Üçüncü fəsil. Əli Ziya
Page 1 of 3
– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.
Səfalı müəllim:
– Eşitməmişəm, – dedi. Fikirləşdi ki, o yeməkxanadan çıxandan sonra, bayaqdan bəri qulağında cingildəyən, demək Əli Ziyanın elə öz səsiymiş – yəni o səs dənizdən, havadan-zaddan gəlmirmiş: dünyanın bu əməlinə də Səfalı müəllim xeyli təəccübləndi və Əli Ziyanın üzünə baxmadan soruşdu:
– Sən məni o balkonda havaxt gördün ki?
– Bayaq da – təxminən bir sahat olar. Gördüm səs vermirsən, dedim gedim bir hovur uzanım, sora gəlim... Deyəsən, çayın da var axı? Qəndin də var? Stəkanın birdi, ikidi?
Stolun üstündə Səfalı müəllimin evdən gətirdiyi fincan-nəlbəkidən savayı bir uzunsov sanatoriya stəkanı da vardı. Səfalı müəllim həmin stəkanı göstərib:
– Eybi yoxdu, mən bunda içərəm, – dedi. – Otur, çayı dəmləyirəm bu sahat.
– Dəmlə, sən allah. Bir yaxşı çay dəmlə, içək. Dilim-ağzım quruyub tamam. Məndə, Səfalı, şəkər var axı... O çaşkanı-zadı da yaxşı-yaxşı yaxala qaynar suynan. Hər yan xəstəlikdi bu sahat.
Səfalı müəllimin çayı hazır olanacan Əli Ziya balkonda, öz həmişəki “Napaleon” ədasıyla bir xeyli var-gəl elədi. Amma səhər – evdən çıxmaq ərəfəsində – Səfalı müəllim də sən demə, o sumkanın başına boş yerə hərlənməmişdi: qənd yaddan çıxmışdı.
– Heyif, qənd yaddan çıxıb! – Bunu Səfalı müəllim az qala ağlaya-ağlaya dedi.
Əli Ziya pencəyinin cibindən beş dənə, qırmızı kağızlı, xırdaca yastı konfet çıxarıb stolun üstünə qoydu.
– Kaş, dərd elə qənd dərdi olaydı, ay Səfalı! – dedi. – Götür. Yaxşı konfetdi, durğunluq dövrünün ehtiyatındandı. Üçü sənin, ikisi mənim. Necə böldüm? Özümə çox tərəfgirlik eləmədim ki?
Səfalı müəllim cəmi bir dənə konfet götürdü.
– Mənim bəsimdi. – dedi. – Elə evdə də, yola çıxanda ürəyimə dammışdı. Bilirdim ki, bir şey qalıb evdə. Demə qənd imiş qalan.
Əli Ziya fincan-nəlbəkini qabağına çəkdi.
– Elə indilərdə gəlmisən?
– Səhər gəlmişəm. Günortamı burda yemişəm – stalovada. – Səfalı müəllim istədi desin ki, elə səni də bayaq görmüşəm orda, amma demədi.
– Hə?.. Demək olmusan stalovada?.. Mən də ordaydım günorta. Yuxarı başda, o nədi, az adam olan yerdə oturmuşdum. Rasim gəlmişdi dostlarıynan – bizim Minayənin yoldaşı. İki tikə balıq kababı yedim, dişimi dəyişdim. Sağ olsun Rasim, tez-tez gəlir buralara. Özünün də yaxşı hörməti var burda... Ticarətdədi axı – nazirlikdə. Ona görə də bütün personal and içir başına.
Səfalı müəllimi fikir götürmüşdü: görəsən nə olub? Əli Ziya, niyə gedib Mərdəkanda gül kimi bağında oturmur, ayın-ilin bu vədəsi onun Zuğulbada nə iti azıb... Və Səfalı müəllimin fikrindən keçəni Əli Ziya əlbəəl oxudu.
– Yaman işə düşmüşük, Səfalı. Xalis müsibətdi, and olsun Allaha – bağında da adamı bir gün rahat oturmağa qoymurlar. Özləri camaatı qızışdırıb salıb ortaya, bu yandan da intiligensiyanın xırtdəyindən bərk-bərk yapışıblar ki, sən get cavab ver xalqa. Xalqı da görürsən özün, adam axtarır fitə bassın. On gündü ki, burda, bir az özümə gəlmişəm. Başım-qulağım dincəlib. Bu gün getməliydim. Dedim: qalım bu gecəni də. Bir gecənin qulaq dincliyi də böyük şeydi indiki vaxtda. Elə yaxşı da oldu ki, qaldım. Vallah, Səfalı, yaman göylüm istiyirdi səni. Şəhərdə də, küçədə-zadda, elə hey gözüm axtarırdı.
Əli Ziya çayı nəlbəkiyə süzürdü, üfürə-üfürə ləzzətlə içirdi və Əli Ziyanın o təhər çay içməyinin ləzzəti, nə qədər qəribə olsa da, elə bil yağ kimi Səfalı müəllimin canına yayılırdı. Deyəsən, ya köhnə dostluğun həsrəti ürəkdə təzədən qövr eləməyə başlayırdı, ya da Səfalı müəllimin ürəyində qövr eləyən yenə uşaqlığın kövrək xatirələriydi, çünki bu dünyaya göz açandan dayısı Xızır kişini də o, eynən bu cür – çayı nəlbəkiyə süzüb üfürə-üfürə içən görmüşdü.
– Rəna qızım yenə ordadı – Leninqradda?.. Hərdən gedib baş çəkə bilirsənmi barı? Mənim də sənin yanında üzüm qaradı. Sərən xala rəhmətə gedəndə yoxdum burda. Zərnigar bacının da ölməyini gec eşitdim. İstəmədim sora gəlib dərdivi təzələyim. – Əli Ziya şalvarının, pencəyinin cibindən dəsmalını tapıb çıxartdı. Alnının tərini silib: – Balam, bu nə yaxşı çay oldu! – dedi. Sonra xeyli vaxt dinmədi. O vaxtacan dinmədi ki, gözlərindən laybalay yaş əmələ gəldi və əlindəki dəsmalla gözünün yaşını silə-silə axır ki, sözünə davam elədi: – Fərəh bacın da bildir getdi. Şam kimi əriyib söndü gözümün qabağında. Fərəhim də, sevincim də onnan qurtardı, Səfalı... Qızlarımdan şikayətim yoxdu. Qızlarım da, kürəkənlərim də yaxşı baxır mənə. Ancaq gədə yaman pis gədə çıxdı, Allah insafını kəssin onun. İçir. Bərk içir. Ayıq günü yoxdu.
Bu yerdə o Yəmən viranxana, necə oldusa, yenə Səfalı müəllimin gözünün qabağına gəldi: o gecə, o mehmanxana, o konyak şüşəsi, suyu duz qoxusu verən o bulanıq Qırmızı dəniz və o mehmanxanada, bircə gecənin içində (söz yox, Əli Ziyanın məhsuldar əməyi nəticəsində!) dəyişib, cavanca gəlinə dönmüş Polina Viktorovnanın o dənizdə Əli Ziya ilə duzsuz-duzsuz mazaqlaşmağı... Bir də – şam. Əriyə-əriyə sönməkdə olan nazik, kiçik bir şam: üz-gözündə həmişə yorğun təbəssüm gəzdirən – arıq, bəstəboy, xəstəhal Fərəh xanım... Ancaq, bu dünyanın işlərinə yenə mat-məəttəl qalmış Səfalı müəllim bu şeyləri gərək yadına salmayaydı – onda bəlkə Əli Ziya da o Yəmən söhbətini salmazdı və öz köhnə dostuna hələ lap təzəcə quşu qonmağa başlayan Səfalı müəllim o quşu havaya uçurmazdı.
– Amma, Səfalı, yaxşı qurtardıq ha, o vaxt... O Yəmən haqq-hesabını deyirəm. Otuz yeddinci il olsaydı, o hərəkətivə görə səni tutardılar. – Əli Ziya, hər iki əli şalvar ciblərində, otaqda gəzinə-gəzinə dedi.
– Hansı hərəkətimə görə?... – Özününcə səsindən qopan naləli bir sızıltı uzun müddət Səfalı müəllimin qulaqlarında cingildədi və sonra – o cingilti çəkilib getdikcə – elə bil dünya yavaş-yavaş kiçilməyə, balacalaşmağa başladı. Bə o balacalaşmış dünyada birdən-birə Vaskanın yeri göründü: o Vaska elə bil haradasa – ağlar səslə – yazıq-yazıq miyovuldadı; bu saat durub sanatoriyanı qarış-qarış gəzməyə və o Vaskanı tapmağa ürəyində Səfalı müəllim, bir Allah bilir ki, birdən-birə nə boyda ehtiyac hiss elədi.
– Qaçmasan da, hər halda, ürəyindən keçmişdi də, Səfalı!.. Mən ölüm keçmişdi, Səfalı, ya keçməmişdi? – Əli Ziyanın gülməyi yenə pişik öskürməyinə oxşayırdı.
Səfalı müəllim heç nə demədi. Sevindi ki, sabah Əli Ziya gedir və eyni vaxtda çoxdankı vacib bir məsələni də özü üçün ürəyində birdəfəlik həll elədi: əgər o dünyada görüşəsi olsalar, bu adama Səfalı müəllim heç bir sual-zad verməyəcəkdi.
– İnstitutda dərsdən-zaddan deyirsənmi barı? – Əli Ziya bu dəfə tamam başqa səslə dilləndi: ortada nəsə pərtlik əmələ gəldiyini, deyəsən, hiss eləmişdi, başa düşmüşdü ki, o söhbəti salmaqda düz iş görməyib.
– Demirəm. – Səfalı müəllim Əli Ziyanın üzünə qorxa-qorxa baxdı, çünki bu adamın gözündə bir vaxt gördüyü şeytanı bir də görmək istəmirdi. – O Nuhbala olan yerdə dərs deməyin nə mənası var?
– Nə Nuhbala? – Əli Ziya divanda oturub, peşmanlamış çaşqın gözlərilə məsum-məsum Səfalı müəllimə baxdı. – O Nuhbalanın o vaxt Heydər aşın bişirdi də, bə bilmədin?
– Yoox!.. – Səfalı müəllim böyük təəccüblə dedi və bu dəfə Əli Ziyanın sifətinə qorxusuz-hürküsüz baxdı: elə bil bircə bu xəbərə görə o, Əli Ziyaya yenə hər şeyi bağışlamağa hazırlaşırdı. – Bəs indi kimdi Nuhbalanın yerində? – Səfalı müəllimin birdən-birə gözləri işıqlanmışdı. Sanki bir zaman rektoru olduğu instituta – bu qədər vaxt keçəndən sonra – onun təzədən quşu qonmuşdu.
– Doğrudan bilmirsən?
– Vallah, xəbərim yoxdu.
– Ə, sən lap yuxudaymışsan ki, ay Səfalı!.. – Əli Ziya əldəqayırma ərk ilə ucadan dedi. – İndi Şahbaladı da orda – bizim Rasimin kiçik əmisi. Özü də havaxdandı gör: az qalır on il ola.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-ucuncu-fesil-eli-ziya
Use ← → keys to move, R for a random poem
More by this author
I**O biri küçələrdə ay işığının elektrik işığından bir az qarışığı vardı. O biri küçələrdə sıx binalar arasında reklamlar közərirdi.
May günüT.G.Kalyaginaya*Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdü. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.
Ürək yaman şeydir...I**Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmiş olsaydı, bəlkə kənddə belə tez darıxmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan otələf son çöpünəcən biçilib-daşınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındakı beşaltı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xırdaca xatirə idi, özgə bir şey deyildi.
Dəyirman əhvalatıI**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.