Page 18 of 19 · 89%

Surət bacı Qubadın köhnə sandığının üstündə oturmuşdu. Bibim Qubadın başını qoluna söykəyib, vermişel supunu onun yaralı dodaqlarından qaşıq-qaşıq ağzına tökürdü. Surət bacı deyirdi ki:

– Qubada Mərcandan da yaxşısını alacayıq. – Bəlkə Qubad buna görə gulumsəyirdi. Bəlkə başını bibimin qoluna söykəmək Qubadın xoşuna gəlirdi? Bəlkə o, dunyada sağ qalmağına sevinirdi? Bəlkə Qubad beləcə, gözləri açıq yatmışdı, bir yaxşı yuxu görürdü?..

Gecədən xeyli keçmiş yatmaq lazım olanda, məni Mərcan xalanın evinə aparmaq üçün, bibim çox dil tökdü, ancaq mən yerimdən tərpənmədim. Surət bacının dediyi sözləri bibim də dedi. Dedi ki, Qubada gözəl-göyçək qız alacağıq. Dedi ki, Əli yaxşı iş görməyib, gərək gəlib Qubaddan üzr istəsin. Dedi ki, Qubadın özü də yaxşı iş görməyib, ancaq olan olub, keçən keçib. Bibim Qubadla Mərcan xalanı barışdıracaqdı, sonra onların hər üçü – bibim də, Mərcan xala da, Surət bacı da Qubad üçün bir qəşəng qız tapacaqdılar. Qubadın toyunda hər şeyi bibim özü eləyəcəkdi: çay qoyacaqdı, xörək bişirəcəkdi, gəlini gətirməyə də özü gedəcəkdi... Ancaq mən yaxşı bilirdim ki, bunların hamısı nağıldır, narın üstündəki qırmızı güllər kimi əfsanədir.

Yox, bibi, mən Mərcan xalanın evinə getməyəcəyəm. Özün də yaxşı bilirsən ki, getməyəcəyəm. Axı, bir dəfə sən özün demisən ki, mənim bir damarım atama çəkib, o tutanda atam kimi inadcıl oluram, atam kimi tərs oluram. Mən atam kimi tərs olacağam, bibi, güclü olacağam ki, qəssab Əli məni döyə bilməsin: axı sən bilirsən ki, qəssab Əli mənim atamı döyə bilməzdi, o qapının qabağındaca atam yoğun biləkləri ilə qəssab Əlini xirtdəklərdi, sonra onu yerə çırpıb qara çəkmələri ilə ölüncə qarnına, başına vurardı. Mənim ata damarım tutub, bibi və o damardan xoşum gəlir. Daha mənim üçün Mərcan adlı adam yoxdur. Bir qəssab Əli var, bir qara köpək var, bir göy darvaza var – “Detdom” darvazası. Üz-gözü qana bulaşmış bir Qubad var və küçədə qapının qabağında bir daş var ki, sən qapını açmasaydın, mən onu qəssab Əlinin başına vuracaqdım. Get yat, bibi, get yat. Get Mərcan xalanın yanında yat. Ancaq mən bilirəm ki, sən də qəssab Əliyə nifrət eləyirsən. Heç kəs bilməsə də, mən bilirəm...

Bibim məcbur olub Mərcan xalanın evindən yorğan-döşək gətirdi, Qubadın yanında mənə yer saldı. Bibim işığı söndürüb yatmağa getdi. Qubad da gecənin bir aləmində bir dəfə için-için ağlayıb yuxladı, ancaq mənim qəssab Əlinin başına vurmaq üçün yerdən götürdüyüm o daş gözümün qabağından çəkilib getmədi. Ertəsi gün məktəb qapısının qabağında əlimi yerə atanda, elə bil, mən o daşı gördüm, o daşı götürdüm, o daşı mən var gücümlə qabağa tulladım və Xəzər başını tutub, səsi gəldikcə qışqırıb, üzü üstə yerə sərildi.

Mən Xəzərin başına vurduğum o daşı haradan götürdüyümü bilmirəm. Ancaq bir şeyi bilirəm ki, qəssab Əlinin başına vurmaq üçün götürdüyüm daş o gün məktəbdə də, dərs qurtaranacan gözümün qabağında idi. Dərsdən sonra məktəbin qabağında, məni axmaq yerinə qoyduğuna görə, yenə Xəzər bic-bic gülüb:

– Pulun varmı? – deyəndə bu dəfə mən hirsləndim.

– Var, – dedim. – Ancaq bu gün sən Ayişəyə əl vurmayacaqsan.

Xəzər öz pullarını çıxarıb mənim lap gözümə soxdu:

– Elə bilirsən məndə pul yoxdur?

– Səndə pul var, – dedim. – Ancaq Ayişəyə əl vurmayacaqsan.

Xəzər hırıldadı. Sevinə-sevinə atılıb-düşdü.

– Aha, tapmışam! – dedi. – Sən o qəhbəyə vurulmusan!

– Qəhbə sənin anandır!

– Mənə deyirsən?

– Bəli, sənə deyirəm!

Xəzər yumruğunu düyünləyib, mənim burnuma tuşladı, başımı aşağı əydim, yumruq alnıma dəydi. Bəlkə o daşı da mən başımı əyəndə gördüm və bəlkə Xəzər məni vurandan sonra qaçmasaydı, mən o daşı yerdən götürməyəcəkdim.

Sonra bir direktorun kabinetində idik. Xəzəri o başdakı divanın üstünə yıxmışdılar, məni bu başdakı divanın üstündə oturtmuşdular. Qapıları bərk-bərk bağlamışdılar və rəngi ağappaq ağarmış Firuzə müəllim əlləri titrəyə-titrəyə pəncərənin pərdəsini çəkirdi. Mən bütün bunları, elə bil, o dünyadan görürdüm: görürdüm ki, qadın müəllimlərdən biri Xəzərin qanı axan yarasına qoymaq üçün cib dəsmalını yandırır; görürdüm ki, iki kişi müəllim bərk-bərk mənim qolumdan yapışıb; görürdüm ki, Səyyad müəllim əlini mənim alnıma qoyub: “Qorxma, bala, qorxma...”

Elə bil o dünyadan səslər gəlirdi:

– İkisi də əlaçı, ikisi də tərbiyəli...

Firuzə müəllim bir yerdə qərar tuta bilmirdi. Ortada fırfıra kimi fırlanırdı, pəncərənin pərdəsini aralayıb, tez-tez eşiyə baxırdı. İndi onun üzündə zərrə qədər də gözəllik yox idi. İndi onun sifəti çay daşı kimi sərt idi, gözləri şüşə kimi soyuq idi, kəsərli baxışından inciməzdim əgər Xəzərin üzünə baxanda o gözlər dəyişməsəydi.

Xəzəri qaldırıb oturtdular. Onun gözlərinin yaşını Firuzə müəllim öz dəsmalı ilə silib təmizlədi. Firuzə müəllim Xəzərin yanında oturdu, qolunu onun boynuna saldı və nəğmə kimi, layla kimi oxudu:

– Xəzər gözəl baladır, Xəzər qəşəng baladır...

Firuzə müəllim ayağa duranda yenə o sifət çay daşı kimi sərt oldu:

– Adam göndərin, bibisini çağırsınlar!

Sonra o soyuq şüşələr mənim gözümə zilləndi:

– Mən beləsini məktəbdə saxlaya bilməyəcəyəm, qoy getsin öz kəndində oxusun.

Müəllimlər qolumu buraxan kimi mən özümü qapıya çırpıb qaçdım. Aşağıda, pilləkənin altında bir oğlan məni qamarladı. Mən çevrilib geri baxanda yuxarıda, pilləkənlərin başında o soyuq şüşələri bir də gördüm: Firuzə müəllim həmişəki yerində dayanmışdı.

– Saxlama, – dedi, – burax getsin, beləsi bizə lazım deyil!

Mən oğlanın əlindən çıxıb özümü küçəyə saldım. Küçə həddindən çox yüngül idi: bu havada quş kimi uçmaq olardı. Mən bazarın qabağından keçməyə qorxdum. Bir əyri yola buruldum, o yolla çayacan getmək olardı. Sonra çay boyunca baş yuxarı kənd yoluna çıxanacan qaçmaq olardı: salamat qal, qara köpək, salamat qal, Səlim dayı... Ayişə, sən də salamat qal!.. Mən gözləyirdim ki, bir gün o göy qapının qabağında sən Xəzərə bir tutarlı şillə çəkəcəksən. Sən bunu eləmədin. Sən bunu heç vaxt eləməyəcəksən. Sən ki, bunu heç vaxt eləməyəcəksən, daha mənim bu şəhərdə nə işim qalıb, Ayişə? Mənim Ayişəm, salamat qal...

Vaxt gələr taparam səni. Sən onda da əyninə nazik parçadan yaşıl don geyərsən. Yumru, ağ əllərini qoynuna qoyarsan və titrəyərsən, Ayişə, mütləq titrəyərsən. Mən səni bağrıma basaram, sən mənim quçağımda titrəyərsən. Mən səni öpərəm; burnundan, ağzından, başından, gözündən və mən sənə hər şeyi bağışlaram, Ayişə!..

Mən kənddə gecəli-gündüzlü tək yaşamağa gedirdim. Ancaq hələ hava işıq ikən dərələrdən qorxa-qorxa keçirdim. Ağlayırdım, çoxusu qorxumdan ağlayırdım – səsim dərələrə düşürdü. İndi bibim, yəqin ki, Firuzə müəllimin kabinetində idi və o soyuq “şüşələr” indi bibimin gözlərinə zillənmişdi. Deyirdilər: Sadıq daş atıb, baş yarıb, şübhəsiz ki, bibim inanmırdı. Mən istəyirdim ki, bibim inansın. Lap məndən küssün. Heç məni axtarmasın. Bircə istəmirdim ki, bibim Firuzə müəllimin kabinetində ağlasın, sonra pilləkəndən enəndə, çarqatının ucu ilə gözlərinin yaşını silsin; ancaq yəqin bilirdim ki, belə olacaq.

Qaranlıq qovuşanda mən gedib kəndə çıxdım, heç qorxumdan həyətimizin qapısından da baxa bilmədim. Sonra gedib Yaqubgilin qapısının qabağında oturdum, çünki orada işıq yanırdı, küçəyə işıq düşmüşdü. Sonra mən yavaşca qapını döydüm. Eşidən olmadı, bir də döydüm. Sədəf bacı gəlib qapını açdı, ancaq məni görəndə zərrə qədər də təəccüb eləmədi. Biz təzə salınmış sement pilləkənlərlə dinməz-söyləməz yuxarı qalxdıq. Yaqub evdə yox idi. Onun üç gombul, qırmızıyanaq oğlu palazın üstündə yan-yana oturmuşdu. Qatıq yemişdilər: qab-qaşıq ortalıqda idi. Mən bir künçdə özümə yer eləyib oturunca Sədəf bacı qab-qaşığı yığışdırdı. O biri otaqda əyilib-qalxıb namaz qılan Nabat xala içəri girdi, ancaq mənim burada olmağıma o da zərrə qədər təəccüb eləmədi:

– Gəlmisən, Sadıq bala? – dedi. – A Sədəf, buna çörək gətir.

Ancaq mənim tir-tir əsdiyimi görmüş Sədəf bacı sobanı yandırmaq üçün eyvandan odun yığırdı. Nabat xalanın özü mənə qatıq, çörək gətirdi, sonra o, sandığın bir küncündə əyləşdi.

– Bibin necədir, bala?

– Yaxşıdır.

– Nə əcəb gəlmisən?

Dinmədim. Nabat xala da ikinci dəfə soruşmadı.

– Ye, bala, çörəyini ye, – dedi, – elə biz də qatıq yemişik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 min
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 min
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 min
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 min

Poems by other poets