Güllü paltar mövsümü
Page 7 of 7 · 86%
– Amma olur, qadası. Dünyada ara-sıra belə-belə işlər də olur. Hər halda o gülülün əhvalatı belə olmuşdu. O gülül Buzbulaqda yəqin ki, indi də var. Amma yox, inanma ola, çünki gülül yerli toxumun tərkibində idi və Buzbulaqda o toxumun kökü çoxdan kəsilib. Bir az camaatın səhlənkarlığından. Bir az kolxoz başçılarının kəramətindən. Bir az o səbəbdən, bir az bu səbəbdən... Bir də sən bilməlisən ki, qadası, Kərim olan yerdə ömründə saf toxum qala bilməz. Saf toxum sən heç bilirsənmi nədi? Saf toxum qəliz şeydi, qadası. Elmdi. Fəlsəfədi. Məktəbdi. Təkcə qarın üçün deyil, həm də qədr üçündür... “Xiyar dedi: çinar qardaş, mən neynim ki, çatım sənə? Çinar dedi: “Çatammazsan, çünki qarın ağacısan...” – Sözə bax: “qarın ağacı”. Allah sənə min-min rəhmət eləsin, Güləli müəllim... Bəli, o toxumu Əli oğlu Səməndər kimi nər kişi də saxlaya bilmədi. Buna görə də heç o Əli oğlu Səməndərin də bu saat həmin o Buzbulaqda sən deyən hörməti-zadı yoxdur. Əli oğlu Səməndərin bir-iki pətəyi var, bir-iki toyuğu var, Əli oğlu Səməndərin başının altında bir tikə çörəyi var. Və o çörəyi yeyə-yeyə Səməndər kişi indi bala-bala ömrü başa vurur. İndi Səməndər kişi həyətindəki ağacların dibini belləyir, pətəklərinə ruzu qoyur. Və o pətəklərin birinci – may balını kəsəndə yəqin ki, Səməndər kişi qonşusu Kərimə də pay göndərir, çünki Buzbulaqda əyyami-qədimdən həmişə belə olub: inəyin doğdu – bulamasından, qoyun kəsdin – ətindən, bal kəsdin – balından qonşunun payını mütləq göndərməlisən. Səməndər kişi Kərimin payını mütləq göndərir, amma yeri düşəndə o, öz zarafatından da heç vaxt qalmır. Məsələn, Səməndər kişi Kərimə deyir ki, sən köhnənin qurumsağısan, hətta arvad-uşaq qulağından uzaq yer olanda Kərimin zatbazatını da bir müxtəsər qatıb-qarışdırır. Amma nə ləzzəti? Belə şeylər Kərimin heç vecinə də deyil, çünki Kərim yaxşı bilir ki, belə şeylərin dərininə getməyin kolxozun toyuq fermasına bir qara qəpiklik xeyri-ziyanı yoxdur. Bir də Kərimin vaxtı hardadı ki, belə şeylərin dərininə gedə. Kərim kolxozun toyuqlarına baxır və bu kolxoz toyuğunda belə bir xasiyyət var ki, yumurta azdırmağa yaman həris olur. Görürsən ki, hin qaldı bir tərəfdə, getdi verdi özünü bir kolun dibinə. Özü də bu damazlığı kəsilmişdə belə bir xasiyyət də var ki, yumurtlayanda birmərrə səsini çıxartmır. Çıxartmır ki, biləsən: gedib harda yumurtlayıb. Əgər Kərim belə-belə şeylərin dərininə gedəsi olsa, onda bəs o yumurtaları kolların dibindən kim axtarıb tapmalıdır? Üstəlik, Kərimin gözü də, öz dediyinə görə, bir o qədər yaxşı görmür. Bir yandan da – Buzbulağın uşaqları. Hələ Kərim gedib o kolların dibinə çatmamış, Buzbulağın uşaqları o yumurtaları, nə ki var, yığışdırıb aparırlar. Buna görə də kolxozun yumurta planı çox vaxt dolmur. Buna görə də çox vaxt planı verməkdən ötrü, Kərim bəzi-para, xırda-xuruş kələk-mələk işlətməli olur. Yəni, bir də baxıb görürsən ki, budur Kərim, əlində iki zənbil yumurta, hıqqanahıqqana gəlir. Kərim kişinin o yumurtaları hardan gətirdiyini, neçəyə alıb gətirdiyini Buzbulaqda hələ ki, heç kəs bilmir. Kərimin satdığı yumurtanın qiyməti isə bir qayda olaraq, sezondan asılıdır. Məsələn, qışda – onu bir manata, yazda, Novruzqabağı – beşi bir manata. Kərim kişi yumurtanın yazdakı qiymətini yayda da aşağı salmır, çünki yayda Buzbulaqda gəlmə adam çox olur... Bəli, Canəli müəllim, sən, demək, elə bilirdin ki, Fətdah ordadı. Amma sən demə, burdaymış. Burdaymış bu düdəmə... “Bir “beş” sizdən, bir “üç” bizdən...” Aha, tapdıq, deyəsən, Canəli müəllim: o “üç” puldu, ayrı şey deyil, yəni üç yüz manat. Əgər bu it oğlu it üç yüz mənə boyun olursa, deməli, ölüsü bir üç yüz də özünə qalır. Bir “beş”in qiyməti – altı yüz. Üç beşin qiyməti – min səkkiz yüz... Bir elmin qiyməti. Bir institutun qiyməti... Bir... Tfu! Aləm qarışdı yenə. Hə, indi gəl görək, qəşəng qız... Görək sənin öz qiymətin neçədi?
Qız elə bil Canəli müəllimin niyyətini başa düşdü. Qızın sir-sifəti birdən dəyişdi.
– Hansı bileti danışacaqsan, qadası?
– Buy, müəllim, niyə mənə elə deyirsiniz?
– Yaxşı, Dilarə xanım, hansı bileti danışacaqsınız?
– Mən hələ xanım olmamışam, müəllim...
– Deməli hələ xanım olmamısan. Hələ... – Canəli müəllim gülümsədi.
– De görüm bu dünya nədi, qadası?
– Nə deyirsiz, müəllim?
– Deyirəm: dünya nədi?
Yazıq qız Canəli müəllimin şəxsində, deyəsən, nəhayət ki, öz məhrəm adamını tapdı. Birdən-birə qızın qırışığı tamam açıldı. Bayaqkı şübhəsi-narahatlığı bir anın içindəcə çəkilib getdi. Qız nazlandı, nə nazlandı.
– Çətin sual verirsiniz, müəllim.
– Bilirsən, ya bilmirsən?
– Bilirəm. Papam deyir ki, bu dünya bir fındıqdı. Mamam deyir ki... Oy, yadımdan çıxdı! Mamam interesni deyir.
Əvvəl Canəli müəllim Fətdahın göndərdiyi kağızı qızın gözü qabağındaca büküb köynəyinin cibinə qoydu. Sonra qızın imtahan vərəqəsinə kəmali-səliqə ilə “iki” yazdı.
– İndi get, – dedi, – get, qadası... Get mamana de, qoy papana desin ki, bu dünya fındıq-zad deyil. Bu dünya...
Canəli müəllim gözləyirdi ki, qız çoşacaq, hönkurub ağlayacaq, bağırıb aləmi ayağa qaldıracaq. Amma qız nə coşdu, nə ağladı. Durub dinməz-söyləməz qapıya tərəf yeridi. Qapının qabağında dönüb Canəli müəllimə bir də baxdı və səssiz-səmirsiz çıxıb getdi. O getdi, amma Canəli müəllimin imtahanı hələ qurtarmamışdı. İçəridə hələ beş nəfər adam vardı. Ancaq Canəli müəllimin qarşısındakı stol bundan sonra bir müddət boş qaldı. Canəli müəllim danışmağa təzə adam çağırmadı. Bir müddət dinməz-söyləməz o beş nəfərin üzünə baxdı. O beş nəfər də xeyli vaxt gözlərini Canəli müəllimə zilləyib durdu. Canəli müəllim o gözlərdə öz payına bolluca hörmət gördü – onda Güləli müəllim bir də onun yadına düşdü. Belə bir qəribə fasilədən sonra imtahan təzədən başlananda, bu dəfə Canəli müəllim öz-özünə belə başladı:
– “...dünya nodi?.. Dünya sənin bir cüt gözündü. Bəs göz nədi? Göz ağlın çırağıdı. Ağıl nədi? İnsanın həşəratdan, heyvanatdan fərqidi... Onda həşərata-heyvanata göz niyə verilib? Qarın doydurmaq üçün verilib. Bəs insana niyə göz verilib? Dünyanı görmək üçün verilib... Deməli, bu dünyanı görmək üçün insana nə lazımdı, Fəti? Dur, de görüm. Dur o küt beynini bir yaxşı-yaxşı çalxala... Nə oldu, niyə çıxmır səsin! Yenə zillədin üzümə o dana gözlərini. Deməli, bir Quran sözü mən bayaqdan havaya püfləmişəm. Belə isə onda buyur ərz elə görüm, bax o həşəratdan-heyvanatdan fərqin nədi sənin, Fəti? Və əgər indi yoxdursa, bir zaman olacaqmı bu fərq?.. Xiyar dedi: “çinar qardaş...” Heyf, heyf səndən, Güləli müəllim. Belə-belə söhbətlərin ustasıydı Güləli müəllim. Güləli müəllim deyərdi ki: “Dünyanın üzü daşdandı, ətdən deyil, amma belə getsə, onu da murdar ətə döndərmək olar”. Güləli müəllimin dilinin əzbəri idi bu sözlər: filankəs filan yerdə nitq elədi: tüpürdü dünyanın üzünə. Dünən gecə filan şairin kitabını oxudum: tüpürüb dünyanın üzünə. Yox, bala, bu, dərs oxumaq olmadı, bu oldu dünyanın üzünə tüpürmək... Güləli müəllim