Page 4 of 7 · 43%

Qədir əl çırağını yandırıb yanına qoymuşdu. Başının altında çamadanı, çamadanın üstündə – bükülüb-bürmələnmiş pijaması. Paltosunu altına salmışdı, pencəyini başına çəkmişdi.

Haradasa kəndin ətəyində gur səsli bir it heybət-heybət hürdü. Sonra kənddə başqa itlər də hürüşdü. Sonra itlər lap yaxında hürüşməyə başladı. Qədir dikəlib oturdu, gözlərini qapıya tərəf zillədi, azca keçəndən sonra it səsi tamam kəsildi, ancaq Qədir gözlərini qapı səmtdən ayırmadı; o vaxtacan ayırmadı ki, nəhayət, qapı yavaşca cırıldadı; qapı açıldı, örtüldü – həyətə bir adam girdi, ancaq bu tərəfə gəlmədi, astananın qabağında donub qaldı.

Qədir küçə qapısını görmürdü – qabağını ağaclar kəsmişdi. Ancaq o oturduğu yerdə heç bir hərəkət eləmədi, dayanıb sakitcə gözlədi. Aradan xeyli vaxt keçdi: it uladı, qurbağalar quruldaşdı... Qədir gələnin ayaq səsini eşitmədi, bir azdan ağacların bu tərəfində onun özünü gördü. Səltənət idi, əlbəttə, Səltənət idi, bir ağacın dibində donub qalmışdı, sanki o da ağac idi: əlində kuzə, bir də... başmaqları...

– Gəl, Səltənət... Qorxma, Səltənət, mənim sənnən işim yoxdur. – Qədir xəstə kimi zarıdı, ancaq Səltənət yerindən tərpənmədi.

– Get yat. Mən içəri girməyəcəyəm. Mən buradaca yatacağam. Gəl, Səltənət, oyun çıxartma.

Səltənət bir-iki addım qabağa gəldi, yenə durdu:

– Elə bilirdim sən yatmısan, – dedi.

Sonra Səltənət pilləkənləri qalxdı. Qədirdən xeyli aralıda, məhəccərə söykənib dayandı:

– Kürə getmişdim. Özümü öldürməyə getmişdim. Sən niyə gəldin, Qədir, niyə gəldin?!

Səltənət danışa-danışa ağladı, ağlaya-ağlaya danışmağa başladı:

– Altı il idi ki, getmişdin. Altı il idi ki, mənim də qulağım dinc idi, huşum başımda idi. Gəldin, yenə huşumu başımdan çıxartdın, dəlidivanə eləyib saldın məni bu çöllərin düzünə. Demişdin gəlməyəcəyəm, and içmişdin, söyüş söymüşdün. Bəs indi mən neyniyim, Qədir, mən başıma nə daş salım?..

Qədir bayaqkı yerindəcə paltosunun üstündə tərpənmədən oturmuşdu. Səltənət məhəccərə söykənib dayanmışdı, lap o vaxtkı kimi dayanmışdı – vələs ağacının dibindəki kimi və indi də o vaxtkı kimi yavaş danışırdı, o vaxtkı kimi dəhşətli sözlər deyirdi:

– Gedib indiyəcən Kürün qırağında oturmuşam. Gecə yarıyacan lələ-giryan, meşəni dolanmışam. Bir yalquzaq da tapılmadı ki, parçalaya, canım qurtara, bir quduz qaban da rastıma çıxmadı... Öldürəcəydim özümü, Kürdə boğacağıdım. Vallah, boğacağıdım, Qədir, dədəmə yazığım gəldi. Bir ildi ki, bir sağ günü olmayıb. Bir saat ayağa duranda üç gün yorğan-döşəkdən qalxa bilmir. Qorxdum ki, ölər, meyidini yerdən götürən olmaz, yoxsa qayıtmayacaqdım, Qədir. Getmişdim, qayıtmayacaqdım!

“Baxmır. Üzümə baxmır! Baxsa, bəlkə görərdi, bəlkə inanardı: inanardı ki, mən o vaxtkı Qədir deyiləm”. Haradasa dəstədən ayrılıb: azıb, sonra öz cəbhəsinin, öz ordusununca başqa bir dəstəsində casus vəziyyətinə düşmüş adamlar kimi Qədir nə edəcəyini bilmirdi. O, bu vəziyyətdən çıxmaq istəyirdi. İstəyirdi ki, Səltənət onun üzünə baxsın, yoxlasın Qədiri, pasport kimi, hərbi sənəd kimi yoxlasın, ancaq Səltənət ona baxmaq istəmirdi: gecəyə baxırdı, zülmətə baxırdı...

Qurbağalar quruldaşırdı, it ulayırdı, ulduzlar, duru göydən dinməz-söyləməz yerə baxırdılar. Nəhayət, Səltənət gözünü zülmətdən ayırdı, Qədirə baxdı və Qədirin cəsarətlənməyi üçün, danışmağı üçün elə bu bircə baxış tamam kifayət oldu.

– Meşəyə getməyini bilirdim, – dedi, – ancaq fikirləşirdim ki, bəlkə dədəngilə getmisən.

– Getmişəm. Üç-dörd dəfə o qapıya gedib qayıtmışam, bu saat da ordan gəlirəm... O xəstə kişinin üstünə mən nə üznən gedim, Qədir? Eşidib yəqin. Bilir ki, gəlmisən. Getsəydim də qaytaracaqdı, evə qoymayacaqdı. Neçə vaxtdır ki, yazıq, yanında qalmağa da qoymur məni. Birdən gecə ölərəm, deyir, qorxarsan, bağrın yarılar. Barı o kişiyə yazığın gəlsin, Qədir, o kişi nələr eləməyib sənə? İndi naxoşdur, öləcək. Çıx get, Qədir, çıx get, qoy barı rahat ölsün...

Səltənət otağa girdi, çırağı yandırdı, qapını daldan bağladı. Sonra çıraq söndü, sonra çıraq bir də yandı. Qapı açıldı – Səltənət brezent parçalarını gətirib dəhlizdə Qədir üçün yer düzəltdi, yenə qapını bağladı, pəncərədən Qədiri çağırdı:

– Keç yat, – dedi, – çöl soyuqdur. Çırağı da gətir içəri.

Qədir çıraq əlində dəhlizə girdi. O yanda Səltənət işığı söndürmüşdü. Bir müddət Qədir gözünü yorğan-döşəyə zilləyib durdu, sonra Səltənəti səslədi:

– Səndən bir söz soruşmaq istəyirəm, Səltənət!

– Yat, Qədir, məndən heç nə soruşma!

– Əsgər gedən gecə mən sənə neynəmişdim, Səltənət, deynən yat, özgə söz soruşmayacağam.

Səltənət paltarlıca çarpayıda uzanmışdı, qaranlıq tavana baxırdı. Fikirləşirdi. Sonra yanı üstə çevrildi.

– Neyləmisən – eləmisən, – dedi. – Yada salmağın xeyri nədir? Çıxıb getməsən, bil ki, məni sağ görməyəcəksən, Qədir. Daha məndən sənə arvad olmayacaq!..

Səs həmin səs idi, həmin səs: altı il qabağın səsi. Səsin də istisi olarmış, ya rəbb! Bağlı qapının dalından səs istisi gəlirdi.

Qədir ayağa durdu, ancaq qapıya yaxınlaşmağa cəsarət eləmədi.

– O gecə çox içmişdim, – dedi. – Heç nə yadımda qalmayıb. – Susdu, cəsarətini topladı. – Sən gedəndən fikirləşirəm, – dedi, – Səltənət, yadıma sala bilmirəm. Ancaq istəyirəm bilim: o gecə mən sənə neyləmişdim?

Əvvəl Qədir çarpayının tərpəndiyini eşitdi, sonra hiss elədi ki, Səltənət dikəlib yerinin içində oturub. Sonra Qədir heç nə hiss eləmədi. Sonra ona elə gəldi ki, yağış yağır, isti yağış. Sonra ona elə gəldi ki, yağış yağmır, güllə yağır, mərmi yağır: isti güllə... Və bu dəfə isti güllə çox yağdı: Qədiri öldürənəcən.

– “O gecə, o gecə!” – deyib durmusan, bəs o biri gecələri niyə soruşmursan! Ondan on-on beş gün qabaq, Qədir!.. Hələ dava başlanmamışdı. Naxoş idim, yatırdım, qarnımda səkkiz aylıq uşaq vardı. O gecəni niyə soruşmursan, Qədir, o gecə Qasımın yanında sən mənə nələr demədin?! Sən mənim uşağımı, hələ qarnımda ola-ola hədələdin, qorxutdun: “Qız olsa, zaxota atacağam, öldürəcəyəm, bələyindəcə boğacağam...” Sən getdin, bir gün sancım tutdu. Sancım tutanda məni qara basdı. Gördüm ki, bir yekə əl uzanır uşağın xırtdəyinə, Qədir, balamı boğmaq istəyir. Sonra gördüm ki, sənin əlindir. Sən idin, gəlmişdin, uşağı boğurdun. Gülgəzin qızı Sona yanımda idi. Ayılanda uşağı ölü gördüm. Qapqaraydı, Qədir, elə bil doğrudan boğmuşdular. Taqətsiz idim, gözlərim yumuldu, o gecə Qasımın yanında dediyin sözlər yadıma düşdü. Sən o sözləri deməsəydin, uşaq ölməyəcəkdi, Qədir. Uşağı sən öldürdün. Oğlan uşağıydı, aparıb basdırdım. İşə bax, elə bil o vaxtacan mən səndən qorxmamışdım, Qədir. Ürəyim sınmamışdı. Sən gedəndən sonra ağlayırdım, özümü danlayırdım, meşədə dediyim sözlərin peşmançılığını çəkirdim. Ancaq o gün ki, sancım tutdu, o gün ki, məni qara basdı, o gün ki, sən gəldin, uşağı boğdun, öldürdün, ondan sonra sidqim sıyrıldı, tamam sıyrıldı, Qədir. Onda da, ondan neçə il sonra da, lap bildirəcən, inişiləcən Allaha yalvarırdım ki, sən davadan gəlməyəsən!..

Səs kəsildi, xırpadan kəsildi, Səltənət üzüqoylu çarpayıya sərildi, beləcə də qaldı, beləcə də yuxuladı. Yuxusunda Səltənət Kürün qırağında, bir hündür dikdirdə dayandı, qorxa-qorxa çaya baxdı, qorxa-qorxa dikdirdən aralandı... Səltənət çarpayıda yatmadı, bir meşə gecənin içində yatdı, bir meşə zülmətin, bir meşə qorxunun... Bu meşədə hər kolun min gözü vardı, bu zülmətdə milyon-milyon qorxunc gözlər işarırdı, otların sayı qədər, yarpaqların sayı qədər...

Bir cüt qız, çiçək kimi qız, uzaq vilayətdə, soyuq vilayətdə. Birinin üç-dörd yaşı vardı, bu – birinci qızına Qədir anasının adını qoymuşdu: “Leyla, eto moy mama”... “Ay Allah, volos kak paxnut, kak u moy mama paxnut”... Qədirin o biri qızı balaca idi, bir yaşı təzəcə tamam olmuşdu. Qədir balacanın adını Səltənət qoymuşdu, bəlkə istəyirdi ki, ondan da anasının iyi gəlsin, bəlkə Qədir böyük qızının saçlarını iyləməkdən doymamışdı. O uzaq, soyuq vilayətdə Qədirgilin evinə gedib-gələnlər Qədirin balaca qızına “Satana” deyirdilər; “Satana” onların dilində şeytan demək idi, qız özü də şeytan qız idi, yaman qız idi. “Səltənət, tı moy kroşka, tı moy koşka”... Hər halda, qıza ad verəndə Qədir, bir vaxt onu, o balaca Səltənəti haradasa uzaqlarda qoyub buraya, bu daşürəkli Səltənətin yanına gələcəyini fikirləşməmişdi.

Qədir Səltənəti çağırmadı, oyatmadı. Ürəyində Səltənətə cavab verdi: “Bir yadına sal, Səltənət, axı onda dünya belə deyildi. Mən qızdan qorxmurdum, adamlardan qorxurdum. Mən o adamları incitmişdim, çox incitmişdim, axı onlar da məni az incitməmişdilər. Kimin toyuğunu tuturdular – Qədir. Kimin otunu yandırırdılar – Qədir. Bilqeyisin xalçası yadındadırmı: rayondan it gətirdilər, bir yığın milsəner tökülüb gəldi. Bizi klubun yanında yan-yana düzəndə axı sən özün də orda idin, bir yadına sal, Səltənət, neçə nəfər olardıq?.. İyirmi nəfər, otuz nəfər... Ancaq it neynədi – düz gəlib mənim ətəyimdən yapışdı. Mən axmağın ağlına bax: o vaxtacan elə bilirdim ki, bu itlər də bir şey qanır, adam tanıyır, oğru tanıyır. Sən demə, bu da bir fırıldaq imiş. İt bilirmiş kimi tutmaq lazımdır. Qulağına deyiblərmiş, ona görə də gəlib məndən yapışdı. O xalçanın üstündə mən yazıq beş ay türmədə yatdım. Ancaq mən ömrümdə o xalçanın üzünü görməmişdim, mən ömrümdə bir kəsin bir çöpünə əl vurmamışdım, sən ki bilirdin bunu, Səltənət, heç kəs bilməsə də, sən bilirdin. Mən qızdan qorxmurdum, məni o murdar itə nişan verənlərdən qorxurdum. Qorxurdum ki, qızım olar, mənim qisasımı ondan alarlar, namusumu ləkələyərlər... Bilən gündən ki, sənin qarnında uşaq var, mən bircə bunu fikirləşirdim, ayrı şey fikirləşə bilmirdim. Fikirləşəndə ki, mənim qızım olacaq, gedib birinin arvadı olacaq, birinin qapısını süpürəcək, az qalırdı başıma hava gəlsin; neynim, Səltənət, onda o cür idim, ağlım kəsmirdi, sonra başım çəkdi, bildim ki, günah özümdə olub...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 min
Ceviz kölgəsinin nağılı

I**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

199136 min

Poems by other poets