Birinci kitab, birinci hissə
Page 16 of 16 · 94%
Qiymətlər belə qəti idi. Məsələn: qeyri-üzvi kimya imtahanı üç yüz manat idi. Bunun aşağı-yuxarısı yox idi, nırx əvvəldən belə qoyulmuşdu.
Bəhramın da başlıca varidatı burada idi...
Qulu Bəhramın qolunu ərklə sıxdı.
– Sən öl, qoçaqsan, – dedi, – qoçaq adamları çox sevirəm... Ancaq bəzən xoşuma gəlmirsən. Gəl, get, dərdin olanda de. Yoldaşlıq bəs nədən ötrüdür?
Bu başlanğıcdan sonra Qulu əsil məsələyə yanaşmağa çalışdı, bir yəhudi tacirinə bir İran pasportu lazım imiş, bir başqasının da yerinə bir imtahan verməli imiş.
Bu təkliflər Bəhramı maraqlandırmadı, o gülümsədi, vaxtının yoxluğunu irəli çəkdi və qəti bir cavab verməkdən çəkindi.
Qulu baltanın daşa dəydiyini duyaraq özünü sındırmadı, söhbəti dəyişdi və uzun bir girişdən sonra:
– Allahın altında sənin mənə işin düşəydi, qara lələşiyin necə adam olduğunu görəydin, – dedi. – Sən vəfasız adamsan.
Bəhram dinmədi...
24
– Fərəməzbəy evdədirmi?
– Evdə yoxdur.
– Müsaidə edin, bir məktub yazım qoyum.
Xidmətçi qız çox düşünmədən ucaboylu, xurmayı saçlı gənc bir xanımı içəri buraxdı. Xanım koridora girib xidmətçi qızın üzünə mənalı-mənalı baxdıqda qız əli ilə sağ tərəfdəki qapını göstərdi. Xanım Fərəməzin otağına girdi. Otağın gözəl döşənəcəyi, divardakı cürbəcür fotoqraf rəsmləri və tablolar, Fərəməzin səliqəli yatağı, ipək yorğanı, təmiz ağ yasdıqları yatağın arxasına vurulmuş zərif Kaşan xalçası – bunların hamısı xanımın heyrətinə səbəb olduğundan buraya ilk dəfə gəldiyi duyulurdu. O, titrək əli ilə paltosunun cibindən bir zərf çıxarıb, yazı masasının üzərinə buraxdıqda özünü oradakı gümüş güzgüdə gördü. Qara, solğun şlyapasının altından süzülən saçlarının ucları və paltosunun yaxasındakı xəz yağmurdan islanmışdı. Sonu bir az aşağı meyllənmiş burnunun ucunda da şeh danələri vardı. Xanım dəsmalını çıxarıb, ağ dəyirmi üzünü sildi, saçlarını düzəltdi və geri çəkilərkən gözləri Fərəməzin rəsminə sataşdı. Xanım çoxdan həsrətdə bulunan bir adam kimi diksindi. Gözlərinə dolan damlalar bir an rəsmi büllur arxasında dəyən kimi oldu – rəsm parçalanaraq rəngin atəşlər arasında titrədi.
Xanım masadan geri çəkilərək gözlərini sildi, titrəşən büllurlar qaib oldu. Qəmli gözləri ilə otağı təkrar süzdü, yürüyüb çarpayının ətəyindəki xalçanın üzərinə dizləri üstə düşüb başını Fərəməzin yasdığına söykədi... Bu dəqiqələr onun üçün ən ələmli və eyni zamanda da ən dadlı dəqiqələr idi. Bütün qəlbini həyəcanlandıran hissləri göz yaşları ilə axırdı. Sanki illər keçdi, ürəyi tövbə qapısı kimi açıldı və həyatının ən bəxtiyar zamanları gözlərinin önündən bir-bir keçdi... İlk dəfə onu aptekdə görmüşdü. Bir şey ismarlayıb, çek aldı və çeklə bərabər kassa qapıcığına yanaşdıqda ətrafa ətir saçıldı... Pul əlində, gözləri onda, çırpınan qadın qəlbi uçub, kassa qəfəsəsindən çıxmaq istədi...
Pulun artığını alarkən “mersi” dedi, üzü gülümsədi, qırmızı dodaqları parlayıb, ağ dişlərinə şəfəq verdi, yanağında bir çökək əmələ gəldi... Bu, İnsan deyildi; əsatirlər üfüqündən doğan bir Apollon idi... getdi... Dodaqlarından daman şərab havanı sərxoş etdi. Bütün gün məst və pərişan keçdi. O biri gün yenə gəldi. Bu gün daha şıq, daha cazibəli idi. Uzun ağ barmaqları ilə pulu kassaya uzatdıqda, bu barmaqlar qadın qəlbinə toxunan kimi oldu. Əninlər duyaraq studentə tamaşa etməyə başladı. Həlim təbəssümlə ona baxan iri, qara gözlər artıq yabançı deyildi...
Artıq qadın qəlbi yaralanmışdı, şən pərişanlıq onu qaplamış, gecələr yuxuya həsrət qalmışdı. O, aptekə gəlirdi... Bazar günü. İlk baharın şən və günəşli bazarı!.. Onlar bir-biri ilə görüşdülər... Bir ay bağ və meşələrdə gül-çiçək arasında keçdi... Şən, gözəl, xoşbəxt dəqiqələr!..
Xanım özünə gələrək dəsmalı ilə gözlərini sildi. Koridordan gələn zəng səsi onu büsbütün ayıltdı. Cəld yerindən qalxıb, qulaq asmağa başladı. Qapı açıldı. Ucaboylu, geniş kökslü, gözəl bir tələbə içəri girdi. Xanım:
– Fərəməz! – deyə qızardı və özü duymadan bir-iki addım irəli yeridi.
Fərəməz pərt olan kimi, yavaş səslə:
– Tosya, – dedi və tələsməyərək palto və şapkasını çıxardı. Dəsmalı ilə əllərini və bığlarını silib, Tosyaya əl verdi, – buyurun oturun! – deyə yer göstərdi.
Qarşı-qarşıya oturdular. Bir müddət ikisi də danışmağa mövzu tapmadı. Nəhayət, Fərəməz sükutu pozdu:
– Bərk qar yağır, – dedi.
– Yenə əriyirmi?
– Əriyir.
Sükut. Mövzu tükəndi. Fərəməz pəncərəyə baxdı. Hava dürüst qaralmamışdısa da, durub işığı yandırdı. Sonra divardakı mühazirələr cədvəlinə barmağını qoyub düşündü. Onu daima gözləri ilə izləyən Tosya:
– Sizə mane olmuram ki? – deyə sordu və oturduğu sandalyada rahatsız bir vəziyyət aldı.
Fərəməz soyuq bir tövrlə:
– Yox, yox! – deyə gəlib yerində oturdu. Sonra sönük təbəssümlə:
– Çoxdan aptekə gəlmirsiniz.
Fərəməz gülümsədi:
– Sağalmışam, – deyib Tosyanın üzünə baxdı.
– Siz sağaldınızsa, məni xəstə hala saldınız, – deyib başını aşağı saldı, görünür, gözləri yaşardı. Bir-iki dəqiqə sükutdan sonra gözlərini silib, başını yenə yuxarı qaldırdı və naləli bir səslə:
– Neçin bir neçə ay əvvəl təsadüf bizi bir-birimizə rast gətirdi?
Qız idim, qayğısız idim, gündüzlər işləyib, axşamlar dul anamın yanına çəkilərdim. Həyat mənə göydə uçuşan buludlar kimi şən və yüngül görünərdi. Uzun qış axşamlarını roman oxurdum, eşq macəraları ilə əylənirdim. Onlar mənə gülünc görünərdi... Nə qədər yanılırmışam. Həyat təsəvvürümün əksi imiş...
Tosya son sözü söylərkən səsi qırıldı. Yenə başını aşağı saldı. Bütün bədəni diksinirdi.
İndiyə kimi laqeyd duran Fərəməz Tosyanın əllərini gözlərindən ayıraraq:
– Tosya, Tosya, indi bu artıq çocuqluqdur. Bu göz yaşları nəyə lazım ki?
Tosya hönkürərək:
– Hər kəs mənim vəziyyətimdə olsa ağlar. Bəzən başıma hava gəlir. Zarafatmı, qızlıq tacını çaldırmaq, gülünc olaraq tərk olunmaq, indi də... iki aylıq...
Fərəməz cəsarətlə:
– Nə böyük iş imiş. Çocuq var, saldırmalı. Ən asan bir iş. Bu qədər sentimentallıq nəyə lazım? Durun üzünüzü yuyun, çay ismarlayım, içək. Boş bir işdən ötrü nəşəmizi pozmayın.
– Sizin üçün asan işdir.
– Asan olmamış nə var ki?..
Tosya ayağa durub, masanın üstündən zərfi götürdü, cibinə qoydu və qapıya yönələrək:
– Verdiyiniz məsləhətlərə qarşı təşəkkür edirəm. Fərəməz onun qarşısını kəsdi və getməyinə mane olaraq:
– Axmaq olmayın. Vəziyyətinizin çarəsi var. Saldırmağa mən hazıram.
Tosya büsbütün hiddətləndi:
– Buraxınız, gedirəm. Anam məni gözləyir. Buraya məsləhət üçün gəlməmişdim.
– Bir az oturunuz, sonra gedərsiniz.
Tosya mətanətli səslə:
– Buraxınız! Məni də özünüz kimi vəfasız bilməyin. İki aylığın dərdi sizə düşməz, o mənə aiddir, o mənim ilk və son eşqimin məhsuludur. O, bir zaman, siz məni sevən vaxtlar, sizin idi; indi sizin deyil.
Onun anası mən və atası qəlbimdə yaşayan eşqdir. Çəkilin! – dedi və Fərəməzi itələyib, otaqdan çıxdı. Bu çıxış elə bir surətlə oldu ki, Fərəməz onu təşyi etməyə belə fürsət tapmadı.
Gecə düşmüşdü. Bir neçə dəqiqə əvvəl sıxıntılı görünən otaq sanki istirahət saçmağa başladı. Fərəməz güzgünün qarşısına gəlib, bığlarını düzəltdi, nə düşündüsə gülümsədi və sonra qalxıb zəng düyməsini basdı. Bir dəqiqə sonra xidmətçi qız hazır oldu. Fərəməz oynaq bir halda:
– Samovarı gətir, – deyə əmr verdi.
1 Ey qardaş bu dünya heç kəsə qalmayacaq
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-birinci-kitab-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb, başını mütəkkəyə söykədi:– Get, yat, aşıb daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!..
MərsiyəxanPəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.