Page 2 of 4 · 25%

Kök qadın əlini sinəsinə aparıb:

– Bir də ürəyimi partladacaqsan, – dedi, amma gülümsədi, çünki məlum olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banından yerə düşməyib və başına başqa bir iş də gəlməyib, elə beləcə, həmişəki zarafatındadı.

Sürücü, elə bil, ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi.

Sevil pinq-ponq topu kimi bir göz qırpımında maşının banından yerə atıldı və səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi, yerindən qalxıb şalvarının dalını çırpdı və bu dəfə keçib tutun qotur kölgəsində oturdu.

Sevil taxta qapıdan boylanıb baxdı və əlini əlinə vurub:

– Oy!.. Kakaya krasata!.. – dedi. – Prosto prelest!..

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib gülümsədi – həm öz yerinə sevinirdi, həm də qızının yerinə – və dedi:

– Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq.

Sürücü banın yan sürahisini açıb aşağı sallatdı və yükü bir-bir boşaldıb evə aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyə kömək edirdi və artıq qan-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb tutun kölgəsində şumaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı, yəni görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan.

Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini atasına da verməzdi, necə lazım bilərdi, elə də edərdi.

Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşımaq ona ziyan eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap kiçik bir bağlama götürürdü, aparırdı evə, təzədən qayıdıb yenisini götürürdü və elə bilirdi ki, əməlli-başlı iş görür.

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:

– Ay oğlan, – dedi, – gəl kömək elə də bir az, görmürsən gücümüz çatmır?...

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və ondan soruşdu:

– Mənimləsiz?

– Hə... Bəs, kiminləyəm?

Baladadaş yenə də bir müddət kök qadına baxdı və dedi:

– Hambal gətirəydiniz də özünüzlə.

Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağa qoymaq üçün deyir, ya elə, doğrudan da, bu fikirdədir və onlar gərək hambal gətirəydilər özləriylə?

Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü acıqlı-acıqlı Baladadaşa baxıb nə isə demək istədi, amma bu zaman qapının ağzında dayanmış Sevil Baladadaşa baxa-baxa pıqqıldadı və sürücü də daha heç nə demədi. Baladadaş «aerodrom» kepkasının yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını səkinin üstünə qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və ədəb-ərkanla parusin şalvarının dalını çırpıb asta addımlarla maşına yaxınlaşdı.

Sevil günün bu cırhacırında Baladadaşın başına qoyduğu kepkaya, qulağının dibindəki siqaretə baxdı və yenə də pıqqıldadı.

Baladadaş gözucu qıza baxdı və halına təfavüt qoymadan sürücüyə işarə elədi ki, paltar dolabını aşağı itələsin, özü isə kürəyini maşının başına söykəyib əllərini yuxarı qaldırdı.

Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını Baladadaşın kürəyinə endirdi.

Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım atmaq istədi, amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı və o, bircə anın içində fikrindən keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə də Əhmədağa kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxartdı ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman güləndi.

Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın və dolab da bayaqdı ha, gumbultu ilə ağzı üstə yerə – qır səkinin üstünə düşdü.

Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq sükutdan sonra Sevil əvvəlcə pıqqıldadı, sonra da lap şaqqanaq çəkib güldü və onun bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı:

– Vaxsey-y!..

Baladadaş əvvəlcə ağzıüstə yerə sərilmiş dolaba, sonra da gülüşü ilə kəndin həmişəki yeknəsəqliyini alt-üst edən Sevilə baxdı və dedi:

– Eyb etməz, düzəldərik.

Kök qadın özünü saxlaya bilmədi:

– Nəyi düzəldərik, ay mən deyən? Xəşilə döndərmisən şifoneri, indi də deyirsən düzəldərik?!.

Sevil yenidən şaqqanaq çəkib güldü.

Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu qurumuş halda maşının banında dayanıb yuxarıdan-aşağıya Baladadaşa baxırdı və ağzını açıb bircə kəlmə də deməyə halı yox idi.

Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən ikinci adam tapmaq çətin işdi.

Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı – guya ki, yenə səkinin üstündən qalxırdı və sonra heç nə olmayıbmış kimi, geri dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerişlə uzaqlaşdı.

Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırdı, batırdı, çıxırdı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində.

Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də dəniz kimi intəhasız idi və bu göyün altındakı dənizdə bir Baladadaş var idi, bu Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi, özü də yaman güləyən idi.

Həmin güləyən qız indi oturmuşdu təzə həyətlərindəki iri əncir ağacının altında, amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında çarpazlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şer deyirdi:

Kak proşalis, strastno klyalis

V vernosti lyubvi...

Vmeste tayn priobşalis,

Peli solovi...

Vzyal qitaru na proşane

I u strun istorq

Vse priznanya, obeşanya,

Vsey duşi vostorq...

Da, toska zapolnila,

Porvalas struna...

Ne znala b, da ne manila

Dalnya storona!

Vspominay je, radi boqa,

Vspominay menya,

Kak sedoy tuman iz loqa

Vstanet do pletnya...

Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın üstünə dırmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu, ondan soruşdu:

– Sən də şer bilirsən?

– Nöş bilmirəm?

Sevil yenidən dikəlib maraqla dedi:

– Yox a?... – Elə bil inanmırdı ki, Baladadaş şer bilir. – De də birini.

– Məktəb-zaddı bəyəm?...

Əlbəttə, Baladadaş bir para şer bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu şerlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz dənizin, bax, indiki bu dəqiqənin şerləri deyil o şerlər; Baladadaş onu bilirdi ki, təmiz göyə baxıb şer deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi.

Əslində Baladadaş bunu ancaq indi hiss elədi, indi hiss elədi ki, o, yəni on səkkiz yaşı ilə bərabər məktəbi də yenicə bitirmiş məşhur şumaqədər ustası Baladadaş qızla incə və zərif surətdə, yaxşı sözlər işlədə-işlədə danışmaq qabiliyyətində deyil.

O, ürəyinin lap dərinliklərində hiss elədi ki, beləcə hasarın üstündə oturub onca metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma Baladadaş bunu da hiss elədi ki, günlərin bir günündə, dənizin sahilində, aylı-ulduzlu bir yay gecəsində, özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu gözəl qız da lap dəniz kimi onun saçlarını sığallayıb öpə bilər.

Baladadaş elə bil ki, bu öpüşü sifətində hiss etdi, diksindi və suçlu adamlar kimi qıza baxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets