Page 5 of 6 · 67%

Nil Armstronq viski qədəhini dodağına toxundurub, yerə qoydu.

– Olur, – dedi. – Belə də olur. Siz bir vaxt dördmərtəbəli mehmanxana binasının beşinci mərtəbəsinin olmağına da şübhə eləyirdiniz. Sonra gördünüzmü, varmış o mərtəbə?!

– Gördüm... – Səfalı müəllim az qala ağlaya-ağlaya dedi. – Yaman gördüm, Nil. Elə şeyi bir də görməyi Allah heç düşmənimə də göstərməsin.

Səfalı müəllimin ah-zarından Nil Armstronqun xoşu gəlmədi.

– Mən burda bədbinliyə qapılmağa heç bir əsas görmürəm, yoldaş Səfalı, – dedi. – Həyatda hər şeyi görmək lazımdır. Cənabınıza ərz olsun ki, mən özüm Nyu-Yorkda Beynəlxalq Ticarət Mərkəzinin yerləşdiyi yüz on mərtəbəli binanın yüz on birinci mərtəbəsində olmuşam, hətta orda bir neçə dəfə cənab Rokfellərlə bilyard da oynamışam.

– Olar, olar. – Səfalı müəllim səsi titrəyə-titrəyə dedi. – Ayda gəzib-dolanan bir adam üçün yüz on birinci mərtəbədə bilyard oynamaq nə çətin işdi ki... Ordan, Nil, Yer necə görünür?

– Hardan? Yüz on birinci mərtəbədən?

– Yox, Aydan, Ay planetindən.

– Bağışlayın. – Ayaqları yenə stolun üstündə olsa da, cənab Nil əsl professor nəzakətilə dilləndi. – Aydan yerə baxmağa bir o qədər də imkan olmadı. Vaxt dar idi. Ancaq Aya səfərimdən üç il əvvəl “Cemini-8” adlı dranduletdə Yerətrafı orbitdə başmaq seyri elədiyim vaxt ordan yerə çox baxmışam. Xüsusən sizin ölkə o vaxt kosmosdan çox gözəl görünürdü.

– Havaxt? 66-da?! – Səfalı müəllim hədsiz maraq içində xəbər aldı, çünki onun Yəmən səfəri də, deyəsən, o dövrə təsadüf eləyirdi. – Görəsən, bizim ölkə ordan – o kosmosdan indi baxsan necə görünər?

– Pis! Çox pis! – Əhvalı birdən pozulmuş Nil ayağının birini stolun üstündən götürüb yerə qoydu və eyni vaxtda həm fars, həm ingilis, həm rus dilində ucadan əlavə elədi: – Bəd! Bəd! Plaxoy! Otşen plaxoy!

– Niyə, Nil? Bu ölkə niyə birdən-birə bu günə düşdü? Siz bilərsiz, siz belə şeyləri yaxşı bilərsiz, çünki necə olsa, başqa planetdə olmusuz.

– Bunu bilmək üçün, professor, başqa planetdə olmağa ehtiyac yoxdur! – Bu dəfə Nil çox sərt cavab verdi, üstəlik, bayaq yerə qoyduğu qıçını qaldırıb təzədən stolun üstünə aşırdı: kapitalist damarı tutanda o, həmişə belə eləyirdi. – Sizin ölkədə hakimiyyət başına yeni tipli rəhbər gəlib və bu rəhbər əvvəlki rəhbərlərdən çox-çox uzaqgörən olduğu üçün ölkədə belə bir vəziyyətin yaranmağı tamamilə təbiidir.

Səfalı müəllim küsülü uşaq kimi doluxsunub, pərt halda başını aşağı saldı, çünki yeni rəhbərliyin məhz uzaqgörənliyi barədə dünya ictimaiyyətinin yekdil rəyi Səfalı müəllimin heç ürəyindən deyildi.

– Uzaqgörənlik, demək, buymuş: yüzminlərlə günahsız insanın göz yaşı – ağsaqqal kişilərin, ağbirçək arvadların, körpə balaların ah-naləsi! Talanlar, yanğınlar, qətllər – iyirminci yüzilliyin axırında tonqallı, qanlı-qırğınlı orta əsr inkivizisiyası!.. Yox, Nil, bu məsələdə mən sizinlə heç cür razılaşa bilməyəcəyəm. Vur-tut beşcə ilin içində ölkədə hər şeyin qiymətini azı on dəfə qaldırıb, təkcə insanın dəyərini bu qədər ucuzlaşdıran o yeni tipli siyasətin uzaqgörənliyinə inanmağa şəxsən mənim halım yoxdur, Nil!.. Bu cür komsomol uzaqgörənliyini biz elə əvvəllər də çox görmüşük.

Astronavt çaşmışdı. Səfalı müəllimin bu atəşin, alovlu sözlərini eşidəndən sonra, deyəsən, Nil uzaqgörənlik və humanizm barədə əvvəlki dünyagörüşünü dəyişməyə hazırlaşırdı. Xeyli fikirləşəndən sonra:

– Mən sizinlə tam şərikəm, – dedi. – Sizin indiki rəhbərliyin uzaqgörənliyinin bir tərəfi, söz yox, pioner-komsomol hərəkatına bağlıdır. Buna görə də, Amerikadakı mühacirlərin böyük əksəriyyəti onun reformalarına hələ də ciddi şübhə ilə yanaşır. Hətta, o saqqallı Soljenitsının özü də. Rusiyanın işıqlı gələcəyinə ümid bəsləyən ən ağıllı adamların doxsan faizi bu saat dərin depressiya içindədir. Marqaret Tetçerin kosmetik proqnozlarına çox da əhəmiyyət verməyin.

Səfalı müəllim əməlli-başlı sevindi, çünki məşhur astronavtın komsomol barədə dedikləri onun da yüz faiz ürəyindən idi.

– Düz buyurursunuz. Mən o Nuhb... komsomolu lap yaxşı tanıyıram. Bunların bircə məqsədi var, Nil: adamın dünən kim olmağı bu gün yadından çıxsın. Adı, familiyası, dədəsinin adı, hətta hansı azuqəylə qidalanmağı da. Məsələn, bax elə o Brejnevin vaxtında donmuş əti dükandan alan yox idi. Mal əti – iki manata, qoyun əti – bir manat doxsan qəpiyə. İndi kimin yadındadı ki, bizim Sovet dükanında da bir vaxt belə-belə maraqlı işlər olub. Bəlkə beş-on veteranın yadında qalmış olar. İndi, bu yeni tipli rəhbərin iş başına gəlməyinin hələ heç beş ili tamam olmayıb, məsələn, sosiskanın nə rəngdə olmağı yavaş-yavaş camaatın yadından çıxır. Bu gün-sabah, çox mümkündü ki, məsələn, pendirin, balığın, çiyələk mürəbbəsinin və badımcan kürüsünün rəngi də xalqın yaddaşından tamamilə silinib getsin... Bir zamanlar bizim ölkədə adamlar bir-birinə salam verəndə heç vaxt qabaqcadan millətini soruşmazdı, inanırsınızmı, Nil? İndi kimin yadındadı bu? Əlbəttə, yenə bəlkə beş-on nəfər veteranın yadındadır. Mən, inanıram, Nil. İnanıram ki, bu ölkə həmişə belə qalmayacaq. Vaxt gələcək, o dükanlarda yenə sosiska, pendir, çiyələk mürəbbəsi və badımcan kürüsü satacaqlar. İnsan insana salam verəndə qabaqcadan millətini soruşmayacaq: eynən durğunluq dövründə olduğu kimi!.. Ancaq o sosiskanı və salamı kimin ayağına yazacaqlar, hansı müdrik və uzaqgörən siyasətin parlaq qələbəsi sayacaqlar? Əlbəttə, Qorbaçovun və Perestroykanın. Evi yanan, özü yanan, dədəsinin goru yanan, körpəcə balası gözünün qabağında doğram-doğram doğranan, vətənindən, yurdundan-yuvasından həmişəlik didərgin düşən o yüz minləri heç kəs heç kəsdən soruşmayacaq, Nil!.. Budur, Nil, yaddaş oyunu! İndi, bildinizmi, komsomol uzaqgörənliyi nə deməkdir?

– Oruell! Corc Oruell! – Yumşaq kreslodan ayağa qalxıb, birdən-birə belə haray-həşir salmaqda, deyəsən amerikalı professor Səfalı müəllimin ikinci monoloqundan da çox razı qalmışdı. – Lenin! Nep!.. Mədəni inqilab! Kolxoz! Sosiska! Nuhbala! Sumqayıt!.. – Nil Armstronq viski qoymadı, viskini son damcıyacan içib, ivansayağı əlinin dalı ilə ağzını sildi. Sonra yerinə əyləşib, üz-gözünü elə mənalı-mənalı turşutdu ki, elə bil indicə, Sinsinnatti universitetindəki mindən çox tələbənin, hamısına bir yerdə, mühazirə oxuyacaqdı.

Ancaq Səfalı müəllim öz həmkarına o mühazirəni oxumağa imkan vermədi.

– Cənab Nil! Hörmətli professor! – dedi. – Sizdən acizanə surətdə xahiş edirəm: o Sumqayıt sözünü bir də heç yerdə deməyin. Sosiskanı deyin, Nuhbalanı deyin, ancaq o sözü, nə olar, bir də dilinizə gətirməyin.

Bu yerdə Nil Armstronq göy gözlərilə Səfalı müəllimə elə pis-pis baxdı ki, elə bil keçmiş əyyamlarda Vaska Zərnigara baxırdı.

– Siz bununla nə demək istəyirsiz, yoldaş Səfalı?

– Vallah, billah, cənab Nil, mən heç bir şey demək istəmirəm. Bu barədə sizə yalnız məsul yoldaşlar obyektiv fikir deyə bilər. Ancaq bizim olduqca vicdanlı yoldaşlardan biri o sözü eşidəndə yaman əsəbilik keçirir. Əvvəllər “Gəncə” adı gələndə yazıq həmişə qarın ağrısına düşərdi, indi Sumqayıt sözünü eşidəndə, nədənsə sarılıq azarına tutulur. Yoldaşın səhhətini qorumaq lazımdır, çünki ölkəyə çox lazımlı adamdır. Xalqlar dostluğu mövzusunda bir sıra fundamental məqalələrin müəllifidi. Əslikökü komsomoldandı. Ancaq kino sahəsində də ciddi xidmətləri var.

Nil Armstronq:

– Mən o adamı lap yaxşı tanıyıram. – dedi. – Papuaslardandı!

– Papuas?! – Səfalı müəllim eşitdiyinə inana bilmədi. – Siz, professor, yəqin ki, populist demək istəyirdiniz.

Səfalı müəllim böyük astronavtla mübahisəyə girişmək istəmədi. Bir müddət müsahibəni dayandırıb, xəyalında – papuasların qədim məskəni Melaneziyadan tutmuş, bizim yeni sosialist qəsəbəsi Şüvəlanacan – dünyanın yarıdan çoxunu gəzib dolanandan sonra onun (yəni Səfalı müəllimin) üz-gözünə elə bil günəşin lap gur yerindən bir dünya işıq gəldi:

– Nil!.. Deyirəm: o Sərən arvad kaş ki, sağ olaydı, Nil!.. Papuaslı-populistli – bunların hamısını bir böyük qəbiristanlığa yığaydı və sümüksüz balıq tıxan bu bisavad matuşqalara bir yaxşı həndəsə dərsi keçəydi!..

Dünyanın hər işindən xəbəri olan zarafatcıl, hazırcavab Nil Armstronq Səfalı müəllimin nə demək istədiyini bu dəfə də çox gözəl başa düşdü.

– Yez! Yez! – dedi. – Sərən arvad!.. Karoş!.. Otşen, otşen karoş!..

Burada, sözsüz ki, söhbəti bitirmək olardı. Ancaq gecədən hələ çox qalırdı. Buna görə də Səfalı müəllim müsahibənin mövzusunu təzələməyi lazım bildi.

– Bir necə söz də Əli Ziya barədə, Nil. O toxumun bioloji və psixoloji mahiyyəti barədə nə deyə bilərsiniz?

– Yaxşı toxum deyil! – Nil Armstronq başını dolandırıb yan-yörəsinə baxdı: elə bil tüpürməyə yer axtarırdı. Sonra, olduqca müəmmalı bir səslə: – Bu söhbət yalnız ikimizin arasında qalmalıdır! – dedi. – Mən o vaxt Ayda olanda, ayaqüstü, Marsla Yupiterə də baş çəkdim. O toxum orda da var. Marsda nisbətən azdır, ancaq Yupiterdə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 min
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 h 10 min
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 h 5 min
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 min

Poems by other poets