İş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.

– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?

Və Məleykə müəllimə birdən-birə dedi:

– Nə qəşəng budkan varıydı, ay Surxay!.. Qəzet budkasını deyirəm... Nə qəşəngiydi...

Yataqxananın bütün mərtəbələrindəki aralığın hər iki başında burada yaşayanlar üçün ümumi tualet var idi və o tualetlərin iyini itirməkdən, çirkabını təmizləməkdən ötrü, ora birucdan xlor tökürdülər və Məleykə müəllimə də bu sözləri dedi, sonra əlindəki xlorla tualetə getdi.

Və o gün həmin sübh tezdən ta gecə yerinə girənəcən Surxayın ürəyindən qara qanlar axdı – görəsən, durur o «budka»? erməni indi orda qəzet satır? – və Surxay, düzdü, bunları fikirləşirdi, amma gözünün qabağında şüşələri qırılmış, cırıldaya-

cırıldaya qapısı tərpənən, içi boş bir köşk gəlib dururdu. O küçə də bomboş idi və orada o köşkün qapısının cırıltısından başqa heç nə eşidilmirdi və birdən o küçədən arıqlayıb qabırğaları sayılan eşşəklər tək-tək keçməyə başladı və küçədə o arıq eşşəklərin də heç bir səsi eşidilmirdi: nə ləpir səsi gəlirdi, nə fınxırırdılar, nə də

eşşəyin bir anqıranı var idi. Xruşşov eşşəklər üçün böyük məbləğli vergi (o məbləğ eşşəyin dəyərindən və xeyrindən artıq idi) müəyyən eləyəndə, Şuşada kim ki, eşşək saxlayırdı, yüksək vergini verə bilmədiyi üçün o eşşəklərdən imtina etmişdi və başlı-başına qalan eşşəklər də çöllərdə, düzlərdə vəhşi heyvana dönmüşdü. Surxay bilirdi ki, o boş küçədə, tək-tək köşkün qabağından keçən o arıq və tamam səssiz-səmirsiz eşşəklər, Xruşşov vaxtının o eşşəkləridi, amma nə üçün birdən-birə gəlib Surxayın yadına düşmüşdülər (o Xruşşov eşşəklərinin indi sümükləri də çürüyüb getmişdi) və bütün günü beynində o bomboş küçədəki bomboş qalıb qapısı cırıldayan köşkün

qabağından keçirdilər?

Yataqxanada ikinci idi, ya üçüncü idi – ölən şuşalı da elə yazıq Məleykə müəllimə oldu və o vaxt Məleykə müəllimənin qırx illik əri Kazım – Dəmir Kazım!

– neçə gün kimi görürdüsə, özünü saxlaya bilməyib, uşaq kimi hönkür-hönkür ağlayırdı.

Dəmir Kazım Məleykə müəllimənin dərs hissə müdiri işlədiyi məktəbdə idman müəllimi idi, həqiqətən, dəmir kimi sağlam bir adam idi və internat məktəbin idman müəllimi Salman onun yanında zəif bir məxluq idi. Salman Buzovna Fəhlə Yataqxanasında məskunlaşandan sonra, bir müddət özünə iş tapa bilmədi, axırda xəstəxanada gözətçi işləməyə başladı və gecələr oradan spirt oğurlayıb satdığı üçün, işdən qovuldu və indi onda keçmiş idman müəllimliyindən heç nə qalmamışdı. Dəmir Kazım isə özünü saxlaya bilmişdi, nə olur-olsun, hər səhər idman edirdi, nə cür hava olur-olsun, həyətə düşüb qaçırdı, yazağzından ta payızın sonuna qədər tez-tez dənizə gedib üzürdü və Məleykə müəllimə vəfat edəndə hamı dedi ki, Dəmir Kazımı öldürsə, bu dərd öldürəcək – onların uşağları olmamışdı və bir-birindən başqa heç kimi yox idi – amma Dəmir Kazım ölmədi, düzdü, qaradinməz oldu, daha səhərlər idman eləmədi, qaçmadı, dənizə gedib üzmədi, sınıxdı, zəiflədi, dəmirliyi ilə birlikdə ləğəbi də əriyib getdi, amma ölmədi. Kazım, evdə (otaqda), ümumiyyətlə, bu həndəvərdə az görünürdü, çünki qoyun otarmağa başlamışdı. Yataqxananın arxasında hələ Xruşşovun vaxtında tikilmiş beşmərtəbə binada yaşayanlardan kimin qoyunu var idi, ona vermişdi və Kazım da sübh tezdən qoyunları qabağına qatıb bağlararası torpaq yollarla Bilgəh sahilindən fırlanıb, gedib Nardarana çıxırdı, qoyunlar da torpaq yolların qırağında, bağ hasarlarının dibində toz basmış adda-budda otdan-alaqdan otlayırdı, yay vaxtları dənizkənarı plyajlarda ora-bura atılmış qarpız, yemiş qabığı, quru çörək axtarıb, tapıb yeyirdi.

Kazım deyirdi:

– Buranın qoyunları, elə bil, itdi, plyajdakı zibillikdə eşələnirlər, iyləyif selefanların arasını axtarırlar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets