Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair
Page 2 of 6 · 17%
Yalnız ikinci çaydan sonra Səfalı müəllim güc-bəla dərk eləyə bildi ki, haçansa raykomun qabağında, yolun ağzında, gecəynən tapança ilə vurulan onun yaşıdı, uşaqlıq yoldaşı Səfərdir və bu səhər toyuq damından yumurta çırpışdırıb, indi Qoturdərədə sarı düyəni kəllə cütləşdirməklə məşğul olan Qoqan adlı o mürəkkəb şəxsiyyət isə həmin o ölən Səfərin yetim qalmış övladıdır. Bir azdan (üçüncü çaydan sonra) Səfalı müəllim hətta o dərəcədə ayıldı ki, dayısının Səfərdən danışa-danışa bayaqdan Səfərin adını bir dəfə də çəkməməyində – azı üç yüz otuz üç yaşlı – qoca və qədim bir məna tapdı: demək, Xızır kişi bu saat tamam arxayın idi ki, oğlu Səfər haradasa haqq dünyadadır, özü də bu dünyadakından çox-çox rahat, çox-çox sakit bir güzəran içindədir və onun adını çəkib, ruhunu narahat etmək, hər halda, bir o qədər də kişilikdən deyil...
Hələ dördüncü çayı içməyə başlamamış, Səfalı müəllim bu qərara gəldi ki, o Qoqan bic-vələdüznanın lap yekəsidir. Ancaq o sandıq və yumurta əhvalatlarıyla bu adam Səfalı müəllimə bir o qədər də orijinal şəxsiyyət təsiri bağışlamadı. Daha doğrusu, Buzbulağın əlli illik həyatının ən əlamətdar hadisəsi kimi, o Qoqan Səfalı müəllimi bir o qədər də qane eləmədi. Uşağa “importnu” ad qoymaq isə buralarda elə əlli il qabaq da dəb idi: Marks, Engels, Telman, Voroşil, nə bilim, Kolxoz, Oktyabr, Noyabr, Aqreqat, Deleqat, Deputat – hətta, Molotov-Koqanoviç mənasında, Molkoqan adında bir tipin bu kəndin küçələrində bir vaxt aşıq oynamağı da indiyəcən Səfalı müəllimin yadında idi. Ancaq Səfərin öz uşağına De Qoll adı qoymağı, nədənsə, Səfalı müəllimə bir az qəribə gəldi. Bir də – o tapança, o milsənerlik. Səfalı müəllim nə qədər çalışdısa, Səfəri milsəner formasında heç cür təsəvvürünə gətirə bilmədi. Və bu vaxt birdən-birə yadına düşən köhnə bir yuxusu Səfalı müəllimi yenə bu dünyanın işlərinə büsbütün mat-məəttəl qoydu. Özü də o yuxunu Səfalı müəllim elə o Yəməndə görmüşdü, ancaq Səna yox, Hodeyda şəhərində. Əli Ziyanın Polina Viktorovna ilə Qırmızı dənizdə mazaqlaşa-mazaqlaşa çimdiyi o günün gecəsi Hodeyda şəhərinin hamam kimi isti mehmanxana nömrəsində yuxuda Səfalı müəllim bir qəribə kənd həyəti görmüşdü. Yay idi, hava da bərk isti idi və istidən sapsarı saralmış hansı otluqdasa, isti otun üstündə, onlar Səfərlə dava-şavasız, dostcasına güləşirdilər. Sonra, necə oldusa, sözləri çəp gəldi, Səfər əlini harasa uzatdı və bu vaxt Səfərin əlində bir qəribə qara tapança peyda oldu. Və bərkdən gülə-gülə Səfər o tapançanın çaxmağını çəkdi. Güllə Səfalının ürəyinə dəydi. Səfalı müəllim ürəyindən isti qan axdığını hiss elədi, ancaq buna zərrəcən də kədərlənmədi, əksinə sevindi, ürəkdolusu sevindi, çünki onun yıxıldığı yerdəki ölü, sarı otlar birdən-birə tər-təzə sapsarı gül-çiçəyə çevrilmişdi və bu dünyada ömrü boyu bərəkət himni oxuyan o qara toyuq da sapsarı gül-çiçəyin arasında Səfalı müəllimlə yan-yanaşı uzanmışdı. Və indi Səfalı müəllim bu dünyanın işlərinə necə mat-məəttəl qalmayaydı ki, Səfərin milsəner olduğunu, tapança gəzdirdiyini o, heç vaxt, heç kəsdən eşitməmişdi!.. Bəlkə o Səfəri – o raykomun qabağında – Səfalı müəllim Hodeydada o yuxunu görəndə vurmuşdular: həmin gecə, həmin anda, həmin dəqiqədə... Bəlkə Səfalı müəllimi o isti mehmanxana nömrəsində gecənin bir aləmi birdən diksindirib yuxudan oyadan – elə o raykomun qabağında açılan tapançanın səsi idi: fərq bunda olmuşdu ki, o tapançanı Səfər atmamışdı, Səfərə atmışdılar. Fərq bir də bunda olmuşdu ki, o güllə Səfalı müəllimin yox, onun dayısı oğlu, uşaqlıq yoldaşı Səfərin ürəyinə dəymişdi... Səfalı müəllim Tərlan arvadın dördüncü stəkan çayı haçan verəcəyini gözləyə-gözləyə, oturub heyrət içində fikirləşirdi və (yəqin ki, köhnə tənqidçilik azarı tutduğundan) ürəyinin bir yerində ona sevinirdi ki, nə yaxşı bu mövzu indiyənəcən heç bir Azərbaycan sovet yazıçısının ağlına gəlməyib, çünki, Səfalı müəllimin əqidəsinə görə, belə bir mövzu hətta lap hər hansı bir üçüncü dərəcəli Əli Ziyanın da əlinə düşsəydi, bundan iri bir roman yazıb, adını da ya (Bakı tənqidçiləri rahat tərifləsin deyə) lap qısa: “Tapança”, ya da (Moskva naşirlərinin gözünə lazımi dozada xəlqilik və millilik külü üfürmək üçün) bir az uzun: “Qara toyuğun qəfil faciəsi” qoyardı...
Ancaq Tərlan arvad o dördüncü stəkan çayı vermədi. (Görünür, on səkkiz yaşda Buzbulaqdan gedib, yetmiş iki yaşda Buzbulağa qayıdanlara üç stəkandan artıq çay düşmürdü). O çayın əvəzinə Tərlan arvad (cənab De Qollun toyuq damına qəsbkarçasına basqın eləməyindən az maraqlı olmayan) bəzi vacib məsələlər barədə məlumat verməyi lazım bildi:
– Dayqızıların da bu kənddən özlərinə ər bəyənmədilər. Qızxanım Çığnagüldədi – Dəlidağdan da lap o tərəfdə. Beş qızı var, üç də oğlu var. Sonbeşiyi Dürdanəni bildir ərə verdi. Nazxanım dayqızının da o illərdə bir çaxırıçən mal doxturuna qoşulub vurdu getdi Çuxakəndə. O vaxtdan day buralara da heç gəlib-eləmir. Burda qalan bir Bəsxanımdı, onun da o Taryel gədəsi xarab çıxdı, getdi Mosqovada urus qızı aldı. İndi o urus qızından bir qəşəng oğlu da var deyillər. Amma o Taryel köpəyoğlunu adamın heç söyməyə dili də gəlmir ki, söyəsən ürəyin soyuya. Çox möhrüban uşaqdı, Səfalı. Olduqca qohumcanlı baladı. Eşitsə ki, sən burdasan, inan ki, Mosqovdan vurub gələr.
Xızır kişi başını aşağı salıb oturmuşdu. Səfalı müəllimin aralıda, eyvanın dirəyinə söykəli qoyulmuş çamadanına arabir tərs-tərs baxa-baxa elə bil ürəyində nəyisə cani-dildən götür-qoy eləyirdi.
– Çox qalmağa gəlmisən? – Xızır kişi gözlərini çamadana zilləyib Səfalı müəllimdən xəbər aldı.
– Hə, fikrim var qalım bir az.
– Burda qalacaqsan, yoxsa öz evinizdə?
– Mən bilən öz evimizdə qalsam yaxşı olar.
– Özün bil. Bura da öz evindi, özgə evi deyil. Ancaq o gədə qoymaz səni burda rahat oturasan. Nəyin var, oğurlayıb aparıb satar, ara yerdə xəcalətdə qoyar bizi.
– Hə, elər, elər. O bəzzatdan nə desən çıxar! – Bunu da Tərlan arvad dedi.
Xızır kişi bir müddət də fikrə getdi.
– Qoy görək qızlardan kimi tapırıq – getsin bir az təmizlik eləsin oralarda. Bəsxanımın özü gedəməz, çünki qarnında qırışası var, elə iş görmək olmaz ona. Daycanını da görürsən – küçə qapısınacan ayağın zornan sürüyür. Qab-qacaq, çölmək, çaydan-zad da olmalıdı orda – əgər o Qoqan tülüng oğlu tülüng aparıb onu da satmayıbsa... Bu saat daycanın bir dəst yorğan-döşək hazırlayar, Qoqan gələndə aparıb atar ora. Qorxma, burdan da rahatdı ora. Mən özüm də həyət-bacada iş görəndə hərdən qalıram orda. Suyun da həftədə bir, Qoqan gedib suvarır. Bu il orda yaxşı xiyar əkmişəm. Bir-iki arx da lobyadı, kələmdi, qartopudu – hamısından var. Evə də, bacardığımdan baxmışam həmişə. Damı-zadı hələ ki, yaxşıdı, amma tir-pərdi köhnədi, çürüyür yavaş-yavaş... İNDİ AÇ O ÇƏMƏDANI GÖRƏK QASTUMNAN-ZADDAN DAYAA NƏ GƏTİRMİSƏN?..
Səfalı müəllimin yerində bir ayrı adam olsaydı, Xızır kişinin axırda dediyi o beş-altı kəlmədən bəlkə də bu dərəcədə “mandraj”a düşməzdi. Vəziyyət bir gör nə yerdəydi ki, Xızır kişinin o sözlərinin müqabilində o anda Səfalı müəllim nəinki iki kəlmə mərifətli söz tapıb deyə bilmədi, hətta onun, üç stəkan çaydan sonra da quruyub qaxa dönmüş dodaqlarının arasından elə biməzmun və bivec bir söz tapılıb çıxdı ki, eşidən olsa, bəlkə Səfalı müəllimi dəli hesab eləyərdi:
– Folkner!.. Folkner!.. Uilyam Folkner!..
Amma Səfalı müəllimin bu sözlərini, deyəsən, özündən savayı heç kəs eşitməmişdi. Buna Səfalı müəllim çox sevindi və elə bu sevincin hesabına da bir qədər özünə gələ bildi.
– Yox, – dedi, – gətirməmişəm. Burdan alaram, nə olar. Buralarda da kostyum olur da yəqin.
– Olur, niyə olmur. Amma neynirəm sənin burdan aldığın qasdumu. Ordan gətirsəydin, o olardı qasdum. Bilinərdi ki, dayını adam yerinə qoymusan. – Xızır kişi kətilin yerini dəyişib, bayaqdan üzbəüz oturduğu çamadana indi arxasını çevirdi. Tərlan arvad aralıda, toyuqların yanındaydı. Amma qulağı, sən demə burdaymış.
– A kişi, sən qasdumu neynirsən? Güvələrin payı azdı-nədi? Taryelin bildir Mosqovadan alıb gətirdiyi qasdum o sandıqda qəttəzə durur hələ.
Bəyəm söhbət qastum söhbətidi? Mən şüyümündən yana deyirəm.
Səfalı müəllim bayaqkı o biməzmun sözü az qala bir də deyəcəkdi, amma demədi. Bu hində, nədənsə, o üstü şəkilli kitab – Bakıdan üzü bəri – Səfalı müəllimin gözünün qabağına gəldi və şəkildəki qaraqaş, qaragöz, qarabığ kişini xəyalında bir də yaxşı-yaxşı canlandırandan sonra Səfalı müəllim ömründə birinci dəfə belə bir (olduqca mübahisəli!) fikirlə razılaşmağa məcbur oldu ki, yəqin o Folknerin özü də bu dünyanın son dərəcə “naxal” adamlarından biriymiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-yemen-dorduncu-fesil-buzbulaq-xizir-kisi-de-qoll-nil
Use ← → keys to move, R for a random poem
More by this author
Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Poems by other poets
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Leylini yazdıBihudə dolandım, əfsanə gəzdim,Canım dost yolunda, Leyli, niyazdı.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik