Altinci və sonuncu fəsil
Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».
– Yaman güldən, bülbüldən deyirsən a!..
– Soyuq deyil sənə?
– Bu şubaya nə soyuq? Sənə soyuq olar, palton nazikdir.
– Mənə soyuq deyil.
– Keflisən də, ona görə...
– Mən? – təəccüblə soruşdu və güldü.
– Hə, əlbəttə, sən!.. – Züleyxa da güldü.
– Bilirsən, bizim müdir də oradaydı e, yadımdan çıxdı sənə göstərim...
– Neynirəm onu görüb?
– Amma, vallah, Səlim Sürəyya yaxşı adamdı.
– Axtarsan dünyada elə hamı yaxşı adamdı...
– Mürsəl də?
– Mən nə bilim e...
– Bəs, sən nə bilirsən?
– Onu bilirəm ki, dünyanın ən yaxşı adamı sənsən!
– A-a-a... – Əlipaşa ayaq saxladı. – Doğru deyirsən?
– Mənim yalan danışmağımı görmüsən?
– Yox... Çox sağ ol, Züleyxa...
– Nə?
– Heç...
– Nə olub e, sənə?
– Heç nə... Ancaq... Ancaq bilirsən... Heç ...
Züleyxanın da, nədənsə, gözləri dolmuşdu və gecənin qaranlığında sifəti görünməsə də, Əlipaşaya baxıb gülümsədi.
Sonra Züleyxa özünü ələ aldı və dedi:
– Sənə gərək təzə palto alaq!
Gecə yarıdan keçmişdi.
... Sonra yavaş-yavaş səhər açılacaqdı...
Hər tərəfi bürümüş o ağappaq qar görünməyə başlayacaqdı...
Yanvar, 1985.
Moskva-Bakı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-gul-dedi-bulbule-altinci-ve-sonuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Polad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
HönkürtüOlub keçənləri bir-bir çəkərsənSakit yaddaşının məhkəməsinə...