Page 3 of 6 · 33%

O qızların hər ikisi ilə onlar elə həmin gecə şəhərin mərkəzində tanış olmuşdular. Qızlar dayanıb taksi gözləyirdi, Nağı ilə Kərim isə restorandan təzəcə çıxmışdılar. İçmişdilər, ancaq o qədər də sərxoş deyildilər. Və Kərim də, Nağı da o gecə, nədənsə, yaman xoşbəxt idi. Tanışlıq qızları aparıb evlərinə ötürməkdən başlanmışdı. Danışıb gülə-gülə onlar bir xeyli piyada getmişdilər. Hardasa boş taksiyə rast gəlmişdilər. Və o taksini şəhərin içində o baş-bu başa dolandırıb qızları xeyli əyləndirəndən sonra Nağı birdən-birə cürətlənib, maşını şəhərin mərkəzindən birbaş bu təzə rayona sürdürmüşdü. Əvvəl qızlar bir az nəm-nüm eləmişdilər. Yol boyu sirli-sirli bir-birlərinin üzünə baxmışdılar. Bir-birinin eyni olan binaların arasında, o taksidə Nağı korhavasına Toğrulun mənzilini axtaranda qızlar sevinmişdi, gülüşmüşdü. Amma burda taksidən düşəndə heç o qızlar da deyəsən geri qayıtmaq istəmirdilər.

Toğrul Nağının da, Kərimin də tələbəlik dostu idi. Toğrulgilin şəhərdəki mənzilində Kərim çox olmuşdu. Amma Toğrulun haradasa təzə mənzil almağından Kərimin xəbəri yox idi. Bunu Kərim o gecə bilmişdi. O gecə, ömründə ilk dəfə, Kərim bu dünyada ehtiyacdan savayı bir ayrı şeyə də xidmət eləyən yurd görmüşdü, mənzil görmüşdü. O mənzilin pərdəsiz pəncərəsindən otağa düşən ay işığını o gecə Kərim bir qızın öpüşlərinə qatıb, səhərəcən icdikcə içmişdi. Və Kərimin ürəyi də elə bil yavaş-yavaş əriyib, o öpüşə, o işığa, o qıza, o gecəyə qarışmışdı. O gecə indi görən hardaydı?.. Və o gecə bir də heç vaxt olmayacaqdısa, bu dünyada yaşamağa dəyərdimi?

“Nağı, Nağı, Nağı”... – dedi.

Və Kərimin ürəyinə isti gəldi, işıq gəldi. Boğazına qəhər gəldi, çünki Nağı Kərim üçün doğrudan da dost olmuşdu, həqiqi dost. O gecə Kərimin xatirinə Nağı qızın yaxşısından keçmişdi, yerin rahatından keçmişdi. O gecə Nağı Kərimi otaqda qoyub, özü (o biri qızla) mətbəxə çəkilmişdi, halbuki hər şey əksinə də ola bilərdi. Və o gecə bir yana dursun, Nağısız bu dünyada Kərim kitab-dəftərdən savayı indiyəcən nə görmüşdü?.. Nağı onun çox nazına dözmüşdü, çox əziyyətini çəkmişdi. Və onların arasında hərdən soyuqluq olmuşdusa, o da ancaq Kərimin qaddarlığından olmuşdu, Nağıda qəddarlıq deyilən şey yox idi.

Nağı beş-altı il idi, necə deyərlər, həyatın axınına qarışıb gedirdi. Bundan ötrü Nağını qınamağa dəyərdimi? O öz hazır namizədlik dissertasiyasını bir tərəfə tullayıb, nə vaxtdan bəri idi ki, ona-buna dissertasiya yazırdı. Hər şeydən xirtdəyəcən doyub, bircə alimliyi çatışmayanlar bağlı qapıların dalında Nağını həftələrlə gecəli-gündüzlü işlədirdilər və hər dəfə bu cür işdən sonra Nağı həftələrlə gecəli-gündüzlü içirdi. Belə vaxtlar, onlar bir-birlərini axtarıb tapanda, yaxud bir yerdə təsadüfən rastlaşanda Nağı Kərimə də hər dəfə mütləq içki təklif eləyirdi və Kərimin içmək istəmədiyinə Nağı heç cür inana bilmirdi. Bu içmək söhbətindən sonra hədsiz təəccüb ilə Nağı hər dəfə uzun müddət Kərimin üzünə baxırdı. Amma Kərimi heç vaxt məcburən içməyə aparmırdı. Kərimin öyüd-nəsihətlərinə də Nağı – eynən belə bir təəccüb içində – dinməz-söyləməz qulaq asırdı. Və gülümsəyirdi, sakitcə, mehribanca gülümsəyirdi. Kərimin bu öyüd-nəsihəti bəlkə doğrudan da gülməli idi...

Və bəlkə ürəyinin bir yerində Kərim öz dostuna bir azca da paxıllıq eləyirdi. Nağının qarışıb getdiyi axın bəlkə Kərimi də özünə çəkirdi. Bəlkə Kərimi özünə çəkən Nağıdakı insani cazibə idi... Son beş-altı ildə Kərim bu cazibədən istər-istəməz aralı düşmüşdü, çünki ayrı cür mümkün deyildi. Bunsuz Kərim nə o dissertasiyanı yazıb qurtara bilərdi, nə onu müdafiə eləyib çulunu bir yerə çıxarda bilərdi. Üstəlik, burası da vardı ki, o dissertasiyada Kərim özünün Nağı ilə neçə illik dostluğuna zərrə qədər də xəyanət eləməmişdi. Əksinə, bu dostluğa, yoldaşlığa bir növ öz sədaqətini göstərmək istəmişdi. Çünki Kərimin namizədlik işi, elmi iş olmaqdan əlavə, həm də haradasa bir növ onların neçə illər boyunca ikilikdə elədikləri söhbətin davamı idi; buradakı fikirlərə onlar haçansa ikilikdə inanmışdılar, buradakı həqiqət bir vaxt onların hər ikisinin həqiqəti olmuşdu. Və bu həqiqətdən uzaqlaşmaq Kərimin nəzərində, hər şeydən əvvəl, ömrü uduzmaq demək idi. Çünki Kərimdən ötrü dünyada ayrı həqiqət yox idi. Və Kərimdən ötrü dünyada ayrı dost da yox idi. Buna görə də, Nağı həyatın, necə deyərlər, axınına qoşulanda, özünə ayrı dostlar tapıb, tamam ayrı cür yaşamağa başlayanda Kərim sınmışdı, sarsılmışdı. Onda Kərim heç ağlına da gətirməmişdi ki, onun üçün hələ də qüvvədə qalan həqiqət Nağıdan ötrü köhnələ bilər. Bunu Kərim bu səhər birdən-birə dərk eləmişdi. Başılovlu evdən çıxıb, gedib Nağını yuxudan oyatmışdı. Və Nağı sevinmişdi, Kərimin gəlişinə də sevinmişdi, toyuna da sevinmişdi. Nağı yorğan-döşəkdən sıçrayıb Kərimi duz kimi yalamağa başlamışdı, halbuki üç-dörd il idi ki, onlar nəinki bir-birlərini itirib-axtarmamışdılar, hətta bir yerdə təsadüfən rastlaşanda da ayaqüstü əl tutub, hal soruşub ayrılmışdılar...

“Nağı, Nağı, Nağı...” – dedi.

Və irəlidəki binalara sarı Kərim elə getdi, elə getdi ki, guya orda – Toğrulun mənzilində Nağı o vaxtdan bəri oturub Kərimin yolunu gözləyirdi.

Guya o qız hələ də orda idi. Guya ay işığı, orda, hələ də içməli idi. Və o vaxtdan indiyəcən ötüb-keçən o beş-altı il də guya il deyildi, vaxt deyildi, Kərimi o işıqdan ayıran yol idi, məsafə idi və bu beş-altı ildə gecəli-gündüzlü getdiyi bir yolun mənzilbaşına Kərim guya indi, nəhayət ki, gəlib yetişmişdi.

Və dünyanın işinə bax ki, bu balkon doğrudan da Toğrulun balkonu idi. Bu mənzildə hələ də heç kəs yaşamırdı. Mənzilin boş olmağı balkonun suvağının tökülməyindən, bir də pəncərə şüşələrinin üstündəki qalın tozdan bilinirdi. Və o vaxtdan beş-altı il keçdiyinə Kərim necə inanaydı ki, açar da qapının sol yanında, çərçivənin böyründən qopmuş kərpic qırığının dalında – həmişəki yerində idi...

Kərim qapını açıb içəri girdi. İşığı yandırmamış birbaş divanın üstünə cumdu. Sonra işığı yandırdı. Eynən o vaxtkı otaq idi: bir köhnə, örtüyü əprimiş divan, bir-iki köhnə stul. Ortadakı dördkünc stolun üstündə açıq konserv qabları vardı, konyak, çaxır şüşələri vardı...

Kərim qayıdıb işığı söndürdü. Üzüqoylu divana uzandı. Stolun üstündəki dörd badəni indi Kərim baxmadan da görürdü. O badələrdə görəsən kim çaxır içmişdi? Görən, burda kim olmuşdu: Nağımı, Toğrulun özümü, yoxsa Kərimin tanımadığı adamlar da indi bura ayaq açmışdılar. Və görən, o badələrdə kimin çaxır içməyinin Kərimə nə dəxli vardı. Bu nə idi, bu necə qısqanclıq idi – o iki qızdan savayı bu dünyada məgər qızmı yox idi?!

O qızlar, o gecənin səhəri Kərimi, Nağını elə buradaca qoyub, tezdən çıxıb getmişdilər. Kərim ilə Nağının onları yola salmağına qızlar razı olmamışdı. Və o səhər nə Nağı, nə də Kərim o qızları aparıb yola salmağa sən deyən cəhd eləməmişdi. Çünki onlar axşamüstü həmin o taksi dayanacağında yenə görüşəcəkdilər. Amma o görüş baş tutmamışdı: o qızlar gəlməmişdilər. O gecə Nağıdan ayrılan kimi Kərim özünü bu mənzilə yetirmişdi və bu divanın qabağında Kərim o gecə ilk dəfə hönkür-hönkür ağlamışdı. Sonra neçə gün dalbadal o, bu mənzildə tək-tənha o qızın yolunu gözləmişdi. Və bu əhvalatı Kərim bir dəfə, içki havasına, Nağıya da danışmışdı. Bu əhvalatı Nağıya danışanda da Kərim köyrəlib, doluxsunub, birdən-birə hönkürmüşdü. Nağı isə nə gülmüşdü, nə də o qızı Kərimin gözündən sala biləcək bir söz demişdi. Əksinə, o vaxt Nağı o qızların heç birinin “o yolun yolçusu” olmadığına Kərimi sakitcə inandırmağa başlamışdı. Sən demə, o gecə bir qəribə təsadüf imiş. O gecənin təsadüf olmağına o vaxt Kərim inanmışdı. Və indi beş-altı il keçəndən sonra da, o gecənin təsadüf olduğuna inanmağa Kərimin, bircə Allah bilir ki, nə qədər ehtiyacı vardı...

Kərim üzüqoylu divana uzanmışdı, ancaq bir dumduru ay işığını o, xəyalında hələ də görürdü. Bir də Kərim xəyalında o dörd badəni görürdü. Və o işıq o dörd badəni elə bil Kərimin gözləri qabağındaca yavaş-yavaş əridirdi, udurdu – Kərim yuxulayırdı.

III

Haradasa bir tanış dərədə, bir ağappaq işıq dumanının üstündə Kərim rahatca oturmuşdu. Bir kimsəsiz çöl-biyaban idi. Bir ağımtıl-gümüşü rəng idi və o ağımtıl-gümüşü aləmin dumduru aynasında indi Kərimin gözünə cürbəcür əfsanəvi kölgələr görsənirdi: dağ kölgəsi, ağac kölgəsi, kol-kosun kölgəsi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 min
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min

Poems by other poets