Güllü paltar mövsümü
Page 5 of 7 · 57%
İmtahan otağına başlanğıcda girənlər bir-bir çıxıb danışırdı. Otağa təzə abituriyentlər girirdi, bilet çəkib hazırlaşır, cavab verib gedirdilər. Amma o qız o partada hələ də əyləşmişdi. Və qəribə olsa da, olmasa da, o qızın hələ də orda oturmağı Canəli müəllimin bir növ ürəyindən idi. Hər halda Canəli müəllim qızı tələsdirmək fikrində deyildi.
– Deməli, darıgülü də deyil. Onda bəs bu zəhrimarın adı nədi? Özü də tünd yox, açıq-qırmızı. Təxminən nar gülünün rəngində. Xeyr, nar gülünün qırmızısı da nisbətən tünd olur... Yəqin ki, ədəbi dildə bitki gülünə, meyvə gülünə “gül” demirlər, bunlara, bir qayda olaraq, çiçək deyirlər. Məsələn, alma çiçəyi, heyva çiçəyi, nar çiçəyi... Bəs Buzbulaqda görəsən bunların hamısına niyə gül deyirlər? Amma yox, heç Buzbulaqda da hamısına gül demirlər. Məsələn, gilas... Buzbulaqda heç kəs deməz ki, gilas gül açıb. Deyər ki, gilas çiçək açıb... Gilas çiçək açıb. Ərik çiçək açıb. Badam çiçək açıb... Amma nar... Nar, deyirlər, gül açıb... Nar gül açıb... Yarpız gül açıb. Xiyar gül açıb. Lobya gül açıb... Bir də “güllənib” deyirlər. “Güllənib”, “gül açıb”, ikisi də eyni şeydir... Amma qəribə sirləri var dilin: yarpızın zərrə-zərrə çiçəyinə gül deyirlər, şaftalının barmaq yekəlikdə çiçəyinə elə çiçək də deyirlər... Saxla, saxla. İstiarənin tərifi elə deyil. Bədii obraz başqa şeydir. Tələsmə, asudə danış, görürəm ki, sualı bilirsən... Bəs yaxşı, Canəli müəllim, biz bu zəhrimarın adını tapacayıq, yoxsa tapmayacayıq? Yox, bu qızın nəsə fırıldağı var deyəsən. Oturub mal kimi baxır yenə. Mənim üzümə niyə baxırsan, ay qız? Bilirsən, çıx bura, danış suallarını, bilmirsən, gəl bir yağlı “iki” yazım, əkil başımdan. Əvvəla, mən sənin göz-qaşına qiymət verən deyiləm, arxayın ol. İkincisi, belə paltarnan imtahana gəlməzlər, qadası. Belə paltarnan bulvara görüşə gedərlər. Qaldı ki üçüncüsü... Üçüncü sualı saxla hələ. İkinci sualı yaxşı danışmadım. Orda danışmalı şey çoxdur. Xeyr, mən heç yerə tələsmirəm. Sən də, xahiş eləyirəm, tələsməyəsən. O sual ətrafında nə bilirsən, hamısını tələsmədən danış. Aha, bax beləcə. Doğrudu. Ağlın bir şey kəsir deyəsən. “Üç”ün nağdıdı. “Dörd” məsələsinə o biri sualda baxarıq... Amma arvada gedib baş çəkmək vacibdir. Birdən, Allah eləməsin... Dünyanın işini bilmək olmaz... Hə, belə-belə işlər, Canəli müəllim. Yox, qardaş, bu qızı deyəsən durğuzmalı olacayıq.
Sonra Canəli müəllimin qabağında bir dilli-dilavor kəndli qızı əyləşmişdi. Bir ucdan üyüdüb-tökürdü. Canəli müəllim qızın nə danışdığına bir o qədər də fikir vermirdi, çünki yəqin bilirdi ki, bu qız əlaçıdır. Elə-belə – səsindən bilirdi. Baxışından, duruşundan-oturuşundan bilirdi. Bir də cümlələrin ölçüsündən, söz tutumundan, səs tutumundan. Özü də, qəribədir, çox qəribədir: bu səsdə Canəli müəllim fikirləşə bilmirdi. Beyni birdən-birə elə bil dayanmışdı. Söz dalınca söz, cümlə dalınca cümlə... vergülünə, nöqtəsinəcən əzbərlədiyi mətni qız bir ucadan güllə kimi yağdırırdı və bu güllələr dalbadal Canəli müəllimin beyninə dəyirdi. Beyni haldan düşmüşdü. Canəli müəllim qızı saxlamaq istəyirdi, amma qız Canəli müəllimə aman vermirdi. Qız özü öz danışığından həzz alırdı. Canəli müəllim qızın imtahan vərəqəsinə baxdı: əvvəlki iki fənnin ikisindən də “beş” idi.
