Kür qırağının meşələri
Page 2 of 7 · 14%
– Ancaq onu bil ki, mən sənin evinə girməyəcəyəm, Səltənət, bu astanadan o yana ayaq qoymayacağam!.. Qoysam Qədir deyiləm, kişi deyiləm, bir damcı da namusum yoxdur!.. Sən mənim qabağıma adam kimi çıxmayınca, üzümə adam kimi baxmayınca, sən mənə adam kimi “xoşgəldin” deməyincə, Səltənət... Sonrası öz işindir, istərsən – qalaram, istəməzsən – çıxıb rədd olub gedərəm... Gedərəm, Səltənət, gedərəm, gedərəm, gedərəm!..
Son sözü deyə-deyə Qədir yenə eyvanda gəzinməyə başladı və bu sözü dedikcə, nədənsə o, haradasa uzaq yollarda şütüyən bir qatar gördü, qatar gedirdi və o getdikcə elə bil dəmir təkərlərlə dəmir relslərin arasından səs qalxırdı: “Gedərəm, gedərəm, gedərəm!..”.
Yenə eyvan, yenə Qədir. Qədir yenə gəzinirdi. Fərq bircə burasında idi ki, hava bir qədər qaralmışdı, kəndə axşam düşürdü. Bir də fərq orasında idi ki, gəzinə-gəzinə Qodir indi başqa bir sözü təkrar eləyirdi: “Altı il, altı il, altı il...”.
Sonra Qədir yorulub, eyvanın məhəccərinə söykəndi. Buradan bəzi evlərin damı görünürdü, bəzi ağacların başı görünürdü. Buradan görünən kənd elə həmin kənd idi – Qədirin altı il əvvəl gördüyü kənd... Bu həyətdə də heç bir şey dəyişməmişdi. Bircə ağac qurumuşdu, kötüyü qalmışdı... Qədir evin içini təsəvvürünə gətirdi: çarpayı öz yerində, samovar öz yerində, taxçaları, tirləri, pərdələri – həp şeyi yerində idi. Ancaq burada nəsə dəyişmişdi. Görəsən, dəyişən nə idi? Qədir bunu birdən tapa bilmədi. Dəhlizdəki şeyləri nəzərinə gətirdi, sonra evin içini bir də təsəvvür elədi və yadına düşdü ki, döşəməyə salınmış boz brezent əvvəl yox idi, əvvəl onların üç palazı vardı, döşəməni boyaboy tuturdu; bir də Qədir əsgər getməmişdən, içəridə bir yaxşı limon ağacı dururdu: günçıxan tərəfdəki pəncərədə, indiki gül dibçəklərinin yerində...
Üstü kirəmitli damlar. Damlar elə bərk dayanmışdılar ki!.. Ağaclar elə bil milyon kilometrlərlə kök atıb, yerin dibinə getmişdilər. Qədirə elə gəlirdi ki, bu ağacları heç nə yerindən tərpədə bilməz. Balıncların və samovarın üstündəki örtüklər də Qədir üçün dəhlizdəki teşt, güyüm, çörək taxtası kimi ağır olmuşdu, Səltənətin baxışları da məhz bu ağırlıqda olardı. Qədir qəribə bir ağırlıq altında qalmışdı və bu ağırlıqdan başqa o, heç nə hiss eləmirdi. Sonra Qədir hiss elədi ki, o altı il burada keçməyib. Sarsıldı, ümidsizləşdi. Və elə sarsıldı, elə ümidsizləşdi ki, bədəninin tən yarısı cansız bir əşya kimi məhəccərdən o yana sallandı... Qədirin dəyişdiyini Səltənət hiss eləməyəcəkdi, çünki onun özü dəyişməmişdi. Çünki burada altı il keçməmişdi, altı il orda keçmişdi... Altı il. Altı il. Altı il.
Sonra Qədir gözlərini kəndin qurtaracağındakı meşəyə zillədi – axşamın alatoranı meşənin üstünə çökmüşdü. Meşənin o tərəfi Kür idi, ancaq Kür görünmürdü. O tərəflərdə, göyün lap aşağısında bir topa bulud qızarırdı. Bayaq orda bulud yox idi, bayaq Səltənət o tərəfə baxırdı. Tez-tez o tərəfə baxırdı. “Görəsən niyə baxırdı?..” Qədir qorxa-qorxa pıçıldadı. Sonra məhəccərdən aralanıb, eyvanda gəzinə-gəzinə hirsli-hirsli, ağlamsına-ağlamsına əlavə elədi: – Birdən başına bir iş gətirərsən, Səltənət, gedib özünü Kürə atarsan!.. Mən gərək gəlməyəydim, bilirəm... Gəlmişəm, nə olar, çıxıb gedərəm...”.
Səltənətin çeşməyə getmədiyini Qədir yəqin bilirdi, çünki o cür çeşməyə getmək olmazdı, olsa-olsa Səltənət öz evlərinə gedə bilərdi – altı il bundan əvvəl Səltənətin bir qoca atası və bir qoca anası vardı. “Kaş Səltənət elə ora getmiş olaydı... Bəs özgə hara gedə bilər?”– Qədir öz-özünə danışırdı, fikirləşirdi və arabir qorxa-qorxa Kür tərəfə, meşə tərəfə baxırdı.
Onun evdən çıxmaq fikri yox idi. Heç kəsi görmək istəmirdi. Qədir yetim böyümüşdü, bu kənddə onun vur-tut bir neçə uzaq qohumu tapılardı, onların da bəziləri Qədirdən üz döndərmişdi (nadincliyinə görə, şərəşurluğuna görə); bəzilərindən də Qədirin özü üz döndərmişdi, çünki onda Qədir başqa Qədir idi, bu kənddəki adamların da çoxusu Qədirin nəzərində o vaxt adam deyildi, ilbiz idi, soxulcan idi və çox içib sərxoş olanda bu “ilbiz”, “soxulcan” sözünü Qədir bu camaatın üzünə az deməmişdi: “İlbizlər, soxulcanlar, kərtənkələlər... Qınınıza çəkilmisiz, yaşamaqdansa sürünürsüz. Araq içmirsiz, pul yığırsız. Yumruq davası eləmirsiz, qeybət eləyirsiz. Hələ utanmayıb, Allaha da yaltaqlanırsız ki, sizin üçün o dünyada da rahat yer düzəltsin... Elə sürünə-sürünə də gəbərəcəksiz, ilbizlər, soxulcanlar, kərtənkələlər...”.
Damlar. Kök atıb, milyon kilometrlərlə yerin dibinə getmiş ağaclar... Bu alçaq damlar elə bil dünya durduqca durmaqdan ötrü idi. Kənd elə həmin kənd idi. Bu damların altında yaşayan adamları Qədir çox söymüşdü, çox incitmişdi. Həm də təkcə özlərini yox, allahlarını da, peyğəmbərlərini də! Həm də təkcə allahlarını, peyğəmbərlərini yox, qızlarını da, arvadlarını da. Bir dəfə qəhqəhə çəkib gülməkdən ötrü Qədir maşının kabinindən əl atıb, yolla gedən qızların başından yaylığını qapmışdı, hörmətli-izzətli kişilərin üstünə maşın sürmüşdü, arvadların su dolu vedrəsinə qum atmışdı, qoz qabığı atmışdı, papiros kötüyü atmışdı... Qədir heç nəyi unutmamışdı. Hər şey Qədirin yadında idi. O, bu adamları çox söymüşdü, çox incitmişdi, hətta döymüşdü də... Ancaq altı il bundan qabaq. Altı il bundan qabaq! “Altı il. Altı il. Altı il...”.
Onun bu kəndə gəlməyə, doğrudan da, heç bir üzü yox idi. O, buraya həmin o altı ilə ümid olub gəlmişdi və yeganə pənah gətirdiyi həmin o altı ilin burada altı il olmadığını Qədir getdikcə daha aşkar hiss eləyirdi. Bir kəsin qapıdan girməməyi, bir kəsin onu adam yerinə qoymamağı, hətta Səltənətin çeşmə adına çıxıb harasa getməyi də Qədiri bu qədər incitmirdi.
“– Uşaqlar, – dedi. – Uşaqlar da qaçdılar, qayıtmadılar. Gedib xəbər tutdular, bildilər Qədirin kim olmağını. “Qədir dəlidir, Qədir banditdir, xuliqandır, başkəsəndir; Qədirin yatmadığı türmə yoxdur... Qədirin həyətinə girmək olmaz, qapısında oynamaq olmaz, barısına dırmaşmaq olmaz...” Bildilər, eşitdilər hamısını. Qorxdular. Uşaqlar qorxdular, qayıdıb gəlmədilər...”.
Yenə həmin damlar, yenə həmin ağaclar... Orda-burda çıraqlar yanırdı. Çıraqların işığı ağacların budaqlarına düşmüşdü. Bu damların altında yaşayanlar, görəsən, Qədirin gəldiyini bilirdilərmi? Əlbəttə, bilirdilər... Qoy gəlməsinlər, qoy saymasınlar, eybi yoxdu. Ancaq bircə şeyi eləməsinlər: bayaq burda atılıb-düşən uşaqlara Qədirin “xuliqanlığından”, “başkəsənliyindən”, “türmələrdə yatmağından” danışmasınlar... Qədir istəmirdi ki, uşaqlar onun keçmişini bilsinlər və damlara baxıb, bu damların altında yaşayan adamların bu saat o balaca uşaqlara məhz onun keçmişindən danışdıqlarını düşündükcə o, daha da sarsılırdı, daha da ümidsizləşirdi.
Sonra ayaq üstdə durmaqdan yoruldu. Pəncərənin dibində, yerdəcə, quru döşəmənin üstündə oturub, başını dizlərinin arasına aldı.
Əsgər getdiyi günün axşamını Qədir yaxşı yadına sala bilmirdi. O gecə Qədir evə sərxoş gəlmişdi, daha doğrusu, özü gəlməmişdi, Qasım onu darta-darta gətirib, qapıdan içəri salmışdı. Həmin o sonuncu gecə Səltənətlə necə rəftar eləməyi də Qədirin yadında deyildi. Ancaq bir şey yaxşı yadında idi: evə içib gələndə o, həmişə Səltənəti daha çox istəyirdi. İstəyirdi onu öpsün, oxşasın, Səltənətlə uşaq kimi oynamaq istəyirdi, ər-arvad kimi yatmaq istəyirdi. Belə vaxtlarda Qədir arvadının saçlarına əməlli-başlı divan tuturdu: Səltənətin bir cüt yoğun hörüyünü açırdı, balıncın üstünə sərirdi, öpürdü, iyləyirdi, ağlayırdı və öpməkdən, iyləməkdən, ağlamaqdan doymurdu: “Saçlarından anamın iyi gəlir, Səltənət, yuyanda da, yumayanda da, görəsən, bu necə işdir?..”. Ancaq məhz bu vaxtlar Səltənət çox qəddar olurdu, Qədiri qovurdu, itələyirdi, bacarsa heç cür yaxına buraxmırdı və onların qovğaları da çox vaxt elə bundan törəyirdi. Elə olurdu ki, Səltənət gecəynən çıxıb atası evinə gedirdi və Qədir ya sabahısı gün lap tezdən, ya o günün axşamı, ya da bir həftədən, on gündən, on beş gündən sonra gedib Səltənəti gətirirdi. Bəlkə məhz əsgər getdiyi gecə Qədir elə bir pis hərəkət eləmişdi ki, bu hərəkəti unutmaq mümkün deyildi? – Bunu yada salmaq çətin məsələ idi. Ancaq onun ertəsi günü Qədirin lap yaxşı yadında idi:
Sübh tezdən. Meşə yolu. Elə bir Qədirə yanıq vermək üçün ağaclar həmişəkindən gözəl görsənirdilər. Elə bil ağacları çimdirmişdilər, yarpaqları yumuşdular, təzələmişdilər, sanki ağaclar sevinirdi, gülümsəyirdi: vələs, cökə, şam, palıd... Yamyaşıl meşə yolu ilə onlar Kürün qırağına, bərənin yanına gedirdilər. Qədirin başı ağrıyırdı, ürəyi bulanırdı və məhz onun başı ağrıdığına, ürəyi bulandığına görə elə bil meşə də belə qəribə olmuşdu, ağaclar da belə gözəl, belə xoşbəxt görünürdülər. Başı ağrıdığına görəmi, əsgər getdiyinə görəmi, nədənsə, Qədir çox hirsli idi. Ancaq onlar yavaş danışırdılar, az qala pıçıldaşırdılar. Qəribə burasındadır ki, o səhər hansı sözü meşənin harasında, hətta hansı kolun, hansı ağacın yanında deməyi də Qədirin yadında idi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-kur-qiraginin-meseleri
Use ← → keys to move, R for a random poem
More by this author
I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Güllü paltar mövsümüI**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Poems by other poets
Ağlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
گر راست روی محرم جان سازندتور کژ بروی ز دل بیندازندت
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.