Page 2 of 7 · 14%

“...Dərzinin qızı dərzi, kərdidə reyhanın sayı neçədir?”.

“...Padşahın oğlu padşah, göydə ulduzların sayı neçədir?”.

Öz nağılını yenə beynində fırlada-fırlada Canəli müəllim bişirdiyi toyuğa baş çəkməkdən ötrü durub mətbəxə getdi. Hələ mətbəx tərəfə gün gəlməmişdi, ancaq günün bayırdakı həyət dolusu işığı mətbəxdən görünürdü. Və indi gözünün bir ucu ilə Canəli müəllim həyətdəki işığa baxırdı, bir ucu ilə qazandakı toyuğa baxırdı. Və gözünün bir ucuyla da o, yenə Buzbulağa baxırdı ki, orda, o Buzbulaqda, Canəli müəllimin fikrincə, bu saat Mahrux arvadın da kefi pis olmalı deyildi, yaxşı olmalı idi. Həyətdə, ocağın üstündə bu saat Mahrux arvadın xörəyi bişirdi. Mahrux arvadın özü isə yəqin ki, kərdinin qırağında əyləşmişdi: reyhandan, soğandan, vəzəridən bir-bir qoparıb çarğatının ucuna yığırdı. Bir azdan Mahrux arvad həmin o reyhanı, soğanı, vəzərini barmaqları arasında bürmələyib, ağzının qabaq tərəfindəki, hələlik karına gələn, ikicə kötük dişinə sürtə-sürtə günorta çörəyini yeyəcəkdi. Çörəyini yeyə-yeyə Mahrux arvad danışacaqdı, mütləq danışacaqdı; onun səhərdən başladığı söhbət elə başlandığı kimi də davam eləyəcəkdi: gah astadan, gah ucadan, gah aşkarda, gah ürəyində. Və min bir əzabla yediyi o göy-göyərti ağzının qabaq tərəfindəki o ikicə kötük dişi ağrıdanda Mahrux arvad hirslənib, Canəli müəllimi hətta söyəcəkdi də: “Tərs köpəyoğlu, dəli köpəyoğlu, o vədə mən deyənə qulaq asmadın, indi qal. Arvadsız qal. Yaşının bu vaxtında özün çay qoy özünə. Ev süpür, paltar yu, xörək bişir...”.

Mahrux arvadın hirsləndiyini görəndə Canəli müəllim gözünü həyətdəki gün işığından çəkdi. Fikirləşdi ki, lap bir günlüyə də olsa, gərək getsin, mütləq getsin, gedib arvada baş çəkib qayıtsın (Canəli müəllimin bu mənzilə köçdüyü birinci il, yazqabağı Mahrux arvad gəlib, bir ay Bakıda qalmışdı. Gedəndə də belə bir ultimatum vermişdi ki: “Bəs bu evə bir arvad alıb gətirməsən, day məndən Bakı adlı yerə ayaq basdı yoxdu”).

Hər şey bir yana dursun, Mahrux arvadın “Bakı adlı yerdə” necə darıxmağı Canəli müəllimin lap yüz il bundan sonra da çətin ki, yadından çıxaydı. Onun pəncərənin qabağında oturub, yola baxmağı isə xalis müsibət idi. Əvvəla, ona görə ki, uzun-uzun fasilələrlə gəlib-gedən tramvaydan savayı o yolda baxmalı bir şey yox idi. İkincisi, o yola bu qədər baxmaqda Mahrux arvad həmin o tramvayla bu dünyanın böyük-böyük qatarları arasında deyəsən bir oxşarlıq tapmışdı. Və üçüncüsü, o pəncərənin qabağında əyləşdiyi vaxtlar Mahrux arvad baxmağına tramvay yoluna baxsa da, görməyinə heç şübhəsiz, Buzbulağı görürdü. Dünyanın böyük-böyük qatarlarına oxşatdığı o tramvaylarda yəqin ki, Mahrux arvad bütün günü Buzbulaq yolu gedirdi. Mahrux arvadın gülümsəməyini, hərəkət eləməyini, yaxud onun yolçəkən gözlərində hər hansı bir sevinc əlaməti, həyat nişanəsi əmələ gəldiyini görəndə Canəli müəllim bilirdi ki, arvad çatıb: ordadır, Buzbulaqdadır. Belə vaxtlarda Canəli müəllimin özü də anasının gözü ilə Buzbulağa baxırdı və görürdü ki, Buzbulaq gözəl yerdir, yaşamalı yerdir... Canəli müəllimin Mahrux arvadın gözləri ilə gördüyü Buzbulaq heç olmasa, ona görə yaşamalı yer idi ki, bu Buzbulaq geniş idi, çox geniş idi – onun nə əvvəli, nə axırı vardı. Bu Buzbulağın yaşı daha çox idi, çörəyi daha dadlı idi, suyu daha içməli idi. Və yaşı, suyu, çörəyi bir yana dursun, Canəli müəllimin Mahrux arvadın gözləri ilə gördüyü Buzbulaqda hətta adamın sayı da çox idi, lap çox idi: orada bir dünyanın adamı vardı. Və tramvay yoluna baxdığı vaxt Mahrux arvadın dodaqlarının da tərpəndiyini görəndə, Canəli müəllim yəqin bilirdi ki, arvad danışır, o bir dünya adamın hansı biri iləsə şirin-şirin söhbət eləyir. Və Canəli müəllim onu da yaxşı bilirdi ki, həmin söhbəti qarı, məsələn, dağ ilə, daş ilə, qarğa ilə, toyuq ilə... lap o kərdidəki reyhanın özü ilə də eləyə bilər.

“...Dərzinin qızı dərzi, kərdidə reyhanın sayı neçədir?”.

Padşah oğlunun dərzi qızına bu cür sataşmağı ilə başlanan o nağıldakı reyhan kərdisi haradasa ulduzları parıldayan bir dumduru göyün altında idi. Bir qəribə yer idi (Buzbulağa həm oxşayırdı, həm də oxşamırdı). Bir qəribə sərinlik idi, bir qəribə sakitlik idi və o sərinlikdə, sakitlikdə göyün gümüşü ulduzlarından bir reyhan kərdisinin üstünə elə qəribə bir işıq düşmüşdü ki, o işıqda kərdidəki reyhanlar da göydəki ulduzlar kimi sayrışırdılar. Padşah oğlu dərzinin qızını çağıranda ulduzların gümüş gözü kərdidəki reyhanlara zillənirdi. Dərzi qızı padşahın oğluna cavab verəndə kərdidəki reyhanlar başlarını qaldırıb, göydəki ulduzlara baxırdı. Beləcə, bir axşamçağı, bu ulduzlu-reyhanlı dünyada bir qəribə sevgi başlanırdı. İndi isə günorta çağı idi və Canəli müəllimin qoca anası Mahrux arvad yığdığı göy-göyərtini sümükləri görünən üç arıq barmağı arasında bürmələyib, qabaqdakı iki kötük dişinə sürtə-sürtə tələsmədən günorta çörəyini yeyirdi. Buzbulağın alçaq ağaclarının budaqlarında indi cırcıramalar möhkəm səs-səsə vermişdi. Buzbulağın hündür ağaclarının göyümtül kölgəsi günün yandırıb-qarsıtdığı torpaq yolların üstündə idi və o yollardan da elə bil cırcırama səsinə oxşayan sızıltılı-giziltili səs qalxırdı. O yollardan Buzbulaq arvadlarının səsi gəlirdi: “Belə səni xoş görmüşük, Canəli müəllim, həmişə evində-eşiyində. Bəs sən bu kəndə havaxt cüt gələcəksən, ay Canəli, saç-saqqalı ağartdın axı”. Dilli-dilavər Buzbulaq arvadları günün yandırıb qarsıtdığı o torpaq yolların üstündə qıvraq-qıvraq yeriyirdi. Canəli müəllim o torpağın üstünə ayağını qorxa-qorxa basırdı, özü də ona görə yox ki, torpaq isti idi, bərk isti idi, – ona görə ki, bu yaşda, Buzbulağa tək gələnin o torpağın üstündə cəsarətlə yeriməyə ixtiyarı yox idi. Ona görə ki, günün bu vaxtında ev içi, ağac kölgəsi nə qədər ləzzətli olsa da, Buzbulaq çeşməsinin suyu da başlı-başına axıb getməli deyildi və deməli, o yolun üstündə bu saat öz vedrəsi, ya güvümü ilə bir başqası da mütləq görsənəcəkdi. “Belə səni xoş görmüşük, Canəli müəllim,” – deyib, yenə həmin söhbəti başlayacaqdı. Və yenə elə həvəslə, elə ucadan başlayacaqdı ki, dağ-daş bir yana dursun, hətta Fətdahın sübh tezdən gedib öz qırmızı “Jiquli”sində dəmiryol vağzalından alıb gətirdiyi (indi çeşmənin gözündə bala-bala sərinləməkdə olan) pivə şüşələri də bu qəmli əhvalatdan xəbər tutacaqdı. Bəli, Buzbulağın belə-belə işləri də vardı və təsadüfi deyil ki, məhz bu işlərin barəsində fikirləşən Canəli müəllim indi qaz pilətəsinin qabağında dayandığını və həmin o toyuq qazanının qapağını götürüb, bayaqdan əlində saxladığını yerli-dibli unutmuşdu.

Canəli müəllim qapağı yerinə qoyub, qazanın altını söndürdü. Toyuq bişmişdi, amma Canəli müəllimin günorta yeməyinin vaxtına hələ xeyli qalırdı. Hələ saat on ikinin yarısı idi və deməli, Buzbulaqda Canəli müəllimgilin həyətindəki tut ağacının dibinə də hələ gün gəlib çıxmamışdı (Mahrux arvadın da günorta yeməyinin vaxtına hələ vardı). Gün armudun dibinə çatanda Mahrux arvad çörəyini yeyəcəkdi. Gün Canəli müəllimgilin həyətindən tamam çəkilib gedəndə Mahrux arvad içində xörək yediyi o bircə boşqabı vedrəyə qoyub, bir balaca “başmaqseyri” eləyib vaxtı daraltmaqdan və çeşmədəki cavan gəlinlərin ən gözəllərini, ən təmizkarlarını və ən qıvraqlarını (Canəli müəllimin yox, kiminsə bir başqasının arvadı olduqlarına görə) acılayıb, ürəyinin azarını öldürməkdən ötrü yavaş-yavaş çeşməyə yollanacaqdı və Mahrux arvad çeşmədən qayıdanda o boşqab su dolu vedrənin içində aram-aram yırğalanacaqdı... İndi isə hələ tez idi. Hələ Mahrux arvadın çeşməyə getməyinə çox qalırdı. Hələ gün heç tut ağacının da dibinə gəlib çıxmamışdı...

Sonra Buzbulağın qızmar yay günəşi qalxıb, göyün tən ortasında dayandı və bu vaxt Fətdah bir boş vedrəni əlində cingildidi-cingildədə (bir zolaqlı göy pijama ilə bir qolsuz ağ maykada) çeşməyə endi: əvvəl Fətdah o boş vedrəni suya saldı (vedrə sərinləməkdə ikən, o özü də xeyli vaxt yuyunub sərinlədi), sonra vedrəni doldurdu, çeşmənin gözündəki pivə şüşələrini bir-bir götürüb, sərin suyun içinə saldı; Fətdah yola düzəldi və Fətdah o ağır vedrəni yavaş-yavaş öz evlərinə tərəf aparmağında ikən Canəli müəllim Buzbulağın sapsarı yollarına, ağacların yaşıl yarpağından düşən göyümtül işığa bir də tamaşa elədi. Canəli müəllim bir qapıda, bir qollu-budaqlı cövüz ağacının kölgəsi altında bir qırmızı, qıpqırmızı “Jiquli” gördü, o “Jiquli”nin dövrəsində sevinclə atılıb-düşən uşaqların səsini eşitdi... Sonra Buzbulağın küçələrindən gün çəkilib getdi, yolların sarısı söndü, küçələrə boz rəng gəldi və o “Jiquli”nin yan-yörəsində hələ də çığırışmaqda olan uşaqlardan azca aralıda, (kənd camaatının axşamdan-axşama söhbətə yığışdığı balaca meydançada) Fətdahın özünü də bir xeyli adamın arasında görəndə Canəli müəllim, nədənsə, ilk növbədə bu dünyanın etibarsızlığına nəhayətsiz dərəcədə heyrət elədi. Fətdahı üzük qaşı kimi araya almış adamların yanından Canəli müəllim dinməz-söyləməz ötüb-keçməli oldu; gedib Buzbulaq çayının qırağında xəlvət bir yer tapıb oturdu. Həmin o axşamçağı, o xəlvət yerdə Canəli müəllim Buzbulağın çayına, əvvəla, onu dedi ki, mən namizədəm, Bakıda böyük bir institutunun ən yaxşı tələbələri başıma and içir mənim. İkincisi, Canəli müəllim Buzbulağın çayına dedi ki: mən ayda iki yüz qırx beş manat maaş alıram, Fətdah yüz on beş manat alır. Sonra Canəli müəllim Buzbulaq çayının daşını-çınqılını da möhkəm inandırdı ki, bu işlər belə gedə bilməz, bu dünyada haqq deyilən şey gec-tez öz yerini tapacaqdır. Haqqın öz yerini tapmağı barədəki bu maraqlı söhbətin əsnasında Canəli müəllim bir vaxt başını qaldırıb, göydəki Ayı gördü və Canəli müəllimin göydəki Ay ilə söhbəti də təxminən bu mövzuda oldu. Və o axşam Buzbulağın küçələrindən əl-ayaq tamam yığışandan sonra çayın qırağındakı o xəlvət yerdən suyu süzülə-süzülə evə qayıdanda elə bil hardansa lap qeybdən Canəli müəllimin qulağına belə bir səs gəldi ki: bəs əlvida, Buzbulaq, əlvida!.. Bu səsi eşidəndə Canəli müəllim bir növ diksinən kimi oldu, çünki səs onun öz səsi idi, həm də elə bil öz səsi deyildi – yeddi-səkkiz yaşlı uşaq səsinə oxşayırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets