Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.

Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...

Midhəd əfəndi durdu, ayaqlarına bir zəf gəlmişdi; yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər yerdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi. Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü... bu fəci mənzərədən acı bir həqarət duydu... “Bu işlər düzəlirmi?” deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Divan-yolundan Sirkəçiyə endi; yeni camein yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli DolmaBağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi. Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı... Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi. Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış...

Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı.

Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstambula döndü.

Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstambulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Odur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.

Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə cameində tapacağına qane oldu. Midhəd əfəndi dindar deyil idi, məscidə ibadət üçün getdiyini xatırlamırdı. Bu dəfə də onu cameə cəlb edən dini hiss deyil, sənət eşqi və zövq duyğusu idi. Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.

Getdi. Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini addadı və camein sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Oturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi. Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camein quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi. Camedə Süleyman-Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi. Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və göz qamaşdıracaq bir şüa içində bir Zeybək qızı göründü; qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı...

Midhəd əfəndiyə bayğınlıq gəldi; özünü itirdi. Bir də ayıldı: came, əzəmət və dəbdəbəsində durmuşdu; sükun haman sükun idi. Yalnız bu sükunun özünə məxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də Zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Coşdu və onu təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu, gözlədi. Min növ iztirab çəkdi, məqsədinə nail ola bilmədi.

Qalxdı. Camei tərk etdi. Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.


Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı.

Dərdini anlatdı:

– Gedirəm, – dedi.

– Nərəyə, oğlum?

– Anadoluya.

– Babandan sordunmu? Bəs darülfünun?

– Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir... Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi?... Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.

Bir də Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.

Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi... Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar. Dili söz tutar-tutmaz dedi:

– Bu əsir şəhəri tərk etməsəm rahatlıq bulamayacağam. Anadolu məni çağırır!

Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi.

Məslək və əqidəcə tam mənasilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Onun üçün zati-şahənənin iradəsi hər şeydən yüksək idi. Anadoluda gün-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi.

– Oğlum, dəlirdinmi? – dedi, – yarın kurşunamı düzülmək istəyirsən?

Midhəd əfəndi mətanətli bir səslə:

– Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi.

Münirbəy büsbütün acıqlandı.

– Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik?

Midhəd əfəndi atasının sözünü kəsdi:

– Əvət, gedəcəyik!

– Allah, Allah!..

– Allah yoxdur. Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.

– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı.

Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:

– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.


Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb, İzmir cəbhəsinə getdi. Mədəniyyətcə çox geridə qalmış bu torpaqlarda Midhəd əfəndinin nəzərini özünə cəlb edən coşğun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, xəstələrə baxırdılar. Bunlarla bərabər cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar” deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.

Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi. Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi.

Sıxıntılı həyata arabir təğyir vermək üçün nəfərlər yunan qarovuluna “ova” gedirdilər. Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. O da onlara qoşulub, çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar.

Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb, bir qılınc zərbəsi ilə mürgü döyən nəfərin başını bədənindən ayırdı. Midhəd əfəndi o biri zeybəklə yatanı bıçaqladı. Həzin bir insan iniltisi gecənin sükutunu pozdu. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu.

Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı.

Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “Zeybək qızı” deyə içini çəkdi və soyuq bir titrək vücuduna yayıldı.

Midhəd əfəndi o axşamı anl aşılmaz bir nəşə içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaz içi mənzərəsini xəyalında ehya etdi, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.

Dan yeri yavaş-yavaş söküldü. Günəşin ilk qızartısı Midhəd əfəndinin qaranlıq şübhələrini tənvir edə bilmədi.


Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldılar. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Əsgər paltarının altından incə cizgilərlə yuvarlanan köksü həyəcan içində çırpınırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı.

Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir istirahət duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki varlıq birləşmiş, çırpınan iki ürək bir-birilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi. Dəqiqələrcə sürən bu söhbətlər bütün şübhələri ortalıqdan qaldırdı; cisimlərdən əvvəl ruhi varlıqların irəlidən bir-birilə görüşüb, anlaşdıqları meydana çıxdı. Gənclərin ikisi də aram tapıb, xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.

Midhəd əfəndi:

– Mən səni İstambulda ikən tanıyırdım, – dedi. Burada görüşəcəyimizi təsəvvür etmirdim.

– Mən də səni tanıyırdım, – deyə Zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxunan çini kasaların sədasını verdi.

Midhəd əfəndi heyrət içində:

– Sən məni nərədən tanıyırdın?

Bir-iki dəqiqəlik sükuta qərq olan bakir qız səsi günahsız bir titrəklə anlatdı:

– Gecə uyqularımda həp səni görərdim. Aylardan bəri istirahətim qaib olmuş...

Bu sözlər Midhəd əfəndinin hissini oxşadı, ona kişilərə məxsus bir qürur gəldi. Cürətləndi və atın yalına sarılmış soyuq barmaqları əlinə alıb dedi:

– Nagəhani bir qüvvə bizi bir-birimizə qovuşdurdu. Ayrılmaq cinayətdir. Sən mənim, mən də sənin!..


Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb, pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.

İstambul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər böyük millət məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi: hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.

Bir də: “Anqara müməssili paşa gəldi” deyə səs düşdü. Minlərcə adamlar Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu... Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı Zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:

– Yaşasın böyük millət məclisi! Yaşasın Zeybək qızı! – Səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər...

Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar.

Axşam şəhər çırağban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər
“Şərq məhvəli”nin qarşısına toplandılar.

– Yaşasın Zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, Zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən Zeybək qızının cadəyə enməsini rica etdilər. Bir də Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çiçəyə batırdılar. Önlərində Zeybək qızı olaraq fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər.

Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi...


Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstambul bir həftə əyləndi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə Zeybək qızını əllərdə gəzdirdilər.

1927

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 min
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 min
Ədəbi dövrün başçısı

ƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.

3 min

Poems by other poets