Güllü paltar mövsümü
Page 4 of 7 · 43%
Verdiyi vədə belə az bir vaxt içində əməl eləyib, sistemli fikirləşməyinə Canəli müəllim ürəkdən sevindi. Hələ imtahanın başlanmağına çox qaldığına görə o, trolleybus dayanacaqlarının birini də buraxdı, bir dayanacaqlıq məsafəni də piyada getməyi qərara aldı. Hava isə isti idi. Bərk isti idi. Yuxarıdan günortanın qızmar günəşi Canəli müəllimin başına od yağdırırdı, aşağıdan asfaltın həniri qalxırdı – təndir istisi kimi onun üzünə vururdu, nəfəsinə dəyirdi. İsti Canəli müəllimi xeyli əzmişdi, xeyli karıxdırmışdı, buna baxmayaraq, Canəli müəllim yenə sistemli düşünməyə çalışırdı.
– Bax o 1955-ci ildən sonra Bakıda nə qədər ev tikilib, nə qədər ağac əkilib. Bulvar tamam dəyişib – 1955-ci iləcən Bakının bulvarı belə deyildi. Şəhər xeyli dəyişib, xeyli gözəlləşib. Bunun o yan-bu yanı ola bilməz. O ki qaldı camaatın əyin-başına – bu cəhətdən Bakıda heç şübhəsiz, əməlli-başlı inqilab olub. Hər yerdə. Lap o Buzbulağın özündə də. Lap o Buzbulağın özündə bu son vaxtlar nə qədər ev tikilib. Saymaqla hesaba gələn deyil. Amma yazıq Güləli müəllim... Görəsən, Güləli müəllim niyə birdən-birə dəli oldu. Camaat deyir ki, dərddən, qayğıdan olub. Dərddən-qayğıdan hər şey olar. Amma görəsən o nə qayğı idi ki, Güləli müəllimi o günə saldı? Xəstə elədi, öldürdü kişini, heyf ondan, heyf Güləli müəllimdən. Güləli müəllim Buzbulaq məktəbinin gözü idi. Müəllimlərin şahı idi. İndi hanı elə müəllim?.. Gör iş hansı məqama çatıb ki, Fətdah da müəllimdir. İnstitut müəllimi... Hə, harda qalmışdım? Mən indicə nə barədə fikirləşirdim?.. 1955-ci il – deyəsən tapmışıq, Canəli müəllim. vaqondan qarpız iyi gəlir. Kifsimiş qarpız. Susuzluqdan yanırdı vaqon. Camaat hər stansiyada vaqona qucaq-qucaq qarpız daşıyırdı, amma nə o qarpız qurtarırdı, nə camaatın yanğısı sönürdü, nə də asfalt döşəməsi istidən yanıq əski iyi verən o qarpız dolu stansiyaların əvvəli-axırı görünürdü... Vaqon başdan-ayağa şirəydi, qarpız şirəsi. Qarpız toxumu adamın ayağının altında xırçaxırç xırçıldayırdı. Qarpız şirəsi yapışırdı adamın şalvarına... Bir də tər... tər iyi, qarpız iyi... 1955-ci il... 13 nömrəli ümumi vaqon... Amma yox, olmadı, yenə aləm qarışdı deyəsən...
Fikrini cəmləməkdən ötrü Canəli müəllim bir müddət də cəhd elədi, amma olmadı, baş tutmadı. Günortanın dəhşətli istisi Canəli müəllimi bu niyyətdən hələlik vaz keçməyə məcbur elədi.
– Dərzinin qızı dərzi, göydə ulduzların... Yox, ulduzları padşahın oğlu soruşmur, ulduzları dərzinin qızı soruşur. Görəsən, qəbul imtahanlarını ilin bu vaxtına salmaq kimin ağlına gəlib? Ancaq bu güllü paltarı bu şəhərdə dəb salan hər kəsdisə, müdrik adamdı. İlin bu vaxtında – gül-çiçək. Yolda, trolleybusda, hər yerdə. Adamın burnuna yazın qoxusu dəyir. Elə gözü də dincəlir bir az. Görəsən hamısı “importnu”du, yoxsa bizimki də var?.. Xiyar gülündən, zoğal çiçəyinəcən. Bir sözlə, zalım uşağı bütün botanika aləmini bu parçaların üstünə köçürüblər. Çəkilməmiş bir dənə də gül-zad qoymayıblar qala. Hə, qardaş, buna görə də sən gəl mənnən mübahisə eləmə, Buzbulaq doğrudan da gözəl yerdi. Buzbulaq heç olmasa ona görə gözəl yerdi ki, bu güllərin, çiçəklərin hamısı var orda... Aha, pardon, Canəli müəllim, qonşu qızın donundakı gül qarpız gülü deyilmi? Qarpız gülü. Qarpız gülü... Yox, qarpız gülü deyil, qarpız gülü sarı olur. Bəlkə lobya gülüdür? Lobya gülünün hər rəngi var – ağı da, qırmızısı da, sarısı da... Yox, balam, deyəsən lobya gülü də deyil. Bəs bu sovxa nə gülüdür? – Canəli müəllim təri süzülə-süzülə özünü trolleybusa saldı. Dal tərəfdə, qarının küncündə boş yer vardı, keçib ehmalca əyləşdi. – Bəli, – dedi, – bu qəbul imtahanını ilin bu vaxtına salanın, yəqin ki, çox qiyamət kəlləsi varmış... Belə kəllənin sahibinə heykəl qoymaq lazımdır.
– Canəli müəllim ürəyində gülümsədi. – Sistemsiz fikirləşməyin axırı, bax, belə olur – gəlib dirəndik heykələ... Bəs yaxşı, görəsən, Aşqabadda qəbul imtahanını havaxt götürürlər? Daşkənddə, Düşənbədə... Bəs onda o yazıqlar neynəsin, bu səhər Aşqabadı qırx beş dərəcə deyirdi... Aşqabadda qırx beş dərəcə – Ryazanda vur-tut on iki. Səhər deyirdilər ki, Moskvada yağış yağır. Riqada, Tallində, Vilnüsdə də yəqin ki, yağış yağır və Buzbulağın dumduru göyündə yəqin ki, bu gecə də salxım-salxım ulduz olacaq. Lap o nağıldakı kimi: “Göydə ulduzların sayı neçədir?” – Bəli, bunu dərzinin qızı soruşur. Daha doğrusu, dərzinin qızı padşah oğlunun o atmaca sualının qabağında aciz qalmır, çünki dərzinin qızı kimdir? Dərzinin qızı sadə xalqın nümayəndəsidir. Və sadə xalqın nümayəndəsi dünyada bu vaxtacan yaranan nağılların heç birində heç vaxt aciz qalmayıb. Ola bilər ki, bir az tənbəl olsun. Ola bilər ki, çirkin olsun, keçəl olsun. Amma aciz yox. Sadə xalqın nümayəndəsi heç bir nağılda heç vaxt aciz deyil...
Fikrində yenə aləmi qarışdırmış Canəli müəllim yaxında, trolleybusun bilet qutusunun qabağında arxası bu tərəfə dayanmış bir qızın qəşəng donuna tamaşa eləyə-eləyə, ömründə birinci dəfə, özünün dediyi institutda qəbul imtahanı götürməyə gedirdi. Qızın əlində imtahan vərəqəsi vardı, deməli, o da bu yolun yolçusu idi: ya bir yerə imtahan verməyə gedirdi, ya bir yerdən imtahan verib qayıdırdı. Qızın donu, arxadan baxanda, bir iri günəbaxandan ibarət idi. O qəribə günəbaxanın bir az günəşə oxşarı vardı, bir az dənizə oxşarı vardı. Və bir cavan kəndli balası trolleybusun o biri başından qıza heyran-heyran tamaşa eləyirdi – sanki oğlan o dənizdə çimirdi, sanki oğlan o günəşin şüasında yuyunurdu – oğlanın sir-sifəti işıq verirdi. Canəli müəllim qızın üzünü görmürdü, ancaq qız əlindəki imtahan vərəqəsini elə tutmuşdu ki, onun oradakı şəkli üzdəydi, göz qabağındaydı; şəkildə qız pis deyildi, qəşəng qız idi, amma o oğlanın baxmağından belə çıxırdı ki, o qız şəkildə olduğundan da qat-qat gözəl olmalıdır.
– Hə, qızım, de görək sadə xalqın nümayəndələri nağıllarda niyə aciz olmurlar? Əksinə, güclü, tədbirli, ağıllı olurlar? – Üzünü görmədiyi o qızı qarşısında oturdub, Canəli müəllim xəyalında indi də imtahana başladı. – Danış, tələsmə, sıxılma, – dedi, – oxuduğun-eşitdiyin nağıllardan birini yadına sal. Qorxma, mən də kömək eləyəcəyəm sənə... Bilmirsən? Nəyi bilmirsən? Yəni heç bir nağıl bilmirsən? İnanmıram. Heç cür inanmıram. Nənən var? Nənən, qızım: atanın anası, ya ananın anası... Demək dayən olub, çox gözəl. Bəs dayən sənə nağıl-zad deməyib? Belə şey ömründə ola bilməz! – Canəli müəllim bu saat doğrudan da imtahan götürürmüş kimi, əməlli-başlı əsəbiləşdi.
– Yaxşı, bu sualı bilmədin. Deməli, bir qiymətin düşdü aşağı... İndi sən mənə de görüm, nağıl özü nə deməkdir? Bəli, nağıl. Şifahi xalq ədəbiyyatının ən çox yayılmış formalarından biri. Demək, bunu da bilmirsən. Bilmirsən ki, nağıl nədir, özün də filologiya fakültəsində oxumaq istəyirsən. Danış, yaxşı, biletdəki suallarını danış. Amma...
Amma qız doğrudan da gözəl idi. O, indi trolleybusun dal qapısının qabağında, Canəli müəllimin bircə addımlığında durmuşdu. Qız düşüb getməyə hazırlaşırdı və o başdan, yenə hayıl-mayıl qıza sarı baxan kəndli balasının gözlərinin işartısı yavaş-yavaş sönməkdə idi.
– “Dərzinin qızı dərzi...”. Hə, eloğlu, getdi demək. Madam ki, düşdü getdi, daha yola baxmağın nə mənası var...
III
Birinci biletin birinci sualı – “Kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizələrin Azərbaycan sovet ədəbiyyatında təsviri” idi. Canəli müəllim bekarçılıqdan bir biletə də baxdı. Onu da biletlərin üstünə qoyub, o başda, lap axırıncı partada özünü xəlvətə verib tək oturmuş qızın güllü donuna altdan-altdan bir də nəzər yetirdi. Məsələ beləydi ki, o qızın donunun parçası Canəli müəllimin qonşuluğundakı qızın geydiyi güllü parçanın tam eyni idi. O donu o qızın əynində Canəli müəllim hələ imtahana başlamazdan qabaq, institutun dəhlizində görmüşdü. Canəli müəllimin o gülün nə gülü olmağı barədəki köhnə azarı elə o dəhlizdəcə yenə baş qaldırmışdı. Və məsələ bir də beləydi ki, o azar indi – bu imtahan zamanı da Canəli müəllimin yaxasından heç cür əl çəkmək istəmirdi.
– Qarpız gülü, noxud gülü, çiyələk gülü... Dayan, dayan, darının da gülü olurmu görəsən? Yox, darının gülü olmur. Darının özü yetişənə yaxın qırmızı olur. Tünd qırmızı – qara əncirin toxumu kimi... Amma çətənə yetişənə yaxın gərək ki, bozumtul rəngdə olur – kül rəngində. Yox, torpaq rəngində. Amma yox, yetişənə yaxın çətənə, deyəsən, qaratəhər olur... Nədir? Hazırsan? Hazırsan, buyur danış...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-gullu-paltar-movsumu
Use ← → keys to move, R for a random poem
More by this author
(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Poems by other poets
Yine başladı bülbüller tekellümKılurlar gül firâkından tazallüm
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,