Contents
  1. Iı. beynəlmiləl əlaqə
  2. Iıı. elçilər göndərməlidir
  3. Iv. istanbul səfarəti
  4. V.əfkari – ümumiyyə
  5. Vı. ingiltərə ilə dostluq
  6. Vıı. iran və biz
  7. Vııı. ermənistan və biz
  8. Ix. gürcüstan və biz
  9. X. denikin qorxusu
  10. Xı. bolşevik qorxusu

Page 5 of 6 · 67%

Vııı. ermənistan və biz

Erməni hərəkatı tarixi göstərir ki, bu millət iki yüz sənədən bəri Avropaya müraciət edib, onlardan kömək gözləyir. Və hər müraciətlərini xristianlıq naminə, dindaşlıq adına söyləyir. Təbiidir ki, avropalılar vədlər etmiş, hissiyyat oxşayan sözlər söyləmiş, lakin məsələ həll olunmamışdır. Keçən əsrdən başlamış erməni məsələsi böyük əhdnamələrdə də qeyd olundu. Berlin əhdnaməsinin 61-ci və Ayastefanus sülhnaməsinin 16-cı maddələrində ermənilər xatırlanır. Lakin yenə məsələ sonra basdırıldı. Təkrar-təkrar Avropa vicdanına dindaşlıq naminə müraciət olundu. Əvəzində bəlli oldu ki, Ingiltərə donanması Ararat dağına çıxmağa müqtədir deyil. Bismark bütün erməniliyə bir alman əsgərinin gəmiyini (sümüyünü) dəyişmək istəmədi. Rus da erməniləri xilas yox, Ermənistanı istila etmək xahişində bulundu; yəni ermənidən boşalmış Ermənistana malik olmaq meylini göstərdi.

Ermənilər məyus olmadılar. Təkrar əvvəlki yollarında çalışdılar. Müharibədən əvvəl yenə erməni məsələsi siyasət sahəsinə çıxdı. Lakin yenə həll olunmadı...

İki yüz illik bir tarix göstərdi ki, dindaşlıq naminə olunan müraciətlər bütün erməni qırğını ilə itmamə yetişir.

Neyçün?

Məsələ aydındır. Siyasətdə hissiyyat yoxdur. Siyasət nə din, nə insaniyyətpərvərlik – heç bir şey tanımaz. Siyasətin əsl əsası faydadır və bütün siyasi və beynəlmiləl münasibətə dair məsələlər fayda nöqteyi nəzərindən həll olunur. İki yüz sənə bağıran, göz yaşı tökən və qan axıdan bir millət etinasız qaldı. Səbəb bu ki, bunların istiqlaliyyəti avropalılara faydalı deyildi. Bu istiqlaliyyət bəzilərini belə qorxudurdu: məsələn, Rusiyanı.

İndi yenə erməni məsələsi meydana çıxır. Bunun həlli bizi də maraqlandırmaya bilməz. Ermənistan bizimlə həmsərhəd bir dövlət olduqda, iki qonşu dövlət əlaqəsini yoluna salmalıdır. Biz erməni istiqlaliyyətini tanımaq istərik və istərik də aramızda davamlı bir sülh olsun. Lakin erməni ədaları bu sülhü pozur. Ermənilər etnoqrafi cığırlarından çıxırlar.

Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz arasında təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdi.

Əgər bu xəritə erməni milli amilinin şəkli isə, onda erməni məsələsi yenə bir çox münaqişə və mucadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır. Halbuki Qafqazda asayişin təmini məsələsinin etnoqrafi dairədə həll olunması ilə mərbutdur. Uzun bir təcrübə göstərdi ki, dindaşlıq ilə siyasət arasında böyük bir uçurum var.

Qafqaz məsələsini həll etmək üçün öncə qafqazlılar öz aralarında anlaşmalıdır.

Bizim etiqadımız bundadır ki, Qafqazda yaşayan üç böyük millətin faydası yalnız qarşı anlaşmaya bağlıdır. Köhnə ədavəti unutmalıyıq. Siyasət kin və intiqam bilməz.

Bu günkü gün həmsərhəd Ermənistanla Azərbaycanın faydası nələr tələb edirsə, onu əmələ gətirməyə çalışmalıyıq.

Erməni ilə Azərbaycan məsələsinin təbiətində bir çox ümumi nöqtələr var. Ermənilər bizim dil və adətlərimizi gözəlcəsinə bilirlər, bizim mədəniyyətimizi təqdir edirlər. Məsələn, musiqi və teatromuzdan həzz alırlar. Söz arasında “turkasala” deyə bizim məsəlləri işlətməyə alışmışlar. Çox vaxt türkcə danışırlar...

Bunlar bunu göstərir ki, iki millət arasında sıxı bir rabitə var. Dostluq ilə yaşamaq üçün böyük bir zəmin mövcuddur. Lakin siyasətin əyri yol ilə getməsi iki millətin dostluğunu və asayişini pozur.

Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb, doğru yola gəlməlidirlər. Və əmin olmalıdırlar ki, erməni dərd və istəyini avropalılardan tez başa düşərik.

Ix. gürcüstan və biz

Gürcüstan ilə dostluğumuz ən təbii bir haldır. Şimalda rus qorxusu və cənubda ola biləcək intriqalar gürcülər ilə azərbaycanlıları kip dostluğa məcbur edir. Iki müstəqil dövlət üçün də hər işlərinə təcavüz edən qüvvələrə qarşı bir hazırlıq lazımdır. Bu dövlətlər hücum üçün deyil, müdafiə məqsədilə birləşdilər və əqd yapdılar. Bu əqdin sabit qalacağına əminik.

İki dövlət arasında olan dostluq yalnız faydaya bağlı olduğunu söyləmişdik. Gürcüstan-Azərbaycan dostluğunun iki tərəf üçün də böyük faydası var. Şübhə ola bilməz ki, həm Gürcüstan, həm də Azərbaycan müstəqil yaşamaq istəyir. Böylə olduqda Gürcüstan üçün bir qorxu baş versə, axırda xətəri Azərbaycana da toxunacaq. Bu iki məmləkətin hürr yaşaması bir-birinə bağlıdır. Biri asudəliyini itirsə, o birisi də itirmək məcburiyyətində bulunar. Qafqazın dağlarını Qara dənizlə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik. Açıq dənizə yolumuz olmadığı üçün ölkəmizə mal ixrac və idxalını Gürcüstan təriqi ilə edəcəyik. Dost bir dövlət bizə bu yolda maniələr təşkil etməyəcək və ya ağır şərtlər qoymayacaq.

Gürcüstan ilə aramızda qovğalı bir məsələmiz yoxdur. Acar məsələsi aramızda soyuqluq doğura bilməz. Bu məsələnin iki dövlətin faydasına uyan bir şəkildə həll olunmasına əminik.

Ümumi fayda üçün Gürcüstana maddi köməkdə bulunmalıyıq.

Bizim üçün əhəmiyyətli bir məsələ də var. O da məmləkətimizdə sadiq məmurlar yetişdirmək. Lakin bu günün işi deyil. Məsuliyyətli məmuriyyətləri öz əlimizdə saxlamalıyıq. Özumüzdə adam az olsa, gürcülərdən gətirməliyik. Yoxsa istiqlaliyyətimizə düşmən bir çox məmurlar bəsləyirik. Bunlar Denikinin gəlməsini cani-dildən gözləyirlər. Xəyanət olmamaq üçün məsuliyyətli yerləri dost əlinə verməlidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 min
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 min
Qoca nənənin ölümü münasibətilə

İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını açıb-yumdu. Vəssalam.Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, gör nə oldu.

6 min
Qusar mülkədarları

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşlı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümsədi:

4 min

Poems by other poets