Page 4 of 6 · 50%

Və indi Kərimin burnuna haradansa, şehqarışıq, südqarışıq körpə ot iyi dəyirdi. Amma o düzdə-dərədə bir dənə də ot yox idi, yaxud ot o dərəni doldurmuş ağappaq işıq dumanının altında qalmışdı – Kərim o otu görə bilmirdi.

O ağappaq işıq dumanında Kərim dünyanın ən tanış ağaclarının ayaq üstdə dayanmış kölgəsini görürdü. Bir tanış dağ. Bir necə tanış kol-kos. Ancaq o dağ da, o kol-kos da, o tanış ağaclar kimi, Kərimin gözləri qarşısındakı düz dolusu, dərə dolusu işıq dumanının üstündə yalnız kölgə idilər, görnük idilər; ya o ağ dumanın ağlasığmaz gözəlliyinin daha qabarıq görünməyindən ötrü dayanmışdılar, ya Kərimin haçansa bu dünyada öz dağları, öz ağacları, öz kolu-kosu olduğunu yada salmaq istəyirdilər, yaxud bura nə düz idi, nə dərəydi, bir ayrı planet idi ki, Kərimin haçansa gördüyü dağın, düzün, dərənin bura, bir müxtəsərcə, şəkli düşmüşdü.

Və görən bu nə sirr idi ki, dərənin başındakı o kənd Kərimin yuxusuna da ağ donda, ağ işıqda gəlmişdi. Və Kərimin, haçansa, hər daşını, hər kolunu-kosunu tanıdığı o kəndi, indi ay o dərənin başında, elə bil, Kərimdən ötrü, öz ağ qanı ilə təzədən rəsm eləmişdi: ev-ev, küçə-küçə, parça-parça işıq rəsmləri...

O işığın bir parçasının üstündə bir axşam Kərim nənəsinin əlindən yapışıb bir məsciddə çıraq yandırmağa getmişdi ki, müharibə tez qurtarsın və təkcə Kərimin atası yox, o kənddən müharibəyə gedənlərin hamısı müharibədən sağ-salamat qayıtsınlar.

Bir gecə Kərimin nənəsi o Aya yalvarmışdı ki, o zalım Hitlerin də ürəyinə bir zərrə mərhəmət işığı salsın və başqa bir gecə yazıq qarı yenə Aya üz tutub, o işıqdan bir zərrə də kolxoz sədri Səməndərlə kolxoz qaravulçusu Heybətin payına istəmişdi, çünki kolxoz sədri Səməndər, onların bir vaxt çıraq yandırıb qoyduqları o məscidin qapısını çıxartdırıb, kolxozun tövləsinə saldırmışdı və kolxoz qaravulçusu Heybət bir ətək alçadan ötrü kor Qıztamamın yetim nəvəsi Laləzarın donunu cırıq-cırıq eləyib, qızın abrını-ismətini çölə tökmüşdü...

O işığın bir parçasının üstünə bir gecə bir qara tabut qoyub, bir səhər Kərimin nənəsini o tabutda qəbiristanlığa aparmışdılar... O işığın bir parçasının üstündə bir vaxt, kinodan sonra, bir kəndin ən gözəl qızı yerimişdi... Və o işığın bir parçasının üstündə Kərim indi rahatca əyləşmişdi. Bir azdan durub gedəcəkdi...

Kərim hara gedəcəyini bilmirdi. Bircə onu bilirdi ki, mütləq getməlidir. Ancaq Kərim hələ ki, heç yana getmək istəmirdi. Hələ Kərim dincəlmək istəyirdi. Bu kimsəsiz, səssiz-səmirsiz dərədə, bu ağappaq işıq dumanının üstündə Kərimin, hələ gün çıxanacan, dincəlməyə vaxtı vardı. Və bəlkə buna görə bu qəribə yuxuda Kərim günəşin çıxmağından yaman qorxurdu.

Kərim günəşin çıxmağından ona görə qorxurdu ki, günəş o ağappaq dumanı dağıda bilərdi, o tanış kölgələri yer üzündən itirə bilərdi.

Gün çıxıb, o aləmin südqarışıq, şehli nəfəsini uda bilərdi. İlanı-ilbizi oyada bilərdi. Bülbülləri, cırcıramaları oxuda bilərdi.

Günün işığında orda-burda kol-kol, topa-topa qızılgüllər aça bilərdi. Məhəbbət, fars dilində, yenə şeir ilə öz şirin-şəkər dastanını başlayırdı. Ənnik-kirşan qoxusu dünyanı doldurardı.

Gün çıxsaydı, ağaclar meyvə gətirərdi. Dağlar baldırğanını, kollar böyürtkənini doğub dünyaya tökərdi. Kərim nə böyürtkən, nə baldırğan istəyirdi: daha onun dünya malında gözü yox idi.

Gün çıxsa, vaxt oyanardı: dərs vaxtı, biçin vaxtı, xırman vaxtı... Bir də Səməndər sədr olduğu o vaxtlar ki, bu dərənin hər daşında-çınqılında neçə-neçə yalın ayağın al-qırmızı qanı vardı.

Gün çıxsa, o daşlar da ayıla bilərdilər. Əvvəl səssizcə sızıldayıb, sonra elə hönkür-hönkür ağlaşardılar ki, – heç orada, bir ağ bulud topasına bənzəyən o dağın arxasında, kolxoz idarəsinin qabağındakı uzun dirəyin başında cani-dildən marş çalan o radionun səsi də bu səsi batıra bilməzdi. O daşlar hələ ki, susurdu. Səməndərin sədr olduğu o vaxtlar da – öz biçini, bostanı xırmanı ilə birgə – sanki haradasa dünyanın gün düşən, taxıl yetişən, səsli-küylü, bostanlı-xırmanlı uzaq bir guşəsində idi. Orada istidən qarsımış yollar vardı. O yollarda isti-isti daşlar vardı və bir uzun dirək başında bir ağzı aralı dəmir parçası da vardı ki, öz güclü, gur səsi ilə bir dəstə ayaqyalın adamı, analı-balalı, harasa tələsdirirdi. O radio bir də oradakı vaxtı tələsdirirdi. Burada isə vaxt yox idi. Nə taxılı biçiləsi zəmi, nə taxılı döyüləsi xırman, nə isti, nə soyuq vardı. Və bəlkə buna görə də bu yerlər Kərimin nəzərində bir azca da başqa planetlərə oxşayırdı...

Bu qəribə yuxuda Kərim bu tanış düzü-dərəni, hələ gün düşməmiş, mütləq ötüb keçməli idi. Bəs niyə getmirdi, nəyi gözləyirdi?.. Bəlkə Kərimi bu yerlərin havası tutmuşdu – keyitmişdi, məst eləmişdi, haldan-halətdən salmışdı. Bəlkə vaxt olmayan yerdə hərəkət də ola bilməzdi. Və bəlkə bura doğrudan da bir ayrı planet idi ki, onun hərəkət qanunları Kərimə məlum deyildi.

Və Kərim birdən-birə, görəsən, bu süstlüyün-sakitliyin ölümə yamanca oxşadığınımı hiss elədi, yoxsa bu gözlənilməz rahatlığın, həddindən çox olduğuna qəflətən şübhələndiyinə görə diksindi. Və birdən gözlərini açıb, burada, bu otağın alatoranlığında da bir tanış kölgə görəndə Kərim bir müddət gözlərinə inanmadı. Bu kölgənin təzəcə yuxuda gördüyü o tanış ağacların kölgəsindən Kərim uzun müddət ayıra bilmədi. Otaqdakı kölgə isə, doğrudan da, Nağının kölgəsi idi. Nağı otaqda ehtiyatla gəzinirdi – elə bil Kərimin yuxudan ayılmağını gözləyirdi.

IV

Kərimin yuxudan ayıldığını görəndə Nağı heç nə demədi: kirimişcə işığı yandırdı, kirmişcə stola yaxınlaşdı. Stolun üstündəki içki şüşələrinin içindən Nağı bir ağzı açılmamış çaxır şüşəsi tapdı. Şüşənin tıxacını dişi ilə qoparıb yerə saldı. Şüşəni başına çəkib, o çaxırdan, nəfəsi təngiyənəcən, qurtaqurt içdi. Bundan sonra xeyli vaxt Nağı dinməz-söyləməz o şüşənin dibində qalan çaxıra tamaşa elədi. Gözünü şüşədən ayırıb Kərimin üzünə baxdı. Və Nağı Kərimin üzünə baxıb, aşkar müqəssircəsinə:

– Sənə olmaz, – dedi. – İçki səni xarab eləyir.

Kərim bir söz demədi, çünki bu qəribə gecədən o, hələ də heç nə başa düşmürdü. Kərimə elə gəlirdi ki, onun yatdığı vaxt ərzində dünya yerini dəyişib: elə bil bu çağacan bu otaq indikindən bir xeyli ucada olmuşdu, bu divanı elə bil hansı ucalıqdansa götürüb, yerin lap tərkinə qoymuşdular, o stol da, o stolun üstündəki badələr də, şüşələr də, hətta Nağının özü də elə bil bir naməlum ucalıqdan indicə yerə enmişdi. Sanki dünya birdən-birə haradansa bir xeyli aşağı düşmüşdü və dünyanın bu sirrindən Kərim heç cür baş çıxara bilmirdi.

– Hələ düzəlməmisən?

Kərim Nağıya nəsə dedi, ancaq səsi çıxmadı, çünki Kərimin səsi də elə bil haradasa aşağıdaydı, bir naməlum dərinlikdəydi – öz səsini oradan qaldırmağa Kərimin gücü çatmadı.

Nağı çaxır şüşəsini götürüb dodağına yaxınlaşdırdı, amma içmədi.

– Əntiqə yatmışdın! – dedi. – Lap dovşan balası kimi. Oyatmağa ürəyim gəlmədi. Ə, sən öl, sən dovşana oxşayırsan, Kərim. Vijdan haqqı, oxşayırsan... Ə, sən niyə dovşana oxşayırsan, Kərim?

Nağı şüşəni ağzına dirəyib, bir-iki qurtum da çaxır içdi, sonra şüşə əlində, əyilib-qalxıb ləzzətlə gülməyə başladı. Və elə bil Nağının içdiyi çaxırdanmı, onun gülməyindənmi, ya nədənsə Kərimin canına bir balaca güc gəldi, qüvvə gəldi.

– Çox yatmışam?

– Məndən soruşursan? – Nağı gülməyini qurtarıb, çaxırdan bir-iki qurtum da içdi. Şüşəni yerə qoyub, siqaret yandırdı. – Bura nəyinən gəlmisən ki?

– Bilmirəm.

– Yəni elə dəm idin?

Kərim mat-məəttəl Nağının üzünə baxdı.

– Yox, – dedi, – dəm deyildim.

– Taksiynən gəldin?

– Yox.

– Bə nəyinən?

– Heç nəyinən.

Deyəsən Nağı təzədən gülməyə hazırlaşırdı, ancaq gülmədi. Şübhəli-şübhəli Kərimin üzünə baxdı.

– Olmaya dəmsən hələ?

Kərim bir söz demədi, çünki bu “dəmlik” məsələsindən də o hələ ki, heç nə qana bilmirdi.

Nağı təzəcə yandırdığı siqareti konserv qabının içində sıxcalayıb söndürdü.

– Mən gərək o arağı sənə içirtməyəydim, – dedi və bir azca duruxub, sonra gözlənilmədən elə bil bir növ əsəbiləşən kimi oldu. – Ə, birdən ağlına ayrı şey-zad gətirərsən ha... Elə bilərsən ki, səni qəsdən içirtmişəm...

Və Kərim Nağının üzünə baxmadan:

– Yox, əşi, nə danışırsan? – dedi. Sonra başını qaldırıb Nağının üzünə baxdı.

Amma Kərim Nağının üzünə gərək baxmayaydı. Nağının sifətində birdən-birə peyda olmuş eybəcər işartını gərək Kərim görməyəydi, çünki o eybəcər işartı Kərimə bu dünyanın özü qədər tanış idi. Və bu qədər tanış olan bir dünyada Nağını bir əlçatmaz mərtəbəyə qaldırıb, bir məchul ucalıqda axtarmağa, bu səhər açılandan bəri, Kərimi görən nə vadar eləmişdi?.. Və görən Nağının üzündəki o işartı necə işartı idi ki, Kərimi, bu səhər açılandan bəri, əhatə eləyən o dumanlı qəribəliyi də dünyanın üzündən bircə anın içində tamam itirə bilmişdi... Elə bil birdən-birə Kərim, bayaqdan üstündə əyləşdiyi divandan da iyrənib, cəld ayağa qalxdı. Bu saat o, nədənsə, Nağıya bir ağır söz demək istəyirdi. Yaxınlaşıb hirsli-hirsli:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 min
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min

Poems by other poets