dərs kitabında bir şey səhv yazılanda da belə deyərdi, pinəçi Allahverdi onun dünyagörmüş başmaqlarını tələsib başdansovdu yamayanda da belə deyərdi. Bir də uşaqlar dərsin mövzusundan uzaqlaşanda. Uşaqlar dərsin mövzusundan uzaqlaşıb, hətərən-pətərən danışmağa başlayanda Güləli müəllim deyərdi ki: “Ə, tüpürmə, dəvə oğlu dəvə. Səni bura dərs danışmağa çıxarmışam”... Güləli müəllimin bu sözləri Buzbulaq məktəbində folklor idi, zərb-məsəl idi. Bu sözləri Buzbulaq uşaqları çayda çiməndə də deyirdilər, kinoya baxanda da deyirdilər. “Ə, Zülfəli, o cür üzmək olmaz axı, dünyanın üzünə tüpürmə”. “Ə, Hilayət, o boş başını bir az aşağı əy, dünyanın üzünə tüpürmə”. Bu sözlərlə Buzbulaq uşaqları gün uzunu zarafat eləyirdilər, amma Güləli müəllim, sən demə, zarafat eləmirmiş... Güləli müəllim hər işini yaxşı bilirmiş bu dünyanın. Altını da, üstünü də bilirmiş... Axı, doğrudan da, qardaş, gəl bir az dərindən fikirləşək: yəni çoxmu böyükdü bu dünya? Axı, nəyi böyükdü bu dünyanın... Bu dünyanın nəyi böyükdü ki, allahın qripi ki var, o da, görürsən dünən Honkonqda idi, bu gün gəldi çıxdı Bakıya. Bakıdan vurdu getdi Leninqrada. Oradan da ayaq açdı başladı bala-bala o tərəfə – Praqaya, Parisə, Madridə, Lissabona... Deməli, dünya doğrudan da bir o qədər böyük deyil. Deməli, dünyanın üzünü tüpürə-tüpürə doğrudan da murdar ətə dödərmək olar. Vo axırda nəticəsi nə olar bunun? O olar ki, dünyada yaşamağa yer qalmaz. Dünyada yaşamağa kimə yer qalmaz? Sənə. Mənə. Əliyə, Aşota, Hansa, Cona, Şarla, Fatmaya, Ancelikaya... Dünya dönüb olar başdan-ayağa fətdahların dünyası. Sönüb gedər Güləli müəllim deyən o ağıl çırağı. İnsanın həşəratdan fərqi qalmaz. Yoxa çıxar toxumların hamısı. Toyuqlar, nə ki var, azdırar yumurtasını. Bütün ağaclar dönüb olar “qarın ağacı”... Bəs sonra? Sonra bu dünya, doğrudan da fındıq olar. Fındıq, canım-gözüm, fındıq. “Bir “beş” sizdən, bir “üç” bizdən”. Yox, kəsmək lazımdı bütün bu fətdahların toxumunu. Silmək lazımdı yer üzündən bunların nəsli-nəcabətini. Nədi? Çətindir? Bəli, çətindir, ona qalsa çox şey çətindi. Bu istidə imtahan götürməyin özü də. Elə bu oğlan da, deyəsən, suala cavab verməyə yaman çətinlik çəkir. Hə, sualımız, demək, belədi ki...
Canəli müəllim biletdəki sualı kəlmə-kəlmə ucadan dedi. Sonra sualın əsas məğzini qarşısında əyləşmiş abituriyent üçün tələsmədən izah eləməyə başladı. Və eyni vaxtda da Canəli müəllim fikirləşdi ki, imtahandan çıxan kimi mütləq vağzala gedib, düz bir həftə qabağa (özü də mütləq yumşaq vaqona) bileti götürmək lazımdır, çünki bu saat qarpızın bol vaxtı idi və belə vaxtda o biri vaqonlardan kifsimiş qarpız iyi gəlmədiyinə Canəli müəllim bir o qədər də möhkəm arxayın deyildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-gullu-paltar-movsumu
Use ← → keys to move, R for a random poem
More by this author
(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Poems by other poets
Yine başladı bülbüller tekellümKılurlar gül firâkından tazallüm
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,