvir etməyin lüzumu yoxdur. Çünki cəmi müsəlman qardaşlarının başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Ancaq onu deyəcəyəm ki, yarım saat çəkmədən aralıqda beş on köynək cırıldı, və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Molla Gülləndəm bacı da düşmənin pəncərəsini mütəəllimələrə qırdırıb, öz həyətinə qayıtdı, və qızlara dedi:

– A qızlar, bu gün tahı dərs yoxdur (Şadlığın nəticəsi olaraq). Samavarı çıxardın çay qoyun: Hürzad ahmaq qızına «yanıq» verək; bir ləyən də gətirin, toy çalacağam.

Həyətdə palas döşənib, samavar qurulmuşdu. Molla bacı mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. Onlardan biri də o baş bu başa gedib, süzürdü.

Hürzad da lap məğlub olub, səsi çıxmırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə

1**Allahqulu Kazımın daxmasına girdikdə Kazımı körpə uşaqları ilə bərabər kürsüdə gördü. Kürsü gödək qılçalı bir masa idi, bunu otağın ortasındakı ocağın üstə qoyar, ətrafına mütəkkə yığar və üstünə yorğansalardılar. Kazım mütəkkələrə söykənib yorğanı döşünə çəkmişdi;yalnız başı görünürdü. Telli və Gülnaz kənarda oturub yun darayır, Kazımın arvadı Ballı isə cəhrə əyirirdi. Alçaq pəncərəni qar basmışdı.

1 h 25 min
Epiloq

İki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi.Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir:

3 min
Azərbaycan ədəbiyyatına bir nəzər

AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)

45 min
Tarixi, coğrafi və iqtisadi Azərbaycan

TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz

189555 min

Poems by other poets