Page 3 of 4 · 50%

Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan əvvəl onun arıq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı «aerodrom» kepkaya baxıb gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şer deyə bilməməsi çox pis iş oldu.

Sevilin anası artırmadakı qaz pilətəsinin üstündə təzə lobya qızardırdı və hasara dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi:

– Mənə bax, ora niyə dırmaşmısan? Başına yer qəhətdir?

Baladadaş kök arvada baxdı və heç nə deməyib hasardan yerə atıldı, parusin şalvarının dalını çırpıb səndəllərinin burnu ilə qumu tozlandıra-tozlandıra hasarlararası yol ilə uzaqlaşdı.

Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırpıb hələ də əncir ağacının altında oturmuş qızına dedi:

– Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yığ stolun üstünə...

Sevil Muradın adını eşidəndə gülümsədi və quş kimi qalxıb otağa girdi.

Sevilin anası pilətənin odunu lap alıb sarımsaq əzməyə başladı və bu zaman həyətin taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-hıqqana gəlib dayandı həyətin ortasında.

Sevilin anası tərs-tərs Baladadaşa baxdı və Baladadaş da bir müddət bu kök arvada baxıb:

– Şollar suyudur, – dedi. – Gətirdim sizinçün, işlədəsüz.

Sevilin anası dedi:

– Get, bala, get. Səndən heç kim heç nə istəməyib, get öz işinə, gücünə...

Baladadaş, «aerodrom» kepkasının altından tər damcıları süzülə-süzülə yenə də bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə birlikdə həyətdən çıxmaq istədi.

Sevilin anası arxadan onu səslədi:

– Doğrudan şollar suyudu?

Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq üçün sidq-ürəkdən and içdi:

– Kepkam haqqı şollar suyudu, inanmırsuz?

Sevilin anası elə bil eşitmədi:

– Nə?

Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi:

– Əşşi, kepkama and olsun ki, şollar suyudu, nöş inanmırsan e, sən?...

Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və:

– Necə, necə?! – dedi. – Kepkam haqqı?.. – Sonra da başladı şaqqanaq çəkib gülməyə.

Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona acıqlana bilmirdi ki, adam belə güləyən olmaz.

Sevilin anası dedi:

– Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra.

Baladadaş yenə də geri qayıdıb vedrələri hıqqana-hıqqana artırmaya qaldırdı və suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı ağzında qırmızı rəngli bir «Moskviç» dayandı. Sevilin anası o saat əl-ayağa düşdü:

– Murad gəldi! – dedi. – Seva, Murad gəldi!

Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü.

Anası da Baladadaşı yadından çıxarıb dəsmalla əllərini silə-silə həyətə endi.

Murad otuz yaşında, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. O, maşından düşüb həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir canlanma gəldi, bu balaca evin, artırmanın, pilətənin – hər şeyin sanbalı artdı.

Murad:

– Hə, necədi? – dedi. – Necə yerləşmisiniz?

Sevil:

– Əntiqə! – dedi və özünü saxlaya bilməyib Muradın qoluna qısıldı; anası yanında olmasaydı, yəqin Muradın boynuna sarılacaqdı.

Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi:

– Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik.

Murad ətrafı gözdən keçirib özündən və bütün bu həyət-bacadan razı halda dedi:

– Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir.

Sevil onun gözlərinin içinə baxıb:

– Yorulmusan? – dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi oldu: qız açıq-aşkar Muradın boynuna sarılmaq istəyirdi.

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri əlinə alıb onların yanından ötmək istəyəndə Murad soruşdu:

– Bu kimdir belə?

Sevil, Baladadaşın «aerodrom» kepkasının altından tər damcıları süzülən sifətinə baxıb bərkdən güldü.

Sevilin anası dedi:

– Şollar suyu gətirib bizə iki vedrə.

Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bığıburma zırpı bir oğlan dayanıb və həmin oğlanın təptəzə qırmızı «Moskviç»i var və Baladadaşın gözlərini bərəldib beləcə qıza baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu qədər doğma və əziz olan bu göy gözlərə, xurmayı saçlara, ağ bənizə baxmaq istəyirdi və buna görə də baxırdı.

Murad əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı və Baladadaşa uzatdı:

– Tut.

Baladadaş gözlərini xurmayı saçlardan, göy gözlərdən, ağ bənizdən çəkib gümüşü manatlığa baxdı.

Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş ya söyüş söyərdi, ya gümüşü manatlığı alıb vızıldadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü də bu qız göyə baxıb gözəl şerlər deyə bilirdi və indi bu qız da həmin gümüşü manatlığa baxırdı.

Sevilin anası dedi:

– Elə-belə gətirib e, ay Murad, pulsuz.

Murad gülümsədi:

– Eyb etməz, qoy gedib pivə içsin, sərinlənsin.

Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı.

Arxadan Muradın səsi gəldi:

– Az oldu?

Sonra da göygözlü, xumayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı qız bərkdən güldü.

İki ay var idi: biri göydə, biri də dənizdə və dənizdəki bu ay narın ləpələrin üzərində oynayırdı. Baladadaş sahildə – qumun üstündə oturub gözlərini dənizdəki aydan çəkmirdi.

Bütün sahildə heç kim yox idi, bir dəniz var idi, bir Baladadaş, bir də dənizdəki bu ay.

Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik içində gözlərini dənizdəki aydan çəkə bilmirdi.

Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi.

Ağanəcəfgilin həyətlərindən gələn mahnı səsi aləmi bürümüşdü: Qədir Rüstəmov «Sona bülbüllər»i oxuyurdu və Baladadaş da mahnının müşayiətilə Sevilgilin təzə həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı artırmasına baxdı.

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi.

Sevilin anası:

– Sən Allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin yanında. Telefon da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən.

Murad gülümsədi:

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.

Sevil dedi:

– Qal burda də, nə olar?..

Murad dedi:

– Yaxşı deyil...

Sevilin anası dedi:

– Bircə toyunuzu tez eləsəydik...

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Yenə günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü – dəniz də, sahil də adamla dolu idi.

Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uzanan qara trusiki nazik baldırına yapışmışdı.

Ağanəcəf əlindəki taxta şumaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı:

– Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim yanıma, Amurski oblasta. Deyir ki, kursa da girər, yaxşı. Ordan sonra vayenni akademiyaya da girmək olur əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşı-yaxşı şumaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir sənə.

Baladadaş birdən-birə:

– Sənə nə var e... – dedi. – Dünya vecinə döyül!... – Sonra qumun üzərində uzanıb gözlərini qıydı və günəşə baxdı.

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə tərəf gələn qırmızı «Moskviç»i göstərib:

– Upravlyayuşi gəlir, – dedi.

Baladadaş soruşdu:

– Kim?

Ağanəcəf dedi:

– Upravlyayuşi.

– Upravlyayuşi kimdir?

– Ode, qırmızı «Moskviç»də gəlir.

Baladadaş dikəlib qırmızı «Moskviç»ə baxdı, Ağanəcəf həsəd dolu gözlərini bu təptəzə qırmızı «Moskviç»dən çəkməyərək dedi:

– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşidi bu. Bilirsən neçə kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets