Page 2 of 2 · 50%

Həmin gün səhər Bəşir müəllim yenə həmişəki kimi işə getdi. Bir azdan qırmızı «Jiquli» darvazanın qabağında dayandı və Kələntər müəllim Adili götürüb şəhərə apardı, amma hayıf ki, Kələntər müəllim Ağababanı görmədi, çünki Ağababa şüşəbəndin altında oturub mürgüləyirdi (kişi daha ikinövbəli işə tab gətirmirdi) və buna görə də Ağabacı üç-dörd dəfə bərkdən həyətdə hərəsi bir iş görən qızlara dedi ki, səs salmasınlar, Ağababa bu gün evdədi, istirahət eləyir, qızlar da Ağabacının bu sözlərinə təəccüb etdilər, çünki bilirdilər ki, Ağababa evdədi və heç kim də səs salmırdı; Ağabacı ona görə bu sözləri, bərkdən deyirdi ki, heç olmasa Əminə xanım eşitsin bu, sözləri, amma bir azdan Əminə xanım yenə həyətə düşüb Ofelyanın yerini tut ağacının altında salanda Ağabacının ürəyi uçun-uçun uçunmağa başladı və Ağabacı bilmədi ki, nə eləsin, yaxşı ki, qızlar özləri yığışıb dənizə getdilər.

Dolça damın dalına keçib orda uzanmışdı; Ağababa evdə olanda Dolça həmişə damın dalına keçirdi və Ağababanın yanında Dolça kirayənişinlərin verdiklərini o saat yemirdi, tikələri ağzına alıb cəld gözdən itirdi.

Ağababa şüşəbəndin altından çıxıb quyunun yanına gəldi və quyudan vedrə-vedrə su çəkib balaca çarhovuzu doldurmağa başladı.

Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi:

– Leyli! Leyli!

Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu:

– Nədi, Məcnun?

Sonra ikisi də bir yerdə oxumağa başladı:

– Bəs, biz axı, neyləyək?

İbn Səlam elçi gəlir,

Dərdi kimə söyləyək?

(Bir gün səhər-səhər Əminə xanım bu mahnını oxudanda Nuhbala özünü saxlaya bilməmişdi, Adilə demişdi ki, alə, ay maygülü, get anova de ki, İbn Sina yox, İbn Səlam elçi göndərir.)

Qırmızı «Jiquli» tozanaq qaldıra-qaldıra gəlib darvazanın qabağında dayandı və Ağabacı ürəyində: «– Vallah, – dedi, – adam hesab eləmirlər bizi bunlar! Bizi də it bilirlər! Tramvay altda qalasuz sizi! Özdəridi it! Qayalıq itdəri kimi hoqqadan çıxırlar camaatın gözü qabağında, köpəkuşağı!», sonra Ağabacı birinci mərtəbədəki mətbəxə girib qapını da örtdü ki, Ağababanın yanında bu rüsvayçılığın şahidi olmasın.

Kələntər müəllim maşından düşüb həyətə girəndə və tələsik şüşəbəndə qalxanda Ağababa əvvəlcə büna fikir vermədi, yəni, əvvəlcə Ağababanın ağlına bir şey gəlmədi və kişi ikiəlli kəndiri darta-darta vedrəni quyudan çıxartdı, amma o vaxt ki, şüşəbəndin bayır qapısının cəftəsi bağlandı və bu bağlanan cəftənin səsi gəlib Ağababaya çatdı, Ağababa əlində vedrə quyunun qabağında necə dayanmışdısa bir müddət eləçə dayandı, vedrənin içindəki suya baxdı və həmin avqust günü Ağababanın rəngi ağappaq ağardı, sonra vedrəni quyunun yanında quma qoyub baş barmağı ilə hələ lap cavan yaşlarından ağarmış bığını qaşıdı, sonra düz şüşəbəndin qabağına gəldi:

– Məllim! Ay məllim!

Ağababanın səsini eşidən kimi, Ağabacının ürəyi düşdü: «– Öldürəcək! – dedi öz-özünə. – Qan salaçaq! Bu köpəkoğlunun bağırsaqlarını tökəcək yerə! Bədbəxt olaciyik! Ay Ağababa, vay!.. Ölüm ayaqlaruvun altında, Ağababa, batırma əlivü bu əclaf oğlunun qanına, Ağababa!..», sonra Ağabacı istədi həyətə qaçsın, Ağababanın əl-ayağından yapışsın, haray salsın, həşir qoparsın, qonşuları köməyə çağırsın ki, Ağababa Kələntər müəllimin zibilinə düşməsin, amma Ağabacı mətbəxdən çıxa bilmədi, çünki belə bir məqamda, rüsvayçılığın bu çağında, Ağabacı ölərdi, amma heç cürə Ağababanın gözünə görünə bilməzdi.

– Alə, məllim!

Şüşəbənd qapısının çəftəsi açıldı, sonra qapı açıldı, sonra Kələntər muəllim başını qapıdan çölə uzatdı və bu dəm Kələntər müəllimin saçları pərişan idi, köynəyinin düymələri açılmışdı, tüklü sinəsi görünürdü, şalvarının qayışı sallanırdı.

Kələntər müəllim gözlərini bərəldib Ağababaya baxdı, yəni ki, «nə deyirsən» və sənin mənimlə nə haqq-hesabın?

Ağababa:

– Bir dəqiqə buyur bura... – dedi.

Ağababa bu sözləri sakit dedi, hay-küysüz dedi, amma elə dedi ki, Kələntər müəllimin gözlərinin içinə elə baxdı ki, bu deyilişin və bu baxışın müqabilində

Kələntər müəllim özündən asılı olmayaraq pilləkənləri bir-bir düşüb gəlib dayandı Ağababanın yanında və Ağababa da elə bunu gözləyirdi, əlini atıb yapışdı Kələntər müəllimin yaxasından və Kələntər müəllimin yaxasını əlinin içinə yığıb yumruğunu boğazına dirədi; Kələntər müəllimin boğazının damarları şişdi, gözləri qızardı,

nəfəsi tınçıxdı, ağzını açıb nəsə demək istədi, amma adam kimi bir söz deyə

bilmədi; Ağababa Kələntər müəllimi dal-dala apara-apara Kələntər müəllimin kürəklərini darvazanın bala qapısına çırpdı, darvazanın bala qapısı bu zərbədən

çırıldayıb açıldı, amma Ağababa Kələntər müəllimin yaxasını əlindən buraxmadı, Kələntər müəllimi küçəyə itələyib o biri əli ilə qırmızı «Jiquli»nin qapısını açdı və Kələntər müəllimi qırmızı «Jiquli»nin içinə dürtdü, sonra maşının qapısını çırpıb

bağlamaq istədi, amma bu dəm həyətdəki manqal Ağababanın yadına düşdü,

Kələntər müəllimi təzədən dartıb maşından çıxartdı, sürükləyə-sürükləyə manqalın yanına gətirdi, əlini Kələntər müəllimin yaxasından çəkib:

– Götür! – dedi.

Yaxası Ağababanın əlindən çıxmış Kələntər müəllim ildırım sürətilə manqalı qamarlayıb həyətdən götürüldü və Ağababa heç macal tapmadı ki, Kələntər müəllimin taxta dalına bir təpik vursun.

Qırmızı «Jiquli» yerindən götürüldü və tozanaq qaldıra-qaldıra sürətlə gözdən itdi – elə bil, bu qırmızı «Jiquli» də qorxurdu ki, yaxası Ağababanın əlinə keçər.

Əminə xanım xalatının yaxasını əliylə örtə-örtə başını şüşəbənddən çıxarıb:

– Bura bax, a kişi!.. – çığırdı. – Xoruldamağın bəs deyil...

Amma Ağababa Əminə xanımın çığırtısını kəsdi:

– Əgər bu gün rədd olub burdan getməsöz baltayla doğrayaçıyam hamuvuzu!

Əminə xanım yuxarıdan-aşağı Ağababaya baxıb, xırp səsini kəsdi, çünki Əminə xanım başa düşdü ki, Ağababa, doğrudan da, dediyini eləyər, baltanı əlinə alıb Əminə xanımın da, Bəşir müəllimin də, Kələntər müəllimin də başını kəsər, sonra otağın divarındakı şirin şəkli Əminə xanımın gözlərinin qabağına gəldi və Əminə xanım başını şüşəbəndin pəncərəsindən çəkdi.

Ağabacı:

– Allah, sənə çox şükür! – pıçıldadı. – Şükür sənə! Şükür!

Ağababa özü öz soyuqqanlılığına təəccüb etdi.

Mahnının səsi kəsildi.

Və axşamüstü Bəşir müəllim hər əlində içi dolü bir həsir zənbil şəhərdən qayıdanda Əminə xanım Bəşir müəllimə nə dedi, nə demədi, Bəşir müəllim gedib klubun qabağından bir taksi tütub gətirdi və Bəşir müəllim, Əminə xanım, Ofelya (Kələntər müəllim Adili şəhərdən gətirməmişdi) maşına doluşub «sağ ol»suz çıxıb getdilər.

Dolça bütün bu əhvalat zamanı damın yanında dayanıb səsini çıxartmadı, amma bir dəfə yavaşca hürdü və əsəbləri xarab olmuşdu, hirslənmişdi, nəydisə, Ağababaya elə gəldi ki, Dolça ona hürür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sətirlərin ölümü

Dünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.

1 min
Qara qarğalar

«Bakı-Moskva» qatarı ilə yazıçıların VII qurultayına gedirik.Qəribədi, XX əsrin sürəti artdıqca qatarın da qiyməti və əhəmiyyəti artır: telefonlar, iclaslar, tələsikliklər, maşınlar, qayğılar aləmindən çıxıb iki gün qatar tələsməzliyində, zəngsizliyində, təmkinində sığınacaq tapırsan, gündəlik qayğıları özündən uzaqlaşdırırsan – onsuz da, bu iki gün ki, yol gedəcəksən, heç nə edə bilməyəcəksən: nə hansı bir işi isə qaydasına qoyacaqsan, nə kimisə kiməsə tapşıracaqsan, nə dərman axtaracaqsan, nə bazarlıq edəcəksən, nə görüşəcəksən, müzakirə edəcəksən, müdafiəyə tələsəcəksən, redaksiyaya material göndərəcəksən və s. və i. a.

3 min
Yazıqlıq

Moskvada yazıçıların VII qurultayı gedir və Moskvada dözümsüz bir isti var. Qəzetlərin yazdığına görə iyun ayında Moskvada belə isti axırıncı dəfə 1901-ci ildə olub.Gecə mehmanxanada yatmaq mümkün deyil, nəfəs almaq olmur və bu gün bu gecə havasızlığı birdən-birə Bakıdakı kiçik bir hadisəni mənim yadıma saldı.

2 min
Qaratoyuqlar

Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü.Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım.

2 min

Poems by other poets