(İstudentlər məişətindən)

İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi.

Qəhrəmanım caddədə gəzərkən bir də iri gövdəli bir cüft səmənd atlar qaldırımın yanında durdular: faytondan uca boylu, nəfis bir xanım düşüb mağazaya girdi. Həmzə-bəy duruxub xanıma dərin bir nəzər ilə baxdı, gülümsündü. Xanım ona əsla e’tina etmədi. İş bununla qurtarmadı: biçarə istudent xanımın çıxmağına müntəzir, mağazanın qabağında gəzinməyə başladı. Bircə dəqiqə keçmədi, xanım çıxdı. Həmzə-bəy gülümsünə-gülümsünə – (guya xanımın gözəlliyinə heyran qalıb) onun dalınca düşdü. Xanım bir yerdə durdumu, Həmzə-bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi; xanım yola düzdükdə bu da ardınca gedib söz tullıyırdı. Bir neçə addım getdilər, xanım istudentin münasibətsizliyini görüb caddəni o taya keçdi ki onun əlindən xilas olsun, Həmzə-bəy də adlıyıb, kompliment deməyə başladı:

– Gözlərinizin aydınlığına valeh olmuşam, biləsiz, onlar mənə nə həzz verir, nə lütflər e’ta edirlər. Heyif ki siz də o dərəcə qəlbi soyuqsunuz ki məstanə nikahınız ilə məni bəxtiyar etmirsiniz!

Xanım bir qənnadı mağazasına daxil oldu. Həmzə-bəy də girib şirniyyat sifariş verməyə başladı. Xanım dönüb nəfrətli bir nəzər ilə baxdı: istudent bundan rəncidə-xatir olmadı: «Arvadları gözəl edən oların ədasıdır, əda olmazsa hüsn də olmaz» deyə fikrindən keçirdi, və əvvəlki qərar ilə xanıma zənn ilə baxırdı.

Xanım şirniyyatı bağladıb küçəyə çıxdı, və fayton çağırıb oturdu. Həmzə-bəy irəliliyib gülə-gülə:

– Bəni də özünüz ilə götürməyinizi rica edirəm! – dedi.

Acıqlı xanım bu sözlərdən məmnun olub gülümsündü:

– Buyurunuz! – deyib, istudentə yanında yer göstərdi.

Oturdular. Atlar dörd nə’lə götürüldülər. Həmzə-bəy saadətindən çaşmışdı. Danışmaq istiyirdisə də ürək döyünməsindən aram tapa bilmirdi. Xanım qızarmışdı, və dərin bir sükutda idi.

Həmzə-bəy söhbətə cəsarət etdi:

– Mədid e’tinasızlığınız məni qorxutmadı. Məni imtahana çəkdiyinizi duymuşdum! – Xanım təbəssümlə istudentin gözlərinə baxdı.

Həmzə-bəy bundan məmnun, fikrindən keçirdi: «arvad psixologiyasına bələdəm – bağlı qapı tez açılır! Siz nə qədər fikirlərinizi məndən gizlətdinizsə də, tez aşkar olmağına müvəffəq oldum». – Xanım üzünü çöyürdü və Həmzə-bəy yenə söhbətə məşğul oldu:

– Cürət ürək məhsuludur – ürəyim siz ilə olmasa idi bu cürət və onun nəticəsi müvəffəqiyyət və saadət olmazdı!...

Fayton – təntənəli bir imarətin önündə durdu. Xanım və Həmzə-bəy qaldırım maşınına oturub yeddinci mərtəbəyə qalxdılar. Qapı açıldı, xanım Həmzə-bəyi böyük salona də’vət etdi:

– Əyləşib dincəlməyinizi rica edirəm, mən də libasımı dəyişib bu dəqiqə gəlirəm.

Xanım o biri otağa daxil oldu, Həmzə-bəyi xiyalat götürdü: «Axırda fikrimə çatdım, imdi, cəmi müsəlman istudentləri mənim dəbdəbəli ömrümə həsəd aparacaqlar. Bundan gözəl xanım olmaz; yolunda da var-yoxumdan keçəcəyəm: gündə kef, ləzzət, restoran, tiatro...» Həmzə-bəy xiyalatda ikən salona qolları çırmalı iki saldat girdi. Bunlar kamali-aram ilə irəli yeriyib Həmzə-bəyi tutdular. Bəy əvvəl bunların nə etdiklərini düşünmədi, sonra ovza’dən agah olub çığırdı. Saldatlar bəyi o ki var döydülər və qapını açıb dalından da bir təpik iliştirdilər, pilləkəndən aşağı düşdü.

Bəy bir neçə dəqiqədən sonra özünə gəlib papağının tozunu çırpa-çırpa enib getdi. Bir də xanım pilləkənin başında göründü. Hiyləkar arvad gülə-gülə üzünü Həmzə-bəyə döndərib – dedi:

– Di get, bu sənə dərs olsun, bir də belə biədəblik eləmə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 min

Poems by other poets