Page 13 of 19 · 63%

Mən arxın qırağında oturub məktubu oxudum, xırda-xırda doğrayıb tökdüm suya, su apardı, baxıb həzz aldım. Amma “simişqa” məsələsi yaman beynimə batdı. Elə həmin gün mən bibimin çay üçün verdiyi və axşamlar çörəyin pulunu sayanda hərdən Mərcan xalanın bağışladığı şax manatlardan üçünü çayçının şəyirdinə verib bir çat stəkan aldım. Torba əvəzinə, konserv zavodunun dal tərəfindəki küllükdən bir ağzı əyri dəmir qab tapdım. Günəbaxanı bir günəbaxan satanın özündən, bahasına aldım. Bazarın qabağında, pinəçi budkasının yanında özümə yer tutdum. Bir neçə gün bibimdən xəlvət “alver” elədim; nahar vaxtı zavodun yanındakı bağa gedəndə və işdən sonra bibim qayıdıb gələndə mənim günəbaxanım pinəçinin himayəsi altında qaldı. Bu əhvalatın üstü bir axşam şam vaxtı açıldı. Ancaq hirslənmək əvəzinə bibim sevindi: dedi ki, heç olmasa məktəb açılanacan uşağın başı qarışar, hətta sabahısı gün, mənim yalvar-yaxarımdan sonra bibim köhnə əski parçasından bir xırdaca torba da tikdi, axşam mən sevinə-sevinə günəbaxanı o torbaya boşaltdım və səhər bazara gedəndə konserv zavodunun dalındakı küllükdən tapdığım əyri dəmir qabı küçəyə tulladım.

* * *

Darıxma, Sadıq, darıxma.

Asfalt yolun üstünə gün düşüb, təzə gün, təmiz gün, lap indicə düşüb. Hələ ki, onu tapdalamayıblar, zibilləməyiblər, hələ ki, arxdan da təmiz su axır – unut getsin o kəndi, çıxart yadından o dağları, o bağı, o bağçanı da yadından çıxart.

Sənin ki, sakitlikdən xoşun gəlir, Sadıq. Hələ ki bazar sakitdir, darıxma. Qoy o radio da o binanın başında nə qədər bağırır bağırsın, fikir vermə. Qoy o arvad o dəmirin içində özünü didib-töksün: “Ayaqlarınızı aralı qoyun... Qollarınızı yuxarı qaldırın... Dərindən nəfəs alın...” Səni qollarını yuxarı qaldırmağa məcbur eləyən yox, ayaqlarını aralı qoymağa məcbur eləyən yox; hələ ki, asfalt yol dərindən nəfəs alır, sən də dərindən nəfəs al, Sadıq.

Yolun kənarındakı dükanlar bağlıdır: “Sənaye malları”, “Ərzaq mağazası”, “Bərbərxana”... Bircə çayxanalar açılıb və çayçı “şagirdləri” su dolu vedrələri möhkəm taxtaların dəmir qarmağına keçirib, sallada-sallada, iki-iki, dörd-dörd çayxanalara daşıyırlar. Şagirdlər vedrələri çayxanaların qabağına qoyub dərindən nəfəs alır. Nəhəng, sarı samovarlar da hələ çayxanaların qapısı qabağında nəfəs alırlar. Bir azdan samovarlar qaynayacaq, onda kəndlilər də kəndlərdən gələcəklər. Sən çalış ki, bu dəfə günəbaxanın yaxşısını alasan, Sadıq, yoxsa heç kəs səndən günəbaxan almayacaq, bekar qalıb darıxacaqsan.

Günün işığı yavaş-yavaş pinəçi Səlim dayının budkasına tərəf gəlir. Bir azdan Səlim dayının özü də gələcək. Axı, sən daha gərək darıxmayasan, Sadıq, indi sən pinəçi Səlim dayını tanıyırsan. Sən bilirsən ki, bu gün o, günortayacan bir girvənkə ətin pulunu çıxartsa, axşamacan kefikök olacaq, səninlə zarafat eləyəcək, sənə qəribə-qəribə şeylər danışacaq. Əgər Səlim dayı bu axşam ət yeyibsə, onun sümüyünü dəsmalın arasında mütləq bazara gətirəcək və o sümüyü mütləq qara itə yedizdirəcək. Sonra Səlim dayı qara itin qəşəng başını tumarlayacaq: “Hürmək lazımdır, a köpək, hürmək lazımdır”.

Dörd köpək çörək bişirilən hisli binanın qabağında dayanıb. Onların üçü “həyasızdır”, “dilənçidir” – buna görə də, Səlim dayının onlardan xoşu gəlmir. Səlim dayının qəssab Əlidən də heç xoşu gəlmir, çünki qara köpəyi küçələrə salan o olub. Qəssab Əli qara köpəyi bir kəndlidən bir qoyuna alıb, ancaq evinə oğru gələndə qara köpək hürməyib, oğrular qəssab Əlinin bahalı xalçasını aparıblar, buna görə də Qəssab Əli o qara köpəyi, bəs deyincə döyəndən sonra, qovub küçəyə salıb...

Küçənin o başından qəssab Əli bir kök inəyin boynuna ip salıb darta-darta gətirir. İndicə qəssab Əli inəyin ayaqlarını bağlayıb, bazarın dalındakı qoz ağacının dibinə yıxacaq. Yazıq inəyin boğazından indicə qan fışqıracaq. Qırmızı qan. Sonra qəssab Əli o inəyi bazarın qabağında parça-parça doğrayıb satacaq. Əgər günortayacan bir şey qazana bilsə, Səlim dayı da o ətdən bir girvənkə alacaq və sabah səhər qara köpək o ətin sümüklərini çeynəyəcək. Sabah səhər qoz ağacının dibində bu boyda inəkdən bir qara qan qurusu qalacaq, özgə heç nə qalmayacaq.

Göy satanlar, meyvə satanlar bir-bir bazara axışır – kiminin qolunda vedrə, kiminin çiynində kisə... Başmaqsilən daz Səftər də indicə taxtası çiynində gələcək. Oturacaq, müştəri gözləyəcək. Bir azdan zorba-zorba maşınlar gəlib bazarın qabağında dayanacaq və onların kabinələrindən kolxoz sədrləri düşəcək. Maşınların kabinələrindən düşən kolxoz sədrləri öz palçıqlı çəkmələrini dalbadal Səftərin taxtasının üstünə qoyacaqlar və Səftər o çəkmələrin palçığını sevinə-sevinə təmizləyəcək...

Axı, sən daha gərək darıxmayasan, Sadıq: indi bu Səftər də sənin üçün bir vaxt başmaq şotkalarını taqqataq taxtaya vurub, fasiləsiz çığıran əcaib bir şey deyil. İndi sən bilirsən ki, Səftər adamdır və o, daha çox başmaq silmək istəyir ki, bazardan yaxşı-yaxşı şeylər alıb yesin. Sən bilirsən ki, əgər Səftər səhər-səhər bir şey qazana bilsə, durub sevinə-sevinə bazara qaçacaq, iki iri lavaş alacaq, əlli qram yağ alacaq, əlli qram bal alacaq və mazlı qara əllərini arxın suyunda təmiz-təmiz yuyub, ləzzətlə nahar eləyəcək. Sən hətta onu da bilirsən ki, Səftər ancaq bal-yağ yeyəndə əllərini yuyur, əgər o, çörəyini şorla yeyəsi olsa, əlini yumayacaqdır.

Sən istəyirsən ki, Səftər həmişə bal-yağ yesin, elə deyilmi, Sadıq? Sən istəyirsən ki, Səlim dayının hər axşam əti olsun və hər səhər o, dəsmalının arasında qara köpəyə sümük gətirsin. Əgər bu gün Səftərin bal-yağ almağa pulu olmasa, buna görə sən darıxma, Sadıq, onun qara, mazlı əllərinə fikir vermə. Yadından çıxarma ki, bu gün olmasa da, sabah Səftər bal-yağ almaq üçün pul qazanacaq və çörəkdən qabaq qara, mazlı əllərini arxın suyunda təmiz-təmiz yuyacaq. Əgər Səlim dayı bu gün də, sabah da ət ala bilməsə, hər halda birigünə onun bir girvənkə ət pulu hazır olacaq, əti dəsmala büküb aparacaq və səhər həmin dəsmalda da itin sümüyünü gətirəcək. Sən belə şeylərə görə darıxma, Sadıq, sən belə şeylərə görə narahat olma.

İtlər çörək bişirilən hisli binanın yanından bazara tərəf gəlir. Qurbanın olum, qara köpək, axı sən niyə həmişə belə fikirli dolanırsan? Bəlkə sən də o dağların dərdini çəkirsən, yoxsa səfil küçə itləri ilə dolanmaq sənə ağır gəlir? Bəlkə sən də qəssab Əliyə nifrət eləyirsən, qara köpək, ona görə ki, səni dağlardan ayırıb, ona görə ki, səni həyətindən qovub. Belə dilsiz-ağızsız olmasaydın, o səni hər görəndə təpikləməzdi. “Hürmək lazımdır, a köpək, hürmək lazımdır”.

Gərək nə qədər axmaq olasan ki, çoban itinə həyət gözlədəsən. Gərək nə qədər alçaq olasan ki, hər dəfə o iti görəndə xalçan yadına düşə. Gərək nə qədər qorxaq olasan ki, yaxşı günəbaxan almaq istədiyinə görə səninlə dalaşmağa fürsət axtaran bu torbalı, stəkanlı uşaqlardan qorxasan. Sən gərək qorxmayasan, Sadıq, çünki Səlim dayı yanındadır. Çünki sənin Qubad kimi dostun var, Sadıq, ayağı şikəst olsa da, qolları qüvvətlidir.

Darıxma, Sadıq, darıxma! Bir azdan Qubad Vayenkomun dəli atını gətirib nallatmağa aparacaq, ya da Qubad elə-belə bazara gələcək və sənin yanında oturub, gözlərini çörək dükanının qırmızı qapısına zilləyəcək. Sən deyəcəksən: günəbaxan götür, götürməyəcək. Qubad deyəcək: satdıq mala haram qatmazlar və əgər bir müştəri gəlsə o, sevinə-sevinə stəkanı günəbaxanla dolduracaq.

Sən istəyirsən ki, Qubad bazarda olanda müştəri gəlsin. Ona görə istəyirsən ki, Qubad sevinə-sevinə stəkanı günəbaxanla doldursun və müştəridən bir manatı alıb, min manatın sevinci ilə sənə versin. Sən istəyirsən ki, Qubad burada olanda Mərcan xala çörək dükanının qapısında görünsün, ya da bazara çıxsın, əllərini arxasında cütləyib, açarlarını cingildədə-cingildədə adamların qabağından keçsin. Sənin özün də Mərcan xalanı o sarı ipək donda və o təzə ağ kəlağayıda görəndə xoşlanırsan, elə deyilmi, Sadıq? İstəyirsən ki, Mərcan xala gündə yüz dəfə bazarın yanından keçib, sənin üzünə gülümsəsin və torbadan bir ovuc günəbaxan götürüb, çırtdaya-çırtdaya bazarı gəzsin. Sən istəyirsən ki, Mərcan xala gündə yüz dəfə buradan keçsin və qəssab Əli sədəf təki dişlərini ağardıb, onun qabağında yaltaq-yaltaq hırıldasın; panamalı, qalstuklu adamlara baş əydiyi kimi, baş əysin. Sən ki, o fil boyda qəssabı gündə yüz dəfə dovşan şəklində görürsən, daha niyə darıxırsan?..

Darıxma, Sadıq, darıxma! Bir azdan zavodun fiti çalınacaq və sən torbanı çiyninə atıb küçə aşağı qaçacaqsan. Sən zavodun qabağındakı bağda bir ağacın sərin kölgəsində oturacaqsan, bibin isti xörəyin içinə xırda-xırda çörək doğrayacaq, sən o xörəyi də, çörəyi də ləzzətlə yeyəcəksən. Sonra sən bazarın qabağında yenə Səlim dayı ilə yan-yana oturacaqsan, Səlim dayı başmaq yamayacaq və sənə də, qara köpəyə də öz cavanlığından danışacaq. Sonra sən, o qara köpəklə birgə, uca dağların başında olacaqsan: o yerdə ki, nar ağacları sərin-sərin sular içir, qırmızı-qırmızı çiçək açır... Sənin qara köpəyin böyük-böyük canavarları boğacaq və həmişə sən ona qoyun əti yedirəcəksən. Sən Səlim dayıya şaqqa-şaqqa qoyun əti göndərəcəksən və Səlim dayının kefi həmişə yaxşı olacaq. Səftərə bal-yağ pulu vermək üçün bu şəhərə gələndə sən həmişə qara çəkmə geyəcəksən, Sadıq və bir gün sən qoz ağacının dibində qəssab Əlini yerə yıxıb, o qara çəkmələrlə budayacaqsan. O qara çəkmələrlə sən arxın qırağında boş-bekar oturub, “detdom” qızlarının çılpaq qıçlarına baxan avaraları vurub arxa salacaqsan və ondan sonra qızların hamısı, yoldan rahat keçəcək. Sən o qara çəkmələrlə bir gün “raytorq” deyilən o ağ binanın taxta pilləkənlərini cırıldada-cırıldada yuxarı qalxacaqsan və oradakı göy qapının qabağında Mərcan xalanı arxadan qucaqlayıb içəri çəkmək, divanın üstünə yıxmaq istəyən o “gic oğlu gici” ölənəcən döyəcəksən. İndi sən bilirsən ki, niyə Mərcan xala o adamın evinə hər gün çörək göndərir, indi sən çox şey bilirsən, Sadıq, ona görə də daha gərək darıxmayasan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 min
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 min
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 min
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 min

Poems by other poets