Araba
Page 4 of 5 · 60%
Heç bir mənası yoxdur.
Bəs basketbolçuya oxşayan o qız (o zaman gözəl bir zürafəyə oxşayırdı, indi əgər sağdısa, kim bilir, kimə oxşayır? bəlkə indi zürafəyə yox, filə oxşayır?) bilsə ki, dünyada Azərbaycan adında bir məmləkət var və o Azərbaycan məmləkətində otuz il bundan əvvəl onun şərəfinə şer yazılıb, şagirdlər məktəbdə o şeri əzbər söyləyib, qiymət alıblar – kimi «2», kimi «5» – nə fikirləşər? hansı hissləri keçirər? necə mütəəssir olar?
Amma o zənci qız nə fikirləşəcək, hansı hissləri keçirəcək, bunun da – yüz faiz
– heç bir mənası və bir qara qəpiklik qədər qiyməti yoxdur.
– Toş!.. Toş!..– atası eşşəyin ipini dartırdı.
Həmin gün – şairin dəqiq yadındaydı – o araba yolunu da, bütün o ətrafları da çən basmışdı, narın-narın çiskinləyirdi və odunların üstündən yerə enmiş o altı yaşlı oğlan gah sinəsini, gah kürəyini, təkəri palçığa batıb yerindən tərpənməyən arabanın arxasına dirəyib hıqqana-hıqqana güc verərək, tez-tez də nazik belindən sürüşüb düşən şalvarını yuxarı çəkərək, arabanı itələyirdi və axır ki, araba yerindən dəbərdi, o altı yaşlı oğlan da dörd-beş addım arabanın dalınca gedib yenə öz yerinə – odunların üstünə dırmaşdı və bir müddət o çənin-çiskinin içi ilə eləcə getdilər, sonra birdən atasının gözü oğlunun yükün üstündən sallanmış ayağına sataşdı:
– Qaloşun hanı?
Oğlan ayaqlarına baxdı: birində qaloş var idi, o biri isə yalın idi – bayaq arabanı itələyəndə qaloşun bir tayı ayağından çıxıb palçıqda qalmışdı və oğlan qanrılıb arxaya baxdı, elə bil, o çənin-çiskinin içində o balaca qaloş tayını görəcəkdi.
Bayaqdan bəri çarxın palçığa batmağından və eşşəyin də əzvaylığından hirslənmiş kişi, acığını uşağın üstünə tökdü:
– Eşşək oğlu, eşşək! Düş, yeri, canın çıxsın, nətər qoymusan orda, elə də tap, gətir!
Və o oğlan gözlərini, biri qaloşlu, o biri yalın ayaqlarının altına zilləyib palçığa bata-bata və tez-tez də nazik belindən sürüşüb düşən şalvarını yuxarı çəkə-çəkə araba yolu ilə geriyə gedirdi və bir azdan araba çənin içində tamam gözdən itdi, bütün dünyada hər tərəfi basmış o çəndən-dumandan başqa heç nə yox idi və o çənin, dumanın içində altı yaşlı o oğlan palçığa batıb-çıxan ayaqlarının altına baxa-baxa qaloşunu axtarırdı, hərdən çönüb arxaya – arabaya tərəf baxırdı, amma heç nə görmürdü və o zaman o çəndən, elə bil, bir topa ayrılıb bir nigarançılıq oldu, təşvişə çevrildi və o uşağın içinə doldu, ürəyi həyəcanla tez-tez döyünməyə, o təşviş içini oymağa başladı.
Əlbəttə, o uşaq kəndlə meşə arasındakı o araba yolunu yaxşı tanıyırdı və bu yolla üzüaşağı gedib bir azdan kəndə çıxmaq onun üçün elə çətin bir şey deyildi və oğlan da bunu bilirdi, amma hər tərəfi bürümüş o çənin içində, o dəm, elə bil, nağıllardakı tilsimlər aləminin xofuna oxşayan və adamı üşüdən nəsə bir şey var idi.
O qaloşları atası üç-dörd ay bundan qabaq rayon mərkəzindən onun üçün hədiyyə alıb gətirmişdi və par-par parıldayan o qaloşlar o zaman onu çox sevindirmişdi, bir müddət ürək eləyib qaloşları geyməmişdi ki, palçığa, torpağa bulaşacaq, amma elə ki, qaloşları geydi, o qaloşlar da evləri kimi, həyətləri kimi, kəndləri kimi, o eşşək arabası kimi adi bir şeyə çevrildi.
Oğlan isə, özü də gözləmədən ağlayırdı və tez-tez burnunun suyunu darta-darta nəhayət ki, palçığa batıb qalmış o qaloş tayını tapdı və o biri ayağındakı qaloşu da çıxartdı, hər əlində bir qaloş tutub, yalın ayaqları ilə palçığa bata-bata geriyə qaçmağa başladı. Hərdən şalvarı belindən sürüşüb düşürdü və oğlan bir anlıq dayanırdı, qaloş tutduğu yumruqları ilə şalvarını yuxarı dartıb, təzədən üzüaşağı qaçırdı.
Çən get-gedə sıxlaşırdı, ona görə də, araba, elə bil, birdən-birə yerin içindən çıxıb, oğlanın qarşısında peyda oldu və oğlan tövşüyə-tövşüyə qaloşların ikisini də bir əlinə alıb, o biri əli ilə arabanın arxasından yapışdı, dərindən rahat bir nəfəs aldı və təqsirkar olduğu üçün, odunların təpəsindəki gözəl yerinə dırmaşmağa cürət etməyib, eləcə, bir əlində iki qaloş, o biri əli də arabanın arxasında addımlamağa başladı.
Bir az beləcə getdilər və birdən atası eşşəyin ipini dartıb arabanı saxladı, başını geri çevirib tez-tez burnunun suyunu dartan oğlana:
– Qalx yuxarı!..– dedi.
Elə bil ki, əlli səkkiz-əlli doqquz il bundan əvvəlki o çənin-çiskinin içindəki o «qalx yuxarı!»nın istisi-ilığı, birdən-birə şairin, bir-birinə qarışmış fikirlərilə, hisslərilə, yuxu və real həyat arasındakı görümləriylə dolu olan, amma soyuq, qurumuş beyninə yüngül bir hərarət gətirdi...
... ilıq və xoş bir meh əsdi...
... kəpənək zərifliyi ilə pəncərənin qabağında dayanmış o penuarlı qız o zaman ruhlar dünyasının sorağında idi...
Pensiyaya çıxmış (göndərilmiş!) KQB polkovniki Məmməd müəllim qoğala oxşayırdı: gödəkboylu, kök, girdəsifət, hamar yanaqları qırmızı, yumru başı da daz – bir sözlə, görkəmi bir az gülməli idi, amma Məmməd müəllimin xasiyyəti, xarakteri görkəmi kimi gülməli deyildi və Məmməd müəllimin pişik gözlərinə oxşayan və həmişə də işım-işım işıldayan yaşıl gözlərinə baxanda, hərdən, adam xoflanırdı və Məmməd müəllimin bir xüsusiyyəti də ondan ibarət idi ki, danışanda adamın üzünə baxmırdı, başının üstündə naməlum bir nöqtə qaralayıb, o nöqtəyə baxırdı.
Məmməd müəllim Bakıda hamını tanıyırdı, amma Məmməd müəllimin özünü çox az adam tanıyırdı və toyda da, yasda da, kimdən söz düşürdüsə, bir küncdə oturmuş Məmməd müəllim mənalı-mənalı gülümsəyirdi, bir söz demirdi, amma söhbətə qulaq asırdı və bəzən bir kəlmə ilə kiminsə səhvini (texniki səhvini) düzəldirdi, məsələn, kimdənsə söhbət əsnasında deyirdilər ki, filankəsin yaşı da altmışı keçib, Məmməd müəllim eləcə mənalı-mənalı gülümsəyib dəqiqləşdirirdi: «– Əlli yeddi yaşı var», yaxud deyirdilər ki, filankəs, deyəsən, salyanlıdı, Məmməd müəllim yenə də gülümsəyib: «– Atasının əsli İrandandı, anası şamaxılıdı» – deyirdi və sairə.
Məmməd müəllim şairlə quda olana qədər, bu adamlar bir-birilərini tanımırdılar, daha doğrusu, şair Məmməd müəllimi tanımırdı, amma hərdən, şair öz həyatı, yaradıcılığı ilə bağlı nəsə danışanda, Məmməd müəllim onun da səhvini düzəldirdi, elə söz deyirdi, elə replika verirdi ki, şair mat qalırdı, «– Əşşi,– deyirdi,– sən mənə məndən yaxşı bələdsən ki!..»
Şair məclis xoşlayan adam idi və qohum olandan sonra, məclislərinə, məcbur olub, Məmməd müəllimi də dəvət edirdi və Məmməd müəllim bütün məclis boyu susub, hərdən eləcə mənalı-mənalı gülümsəyirdi və hərdən kiminsə kim haqqındasa dediyi texniki səhvini düzəldirdi.
Evdə, ancaq özləri olanda, kiçik qız Məmməd müəllimə «Santexnik» deyirdi və böyük bacısını acıqlandırmaq istəyirdi:
– Nu, kak tvoy santexnik pojivayet?
Böyük qız:
– Tı sama santexnik!– deyirdi, amma özünü gülməkdən saxlaya bilmirdi.
Əminə xanım:
– Xvatit!– deyirdi.– Bəsdirin! Gedib kişinin qulağına çatar, yaxşı deyil...
Və Əminə xanımın bu «gedib kişinin qulağına çatar»ı bəzən şairin yadına düşərdi və ona ləzət eləyərdi, şair «santexnik» sözünün top kimi dığırlana-dığırlana gedib Məmməd müəllimin qulağına girməyini bir cizgi filmi kimi gözlərinin qabağına gətirərdi, gülərdi və kefi kökələrdi.
Amma bir dəfə Məmməd müəllim şairə bir söz dedi, o söz heç «santexnik»in dediyi sözə oxşamırdı və «santexnik» sözünün ləzzətinə, nəsə, xoşa gəlməyən bir şey qatırdı.
Növbəti bir məclisdən əvvəl (gərək ki, Əminə xanımla evlənməklərinin növbəti ildönümü idi), şairin iş otağında oturub, ikilikdə söhbət zamanı (Məmməd müəllim həmişə məclislərə vaxtından əvvəl gələrdi ) Məmməd müəllim gülümsəyib, şairin başının üstündə naməlum nöqtəyə baxa-baxa, həmişəki ahəstə səsi ilə:
– Axır vaxtlar çox millətçi şerlər yazırsan... – dedi. – Bir az ehtiyatlı ol... Düzdü e, indi kanyuktura belənçinədi, ancaq... – Daha artıq mənalı-mənalı güldü. – Sən ehtiyatlı ol... Türkiyəyə də çox aludə olma... Hə? – Bu dəfə Məmməd müəllimin təbəssümü bütün sifətinə yayıldı və yaşıl gözləri də daha çox işıldadı.– Elə bilirsən, day Sovet hökuməti qayıtmayacaq? Hə?
Məmməd müəllimin bu «hə?»ləri bir müddət şairin yadından çıxmadı və şair bu «hə?»lərdə heç bir perspektiv görməsə də, bir müddət narahat oldu.
İllər ötürdü, elə bil, zaman da meşədən gətirilən odun kimi bir yük idi və o yükü də eşşək arabası çəkib irəli aparırdı, aylar günləri, illər ayları əvəz edirdi və illərin eləcə eşşək arabasının sürətilə ötməyinin qəribə bir ab-havası var idi, o ab-havanı söz ilə ifadə etmək mümkün deyildi və şair, bəzən, elə bil ki, o ab-havanın rəngini görürdü, amma bu, nə rəng idi? qırmızı idi? yaşıl idi? sarı idi? – bunu da demək mümkün deyildi, bəzən o rəng (naməlum rəng!), elə bil, çönüb meh kimi bir şeyə çevrilirdi – o uzaq illərdən gələn meh – amma o meh də tez əsib (?) keçirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-araba
Use ← → keys to move, R for a random poem
More by this author
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...
Vı fəsilŞuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.
Poems by other poets
Səni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,