Birinci hissə, VIII
Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq kağız-kuğuza baxırdı.
Qüdrət içəri girib:
– Bəy, – dedi. – Solaxay Həsənalı sizi görmək istəyir.
Böyük bəy başını kağız-kuğuzdan ayırıb:
– Nə deyir? – soruşdu.
– Bilmirəm, bəy, yəqin oğlundan ötrü gəlib.
Böyük bəy ayağa qalxıb otaqda var-gəl elədi, sonra:
– Qoy gəlsin, – dedi.
Qüdrət bir az tərəddüd elədi, soruşdu:
– Yaraq-yasağını açdırımmı?
Böyük bəy dedi:
– Yox, qoy gəlsin!
– Baş üstə.
Qüdrətin otaqdan çıxmağı ilə Solaxay Həsənalının içəri girməyi bir oldu. Bu ucaboy, arıq kişinin günəşdən, dağ havasından yanmış üzündə sakit və məğrur bir ifadə vardı.
– Salaməleyküm, bəy.
Böyük bəy Solaxay Həsənalıya sərt bir nəzər yetirdi və kişinin salamını almayıb:
– Nə var? Niyə gəlmisən? – soruşdu.
Solaxay Həsənalı:
– Uşağın işi üçün gəlmişəm, bəy, – dedi və əlindəki tüfəngi qapının yanında yerə söykədi.
– Uşağın? Uşaq olan kəs də eylə qələt edər?!
Solaxay Həsənalı təmkinini pozmadı:
– Başa düşməyib, bəy.
Böyük bəy:
– Eybi yoxdu, başa salarlar, – dedi və keçib yazı mizinin arxasında oturdu, mizin üstündəki qutudan bir siqaret çıxarıb yandırdı.
Solaxay Həsənalı dedi:
– Bəy, sən özün yaxşı bilirsən ki, bizim nəsildən dələduz çıxmayıb. Dosttanışlarımızın arasında da bir nəfər dələduz tapılmaz. Nicat özü də ağlı başında uşaqdu... İnsan səhv eləyəndə eləyir, bəy...
– Dələduz tapılmaz deyirsən, dost-tanışının arasında sənin?
– Xeyr, bəy, tapılmaz!
– Bəs Bahadır kimin dostudu? Qaçaq Bahadır? Yoxsa padşahın əleyhinə çıxmaq, günün günorta çağı naçalnikin kabinetinə soxulub onatılanı boğazına dirəmək səncə dələduzluq deyil?
Solaxay Həsənalı eyni təmkinlə:
– Xeyr, bəy, – dedi. – Dələduzluq deyil. Naçalnik, Bahadırın atasını bihörmət eləyəndə boğazına tapança dirərlər də.
– Hə? Qulağınıza səs dəyib yoxsa?
– Nə səs?
Böyük bəy əlindəki siqareti büllur külqabıya sıxıb söndürdü və hirslə:
– Yaxşı bilirsən nə səs! – dedi. – Sizlər tülküdən də çox bilirsiz!
Solaxay Həsənalının sifətindən bir qəzəb kölgəsi keçdi, amma özünü saxladı, təmkinini pozmadı.
– Böyük bəy! – dedi. – Mən sənin evinə oğlumun təvəqqəsi üçün gəlmişəm. Belə sözlərə dözmək mənim şanıma şayəstə deyil! Danışığına fikir ver!
Solaxay Həsənalının hər bir sözü xəncər kimi kəsirdi.
Böyük bəy ayağa qalxdı:
– Sənin oğlun cinayətkardı, Həsənalı kişi...
– Nə üçün?
– Çünki öz yerini bilməyib, çünki mənə silahlı müqavimət göstərib, seçmə atlarımı qanına qəltan eləyib, adamlarımı yaralayıb!
– O, sənin bacını zorla aparmayıb.
– Bunu ədalət məhkəməsi həll eləyəcək. Naçalnik burda yoxdu, gələn kimi oğlunu verəcəyəm onun sərəncamına.
– Axır sözündü, bəy?
– Qurtardıq, Həsənalı kişi!
Solaxay Həsənalı sol əlini tüfəngə apardı və tüfəngi yerdən qaldırıb:
– Böyük bəy! – dedi. – Ağa Məhəmməd şah Qacar Qarabağa hücum eləyəndə mənim babam Güzdəkli Bayandur sənin babanı bütün əhli-əyalı ilə birlikdə ölümdən qurtarıb. Bunu bütün Qarabağda bilməyən yoxdu.
Böyük bəy:
– Bunu mən də bilirəm. – dedi. – Sən də yaxşı bil ki, Həsənalı kişi, ikinci dəfə belə bir hadisə baş versə, Güzdəkli Bayandurun nəvəsinə öz borcumu qaytarram! Oğlunu buraxsam, bütün mahalda biabır ollam, tay-tuşlarım mənə tənə eləyib gülər. Oğlun mənim ad-sanıma, əsil-nəcabətimə toxunub! Oğlun cəzasına yetməlidi!
Solaxay Həsənalı daha qəzəbini boğa bilmədi, kişinin ağzı-gözü əyildi:
– Əsil-nəcabət böyük sözdü, bəy! – dedi. – Mənim babalarım üstündə durduğumuz bu torpağın yolunda canlarından keçib! Amma sənin babaların bu torpağı qəsb eləməyə gələnlərin qabağına düşüb bələdçilik eləyib!
Bu sözlər Böyük bəyi sarsıtdı və bəy bir müddət donuq nəzərlərlə Solaxay Həsənalıya baxdı, sonra boğuq səslə:
– Bir də ayağın mənim evimə dəyməsin! – dedi.
Solaxay Həsənalı əlini qapıya atdı:
– Mənim oğlum bir stəkan bulaq suyu deyil, birnəfəsə başına çəkəsən!
– Əlindən gələni əsirgəmə, Solaxay Həsənalı!
– Baxarıq!
– Baxarıq!
Solaxay Həsənalı bəyin qapısını ardınca çırpıb iri addımlarla birinci mərtəbəyə düşdü, həyətə çıxdı və yaşına yaraşmayan bir çevikliklə həyətdə yiyəsini gözləyən kəhər atın belinə sıçrayıb, çapıb getdi...
...Fəxrəndə xanım yataq otağının pəncərəsindən çapıb gedən atlını gördü və çiyninə, döşünə tökülmüş uzun saçlarını yığmadan başını darayan qulluqçu qızı kənara itələyib yataq otağından çıxdı, uzun yataq libasının ətəkləri ayağına dolaşa-dolaşa Böyük bəyin otağına girdi və hiddətindən alışıb yana-yana:
– Niyə buraxdın onu? – soruşdu. – Evdəki qulluqçu-nökərin hərəsinə bir qızıl onluq bağışlamışam ki, ağızlarını mumlasınlar, amma bütün Şuşa əhli bu saat Şahnazın ovçuya qoşulub qaçmasından danışır. Sənin bacın Yunis bəyi də tay-tuş yanında xar elədi! Niyə salamat buraxdın bu quzğunu, it atasını?!
Böyük bəy arvadına yaxınlaşıb əllərindən tutdu:
– Sakit ol, Fəxrəndə xanım, – dedi. – Solaxay Həsənalı mənim qapıma təvəqqəyə gəlmişdi. Qapıya gələn adamı yola salmağı da bacarmaq lazımdı.
Fəxrəndə xanım sakitləşə bilmirdi:
– Ərəbzənki kimi yaraq-yasağın içində idi, demirdin vurar səni, bizi başsız qoyar?
Böyük bəy gülümsədi:
– Vurmadı ki!..
Fəxrəndə xanım:
– Yumşaqsan, Böyük, çox yumşaqsan, – dedi. – O gədə ölməlidi! Eşitdinmi? Bu ləkə qanla yuyulmalıdı. Yoxsa bəylər, ağalar bir tərəfə, heç nökər-qulluqçunun da gözünə baxa bilmərik, camaatın üzünə çıxa bilmərik. Qoy görsünlər ki, Böyük bəyə sataşmaq nə deməkdi!
– Sakit ol, Fəxrəndə. Sənin sözündə bir həqiqət var. Mən kəndləri gəzib əlsiz-ayaqsızlara kömək edirəm. Kəndlilərin zəhmətini asanlaşdırmaq üçün maşınlar gətirdirəm. Mil düzünə su çəkdirmək istəyirəm. Ancaq, görünür, biz bir əlimizdə kitab, digərində qılınc tutmalıyıq.
– Allaha çox şükür, – dedi. – Nəhayət, qəti bir fikrə gəlib çıxdın.
– Fəxrəndə, mən hiss eləyirəm ki, hər tərəfi inqilab əhvali-ruhiyyəsi bürüyüb. Qəzetlərdən də bunu hiss eləyirəm, Bakıdan, Peterburqdan aldığım xəbərlərdə də bunu görürəm, lap elə bu – Solaxayın danışığında da bunu hiss elədim. Bu, dəhşətli işdi, Fəxrəndə. Böyük-kiçik olmayandan sonra, hörmət də götürüləcək, aləm qarışıb məzhəb itəcək. Bu gün mənim bacımı götürüb qaçmağa cəsarət eləyən rəiyyət, sabah bütün zadəgan sinfinin üstünə çomaq qaldıracaq. Bunun qarşısını almaq lazımdı.
Fəxrəndə xanımın gözləri mehribanlaşdı, bir az doluxsundu:
– Allaha çox şükür, Böyük, – dedi. – Çox şükür Allaha!..
... Kəhər at isə Şuşadan çıxıb Topxana meşəsinə girdi, kol-kosların, ağacların arasından çapdı, dərə keçdi, təpə aşdı...
...Qaçaq Bahadırın gözətçilərindən biri qaya arxasından çıxıb onlara tərəf çapan atlını gördü, beşaçılan tüfəngi belindən aşırıb fit çaldı. Bir neçə gözətçi qaçaq qayaların arxasından başını qaldırıb atlıya tərəf baxdı və birdən qaçaqlardan biri ayağa qalxdı, əlini gözünün üstünə qoyub atlıya bir də baxdı, sonra:
– Əyə, Solaxay Həsənalıdı! – dedi. – Biriniz düşün aşağı, kişiyə bələdçilik eləyin. Biriniz də Bahadıra xəbər verin, qonağı gəlib.
Solaxay Həsənalı kəhər atın yalına yatıb çapırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-aman-ovcu-vurma-meni-birinci-hisse-viii
Use ← → keys to move, R for a random poem
More by this author
İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı»pyesinin motivləri əsasında yazılmışdır.
Birinci hissə, IINicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı.Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-gələ də soruşdu:
Birinci hissə, IIIBöyük bəyin bağ-bağatı bütün Qarabağda məşhur idi və bu bağda armud, alma, tut, gavalı ağaclarının arasında böyük bir meydan vardı.Güllənin açılmağı ilə Yunis bəyin göyə tolazladığı boşqabın çilik-çilik qırılıb yerə tökülməyi bir oldu.
Birinci hissə, IVBöyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.
Poems by other poets
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir