Page 3 of 6 · 33%

Səfalı müəllimin çamadanına öz antaqonist münasibətini heç cür dəyişmək istəməyən Xızır kişi mısmırığını sallayıb oturmuşdu. Tərlan arvad o tərəfdə – ərik ağaclarının dibində, toyuqların yanındaydı. Ancaq Səfalı müəllim o tərəfə baxmaq istəmirdi, çünki o qırmızımtıl dağ da o tərəfdən, o iki ərik ağacının arasından görünürdü və guya o tərəfə baxsaydı, o dağ Səfalı müəllimə yenə nəsə xoşagəlməz bir şey deyə bilərdi.

– Yazıq bacımı da, demək orda basdırdın – Bakının kafirlərinin arasında. – Xızır kişi xeyli mısıb oturandan sonra, nəhayət, başını qaldırdı.

– Yox, kafirlərin niyə? Müsəlman qəbiristanlığında basdırmışam. – Səfalı müəllim uşaq kimi sevinə-sevinə dedi.

– Kafır bəyəm tək urusdan, ermənidən olur? Kafırlıq millətə-zada baxmır, bacoğlu, insanın xislətində olur kafırlıq. O bakıdakıların dillərin qanmaq olmur. O tırvizordan biri də bizdədi. Axşamlar baxıram hərdənbir. Qansertdərin-zadın başa düşürəm, ancaq dediklərindən heç bir mətləb qanammıram. O İranın, Türkiyənin radyoda dediyindən yenə adam azdan-çoxdan bir şey qana bilir... Mən o Qobıçovı da lap yaxşı başa düşürəm, nə olar urusca danışanda.

Xızır kişi axırıncı sözdən sonra yerindən dik ayağa qalxdı, yenə üzünü Səfalı müəllimin çamadanına sarı tutdu. Ancaq bu baxmaq o baxmaqdan deyildi. Xızır kişinin o çamadana budəfəki baxmağı açıq-aşkar o deməkdi ki, söhbət bitdi, çamadanını götürüb gedə bilərsən və istəyir əlli il yox, lap yüz əlli ildən sonra gəlsəydin, mən sənnən bundan artıq danışası deyildim. Onun sorakı sözləri də Səfalı müəllimin o çamadan barədəki müşahidəsinin dürüst olduğunu tesdiq elədi:

– Qoqan gələn kimi gətirəcək yorğan-döşəyi. Eyvanda lastraduşka (raskladuşka!) var. Üstünə keçi dərisi salmışam, yorğun olsan, uzan dincəl. Qoqan bir qab qatıq da gətirər – günorta çörəyinən yeyərsən. Axşam xörəyimiz olsa, sənə də pay göndərəcəyəm...

O çamadanla dayısıgildən öz dədə-baba evinəcən necə gedib çıxmağı Səfalı müəllimin bir o qədər də yaxşı yadında qalmamışdı. Amma halqasına əl boyda dağdağan çubuğu taxılmış o qapını açıb, öz dədə-baba evinin həyətinə girəndə xiyabanda gördüyü yanmış, saralmış ot, innən belə yetmiş iki il də yaşasa, yəqin ki, Səfalı müəllimin heç vaxt yadından çıxmayacaqdı. Axı o ot eynilə həmin ot idi, Pərvərdigara! O yuxuda o Səfərlə Səfalı müəllim niyə məhz bu otun üstündə güləşmişdi... Bir də – o Qoqan – De Qoll... O Qoqan Səfalı müəllimin təsəvvüründə bəlkə o Taryelin özündən də diri qalmışdı, canlı qalmışdı... Səfalı müəllim o həyətə girəndən beş-on dəqiqə keçməmiş qaça-qaça özünü yetirdi. Şala bükülü yorğan-döşəyi eyvanın qabağına tullayıb, özünü xiyarlığa verdi. Qoyun-qoltuğunu xiyarla doldurub, xiyarın bir yekəsini də əlində gəvələyə-gəvələyə Səfalı müəllimə yaxınlaşdı.

– Dayı nə olar, on manat ver də... Gedib dükandan babama piçenni alacağam. – Elə də ərklə dedi ki, elə bil zalımın balası gözünü açandan Səfalı müəllimi bu həyətdə görmüşdü. Pulu qoparandan sonra da bicliyindən-kələyindən qalmadı: – Qorxma, dayı borcunnan çıxacağam – dağa getsəm, sənə kəklik yumurtası gətirəcəyəm.

Buzbulağa gəldiyi günün elə birinci gecəsi Səfalı müəllim anası Sərən arvadı yuxuda gördü. Özü də Buzbulaqda yox, Buzovnada. Məsələ beləydi ki, instituta girəndən sonra Səfalı müəllim, hələ sentyabr ayından, Bakıda özünə bir münasib iş axtarmağa başlamışdı və o işi tələbə yoldaşlarından birinin köməyilə Buzovna stansiyasında elektrik qatarlarına bilet satan kassada tapmışdı. Axşam saat 5-dən gecə saat 12-yəcən kassada oturub, həm biletini satırdı, həm də rahatca dərslərini hazırlayırdı. Hətta kefinə düşəndə, hərdən yarım saatlığa, bir saatlığa kassanı bağlayıb, plyaj yolunun ağzındakı restoranın bufetində işləyən Sima ilə mırt vurmağa da gedirdi. Qızın əsl adı Səmayə idi, ancaq özü öz adını Sima qoymuşdu, elə o ad Səmayəyə yaraşırdı da. Səfalı müəllimin Səmayədən yaman xoşu gəlirdi. Elə qızın da, deyəsən, Səfalı müəllimə meyli vardı. Bir dəfə sözləşdilər ki, şəhərdə Sabunçu vağzalının qabağında görüşsünlər; əvvəla, ora xatircəmlik idi – şəhərdə onları kim tanıyırdı. İkincisi də, Sima şəhərdə yaşayırdı, hər gün elektriçka ilə Buzovnaya gedib-gəlirdi... Ancaq Sima o görüşə gəlmədi. Simanı o vağzalın qabağında düz üç saat gözləyəndən sonra Səfalı müəllim elektriçkaya minib, suyu süzülə-süzülə Buzovnaya qayıtdı. Bununla da məsələ qurtardı. Düzdür, lap evlənəndən sonra da o Simanı görəndə həmişə Səfalı müəllimin ürəyi əsirdi, amma yəqin ki, belə olmağı yaxşıydı: bufet, restoran adamından Səfalı müəllimə arvad çıxmazdı.

O kassada işə düzələndən sonra gecələr Səfalı müəllim elə o kassadaca gündüz növbəsində işləyən buzovnalı Əzizağa kişinin evində qalırdı. Maaşı pis deyildi – o vaxtın pulu ilə ayda nağd min yüz manat pul alırdı. Bundan savayı, o kassadan da Səfalı müəllimin əlinə, beşdən-üçdən, hər gün əlavə pul gəlirdi. Və Səfalı müəllim hər şeyi ölçüb-biçib axırda belə qərar qəbul elədi ki, Sərən arvadın Buzbulaqda qalmağına daha heç bir ehtiyac yoxdur, onun – öz oğlu dura-dura – gedib qardaş qoltuğuna sığınmağı heç insafdan da deyil. Üstəlik, Əzizağa kişi də bu işi yüz faiz bəyənirdi, hətta Səfalı müəllimin tək qaldığı balaca otağı, anası gələndən sonra, daha böyük bir otaqla dəyişməyə hazır idi. Bir sözlə, instituta girdiyi həmin o birinci il, hələ heç qış da düşməmiş, Səfalı müəllim gedib Sərən arvadı Buzbulaqdan gətirdi. Sərən arvad, lap az vaxtda Əzizağa kişinin özü ilə də, arvadı Mələkxanım, qızları Heyransa və Zərnigarla da dil tapdı, qaynayıb-qarışdı. Və bundan bir müddət keçəndən sonra Buzovnanın yarısı Sərən arvadın birçəyinə and içməyə başladı.

Ancaq məsələnin belə bir pürsüklü tərəfi də vardı: Əzizağa kişi Zərnigardan qabaq böyük qızı Heyransanı ərə vermək istəyirdi. Xasiyyətdə, sir-sifətdə Heyransa bəlkə Zərnigarın özündən də üstün idi, qəşəng idi, amma heyif ki, şikəst idi. Qolunun biri o birindən xeyli balacaydı. Daha doğrusu, Heyransanın bir əli elə bil biləkdə yox, dirsəkdə bitmişdi.

Zərnigarla evlənmək məsələsini öz aləmində çoxdan həll eləyib qurtarmış olsa da, Əzizağanın, Mələkxanımın xatirinə, bir də o şikəst Heyransanın ürəyini sındırmamaq üçün, Səfalı müəllimə qalsa, bəlkə bu variantla da razılaşardı. Amma Sərən arvad bərk dayandı: “O Heyransa da, – dedi, – özü kimi şikəstdən-zaddan birin tapıb gedər. Qız alırıq, bütövünü alaq da, neynirik qol yarım qızı... Hələ şikəstliyi bir yana, əmcəyinin altında kəklik yumurtası boyda yekə bir ziyili də var: qara, tüklü, nataraz bir şeydi – hamamda öz gözümnən görmüşəm.

Və Səfalı müəllimin bu gecə Buzbulaqda gördüyü yuxunun, Qoqanın dediyi, həmin o “kəklik yumurtası” əhvalatıyla – lap uzaqdan-uzağa olsa da – elə bil nəsə bir əlaqəsi vardı. Daha doğrusu, Heyransa əhvalatıyla, çünki Səfalı müəllimin yuxuda gördüyü buydu ki, Əzizağa kişiylə Mələkxanım sözü bir yerə qoyub, toy gecəsi Zərnigarın yerinə, Heyransanı gətirib bəylə gəlinin otağına salmışdılar. Bir qolunu çarğatının altında bərk-bərk gizlədə-gizlədə Heyransa otağın ortasında dayanıb, məzlum-məzlum Səfalı müəllimə baxırdı və Səfalı müəllim bilmirdi ki, neynəsin: durub bu saat bəy otağından çıxıb getsin, qalıb səhərin açılmağını gözləsin, yoxsa Zərnigarın yerinə Heyransanı arvadlığa götürüb, birdəfəlik öz taleyi ilə razılaşsın... Və belə bir çıxılmaz vəziyyətdə Sərən arvad Səfalı müəllimin dadına çatdı: əvvəl, Zərnigarı itələyə-itələyə içəri saldı, sonra Heyransanın qolundan yapışıb, eşiyə çıxartdı; Xızır kişinin səsinə oxşayan qart səslə: “Mən o Qorbıçovu lap yaxşı başa düşürəm, – dedi. – Ancaq bu kafir müsəlmanın heç bir işindən baş açammıram...” Və bərkdən qapını çırpıb getdi.

Səfalı müəllim diksinib, yuxudan ayıldı. Gördü ki, hər yan süd kimi ay işığıdır. Gördü ki, Qoqanın gətirdiyi kiloluq qatıq bankası döşəmənin bir yerində böyrü üstə yıxılıb və açıq pəncərənin qabağında – o bankanın yerində bir qara pişik oturub, öz əməlinə görə böyük xəcalət hissi keçirir.

Ayılandan sonra Səfalı müəllim səhərəcən yata bilmədi. Bir tərəfdən – dünyanı ağzına götürmüş ağappaq ay işığı, bir tərəfdən də – bu dünyada heç kəsə bənzəməyən Sərən arvadın parlaq siması, surəti. Sərən arvadın heç vaxt yaddan çıxmayası sözü də, əməli də çox idi. Ancaq onun bir əməli də çox idi. Ancaq onun bir əməli lap tarixə yazılmalı şey idi: Şüvəlanda, Ətağanın qəbrinin qabağında atəşin nitq irad eləməyi... Söhbət köhnənin söhbətiydi. Səfalı müəllimin Bakıda hökumətdən ev alıb, Büzovnadan ailəlikcə şəhərə köçdüyü vaxtdan beş-altı il keçmişdi, ya keçməmişdi. Rena da hələ uşaq idi, məktəbdə oxuyurdu. Bazar günlərinin birində yığışıb hamılıqla Buzovnaya Əzizağa kişiyə qonaq getmişdilər. Qayıdan baş hardansa Zərnigarın ağlına yerləşdi ki, oralarda bir doyunca gəzib-dolanıb sonra şəhərə dönsünlər. Dənizin qırağıyla gəzə-gəzə axırda gedib Şüvəlanda Ətağanın qəbrinin üstünə çıxdılar. Qəbrin başına xeyli arvad toplaşmışdı. Gəlib-gedənə Ətağanın başdaşını öpdürüb, özlərinə nəzir yığırdılar. İş elə gətirmişdi ki, o başdaşını Rena da öpməli idi. Ancaq hələ qız təzəcə əyilib, ağzını o daşa vurmaq istəyirdi ki, Sərən arvad əlini daşın üstünə qoydu və Rena daşın əvəzinə nənəsinin əlini öpəsi oldu. Və o arvadlara da elə bil bu lazım idi. Hamısı ağız-ağıza verib, Sərən arvadı dinsizlikdə, babılıqda ittiham eləməyə başladılar. Və gözünə döndüyüm Sərən arvad birdən-birə coşdu, nə coşdu: “Matuşqalar! Donuz əti yeyənlər! Siz nə qanırsız imam nədi, peyğəmdər nədi. Yığışıb burda molla bazarı açmısız – heç arvaddan da molla olar?.. Peyğəmbər sümüksüz balığı haram buyurub, amma siz yeyirsiz, tıxırsız onu. Hələ üstündən utanmaz-utanmaz barmağınızı da yalayırsız. Mənim uşağım niyə öpməlidi o daşı – ona gündə yüz adamın ağzı dəyir. İstəyirsiz uşaq öpsün onu, sonra gedib sarılıq azarı tutub yorğan-döşəyə düşsün?.. Bəs bunun dərsin kim oxuyacaq? O gün həndəsədən “üç” veriblər, oturub ağlayıb səhərəcən. Siz heç bilirsiz – həndəsə nədi?.. Qəzet-kitab oxumursuz, barı o radyoya qulaq asın. O radyoda heç bir dəfə deyən olub ki, gedin qəbiristanlığın daşların öpün, sonra da qarınağrısına düşüb iyləndirin şəhərin havasın? Harda deyiblər belə şeyi?.. Özünüzün bir cüllüt ağlıca ağlız yoxdu, di gəl ki, dərs vermək istəyirsiz ağıllılara. Tfu, molla tör-töküntüsü!.. Bunnarın vid-fasonuna bax: siz heç adama da oxşamırsız, ay yazıqlar, çaqqala, safsara oxşuyursuz!..” – Bir sözlə, Sərən arvad o arvadlara elə bir “həndəsə” dərsi verdi ki, yazıqların düz on dəqiqə gözü bərələ qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 min

Poems by other poets