Page 1 of 6

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.

Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

Qapı aralı olsa da, onu Səfalı müəllim ədəb xatirinə taqqıldatmağı lazım bildi və nəticədə bir dəstə Buzbulaq uşağının yekdil “urra”sını, alqışını qazandı. Və hələ o uşaqların səsi kəsilməmiş Xızır kişinin həyətdən səsi gəldi:

– Kimsən, a bala? Keç gəl, qapı açıqdı. – Və bu səsi eşidən kimi uşaqlar – sanki öz missiyalarını bitmiş hesab eləyib, – pərən-pərən dağılışıb getdilər.

Həyətdə Tərlan arvad ocağın qırağında əyləşib, bir iri teştin içində günəbaxan tumu qovururdu; Xızır kişi arvadından bir azca aralıda quru odunun üstündə oturmuşdu.

– Ə, Tərlan, olmuya bu, bizim Səfalıdı?.. Odu.. Bə belə niyə, bacıoğlu? Adam dayısını belə axtarar? – Xızır kişi bu sözləri elə bir şəkildə dedi ki, elə bil onlar vur-tut bir həftə bundan qabaq, Buzbulağın hansı döngəsindəsə xudahafizləşib, biri-birindən ayrılmışdılar və bu bir həftədə Səfalı müəllim bir azca səhlənkarlıq eləyib, dayısına baş çəkməyi unutmuşdu.

Xızır kişi sirimsəmiş vəl taxtasına oxşayan iri, qupquru əli ilə Səfalı müəllimin xırdaca, pambıq kimi yumşaq əlini sıxdı. Oturduğu yerdəcə bir qədər qurcalanıb, yerini rahatlamaqla – Tərlan arvad da Səfalı müəllimin gəlişinə öz hörmətini, ehtiramını bildirdi.

– Gətir o dabretqanı qoy bacoğlun otursun. – Tərlan arvad Xızır kişiyə dedi. – Yazıqdı, o boyda yol gəlib Bakıdan... Bu sahat dururam salım simavarı. Qurtarıram, az qalıb, heyifdi, ocağın odu sönməsin.

Xızır kişi içəridən kətil gətirənəcən Tərlan arvad ocağın külünü eşələdi və sonra qovurduğu günəbaxan tumunu cani-dildən qarışdıra-qarışdıra elə qədim, elə tanış bir ərklə dilləndi ki, Səfalı müəllimin ürəyi yerindən oynadı: – Bu Qoqan, dədəsiz qalmış, çox zülm eləyir bizə, ay Səfalı!.. Day xirtdəyə yığılmışıq bu gədənin əlinnən!

– Taxsır özündədi bunun! – Xızır kişi kətili gətirə-gətirə uzaqdan-uzağa deyindi. – Uşaq pul istiyir ver də, üç manatın maliyyəti nədi... Yox, gərək hər kəs öz zəhmətiynən pul qazansın – sənin bu daycanın da, bacoğlu, belə mollalıq eləyir. Oturub, iki günnən bir, əl-ayağın yandırır o ocaqda – nə var-nə var o Qoqan, it südü əmmiş aparıb küçədə satacaq o simiçkanı, üç manat pul əyəsi olacaq. Uşaq da uşaq ola yenə dərd yarıdı. Bəladı, tövqi-lənətdi başdan ayağa. Hələ on beş yaşı yoxdu, bunun indidən papros pulun yetirmək olmur. Gündə iki baçka çəkir köpəyoğlu. Özü də bahalısından.

– Bacarırsan, tərgitdir də. – Tərlan arvad böyük əzab-əziyyətlə yerindən dura-dura dedi. – Day, bala, dayında da o vaxtkı dayılıq qalmayıb. Qocalıb dayın. Haphaplıyıb. Day bunun sözünə-zadına da baxan yoxdu. Mən də ki, neynim axı: görürəm uşaq daraşıb çəkir o zəhrimarı, deyirəm qoy bunun azdan-çoxdan zəhmətin də görsün. Bilsin ki, pulu ağacdan dərmirlər mev yarpağı kimi... Səhər-səhər bir sahat dil tökmüşəm, axırda dinə-imana gəlib. Sarı düyəmiz bildirdən qısırıydı, aparıb Qoturdərədə kələ versin. İndi, bir hovurdan qayıdıb gələn kimi, yapışacaq xirtdəyimnən: “Nənə, pul. Nənə, pul!” O da – pul. Qoy aparsın satsın, nə istəyirsən getsin alsın. Günəbaxandı da, öz əlimizin məhsuludu, gedib bazardan tutub pul verib almamışıq ki...

Bel-buxunu tamam bükülmüş Tərlan arvad əl-ayağını az qala yerlə sürüyə-sürüyə samovar salmağa gedirdi. Həyətin qabağında köhnə kətilin üstündə oturmuş yorğun-yuxulu Səfalı müəllim elə bil nə Buzbulaqdaydı, nə dayısı Xızır kişinin – o çağacan bəlkə min dəfə yuxuda gördüyü – həyətindəydi; sanki Səfalı müəllim Qatarda hələ də yol gəlirdi, hətta o “qatar” hərdən yavaş-yavaş silkələnirdi də. Və “qatar” hərdən yavaş-yavaş silkələnəndə həyətin lap o başındakı daş hasar, o hasardan bəridəki ağac-budaq, o ağac-budağın yerdəki bozumtul kölgəsi və o kölgədə eşələnən toyuq-cücə də elə bil yavaş-yavaş silkələnirdi. Ancaq o toyuq-cücə Tərlan arvadın haçansa bu həyətdə bəslədiyi rəngbərəng, növbənöv toyuq-cücədən deyildi, hamısı ağ rəngdə, hamısı eyni cinsdən inqubator toyuq-cücəsiydi.

– Eşitdin də: deyir, zəhmətə öyrədirəm uşağı. – Xızır kişi xırıltılı-xışıltılı səslə qocafəndi gülürdü. – Bu cüvəllağının dədəsi guya zəhmətnən bu dünyada çox şey qazanmışdı... Rayonda iyirmi ildən çox milsənerlik eləyib, hökumətin tapançasın gəzdirdi g...tünün üstündə, axırda da elə o tapancaynan vurub meyidin sərdilər yerə. Raykomun lap qabağında, yolun ağzında, gecəynən düz ürəyindən vurmuşdular. Heç o vuranı da tapmadılar. Qocalığında yorğalıq eləyib, əlli səkkiz yaşda bir uşaq əyəsi olmuşdu, o da belə – üç-dörd yaşından yetim olub qaldı... O dədəsi ölmüşün də, bacoğlu, bu arvadı bu arvadı çox cavanıydı özündən. Əvvəlki iki arvadından olmadı uşağı, ona görə getdi bunu aldı. Bu da əri ölənnən heç bir il də keçmədi ki, uşağı gətirib atdı bizim üstümüzə, qoşuldu birinə, heç bilmədik hansı cəhənnəmə çıxdı getdi. İndi, az qalır on il olsun, mənnən daycanın əsir-yesir olmuşuq bu gədənin əlində... Adı da, nə bilim, “importnu” addı – Doquldu, Diquldu-nədi, xırda vaxtından Qoqan demişik, dilimiz öyrəşib... Dədəsi ölmüş şaddığına şitdik elədi o vaxt. Elə bil ad-zad qəhətiydi uşağa qoymağa. Dedim, bala, ad tapmırsan odu ey – baban Həmzənin adın hələ heç kəs qoymuyub uşağına. Qayıdasan ki, sən bilmirsən, dədə. Bu ad yaxşı addı. Firəngistanın padşahının adıdı. Başladı ki, bəs çox böyük padşah olub o padşah. Bu dünyada çox yaxşı işlər görüb. O adı, dedi, qoyaq uşağımıza, o kişinin də dünyada adı qalsın... İndi biləsən daycanın nə çəkir bu “ağıllı” firəng padşahının əlinnən. Yazığın sandığında-zadında da bir şey qoymuyub, hamısını oğurlayıb, aparıb satıb. Dədəsi, goru çatdamış, bilsəydi ki, bu gədə bizim başımıza bu oyunu açacaq, heç bəlkə yaşının o vaxtında “gədəyə” zəhmət verib, arvadnan o işə qol qoymazdı...

– Hələ sənə deməmişəm, Xızır! – Tərlan arvad tüstüsü təzəcə qalxan samovarın yanından bəyan elədi. – Axşam baxmışdım: tovuq damında on bir dənə yumurta vardı. Səhər baxıram: biri də yoxdu. Ya götürüb hikkəsindən – sındırıb çiy-çiy içib hamısın, ya da aparıb satıb bir adama, papros alıb.

...De-Qoll... Doqul, Diqul... Qoqan, Qoqan, Qoqan... Ağacların kölgəsi yenə yerin üstündə ara-sıra yırğalanırdı və orada – o kölgəlikdə eşələnən toyuq-cücə də – o kölgə ilə birgə hərdən tərpənirdi, yırğalanırdı. Görəsən, o toyuqlar niyə qaqqıldamırdı, Pərvərdigara! O toyuq-cücədən niyə heç bir səs-səmir gəlmirdi? Axı bir vaxt bircə o qara toyuğun qaqqıltısı bu həyətin cansız daş-torpağını da dindirib, dilləndirərdi. O toyuqların eşələndiyi yerdə, bir-birindən azca aralı bitmiş iki əriyin gömgöy budaqları arasından bir dağın qırmızımtıl təpəsi elə bil qorxa-qorxa hərdən Səfalı müəllimə baxırdı. Bəlkə qorxan dağ deyildi. Bəlkə Səfalı müəllimin özü o dağdan qorxurdu. Qorxurdu ki, o dağ dilə gəlib, ona – heç vaxt eşitmək istəmədiyi – dəhşətli sözlər deyə bilər... Məsələn, deyər ki, nahaq gəlmisən, Səfalı müəllim, sənin axtardığın o Buzbulaq yoxdur buralarda. O Buzbulaq, deyər, yerlidibli yoxdur bu dünyada. Bəsdir özündən dünya uydurduğun.

Dağ deyər ki, o qara toyuq da yalandır, guya onun haçansa bu həyətdə oxuduğu, adını “bərəkət himni” qoyduğun o qaqqıltı da boş xülyadır, əfsanədir – elə himn bu dünyada heç vaxt olmayıb və ola da bilməzdi. Qaldı ki, o qara eşşək – o da, söz yox, o qara toyuğun gicgic sərsəmləməyidir... Deyər, vallah, nə desən deyər, çünki dağ danışanda pis olur!..

Səfalı müəllimi deyəsən, hava vurmuşdu, yoxsa bir gecəlik qatar yolunun yorğunluğu insanı bu qədər keyləşdirə bilməzdi. Əgər halı özündə olsaydı, bu həyətlə Yəməndəki o bağlı həyət arasında nəsə bir uyğunluq axtarıb tapmaq Səfalı müəllim üçün bəlkə bir o qədər də çətin olmazdı. Buxarada, çay qırağında, bir vaxt namaz üstə gördüyü (ömründə bir dəfə namaz qılmamış!) o üç yüz otuz üç yaşlı Xızır kişini indiki bu Xızır kişiyə heç olmasa az-maz bənzətməyə də onda Səfalı müəllimin bəlkə zoru çatardı və o qırmızımtıl dağ da yəqin ki, ağzını Allah yoluna qoyub, o sözləri o cür qırmızı-qırmızı Səfalı müəllimin qabırğasına döşəməzdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 min

Poems by other poets