Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:

– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

Qurbanlı içəri girdi və qapını örtərkən içəridə onu rütubət iyi vurdu. Bir tərəfinə odun, köhnə səbət və sandıqlar yığılmış pilləkəndən çıxdı, sol tərəfdəki açıq qapıdan böyük bir salona girdi. Yarıişıq döşəmənin rəngi qopmuş və qaralmış, tavanına su hopmuş bu otaq Qurbanlıya can sıxıntısı verirdi. Salonun ortasındakı əsl rəngini çoxdan itirmiş cırıq müşəmbəli masanın kənarına gələrkən küncdəki yırtıqlarından otlar pırtlayıb çıxmış qoltuğun altında qoca köpək tutqun səslə mırıldadı.

Xanımların qonşu otaqda geyinmələrindən istifadə edərək, Qurbanlı toz basmış pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi – zadəgana məxsus əcdadın rəsmləri idi; hamısı əsgəri geyinmiş, bir çox hərbi nişanlarla bəzənmişdi...

Qurbanlını fikir götürdü. Bu ailənin keçmiş təntənəsi ilə məşğul oldu... “Kim bilir bu piano nə məclislər görmüş, nə ziyafət və dəbdəbələrin şahidi olmuş; dilləri üzərində nə incə, nə həssas barmaqlar oynamış... İndi hər yeri toz basmış, piano da qocalmış, sönmüş...”

Qonşu otağın qapısı açıldı, ev sahibi Dilarə xanım gəldi:

– Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb qalmışıq. Görürsünüz, bu salona belə çarpayı qoyulmuş. Rəhmətlik zövcüm sağ olsaydı da...

Dilarə xanım son sözlərini ah çəkərək dedi və başını aşağı saldı. Bir-iki dəqiqəlik sükutdan sonra qonşu qapı təkrar açıldı və içəri orta boylu, sarı bənizli, qeyri-mütənasib əndamlı bir qız girdi.

– Qızım Ruhnəvaz, – deyə Dilarə xanım onu təqdim etdi.

Qurbanlı yerindən qalxıb, Ruhnəvaz xanıma qarşı gəldi, baş endirib, əlini sıxdı.

Ruhnəvaz xanım ciddi baxışına heç də təğyir verməyərək Qurbanlınınqarşısında oturdu.

Xanımlar türkcə bilmədikləri üçün söhbət rusca davam etdi və sükutu ilk pozan Qurbanlı oldu:

– Dilarə xanım o qədər lütfkardır ki, neçə dəfə məni qonaq çağırmış, təəssüf ki, məşğuliyyətimin çoxluğundan indiyə qədər sizi ziyarət edə bilməmişəm.

Ruhnəvaz xanım dodaqlarında solğun bir təbəssüm oynadaraq dedi:

– İndi hər kəs məşğul: anam qulluqda, mən də gündə səkkiz saat məktəblərdə dərslə məşğulam. Çalışmayana çörək yox imiş.

– Etiraf etməliyəm ki, belə həyat mənə çox xoş gəlir – tənbəllikdən nə çıxar.

– Elədir – deyərək Ruhnəvaz xanım sərt baxışla Qurbanlını gözdən keçirdi və sanki o dəqiqədən etibarən bu gənclə aralarında bir uçurum açıldı. Xalqın geniş təbəqəsindən doğmuş zəhmət şüarını irəli sürən bir gənclə zadəgana məxsus bütün imtiyazlarını qeyd etmiş bir qız qarşı-qarşıya gəldilər. Lakin Qurbanlı məsələni anlamadı: bir mühəndis olaraq hər şeyə hesab nöqteyi-nəzərindən baxmağa öyrənmişdi. Bu axşam ziyarətini də əməli bir çərçivəyə salacağına inandı. Özözünə dedi: “Rühnəvaz xanım ayda iki yüz manat qazanır, üç yüz də mən qazanıram, evlənirsək, ikimizin də həyatı rahatlanar”.

Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnəvazla evlənməyi kəsdirdi.


O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Dilarə xanım, təbii, bu ziyarətlərdən çox məmnun idi. Hankı ana qızının ətrafında gənclərin dolanmasını istəməz? Lakin Ruhnəvaz xanım Qurbanlının gəlməsindən heç bir həzz duymurdu. Müəllimliyə uymuş, kitab və dəftərə qərq olmuş bu qız hər şeyə qarşı laqeyd idi. Çocuqluğunda əcnəbi mürəbbilərindən tərbiyə görmüş, bir sürü xidmətçilər və nökərlər qulluğunda, mükəmməl təfrişatlı gözəl evdə böyümüş Ruhnəvaz başqa bir həyata hazırlanarkən, bir də inqilab dalğasına toxunub, bütün ümid və təsəvvürləri sarsılmışdı. Yeni bir həyat başlanıb, üfüqdə yeni məfkurələr doğmuşdu. Ruhnəvaz xanım bu yeni quruluşu lazımınca mənimsəyəmməmişdi; neçə illər davam edən əmr-vaqe hələ ona müvəqqəti kimi gəlirdi. Odur ki, Qurbanlının ziyarətləri onda təğyirlər doğura bilmirdi. Onun varlığı fikirli, zehniyyəti belə Ruhnəvaz üçün müvəqqəti və qeyri-sabit idi. Ruhnəvaz xanım zadəgana mənsubdu, şəcərələri xan sarayından başlayaraq çar sarayına iltihaq etmiş; atası zati həşəmətlərinin xas alayına mənsub olmuş, ailənin bütün həyatı paytaxtda yüksək mühafillərdə keçmişdi. Yalnız böyük inqilab bunları Azərbaycana dönməyə sövq etmişdi. İndi neçə ildir ki, Bakıda Azərbaycan həyatına davam edirlər, onlara büsbütün yabançı olan türk dilini belə öyrənmək məcburiyyətində qaldılar. Təbiidir ki, əməkçilərlə olan rabitələri çox zəif idi, aralarında uçurumlar var idi. Qurbanlı bu uçurumları doldurmağa çalışdı. Uzaqda qalmış bu ailəni kütləyə və hazırkı həyata yaxınlaşdırmaq istədi. Lakin səyləri boşa çıxdı – uzun gedib-gəlmələr heç bir əməli nəticə vermədi.


Bir gün Qurbanlı məsələyə aydın bir şəkil vermək istədi, güdüb, Ruhnəvaz xanım evdə yalnız olan zaman onu ziyarət etdi. Oturdular. Həmişə tutqun çöhrəli olan Ruhnəvaz bu dəfə daha da kefsiz idi. Qurbanlı ilə yalnız qalmağa belə qorxurdu. Lakin Qurbanlı məsələyə vaqif idi, odur ki, mücərrəd mövzuya dair bir söhbət açdı.

– Operanı sevirsiniz, yoxsa dramı? – dedi.

Ruhnəvaz xanımın çöhrəsi bir az açıldı və cəsarətli təbəssümlə dedi:

– Klassik əsərlərin hamısını sevirəm. Yenilərə öyrəşmirəm; Meyyerxoldu heç də sevmədim.

– Ədəbiyyatda da, yəqin, eyni məsləki daşıyırsınız?

– Təbii deyilmi?

– Ən sevdiyiniz yazıçı hansıdır?

– Onu demək çətindir. Tolstoyla Turgenevi çox oxuyuram. Mopassanı təqdis edirəm.

– Onlar yazarkən mühit başqa idi. Həyatı şərtlər indi dəyişilmişdir.

– Dəyişildikdə nə olar? – hiss həmişə hiss olaraq qalacaq.

– İndi hiss yoxdurmu deyərsiniz? Hiss yenə də var, lakin bu hissə uzun müqəddimələr qoşmağa vaxt yoxdur. Macəraya, şevalyeliyə nə hacət? Həyat sadəliyi tələb edir. Vaxt yoxdur. Təyyarə və radio dövrü hissi də məhdud dairəyə salmaq istəyir...

Qurbanlı uzun-uzadı mühakimələr yürütdü və fikirlərində də həp Ruhnəvaz xanımı hədəf etdi. Ruhnəvaz xanım məsələni duydu, özünə məxsus inadla susub qaldı və söhbəti kəsmək üçün durub, qonşu otağa girdi. Geri gələrkən Qurbanlı ayaq üstə idi:

– Gedirəm, – dedi.

Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və onu qapıya qədər təşyi etdi.

Qurbanlı küçəyə çıxarkən geniş nəfəs aldı – evin rütubəti, məfkurələrin köhnəlməsi onu tamamilə yormuşdu. Altı ay boş ziyarətlərdən sonra, bir də buralara dönməməyi qət edərkən ona bir sevinc gəldi.

Getdi. Evinə çatmadan altı aydan bəri onda doğan hisslər və təəssürlər tamamilə silinib getdi. Ruhnəvaz xanım onun üçün artıq ölmüşdü.


Bir il keçdi. Bu bir ilin müddətində Dilarə xanım evinə bir çox nişanlı ola bilmək şərtlərini haiz gənclər dəvət etdi. Lakin kimsə orada dayanmaq istəmədi: Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu və özünə məxsus bir inadı var idi ki, gəncləri qorxudurdu.

Odur ki, gənclərin gəlib-getməsi uçar ulduz kimi yalnız bir an, bir dəqiqəliyə Ruhnəvaz xanımın ümidsiz həyatını işıqlandırıb, keçirdi. Nəticədə yenə əvvəlki həyat – sıxıntılı ev, yalnızlıq və nəşəsizlik..

Bir gün onda qəribə dəyişikliklər oldu; ona qəribə bir nəşə gəldi, yaşamaq istədi. Sakit və sıxıntılı həyatı yerindən oynadı. Mütəvaze yaşayışı tərk etdi. Özünə yeni paltarlar tikdirdi; qırmızı bir şlyapa aldı. Həmişə evdən dışarı çıxmaq istəməyən: Ruhnəvaz tez-tez bulvara getməyə başladı. Günün birində Qurbanlıya rast gəldi. Bir ildən bəri onu görməyən Qurbanlıya Ruhnəvaz gülünc və bəlkə bir az da laübalı göründü. Bir kərə, paltarı son dərəcə uyğunsuz idi. Şlyapasının rəngi o qədər gözə çarpırdı ki, ona istehza etmədən baxmaq qabil deyil idi.

Ruhnəvaz təklifsiz olaraq Qurbanlıya yanaşdı, ifrat lütfkar bir halla dedi:

– Siz bizi büsbütün unutdunuz.

Qurbanlı soyuq çöhrə ilə:

– Məşğulam, – deyə cavab verdi.

– Dostlarınızı görmək üçün bir neçə dəqiqə tapılar, zənn edirəm.

– Elədir, ancaq... – Qurbanlı sözünü kəsdi və sərzənişli bir təbəssümlə

Ruhnəvaza baxdı.

Ruhnəvaz:

– Sizi anlaya bilmirəm, – dedi.

– Anlaşmamamız təbiidir... Mən bir əsnaf oğlu, siz... zati həşəmətə mənsub xas alaydan...

Ruhnəvazın laübalı təbəssümü o saat qeyb oldu. Çöhrəsi sərtləşdi, təkrar aydınlaşmağa başladı və güzəştə hazır bir tövrlə dedi:

– Bunların hamısı avam fikirlərdir. Əsil məsələ ziyalı olmaqdır.

Qurbanlı sözü dəyişmək istədi:

– Elədir... – dedi, – nə qayırırsınız?

– Heç, həyat əvvəlki kimi, bir az da sıxıntılı; siz nə aləmdə?

– İşim çoxdur. Bir də bu günlər... nişanlanıram.

“Nişanlanıram” sözü ildırım kimi Ruhnəvazı vurdu. Əvvəl qulaqlarına inanmadı, sonra dərk edərək, dodaqları titrədi:

– Gözəlmi? Yaxşı ailədənmi? – dedi.

Qurbanlı məsud bir təbəssümlə:

– Həm gözəl, həm gənc, həm ağıllı... Sevgili bir məxluq.

– Deməli, xoşbəxtsiniz.

– Nə qədər, bilsəniz. Dünyaya yenidən gəlirəm...

Dərin və davamlı bir sükut ortalığı bürüdü. Vaxtilə bir-birini anlamamış iki aləm bütün təzadı ilə təkrar qarşı-qarşıya gəldi. Biri sadə, mütəvaze, bəxtiyar; o biri xəyali, keçmişi ilə məğrur, həqiqi həyatdan məhrum. Biri nəşə və ümidlə dolu, aydın gələcəkli, atdığı addımlar qəvi və müəyyən; o biri solğun çöhrəli, solğun ümidli, tutqun atili...

Ruhnəvaz sükutdan ayrıldı. Həqiqi bir nəzərlə yanındakı mühəndisə baxdı: uca boylu, nəşəli baxışlı bir gənc idi, təmiz geyinmiş, nəzakətdən məhrum deyil idi... Sevilməli bir şəxs olduğunu Ruhnəvaz xanım ilk dəfə olaraq duydu. İçinə peşmani bir hiss gəldi. “Nədən?”

– deyə öz-özünə sual verdi: “Nədən vaxtilə bu qədər yaxın gələn bir səadəti əldən qaçırdım?” – deyə düşündü və ağır hisslər onu bürüdü.

Bir də Qurbanlı içindən fəvəran edən nəşəli bir səslə:

– Aman, nişanlım gəlir! – dedi, əlini cəld Ruhnəvaz xanıma uzatdı, – məni bağışlayın, getmək məcburiyyətindəyəm.

Ruhnəvaz hiddətindən soyumuş əlini ona uzatdı, ayrıldı. Qurbanlı sürətli və oynaq addımlarla ağ yaylıqlı zərif bir qıza yanaşarkən

Ruhnəvaz xanımın gözlərində qısqanclıq atəşi parladı. Kənarda durub, həsrətli baxışı ilə onları gözdən itənə qədər təqib etdi. Qurbanlı qızın əlini bərk-bərk sıxdı. Qızın üzünə qızartı yayıldı, gözləri işıqlandı, dadlı təbəssüm dodaqlarının kənarlarını eşq məbədinə döndərdi...

Ruhnəvaz xanım bu halları incədən-incəyə anladı; qıza qarşı ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Və evə dönərkən keçmişdə Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb, odlandı.

Evlərinin nə qədər cansıxıcı olduğunu Ruhnəvaz ilk dəfə olaraq bütün dəhşəti ilə anladı; orası onun üçün zindan kimi göründü. Şlyapasını bir tərəfə atıb, hönkürtü ilə yatağına yıxıldı. Ruhnəvazın yalnız gözləri deyil, bütün varlığı və taleyi ağlayırdı. Ruhunun dərinliyində acı yaşların anlaşılmaz və qaranlıq bir boşluğa töküldüyünü hiss edirdi.

1927

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Borclu

Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.

4 min
Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 min
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 min
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 min

Poems by other poets