Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:

– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

Böyük bəyin ağayana və nəzakətli davranışı, üzündəki şux ifadə həmişə Şahnazın ürəyinə bir sevinc, bir fərəh gətirirdi.

Şahnaz:

– Şükür Allaha, qardaş, – dedi. – Yaxşıyam, dünən axşam gəlib-gedən çox idi, heç soruşa bilmədim ki, Peterburq səfərin necə keçdi?

Böyük bəy bacısının qoluna girib həyət boyu addımlamağa başladı və addımlaya-addımlaya da dedi:

– Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu saat qazan kimi qaynayır. Hər tərəfdə bir inqilab havası var.

– Bəs, görəsən, əlahəzrət imperator nə fikirdədi?

– Kim bilir? Hökumətin başı bu saat Cahan müharibəsinə qarışıb, mən bir ciddi tədbir hiss eləmədim. Bir də ki... – Böyük bəy bir müddət sözünə ara verdi, gözlərini qıyıb batmaqda olan günəşin qırmızı şəfəqlərinə baxdı, sonra dedi: – Deyəsən, ikibaşlı qartalın caynaqları korlaşıbdı, bacı. O cür iğtişaşların kökünü birdəfəlik kəsmək üçün Bonapart kimi amansız olmaq lazımdı. Əlahəzrət isə məşhur inqilabçıları həbs eləyib üçillik sürgünə göndərir. – Böyük bəy dərindən nəfəs aldı. – Rusiyanın taxt-tacı sarsılır, bacı. Bakının özündə də ali hökumət adamları, qubernator cənabları çox narahatdı.

Şahnaz açıq-aşkar narahat oldu:

– Bakıda da?

– Bəli... Qəzetlərdə oxumursan? Orda da tez-tez nümayişlər baş verir. Rus erməniyə qarışıb, erməni axmaq müsəlmana qarışıb, aləm dəyib bir-birinə. Sahibkarlar güzəştə getməyə məcbur olur... Yaxşı, siyasətdən danışdıq, bəsdi, inşallah, yaxşı olar hər şey, de görüm sən nə fikirdəsən?

– Nə barədə?

– Biz Yunis bəyin elçilərinə cavab verməliyik.

Şahnaz birdən-birə qızardı, özünü naqolay hiss elədi:

– Mən hələ qəti bir qərara gəlməmişəm, qardaş, – dedi.

Bu dəm Böyük bəy Şahnazın böyük qardaşından daha çox qızın atasına oxşayırdı:

– Məncə, Yunis bəy pis cavan deyil. Bilirsən ki, onun atası Qarabağın ən mötəbər bəylərindəndi. Ana babası Cəfərqulu xan tarixi bir şəxsiyyətdi. Düzdü, təhsili mən istədiyim deyil, realnı məktəbi qurtarmaqla kifayətlənib, amma nəcib oğlandı, zirək adamdı.

Şahnaz belə bir söhbətə görə böyük qardaşının yanında bir az sıxıla-sıxıla:

– Yunis bəyin ləyaqətli bir cavan olmağına mənim sözüm yoxdu... – dedi. – Amma izin versəydin, bir az da fikirləşərdim...

Böyük bəy gülümsədi:

– Eybi yoxdu, düşün, bacım... Təki axırı yaxşı olsun. Fəxrəndə xanımın da arzusu sizin izdivacınızdı.

– Bilirəm...

– Budur, özü də gəlir...

Fəxrəndə xanım onlara yaxınlaşdı. Görünür, Şahnazın otuz beş yaşında, çox yaraşıqlı, təhsil görmüş, təkəbbürlü bu qadından bir o qədər də xoşu gəlmirdi və buna görə də cavan xanım onlardan ayrılmaq istədi:

– İcazənizlə mən gedim.

Böyük bəy bu gedişin fərqinə varmadı:

– Buyur, – dedi. – Ancaq dediyim məsələ barədə yaxşı fikirləş.

Şahnaz qardaşıgildən ayrılıb gedə-gedə:

– Baş üstə, – dedi.

Fəxrəndə xanım Şahnazın ardınca baxdı:

– Yoxsa mane oldum söhbətinizə?

Böyük bəy mehriban-mehriban gülümsədi:

– Əsla. Biz Yunis bəy barədə danışırdıq. Gedək o dikdirdəki kürsülərdə əyləşək, Fəxrəndə xanım. Görürsən günəş necə qürub eləyir? Altı il Parisdə təhsil aldım, amma elə bir gün olmadı ki, Şuşadan ötrü burnumun ucu göynəməsin. Hara gedirəm, gedim, Peterburqa, Cenevrəyə, İstanbula, xəyalım həmişə bu yerləri gəzir. Banklara girib-çıxıram, alış-veriş danışıqları aparıram, yüksək rütbəli dövlət adamları ilə görüşürəm, ancaq ürəyim həmişə burdadı, burda, sizin yanınızda...

Həyətdəki dikdirdən, böyük tut ağacının altından alışıb-yanan üfüq lap aydın, maneəsiz görünürdü, sıx meşəli uca dağlar, Cıdır düzünün sıldırım qayaları da buradan aydın görünürdü və bu dəm elə bil ki, təkcə günəş batmırdı, bu sıx meşələr, bu uca dağlar, sıldırım qayalar da yuxuya hazırlaşırdı.

Böyük bəy tut ağacının altındakı kürsüdə oturub ayağını ayağının üstündən aşırmışdı, Fəxrəndə xanım ərinin yanındakı kürsüdə əyləşmişdi və Böyük bəydən fərqli olaraq bu qadının fikri-zikri bu saat bu qürubdan, bu yerlərin qəribə sakitliyindən uzaqlarda idi.

Fəxrəndə xanım soruşdu:

– Şahnaz nə deyir?

Böyük bəy gülümsədi:

– Bir az da fikirləşmək istəyir...

– Neynək, qoy fikirləşsin... Amma bu gün qəribə bir söz eşitmişəm.

Böyük bəy gözünü üfüqdən çəkib Fəxrəndə xanıma baxdı.

Fəxrəndə xanım dedi:

– Deyir, Şahnaz bizim ovçu oğlanla tez-tez görüşür, dayanıb saatlarla söhbət eləyir.

– Kim deyir?

– Çörəkçi arvadın sözüdü.

Böyük bəy açıq-aşkar hirslənib yerində qurcalandı:

– Qələt eləyir, deyir. Şahnaz təhsil görmüş açıq təbiətli bir qızdı. Onun Solaxay Həsənalının oğlu ilə başqa nə haqq-hesabı ola bilər?

– Ovçu çox gözəl oğlandı...

Böyük bəy ayağa qalxıb yanpörtü arvadına baxdı:

– Nə olsun?

– O, hər bir qızın, xanımın xoşuna gələ bilər...

– Yəni, Bəhmənmirzənin nəvəsi, Böyük bəyin bacısı o günə qalıb ki, gədənin birinə aşiq olsun?

– Atalar məsəlidi, Böyük, deyir qızı öz başına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya. – Fəxrəndə xanım da ayağa qalxdı. – Üşüdüm, gedək. – Və malikanəyə tərəf gedə-gedə də xəbər verdi: – Səhər darğa gəlmişdi...

– Nə deyirdi?

– Kəndlilərdən bir neçəsi bizim hissəmizi verməkdən boyun qaçırır...

– Nə deyib boyun qaçırırlar?

– Deyirlər ki, məhsul yaxşı olmayıb...

– Bəhanədir! Havadan iy çəkiblər, Rusiyadakı, Bakıdakı iğtişaşın təsiridi, gəlib çıxır buralara da yavaş-yavaş...

Fəxrəndə xanım ürəkdən ah çəkdi:

– Sabir kimi, Mirzə Cəlil kimi əhli-qələm kənd camaatını yoldan sapdırıb bizim əleyhimizə qaldırır. Üzr istəyirəm, Böyük, amma siz ziyalı bəylər də ağzınıza su alıb susursunuz...

Böyük bəy fikirli-fikirli:

– Fəxrəndə xanım, – dedi. – Mərhum Mirzə Ələkbər də, Mirzə Cəlil də qiymətli adamlardı. Əgər onlar Avropada olsaydılar, bu saat kürreyi-ərz onların hər bir kəlamını qızıla tutmuşdu.

– Zadəganları, ruhaniləri ələ saldıqlarına görə?

– Yox, – millətin tərəqqisinə çalışdıqlarına görə. Mən özüm də millətin inkişafı naminə avamlığın, cəhalətin, acgözlüyün qamçılanması tərəfdarıyam... Mən millətimizin cəsur oğulları ilə fəxr edirəm. Parisdə Qarabağ atlıları cıdıra çıxanda bütün əhli-şəhər onların tamaşasına dururdu. Gözəl firəng xanımları onların üstünə gül-çiçək yağdırırdı... Ancaq burası da bir həqiqətdi ki, bütün ölkələrdə olduğu kimi, bizim kənd əhlində də nankorluq var... Nə qədər güzəştə getsən, deyəcək ki, azdı.

– Məsələ də bundadı, Böyük... Üzr istəyirəm səndən, amma bir az yumşaqsan sən, evdə də, çöldə də...

Bu vaxt Gülgəz malikanənin ikinci mərtəbəsindəki eyvana çıxıb onları səslədi:

– Xanım, çay hazırdı.

Böyük bəy:

– Gedək içəri, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXIII fəsil

Eysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...XXIV

11 min
I hissə

(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən

1 h 45 min
II hissə

Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həminqəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat

45 min
I fəsil

(Bir itin aqibəti haqqında povest)– Məsləhət eləyirəm də səniynən, məsləhətdi də, başuva dönüm sənin, elə bu saat gedib evi vermədim ki, yoldan ötənin birinə, məsləhətdi də, məsləhətdi don gen olar də deyiblər. Mən bir pis söz demirəm ki, sənin balalaruvun dərdini çəkirəm də, özgənin dərdini çəkmirəm ki, öz dərdimi çəkmirəm ki, mənə nə var, hay-hayım gedib, vay-vayım qalıb, istəyirəm uşaqlarçun bir gün ağlayım də... Bir gün ağlayaq bunlara biz gərək, ya yox? – Ağabacı ömründə birinci dəfə idi ki, özü haqqında ərinə belə sözlər deyirdi, qocalmağından dəm vururdu və elə bil ki, Ağabacı həmin Ağabacı deyildi ki, səhər sübhdən yerindən duran kimi, kəllə otağa keçib, uşaqlar içəri girməsin deyə, qapını da açarlayıb on-on beş dəqiqə sir-sifətinə sığal verirdi, xınasının vaxtını bir gün də keçməyə qoymurdu və kəndin ən birinci sözgəzdirəni Zübeydə hər dəfə xeyirdə, şərdə, hamamda Ağabacını görəndə yanıb-yaxılırdı: « – Ağəz, bir buna baxın e, nənəm yaşındadı (amma bunu Zübeydə lap ağ eləyirdi, çünki özü əskiyi səkkiz-on yaş Ağabacıdan böyük idi; hər halda, Ağabacı özü belə deyirdi və kəndin əksər arvadının da Zübeydədən zəhləsi getdiyi üçün Ağabacının yaş barədəki fikrini təsdiq edirdi), amma sürmələnməsinə-zadına bir bax e!.. Əriyçün bəzənib-düzənir də, Ağababayçun (Zübeydəni yandırıb-yaxan da elə burasıydı, çünki, özünün nə əri varıydı, nə də uşağı, tək canı idi və bütün təqsirlər də özündə idi, çünki atalar yaxşı deyib ki, niyyətin hara, qismətin də ora)». Burası da tamam birinci dəfə idi ki, ailə məsələlərində, ev-eşik işlərində Ağabacı ilə Ağababanın sözü bir gəlmirdi. – Böyüyüb də uşaqlar, ay Ağababa, böyük uşaqlar olublar də, maşallah, bunların axı, Allah qoysa, niyyət olmasın, qismət olsun, qayıtmağı var, evlənməyi var, ay başuva dönüm sənin, bir tədbir görmək gərəkməz bəyəm?! Heç olmasa, hərəsinə bir üzük alaq da, gərək də, qapısına getdiyimiz adamların yanında başımız aşağı olmasın da, gərək də, ay Ağababa!.. Hə, yaxşı, bunlar heç, oğlandılar, maşallah, özləri bilərlər neyniyərlər, bəs qızdar? Qızdar nə olsun bəs? Böyükdürlər e, day, lap böyüyüblər, maşallah! O gün mürdəşir üzünu yumuş o abırsız Zübeydə hamamda söz yayıb ki, guya ki, Ağagüllə bir qızı, adını deməyib hələ, vağzal bağında, ayıb olmasın səndən, öpüşən görüb! Yayır bu sözü, elə bilir mənə təsir eləyəcək, külbaş day demir ki, nöşün təsir eləyir mənə, day də yaxşı mənimçün, kişidi də oğlum, kişidi! Hələ Ağagülü deyir e! Ağababa, Ağagül hələ iki ildən sonra gələcək Amurski oblastdan, inşallah, Allah qoysa, bəs Baladadaşın gəlməyinə nə qalıb? Bir-iki aya gəlir uşaq də! Nə bilirsən sən, bəlkə elə bir istəylisi var burda, heç xəbərimiz yox? Gərək bir çarə qılaq başımıza, yoxsa yox? Qızdar, bəs, Ağababa, bu qızdarı biz köçürəcəyik inşallah də... – Ağabacı nəlbəki, bıçaq götürüb indicə yaydığı xəmiri yuxayayanın üstündə nəlbəki-nəlbəki kəsməyə başladı; kəsilən xəmirlər hamısı bir boyda idi, nəlbəki girdəliyində və bir azdan bu nəlbəki girdəsi xəmirlər ortadan bükülüb hamısı bir boyda da qarın qutabı olacaqdı.

13 min

Poems by other poets