– Saxla, saxla! – dedi və özü öz səsindən diksinən kimi oldu. Qız bundan heç nə başa düşmədi. Və dayandı, böyük təəccüb içində birdən dayandı. – Biletini ver görüm... Birinci biletin birinci sualı. Bəsdi, keç ikinci suala. Deməli, “Süjet”. Asta danış, aram-aram, avtomat kimi danışma, xahiş eləyirəm... Hələ saxla o avtomatı. Vaxt gələr işlədərsən lazımi yerində. Çıxarsan, danışarsan, sözləri yağdırarsan lap əsl pulemyot kimi – bütün kollektivin adından... Ancaq hələliyinə süjetə bəlkə bir misal gətirəsən. Məsələn, nağıl süjeti. “– Dərzinin qızı dərzi, kərdidə reyhanın sayı neçədir?” Belə bir nağıl var, bəlkə, eşitmisən?.. Amma yox, əttöbə!.. Sənə belə sual vermək olmaz. O saat durub cümarsarı birbaş rektorun üstünə. Gözlərinin gildir-gildir yaşını güllə kimi yağdıra-yağdıra bir qiyamət salarsan ki, gəl görəsən... bu adam dolaşdırmaq istəyir məni, qiymətimi aşağı salmaq istəyir. Sataşır mənə. Proqramda olmayan sual verir mənə və sair və ilaxır... Sonra mən yazıq gərək sizin hər ikinizi başa salam ki, ədəbiyyat Həsənqulu ilə Hüseynqulunun dərin məzmunlu yaradıcılığına xas olan böyük-böyük nağıllardan ibarət deyil, bu dünyada balaca-balaca nağıllar da var... Deməli, yeddi gün, yeddi həftə, yeddi ay, yeddi il sərasər padşahın oğlu hər axşamçağı eyvana çıxıb, o sualı dərzinin qızına verir və dərzinin ağıllı-tədbirli qızı da padşahın oğluna həmişə o cavabı qaytarır. Padşahın oğlu böyüyür, bir igid oğlan olur. Dərzinin qızı da güngündən gözəlləşir: qız demə, deynən bir ay parçasıdır. Bir mələkdir, üzünü görənlər bihuş olur... Axı, hər yetişən meyvə gərək bir gün qopub düşə, canım-gözüm, hər açan gül gərək bir gün dərilə. Amma nə illət eləyirlər, padşahın oğlu evlənmək istəmir. Elçilər dərzinin qapısından kor-peşman qayıdırlar. İş gəlib o məqama yetir ki, padşah əmr eləyir, oğlunu hüzuruna gətirirlər, “Taxtım sənin, tacım sənin... Təbrizdən dəmir qapı Dərbəndəcən dünya bac verir sənə. Dərdin nədi, sərin nədir, oğul? – deyir. – Dünya adlı bu gülzarın dürlü-dürlü güllərindən birini də gözün görmədimi, oğul, könlün sevmədimi?” Padşahın bu üstüörtülü mətləbini oğul başa düşür: “Ürəyindən keçəni duydum, ata. İzin ver, sirrimi açım sənə... Yaxındadı, uzaqdadı, bir almadı, budaqdadı, gözüm görüb, könlüm tutub, izin ver dərim onu...” Padşah sevinib, əhsən deyir oğlunun bu sözlərinə. Ancaq dərzi qızının adı gələndə padşahın halı qarışır. Padşahın halı yaman qarışır, canım-gözüm, bir qara tor gəlir gözlərinə. İşi belə görəndə oğul atanın ayağına düşür. “Onda izin ver, ata, öldürüm onu. Sonra hökm sənindi, kimi desən alaram, çünki nə qədər ki, o qız sağdı, mənim bu gen dünyada bir xoş günüm olmayacaq...” Nağılın, bundan sonrakı ən maraqlı yeri Canəli müəllimin təsəvvüründə son dərəcə dumanlı bir şəkildə idi. Əlacı kəsilmiş padşah, oğlunun bu təklifinə gərək ki, razı olurdu. Padşah dərzi qızına yalan-doğru bir toy da eləyirdi. Ancaq əsl toy (padşah oğlunun vəzirin qızı ilə toyu) bundan sonra olmalı idi. Dərzi qızının al qanından bir kasa içib, sonra öz əsl toyunda oynayacağına vəd verən padşah oğlunun xəncərini sıyırıb qan tökməyə getməyi; tədbirli dərzi qızının bundan xəbər tutub, o gecə, padşah oğlu ilə yatacağı atlas yorğanın altında öz əvəzində bir dolu doşab tuluğu qoyub, xəlvətcə pərdə dalında gizlənməyi; padşah oğlunun o tuluğu qılınc ilə necə yarmağı, o doşabı, min il susuz qalan adamlar kimi, kasa-kasa necə doldurmağı, necə içməyi; hətta bütün bunları eləyəndə onun sevincdən, qəzəbdən və bu dünyanın həddi-hüdudu olmayan sonsuz ədalətsizliyinə nifrətdən par-par parıldayan qan tutmuş gözləri də həmişə Canəli müəllimin xatirində, hafizəsində idi... O doşabdan padşah oğlu elə möhkəm sərxoş olurdu ki, toyu da, vəzirin qızını da, verdiyi vədi də unudub, xəncəri əlində diz çökərək, gözlərinin sel kimi yaşını o atlas yorğanının üstünə axıdırdı. Sonra padşah oğlu xəncərin tiyəsini öz ürəyinə tuşlayırdı və bu vaxt haradansa padşah oğlunun qulağına dərzi qızının səsi gəlirdi. “Padşahın oğlu padşah, göydə ulduzların sayı neçədir?” Dərzi qızı gülə-gülə pərdənin dalından çıxırdı, padşahın oğlu ağlaya-ağlaya sərxoşluqdan ayılırdı. Bütün nağıllarda olduğu kimi bu nağılda da əhvalat onların qırx gün, qırx gecə toy eləyib, xoşbəxt olmağı ilə qurtarırdı. Ancaq Canəli müəllim nağılın belə qurtarmağını nədənsə istəmirdi. Və qarşısındakı stulun üstündə bir-birini əvəz eləyən abituriyentlərə diqqətlə qulaq asıb, oturduğu axırıncı partadan hələ də tərpənmək bilməyən o güllü donlu qıza da hərdənbir göz qoya-qoya, indi Canəli müəllim fikirləşirdi ki, əgər padşahın oğlu o sərxoşluqdan heç vaxt ayılmasaydı və eləcə, sərxoşca da çöl-biyabana düşüb, bir səfil-sərgərdan həyat başlasaydı, bu qəribə nağıldakı məhəbbət daha dərin olardı, daha mənalı olardı. “Qırx gün qırx gecədir ki, sarayda toy çalınır, ancaq padşahın oğlu sərxoşluqdan ayılmır. Vəzirin qızı atlas yorğanda, məxmər balıncda, ağ gərdənini açıb padşahın oğlunu öz ağuşuna çağırır, padşah oğlu isə heç nə anlamır, o heç harada olduğunu da bilmir, çünki padşahın oğlu sərxoşdur, məhəbbətdən sərxoşdur: “Məhəbbət bir bəladır ki, giriftar olmayan bilməz” – deyəsən Füzuli deyib... Oğlanı ayıltmaqdan ötrü gedib dərzinin qızını tapıb gətirirlər. Ancaq oğlan yenə ayılmır, çünki o, indi öz sevgilisini də tanımır. Amma yox, dərzinin qızının gəlməyi artıqdır, çünki onda nağıl olmur, olur “Leyli və Məcnun”. Bəli, “Leyli və Məcnun”. Özü də Füzulinin “Leyli və Məcnun”u. “Var bir dərdim ki, min dərmandan artıqdır mana...” Belə şeyi ancaq Füzuli deyər. Nizami... Yox, Nizami heç vaxt belə deməz, çünki Nizami dediyini mütləq izah eləməlidir – məntiqi mühakimə əsasında... Bəli, məntiqi mühakimə: dərdim nədir? Dərdim eşq dərdidir. Eşq nədir? Eşq çarəsi tapılmayan bir dərddir, xəstəlikdir... Bəs...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-gullu-paltar-movsumu
Use ← → keys to move, R for a random poem
More by this author
(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Poems by other poets
Yine başladı bülbüller tekellümKılurlar gül firâkından tazallüm
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,