«Yeni Fars»
Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və saadət fikirilə dolu idi. Qantorların birində az maaşa qulluq edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa edirdi. Qəzetlər yazıb bir dəqiqə nəfli qiraətdən çəkinmirdi. Gərürdün İranlı məktəblərində şura olanda camaata bir səs düşdü; hazırun bir-birinə müracəətlə: «Ağa mirzə-Əli gəldi» deyib gözlərini məclisin yuxarısına tikirdi. Ağa Əli çıxdı… gözləri fikirli siması, ciddi, zehnində guya bir ağır fikir tutub, ehmal tərpənir ki tökülüb məhv olmasın.
Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib ağzını açdı… Məclisdə adətdən kanar sakitlik bərpa oldu. Bir kərbəlayı gözlərini qırpmağa cəsarət, bir məşədi öskürməyə cürət etmədi. Natiq ağzından dür tökürdü, sədəf səpirdi. Xoş sovt ilə söylənən sözlər təkcə-təkcə almas dənələri kibi, düşüb göz şüşələrinə rəxnə saldı: Odlu yaşları yığıb toplamağa bir hacı və bir molla dəsmalı qadir ola bilmirdi. Natiq İranın əsəf-əngiz hali-hazirəsini təsvir edirdi. Qabil, kamil, maharətli bir qələm ilə geniş aydın bir lovhə cızıb hazırunun önünə qoydu: bir tərəfdə mə’murlar camaatın qanını soruvb özləri üçün imarətlər tikirlər, bir tərəfdə ruhanılar öz cibi xatirəsinə «lay, lay!» deyib xalqı cəhalətə, xabi-qəflətə sovq edirlər; seyidlər lotuluğa dini bir rəng verib müftəxorluğa meydan açırlar. Bəylər, xanlar, ağalar, quldurlar… zor və güclərindən istifadə edib, əsnafa olmazın zulum, əziyyət və məşəqqətini edirlər… İran bir zulum bir vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv edir!.
Budur bir ayrı lovhə-cəmi İran arvadları, matəm libası geyib, öz günlərinə ağlayırlar. Bilümum mənbəi-tərbiyə və bilxüsusi mənbəi-nicati-müslimin ədd olunan analıq tapdalanıb əzilir. Analar təbii vəzifələrini itirib, aləti-keyf, aləti-ticarət olublar. Kamil ikən naqis, balığ ikən səbi ədd olunub qəyyimlər riyasəti-cahilanəsinə veriliblər. Bunlar arvadları xırda vaxtından ərə verirlər, döyürlər, söyürlər; kəbin altında neçə illər saxlıyırlar, çürüdürlər. Ömürləri zəhərlənir, şəxsiyyətləri təzyiq altında itir… Arvadlarımızın ictimai vəziyyətləri fənalaşdıqca, uşaqlarımızda tərbiyəsiz böyüyəcəklər; tərbiyəsizdən də vətən mühafəzəsi, millət qeyrəti gözləmək olmaz!… İran batır! İran fovt olur gedir! O qoca İran bu gün-səbah əcnəbilər arasında təqsim olunmağa hazırlanır…
Natiq nitqində davam edirdi. Yenə əvvəlki kibi xoş sovt, sözləri aydın, simasında ciddi bir səmimiyyət, qəlbi bir iztirabi milli ilə dolu. Hazırun da əvvəlki minval ilə sakit, samit, gözləri natiqdə, qulaqları dürdanə yığmaqda.
Natiq qurtardı, son sözləri: Yaşasın İran! Ölsün qanını soran mə’murlar! Məclisdə top kibi açılan alqışlara səbəb oldu. Hazırun bir-bəbir natiqin əlini sıxıb izhari-riza və məhəbbət etdilər belə də şad, belə də baxtiyar evlərinə dağıldılar.
Ağa Əlini tanımıyan yox idi, onun millətçiliyi hamıya mə’lum idi. İran və Qafqazda bir qəzetə yox idi ki, onun nitqilərini dərc edib oxucularına mə’lum etməsin. Tehranda yeni fars mühafillərində ağa mirzə-Əlinin fəaliyyətinə artıq mə’na verilib, böyük umudlar bağlanırdı.
Bir gün Ağa Əlini qonsul çağırıb Xanviran şəhərinə rəisi-nəzmiyyə tə’yin olunmağını xəbər verdi. Üç gün çəkmədi Ağa Əli qantordan iste’fasın verib, yığışıb İrana getdi.
Bir il keçdi. Bu bir ildə Ağa Əlidən bir aydın xəbər belə bilmədik. Hərdən Xanviran şəhərindən gələn qasidlər xəbər verirdilər ki, Ağa Əli-xan dalında yüz qazax, hakimlik eliyir: basır, kəsir, öldürür, döyür; cəmi şəhər və ətrafı ona tabe’dirlər; «Öl desə, borcları dır ölsünlər». Özünün də yaxşı imarəti, nökər-naibi, fərraşları… kisinin cəlalı var!
Bir də rəfiqlərindən biri deyirdi ki, Ağa Əli-xan yazıb məndən yaranal sırması (çin) və şaşka istəmişdi, mən də köhnə paltar satanlardan bir cüft yaranal sırması və şaşka alıb göndərdim.
Daha bunlardan savayı Ağa Əli barəsində bir ayrı əhval bilə bilmədim. Bir axşam balqonda oturub, çay içdiyim yerdə gördüm küçədən toz qopdu: qabaqca iki fayton arvad uşaq, dalca üç dörd ağır yüklü araba gəlirdi. Faytonun birində Ağa Əlini tanıdım.
Bir ay çəkmədi Ağa Əlinin üç dörd yerdə böyük mülk almağını eşitdim. Xəbər verdilər ki, Ağa Əli banqa neçə min manat pul qoyub; deyirdilər: İrandan gələndən bəri neçə min manatlıq xalı, daş-qaş və qızıl satıb.
Xülasə bir il bundan qabaqkı millətpərəst qantorçu bu il bir dəfə də olsa daha millətin adını tutub yad etmir.
Dünən küçədən ötürdüm, bir də gördüm bir darvazaya üç dörd baş gözləri açıq arvad yığılıb, daş ilə qapını döyəcləyib sındırırlar və ağızlarına gələn fühşü verirlər.
«Binamıs, – deyirdilər – dörd arvadı qoyub hələ gəlib rus qızı da saxlıyırsan! Yeyə durmayacaq idin, bizi İrandan gətirib niyə avara qoydun?»
Arvadların səsinə qapı açılıb köynəkli bir cavan çıxdı. Cavan arvadları görcək əlini daşa atıb, istədi bunları vursun, bir də arvadlar tökülüb cavanı basmarladılar. Bir dəqiqədə cavanın paltarı əyinindən şır çıxdı. Arvadlar cavanın baş gözünü yolub, qol qılçasını dişlək və çimdikdən çıxardılar. Cavan gördü bunlar bunu öldürməmiş əl götürməyəcəklər – baş götürüb köynəkçək aşağı qaçdı.
Bu cavan bizim vəqəmizin qahramanı, yeni fars idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-yeni-fars
Use ← → keys to move, R for a random poem
More by this author
BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Ədəbi dövrün başçısıƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.
Teatr pərəstişkarıTEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Şəxslərin və hadisələrin tipləşməsiŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ*Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.