Page 15 of 16 · 88%

Yenə gülüşdülər.

Qulamrza Cəfərin yanında oturdu. Qəhqəhələrdən sonra məclisə bir sakitlik düşdü. Teymurbəy saata baxaraq, qonşu otağa getdi və çox keçmədən ara qapını taybatay açdı.

– Buyurun, – dedi.

Tələbələr yemək otağına keçdilər. Ağ örtülü böyük masa səliqə ilə düzəlmişdi. Burada orta hallı tələbənin həsrətinə mucib olan bir çox şeylər qoyulmuşdu: mürəbbə, pasta, meyvə, zərif bulkalar, paxlava, şəkərbura və cürbəcür dadlılar.

Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu. İri gözlü uzun kirpikli şumal bir qız çay fincanları düzməkdə idi.

Teymurbəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Tanış oldular. Yer göstərildi, hər kəs əyləşdi, Qulu özünü ev xanımının yanına verdi. Cəfər qızla bərabər əyləşdi, Qulamrza qızın qarşı tərəfində yer tutdu.

Bir az sonra yemək otağına iki tələbə də girdi: biri dolğunvücud, qırmızısifət idi, o biri arıq, ortaboylu idi. Bunları görən kimi Teymurbəy ayağa qalxdı:

– Pa, ya Allah, Ocaqverdi, ya Allah, Bəhram, – dedi. Ocaqverdi kömbə əlini uzatdı:

– Ya Allah, – dedi, – balam, belə xeyir işiniz var, bəs bizə niyə xəbər vermirsiniz? Bəhramla bir az bundan qabaq eşitdik, dedik, gedək görək nə var.

– Yaxşı elədiniz, iş başlananda sizə xəbər verəcəkdik. Yadımızdan çıxmamışsınız.

Bəhram köhnədən bu ailə ilə tanış idi, gedib gəlirdi. Teymurbəy Ocaqverdini xanıma və qızına təqdim etdi. Oturdular. Xanım Ocaqverdiyə və Bəhrama çay verdi.

Bir müddət sakit keçdi. Paxlavanın bir-ikisini yedikdən sonra Qulu dəsmalı ilə bığlarını düzəldə-düzəldə xanıma müraciət etdi:

– Anna İvanovna, paxlava xoşunuza gəlirmi? Xanım bir az düşünər kimi:

– Yaxşıdır, ancaq çox yağlıdır.

Qız türk gənclərinə xoş gəlmək üçün:

– Mama, – dedi, – məncə, çox gözəldir. Bunu necə bişirirlər?

Bəhram:

– Katya, mən bilirəm, bir gün bişirərəm, görərsiniz.

– Eləmi?

– Ciddi deyirəm!

Cəfər Bəhramın əlindən bir çox işlər gəldiyini bilirdi, ancaq paxlava bişirməsini bilmirdi. Heyrətlə:

– Bəhram, belə iş var, bəs bizi niyə yada salmırsan?

– Balam, nə vaxt çağırdınız, gəlmədim?

Qulu süni bir səmimiyyətlə:

– Bəhram, pul verək, sən müsamirə üçün bir az paxlava hazırla.

Bəhram məmnun bir səslə:

– Nə deyirəm, – dedi, – hazırlaram.

Hər kəsin əhvali-ruhiyyəsinə görə hərəkət edən Qulu Bəhramı da razı buraxdığından məmnun qaldı. Məclisdəkilərin hamısı zatən onun fikirlərinə əvvəlcədən şərik idi. Bunu Qulu bilirdi. Lakin bütün bunlara baxmayaraq, müsamirə tərtib ediləcəyinə inanmırdı.

Çaydan sonra qonaqlar yenə salona döndülər. Ara qapı örtüldü, xanım və Katya ötəki tərəfdə qaldılar.

Qulu tələbələrin birləşməsini görərək dedi:

– Yoldaşlar, bu axşam nə məqsədlə buraya toplandığınızı bilirsiniz. Məclisimizi idarə etmək üçün sədr lazımdır. Mən öz tərəfimdən Teymurbəyin seçilməsini təklif edirəm. Kim razıdır əlini qaldırsın.

Sözlərini qurtarmamış Qulu əlini qaldırdı və onu təqibən hər yerdən əllər qalxdı.

Teymurbəy məmnun bir halda rəyasətə keçdi.

İlk söz alan Qulu oldu. Qulu müsamirənin faydasından bəhs edərək, məsələni milli sahəyə keçirdi.

– Bizim millət, – dedi, – hamıdan geridədir. Onu heç kəs saymır. Bir milləti saydırmaq üçün onun mədəni cəhətlərini göstərməlidir.

Müsamirə buna bir vasitədir...

Qulu nitqi ilə ətrafdakıların milli hisslərini oxşamağa çalışdı və nəticədə hər kəsin fikir və iradəsinə hakim oldu.

Sədr:

– Sualınız yoxdur? – dedi.

– Mənim var.

– Söylə.

– Zemlyaçestvo idarəsinin xəbəri varmı?

– Başqa sual yoxdur ki?

–?!

– Qulu, cavab ver! Qulu ayağa durdu:

– Yoldaşlar, hələlik idarənin bu işdən xəbəri yoxdur. Ancaq iş yoluna qoyulduqdan sonra onlara xəbər veriləcək. Etiraf etməliyik ki, idarə bir az tənbəllik göstərir. Müsamirələrin mövsümü keçmədən iş görməlidir.

İndiyə qədər başını aşağı salaraq, təsbeh çevirən Ocaqverdi ayılan kimi oldu:

– Qardaşlar, – dedi, – ortaya nifaq düşər. Bunu şəriətimiz bizə mən edir. Yaxşısı budur ki, müsamirə məsələsində hamının rəyi bilinsin; Kiyevdə yüzdən çox müsəlman tələbəsi var. Bunlara da xəbər verməli.

Qulu yenə söz aldı:

– Mən, – dedi, – tamamilə Ocaqverdinin fikrinə şərikəm. Lakin yüz tələbəni bir yerə yığmaq mümkün deyil. Biz əsas etibarilə məsələni qəbul edək, sonra hər kəsə xəbər verərik.

– Bu yaxşı fikirdir, – deyə Cəfər Ocaqverdinin üzünə baxdı.

Sədr:

– Buna etiraz yoxdur ki? – dedi.

– Yoxdur, – deyə cavablar gəldi.

– Deməli, əsas etibarilə müsamirə qəbul olunur. Sonra nə etməli?

Qulu yenə söz aldı:

– Ümumi iclas çağırıb, məsələni müzakirəyə qoymalı. Sədr:

– Bu barədə də sualınız və ya sözünüz varmı?

– Yoxdur. İkinci iclasa qədər məsələ saxlanılsın, – deyə məclis rəy verdi.

– İclası qapayıram. Ümumi iclasın vaxtını təyin edərik.

İclasdan sonra xüsusi söhbətlərə keçildi. Cəfər Ocaqverdiyə müraciət edərək:

– Dostum, görükmürsən? – dedi.

– Cəfər, başım qarışıqdır.

– Nəyə?

– İmtahana, dünən verməli idim. Geri döndüm.

– Niyə?

– Darülfünuna ayaq basdıqda başım gicəlləndi. Sonra yadıma düşdü ki, vəfat günüdür. İmtahana getmək olmaz.

Cəfər Quluya göz vurdu və Ocaqverdini ələ salmağa başladı:

– Dünən hansı vəfat günü idi? – dedi.

Ocaqverdi dindar bir sima ilə başını yuxarı qaldırdı, ciddi bir səslə dedi:

– İmami-Zeynalabidin əleyhissəlamın vəfatı idi... Ona fəda olum.

Cəfərin dodağında istehzalı bir təbəssüm oynadı.

– Allah rəhmət eləsin! – dedi.

Teymurbəy gülümsündü. Qulu üzünə təğyir verməməyə çalışdı.

Qulamrza qəhqəhə ilə gülməyə başladı.

– Ay Ocaqverdi, sən qəribə adammışsan ki!.. Ehtimal, sən yaxşı oruc tutursan, namaz qılırsan, eləmi?

– Təbii deyilmi?

– Təbii niyə olur?

Münaqişə olacağını hiss edən Qulu saata baxdı:

– Gecə keçir, getməliyik, – dedi və örnək olmaq üçün ayağa qalxdı. Tələbələr də onu təqib etdilər.

23

Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı.

– Necəsən, gülüm? – dedi, – bilirsən ki, səninlə dostam. Bəhram hərif olduğu üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və ağızucu olaraq: “sağ ol” dedisə də, bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi.

Bəhram səhv etmirdi. Qulu Bəhramın vasitəsilə bəzi əməliyyat yapmaq fikrində idi. Qulunun edə biləcəyi təklifləri aydınlaşdırmaq üçün Bəhramı oxucularımıza təqdim etməliyəm.

Bəhram tacir ailəsinə mənsub idi. Ancaq bu tacirlikdən ona tüccari istedaddan başqa əməli bir şey qalmamışdı.

Atası ona pul göndərmirdisə də, Bəhram ac qalmırdı, qazanc yollarını öyrənmişdi. Əvvələn, şəhərdəki İran səfarətxanasında katiblik edirdi. Lakin bu vəzifə onu lazımınca təmin etmirdi. Zatən səfarətxananın heç bir təxsisatı yox idi. Buranı zəngin bir yəhudi taciri icarəyə götürmüşdü, o, müəssisənin imtiyazlarından istifadə edərək hörmətlə yaşar və ticarətinə davam edərdi. Səfirin türkcə və farsca savadı olmadığı üçün azəri tələbələrindən birini yanında saxlar, səfarətxana işlərini ona gördürərdi.

Şəhərdə iranlılar çox az idi. Qibleyi-aləmin bütün təbəələri bir neçə dəllal və baqqaldan ibarət idi. Bundan başqa, ildə şəhərə bir neçə dəstə urmiyalı meymun gəzdirən gələr, bir müddət yaşar və gedərdi.

Bunların bütün səfarətxana müaməlatı Bəhramın gündə yalnız yarım saat vaxtını alardı.

Bir il əvvəl Varşava təriqi ilə Avropaya səfər edən bir İran ricalı bir neçə gün Kiyev səfirinin müsafiri olmuşdu. Bəhram ricalın hüsnütəvəccöhünü qazanmaq üçün ona rast gələr-gəlməz:

“Cəhan, ey bəradər, nəmanəd bəkəs”1 beytini oxumuş və əllərini döşünə qoyaraq ona təzim etmişdi.

Şeyx Sədinin Rusiya şəhərində ismi zikr olunması ricalın o qədər xoşuna gəlmişdi ki, cibindən bir “şirü xurşid” nişanı çıxarıb Bəhramın döşünə taxmışdı.

Rəsmi qəbul günləri və hökumət müəssisələrinə müraciət etdikdə Bəhram bu nişanı taxardı. Bu nişan sayəsində Bəhramın nüfuzu təbəələr arasında artmışdı, ona peşkəş belə gələrdi.

Bunlara rəğmən səfarətxana Bəhramın həyatını təmin etmirdi. Bəhramın ikinci sənəti cırıq palazları yamamaq və ləkəli xalıları təmizləməkdi. Xalı satılan dükanların birində elanı var idi. Bu elan sayəsində ayda on beş manata qədər qazanardı.

Bəhramın ixtisası bununla da bitmirdi. O, bir də başqalarının əvəzinə imtahan verməklə şöhrətlənmişdi. Bu peşə ona ildə beş yüz manata qədər qazanc verərdi. Zəngin tacir balaları çətin imtahanlara Bəhramı göndərirdilər. Bu asan iş deyildi, dəftərxanada bir məmurla anlaşıb, matrikuldakı rəsmin yerinə Bəhramın rəsmini qoydurmalı idi. Sonra professor tanımasın deyə onun yanına başqa-başqa qiyafədə gəlməli idi. Bəhram bu çətinliklərə yol tapmışdı. Qiyafəsini dəyişmək üçün may ayından başlayaraq üzünü qırxdırmaz və sentyabrda Kiyevə uzun bir saqqal gətirərdi. Bu saqqalla başqasının yerinə bir neçə imtahan verdikdən sonra saqqalın şəklini dəyişərdi. Nəhayət, üzünü qırxdırıb bu qiyafədə də bir neçə dəfə professorların yanına gedərdi. Bəzi tələbələr arasında satınalma imtahan adi bir şey olmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets